Ağsuda yeni arxeoloji
tapıntılar aşkar
edilib
Xalq arasında "Torpaqqala"
və "Bəyimli qalası" kimi tanınan, ilk orta əsrlər dövrünə
aid 12 hektar sahəni əhatə edən şəhər qalıqları
Girdiman çayının
sol sahilində Ağsu
rayonunun Çiyni bələdiyyəsinə aid Bəyimli
kəndi ərazisində
yerləşir.
Abidənin ərazisi uzun illər ərzində əkin yeri kimi istifadə olunmuş, bunun nəticəsində də
şəhərin mədəni
təbəqəsi təqribən
50-60 santimetr dərinliyə
qədər tamamilə
dağıdılıb.
Abidənin ətrafı çiy kərpiclə hörülmüş
əzəmətli qala
divarları və onun ətrafı boyunca uzanan dərin xəndəklə
əhatələnib. Təəccüblüdür ki, belə möhtəşəm şəhərin
qalıqları indiyədək
tarixi-arxeoloji abidə
kimi qeydə alınmayıb. Torpaq
islahatı zamanı abidənin ərazisi pay torpağı sahəsi kimi ayrı-ayrı vətəndaşlara verilib.
2004-cü ildə arxeoloq
Qafar Cəbiyevin rəhbərliyi ilə
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı
arxeoloji ekspedisiyası
tərəfindən Bəyimli
qalasında ilkin kəşfiyyat işləri
aparılıb. Həmin tədqiqatlar əsasında
Bəyimli qalasının
Mehranilər sülaləsi
tərəfindən əsası
qoyulmuş Mehrəvan
şəhərinin qalıqları
olması ehtimalı irəli sürülüb.
2013-cü ildə "MİRAS" İctimai Birliyinin layihəsi və hərtərəfli dəstəyi
ilə Mehrəvan şəhər yerində
yenidən arxeoloji tədqiqatlara başlanılıb. İlkin
olaraq Bəyimli kənd sakini Ballı Həsənovaya məxsus nar bağının ətrafında
qazılmış, uzunluğu
450 metr, eni 1,5-2 metr olan xəndəyin
içərisi xam torpağa qədər təmizlənərək öyrənilib.
Həmin
tədqiqatlar zamanı
çoxlu sayda tikinti qalıqları, istehsalat ocaqları, daş, metal, saxsı, sümük və şüşədən ibarət
rəngarəng çeşidli
məişət və
təsərrüfat əşyaları
aşkarlanıb. Həmin
tapıntılar içərisində
yer səthindən 2,3
metr dərinlikdə aşkarlanan, uzunluğu
130 sm, eni 76 sm, dərinliyi 80 sm, çəkisi 150 kq olan və
Azərbaycan ərazisində
hələlik heç
bir oxşarı bəlli olmayan saxsı təknə xüsusi maraq doğurur.
Abidə ərazisində genişmiqyaslı
arxeoloji tədqiqatlara
başlamazdan əvvəl
peşəkar topoqraf Şahin Allahverdiyev və Rumıniyadan dəvət olunan mütəxəssis Nicu Cristi tərəfindən abidənin topoplanı işlənib. Daha sonra isə
Novosibirsk Dövlət Universiteti
və Novosibirsk şəhər
muzeyinin əməkdaşları
Alksey Pronin və Sergey Roslyakov tərəfindən öyrənilməkdə
olan sahədə geomaqnit araşdırma aparılıb.
Həmin tədqiqatlar zamanı bünövrə hissəsi
çaydaşı, divarları
çiy kərpicdən
hörülmüş ictimai
binalar, yaşayış
evləri və yardımçı tikililərin
qalıqları, daş
döşənmiş yollar,
içərisində müxtəlif
ərzaq qalıqları
olan iri təsərrüfat küpləri
və rəngarəng
çeşidli digər
məişət əşyaları
aşkarlanıb. Tapıntılar əsasən daş,
metal, saxsı, sümük
və şüşədən
hazırlanmış yerli
istehsal nümunələridir.
Bununla belə aşkarlanan maddi-mədəniyyət nümunələri
içərisində ticarət
və mədəni əlaqələr yolu ilə gətirilmiş materiallar da vardır. Qazıntılar nəticəsində Roma, Sasani və Bizans dövlətlərində
zərb olunan mis və gümüş
sikkələr tapılıb.
Tunc və əqiq möhürlər, nərd
zərləri və daşları, ilbiz formalı nadir saxsı qablar abidənin zənginliyindən xəbər
verir. 2015-ci ilin iyununda 9B kvadratında yer səthindən 60 sm dərinlikdə tunc fibula-sancaq, sədəf və pastadan muncuqlarla birlikdə qiymətli daşdan qaşı olan qızıl üzük və 9Ç kvadratında 60 sm dərinlikdə aşkarlanmış
qızıl zəncirin
hissəciyi xüsusilə
böyük maraq doğurur. Xatırladaq ki, bu nümunələr Ağsu
arxeoloji ekspedisiyasının
son üç ildə
aşkarlamış olduğu
üçüncü qızıl
tapıntısıdır. Ərazidən aşkar olunmuş
qızıl əşyalar
ilkin tədqiqatdan sonra Milli Azərbaycan
Tarixi Muzeyinin qızıl əşyaların
saxlandığı Xüsusi
fonduna təhvil veriləcək.
Bütün tapıntılar xronoloji cəhətdən III-VIII əsrləri
əhatə edir. Tarixdən bəlli
olduğu kimi bu mərhələ Qafqaz Albaniyasının ən qüdrətli dövrü hesab edilir ki, həmin
dövrdə ölkənin
siyasi və hərbi həyatında Mehrəvan şəhərinin
xüsusi yeri olub. Heç şübhəsiz gələcək tədqiqatlar
nəticəsində Mehrəvan
şəhər yerində
Albaniya tarixinin bir sıra qaranlıq
məsələlərini aydınlaşdırmaq
mümkün olacaq.
Abidənin konservasiya edilməsi məqsədilə zəruri
tədbirlər görülür. Öyrənilən sahənin torpaq örtüyünün və
tarixi-mədəni qalıqların
təbii təsirlər
nəticəsində sürətlə
aşındığını nəzərə alaraq italiyalı mütəxəssislər
bu işə cəlb ediliblər. YOCOCU Asossasiyası və Kalabriya Universitetinin əməkdaşları
Mauro La Russa, Andrea Macchia
və Silvio Ruffolo tərəfindən
müvafiq analizlərin
aparılması məqsədilə
ərazidən nümunələr
götürülüb. Hazırda həmin nümunələr
üzərində laborator
araşdırmalar davam
edir. Analizlərin nəticəsindən asılı olaraq abidənin konservasiyasında
nanomateriallardan istifadə
edilməsi nəzərdə
tutulur.
Ağsu arxeoloji ekspedisiyası və "MİRAS" İctimai
Birliyi Mehrəvan şəhər yerindən
tapılan maddi-mədəniyyət
nümunələrinin müasir
beynəlxalq standartlar
səviyyəsində mühafizə
və nümayiş etdirilməsi məqsədilə
rayonun Çiyni kəndi ərazisində muzey, fond və laboratoriya üçün
bina inşa etməyi planlaşdırır. Bu məqsədlə İtaliyanın
"Atrea Project" şirkəti
memar Antonella Chiarandanın müəllifliyi
ilə müvafiq layihə hazırlayıb.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 24 iyun.- S.7.