"Lahıc" sənədli filmi Polşada mükafat qazanıb
Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə 2014-cü ildə
"Azanfilm" studiyasında istehsal olunmuş
"Lahıc" sənədli filmi Polşanın Varşava
şəhərində keçirilmiş 10-cu FilmAT Film, Sənət
və Turizm Festivalında (10th FilmAT Film, Art & Tourism Festival)
iştirak edib və mükafata layiq görülüb.
Festivalın
münsiflər heyətinin üzvləri kino, media və turizm
sahəsində dünyada tanınmış şəxslərdir.
Festivalın
münsiflər heyətinə Oskar mükafatı laureatı
Zbiqnev Zmudski sədrlik edib. Festivalda dünyanın müxtəlif
ölkələrindən 160 film iştirak edib. "Art"
nominasiyasında mükafat Avstriya istehsalı olan "Yeni
imperial tarix - gələcəyin xatirələri" ("A
New Imperial History - Memories are the Future") filminə,
"Turizm" nominasiyasında baş mükafat İsveç
istehsalı olan "Zaman" ("Time") və Belçika
istehsalı olan "Bu ancaq Gentdə baş verə bilər"
("Could only happen in Gent") filmlərinə təqdim
edilib. "Ekologiya" nominasiyasında baş mükafat
Çexiya istehsalı "Papua Yeni Qvineyaya
qaçış" ("Escape to Papua New Guinea") filminə
təqdim edilib. Festivalın ən vacib mükafatlarından
biri "Ən yaxşı sənədli film"
mükafatı "Azanfilm" studiyasının istehsalı
olan "Lahıc" filminə təqdim olunub.
Qeyd
edək ki, "Lahıc" sənədli filminin ssenari müəllifi
və rejissoru Rusiyanın əməkdar incəsənət xadimi
Tofiq Şahverdiyevdir. Sənədli filmin çəkilişləri
İsmayıllı rayonunun Lahıc qəsəbəsində
aparılıb. Filmdə bu qəsəbənin qədim tarixi
fonunda yerli əhalinin gündəlik yaşayış tərzi,
sənətkarların gərgin və qiymətli əməyi,
qəsəbənin turistlər tərəfindən heyranlıqla
ziyarəti rusiyalı rejissorun gözündə müşahidə
üslubunda lentə alınıb.
Filmin
montaj rejissoru Xanlar Ağayev, səs rejissoru Rasim Mehdiyev,
icraçı prodüserləri Məhəmməd Ağabəyov
və Niyazi Hüseynov, prodüseri Fariz Əhmədovdur.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 24 iyun.- S.7.