Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Qubanın yeri və rolu
Quba rayonu təkcə səfalı təbiətinə
görə deyil, həm də tarixi və mədəni sərvətlərinə
görə seçilən bölgələrimizdən biridir.
Qafqaz Albaniyasında Xobota şəhəri haqqında məlumat
verən Karl von Pruner həmçinin qədim mənbələrdə
Firuz Qubad adlanan şəhərin adı Sasani hökmdarı I
Qubadın adından götürüldüyü qeyd olunur. IX-X və daha əvvəlki
ərəb mənbələrində Qubanın adına
rast gəlinmir. Lakin A.A.Bakıxanov Şirvanşah Kavus ibn
Keyqubadın (ö. hicri 774-cü il; miladi
1372-1373-cü illər) Quba yaxınlığında gözəl
türbəsini gördüyünü xəbər verir ki, bu
da həmin yerdə daha qədim zamanlarda və XIV əsrdə
qəsəbə və ya şəhər olduğunu fərz
etməyə imkan verir.
XVI əsrə aid daha sonrakı mənbədə yerli
sakinlərin dilindən xəbər verilir ki, "dağın
yamacında qala olan Quba çoxdan dağılıb. Həmin vaxt (1582-ci il) Quba
çoxlu kəndi əhatə edən nahiyənin adı
idi".[5] [6] Beləliklə, Quba adı
XVI əsrədək gəlib çıxıb. Bu dövrdə Quba adı altında nahiyə
mövcud olub, qala isə dağılıb. S. Aşurbəyli
belə hesab edir ki, Quba Xilafətin Azərbaycanı və
Dağıstanı istila edərkən Mədinə
yaxınlığındakı Quba şəhərindən gəlmə
ərəb tayfalarının VII əsrdə özləri ilə
gətirdikləri eyniadlı toponimlər sırasına
daxildir. Bu adın ərəb Xilafətinin istila etdiyi ərazidə
geniş yayılma arealı, eləcə də, Quba şəhərini
təsvir edən Zeynalabdin Şirvaninin (XIX əsr)
aşağıdakı məlumatı bu fərziyyəni təsdiq
edir: "Qədimdə ərəb tayfalarından biri Qubaya
köçərək burada məskən salıb. Firuz Qubada köçüb gələn
ərəblər Mədinənin
yaxınlığındakı şəhərin adı ilə
səsləşən adı eşitdikdə, Məsqət
kimi, onu da tanış olan Quba adı ilə
adlandırıblar.
Başqa bir rəvayətə görə şəhərin
bünövrəsini Nadir şah qoyub və şah
çadır şəhərciyinin ucaldılmasını əbədiləşdirmək
məqsədilə bu şəhəri Qübbə
adlandırıb. Vaxtilə fransız yazıçı
Aleksandr Düma, yazıçı Bestujev-Marlinski, məşhur
Norveç alimi - səyyah Tur Heyerdal Qubada olub.
XVIII əsrin ortalarında Quba xanlığı
yaradılıb, mərkəzi əvvəl Xudat, sonra isə
Quba şəhəri olub. Hüseynəli
xanın oğlu Fətəli xanın (1758-1789) dövründə
Quba xanlığının mövqeyi artıb. 1806-cı ildə Quba xanlığı Rusiyaya birləşdirilib
və əyalətə çevrilib. Yenidən
təşkil olunmuş Quba qəzası 1840-cı ildə Dərbənd
quberniyasına, 1860-cı ildə isə Bakı quberniyasına
daxil edilib. 1930-cu ildə Quba Azərbaycanın
inzibati rayonlarından birinə çevrilib.
Ölkəmiz müstəqillik qazanandan sonra Quba rayonu
daha çox turizmin inkişaf etdiyi bölgələrdən
biri kimi tanınır.
Quba həm də xalçaçılığın
tanınmış mərkəzidir. Yerli sakinlər əmindir
ki, Çiçi, Ağ gül, Pirəbədil adlı Quba
xalçaları Azərbaycanda ən yaxşı
xalçalardır. Quba xalçaları
növlərinə, çeşnilərinə görə
üç hissəyə-dağlıq, dağətəyi və
ovalıq hissələrə bölünür və müasir
Quba və Şabran (Dəvəçi) rayonlarının ərazisini
əhatə edir. Dağlıq hissəyə
- Qonaqkənd, Xaşi, Cimi, Afurca, Yerfi, Buduq, Qırız, Cek,
Salmasöyüd kəndlərində mərkəzləşmiş
məntəqələri aid etmək olar. Dağətəyi
hissədə xalça istehsalı - Əmirxanlı,
Əlixanlı, Xəlfələr, Pirəmsan, Bilici, Şahnəzərli,
Pirəbədil, Zeyvə, Zöhrami, Sumaqobaq,
Xırdagül-çiçi, Sırt-çiçi, Dərə-çiçi
məktəbləri; Ovalıq hissədə isə Şabran
aran zonasında Çay Qaraqaşlı, Hacı
Qaraqaşlı, Süsənli, Qaraqaşlı, Dəvəçi,
Mollakamallı və s. kəndlərdə mərkəzləşib.
Bu məktəbə həmçinin də Dərbənd
ərazisində toxunan xalçalar da daxildir. Quba xalçalarının bəzəyini həndəsi
naxışlardan ibarət ornamentlərin stilizə edilmiş
nəbati, bəzən isə heyvan motivləri təşkil
edir. Bu məktəbin xalçalarında
medalyonlu çeşni üslubu da geniş
yayılmışdır. Quba xalçalarının ən
parlaq kompozisiyaları " Qədim-Minarə",
"Qımıl", "Alpan",
"Qollu-çiçi", "Pirəbədil",
"Hacıqayıb", "Qırız", "Cek" və
s.-dir. Bu zonada toxunan "Çiçi", "Sırt
çiçi", "Qımıl", "Cimi",
"Yerfi" xalçaları dünyanın bir sıra
müzeylərinin və şəxsi kolleksiyaların bəzəyidir.
Quba həmçinin çoxdan bəri onun
simvoluna çevrilmiş almaları ilə məşhurdur. Qubalılar iddia edir ki, burada
40-dan çox alma növü yetişir.
Qədim tarixə malik olan Quba abidə və etnoqrafik mənbələrlə
zəngindir. Rayonda 134 tarixi arxeoloji abidə mövcuddur.
Avropanın ən uca dağ kəndi sayılan Xınalıq kəndində
IX əsrə aid Atəşpərəstlər məbədi,
Ağbil kəndində XVI əsrə aid türbələr və
kurqan, o cümlədən, İskəndərtəpə və
Şiştəpə kurqanları, kəndin ətrafında
Pirtəpələr yaşayış yeri, eramızdan əvvəl
I minilliyə, tunc və dəmir dövrlərinə aid olan
Zizik kəndində Gültəpə, Çarıqtəpə
və Pirtəpə kurqanları, Quba şəhərində
XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və
Cümə məscidləri, gümbəzli hamam vardır.
Bundan başqa rayonun Zıxır kəndində Yeddilər
qalası, Alpan kəndində Alpan şəhərgahı,
Digah kəndində Salmantəpə, İbrahimxəliltəpə,
İlanlıdərə qədim yaşayış məskənləri,
Xucbala kəndində Xucbala nekropolu, Qartal təpəsi, Quba
şəhərinin ətrafında Sandıqtəpə,
Çartəpə kəndində Qayatəpə qədim
yaşayış məskəni, Rustov kəndində Günaytəpə
və nekropollar, Söhüb kəndində qədim qala və
yeraltı yol, bundan başqa rayon ərazisində çoxlu
sayda məscid və türbələr, arxeoloji abidələr,
qüllələr və müxtəlif tarixi abidələr
var. Rayonda Ulu Öndər Heydər Əliyevin,
A.A.Bakıxanovun, N.Gəncəvinin, M.U.Lermontovun,
V.V.Mayakovskinin heykəlləri və büstləri qoyulub.
Quba Azərbaycanın
çoxsaylı etnik qrupların yaşadığı,
misilsiz təbiətə malik dağ kəndlərinin
üstünlük təşkil etdiyi ən unikal bölgələrindən
biridir. Rayonun ərazisində dəniz səviyyəsindən
2500 metr yüksəklikdə yerləşən Xınalıq
kəndi xüsusilə məşhurdur.
Yerli dildə "Kətiş" adlandırılan
Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından,
Şahdağ xalqlarının nümayəndələrindən
biri olan xınalıqlıların tarixi və mərkəzi məskənidir. 5000 illik tarixə
malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində
deyil, həm də bəşər tarixində ən zəngin
etnoqrafik dəyərlərdən biri, əfsanəvi
yaşayış məntəqəsidir.
Əhalisinin əsas məşğuliyyəti
heyvandarlıq olan kənddə xalq sənətkarlığı
inkişaf edib.
Son illərdə turizm inkişaf etməkdədir.
Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi
yoxdur. Kəndə Xınalıq adı onun
qarşısında yerləşən dağın günəş
çıxanda verdiyi rəngə uyğun olaraq verilib.
Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən
sonra işlənməyə başlanıb.
Tədqiqatçıların fikrincə, oykonim
"xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət
anlayışı bildirən "-lıq" şəkilçisindən
düzəlib, "Xenidən olanlar, xenililər"mənasındadır. Qədim
zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi
özlərini "Kətş xalqı" ("Kədid"
və ya "kədtid"), öz kəndlərini isə
"Kətiş" adlandırırlar. Bu
da çoxlu sayda "kətid"lərin
yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs"
deməkdir.
Xınalıq barəsində tarixi tədqiqatlar
azdır. Tarixçilərin ilkin araşdırmalarına
görə, Xınalıq kəndi bizim eramızdan əvvəl
salınıb.
Xınalıqlılar özlərini Nuh peyğəmbərin
nəslindən olanlar hesab edirlər. Onların fikrincə,
Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi
Ketş dağlarında yerləşirdi. Sonradan zəlzələ
zamanı orada heç bir ev salamat
qalmayıb, bütün evlər dağılıb, əhalinin
çox hissəsi həlak olub, sağ qalanlar isə,
çayı keçərək kiçik bir təpəyə
qalxıblar və beləliklə də Xınalıq yaranıb.
Xınalıqlıların fikrincə, tufandan
sonra Nuhun oğulları - Sam və Ham müxtəlif yerlərə
köç edib və yalnız Yafət öz oğulları
ilə həmin yerlərdə qalıb və buradan da Qafqaz
xalqları törənib. Dəniz səviyyəsindən
2000 metrdən də artıq yüksəklikdə yerləşən
kənd ərazisində rast gəlinən
balıqqulağı və daşlaşmış balıq
sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi
kimi göstərir, burada bir vaxtlar baş vermiş tufan və
daşqından xəbər verir. Bəzi müəlliflərin
fikrincə eramızdan əvvəl I əsrdə bu ərazidə
"get" tayfaları yaşayıb. Kiçik,
lakin çox ecazkar olan Xınalıq Qafqaz
dağlarının uca zirvəsində yerləşən
amfiteatrdır.
Xınalıqdan 7 kilometr məsafədə olan
Tufandağın ətəyində 3500 metr
hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər
bulaq suyu və qar hesabına yaranıb. Amma
göllərin arasındakı gözəgörünməz əlaqə
onların birləşmiş qablar kimi eyni səviyyədə
qalmasına səbəb olur. Əfsanəyə
görə, keçmişdə bu göllərdən ən
böyüyündə taxta parçaları
üzürdü. Deyilənlərə
görə, bu taxta parçaları Nuhun gəmisinin
parçaları idi. Əgər bir adam
onları tutmaq istəsə, üzüb adam olmayan tərəfə
gedirlər. 2007 -ci ildə
Tufandağda keçirilən ekspedisiya zamanı göllərdə
həmin taxta parçaları müşahidə edilməyib. Burada bitki aləmi çox kasad olduğu bir şəraitdə
həmin ağacın olması çox müəmmalıdır.
Kəndin ətrafında çoxlu sayda bulaqlar və
mağaralar vardır.
Xınalıq kəndinin əsas və aborigen sakinləri olan xınalıqlılar Qafqazda minilliklərlə yaşayıb, öz dilini, adət-ənənələrini itirməyib, bu günümüzə qədər saxlayıb. Xınalıqlılar indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Qədim dövrlərdən bəri, indiki xınalıqlıların həyat tərzində çox da böyük dəyişikliklər baş verməyib. Xınalıqlılar hazırda islam dininə sitayiş edirlər. Xınalıqlılar özləri-özlərinə "kətdid" deyirlər ki, bu sözün mənası "özümüzkülər" deməkdir. Xınalıq həm də uzunömürlülər məskənidir.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 24 iyun.- S.6.