Təmayüllü təlim haqqında
Hər şeydən öncə, "təmayüllü
təlim" və "təmayüllü məktəb"
anlayışlarını bir-birindən fərqləndirmək
lazımdır. Təmayüllü
təlim - yuxarı sinif şagirdlərinin meyl, maraq və
qabiliyyətləri maksimum nəzərə alınmaqla, təlim
prosesinin strukturunda, məzmununda və təşkilində dəyişikliklər
aparmaq hesabına, onların gələcək peşə və
ixtisaslarına uyğun təlimin
differensiallaşdırılması və fərdiləşdirilməsi
vasitəsidir.
Təmayüllü məktəb, təmayüllü təlimin
reallaşdığı məkandır. Çox zaman
təmayüllü məktəb bu və ya digər fənni,
yaxud fənn sahəsini dərindən tədris edən məktəbə
də deyilir. Əslində belə məktəblər,
elektiv kursların köməyi ilə şagirdlərin meyl,
maraq və qabiliyyətlərini tam nəzərə alıb, təlimlərini
qurduqdan sonra təmayüllü məktəbə
çevrilmiş olurlar.
Təmayüllü təlim şəxsiyyətyönümlü
təhsil prosesinin reallaşdırılmasına istiqamətlənib.
Yaxşı təşkil edilmiş təmayüllü təlim
şagirdlərin fərdi təhsil trayektoriyalarının
seçilməsi üçün geniş imkanlar
yaratmalıdır.
Təmayüllü
təlimə keçid aşağıdakı əsas məqsədləri
güdür:
tam orta
təhsil proqramındakı ayrı-ayrı fənlərin daha
dərindən öyrənilməsini təmin etmək;
yuxarı
sinif şagirdlərinə, geniş imkanlara malik fərdi təhsil
proqramlarını qurmaq
üçün təlimin məzmununu əhəmiyyətli dərəcədə
differensiallaşdırmağa şərait yaratmaq;
müxtəlif meyl, maraq və qabiliyyətə malik şagirdlərin hərtərəfli
təhsil almalarına bərabər imkanlar yaratmaq;
şagirdlərin sosiallaşma imkanlarını genişləndirmək,
ümumi təhsil ilə peşə, ixtisas təhsili
arasında irsiliyi təmin etmək, orta məktəb məzunlarını
ali peşə təhsili proqramının mənimsənilməsinə
daha effektiv hazırlamaq.
Təmayüllü təlimin təşkili
formalarından ən əsası təmayüllü məktəbdir.
Bəzən, təmayüllü təlimin təşkilinin
digər formaları da çox effektli ola
bilir. Təmayüllü təlimin digər təşkili
formalarında bir məktəb daxilində
reallaşdırılan təhsil standartları və
proqramları bu təhsil müəssisəsinin
hüdudlarından kənarda da öz rolunu oynaya bilir.
Beləliklə,
biz təmayüllü təlimin təşkilinin bir neçə
variantına, yaxud modelinə baxa bilərik:
1. Məktəbdaxili
təmayülləşmə modeli
Ayrıca
bir məktəb birtəmayüllü ola
bilər. Yəni, seçdiyi bir təmayül
üzrə təlimin təmayülləşməsini təşkil
edə bilər. Ayrica bir məktəb həm də
çoxtəmayüllü ola bilər. Yəni, təlimin təmayüllər üzrə təşkilini
bir neçə istiqamətdə təşkil edə bilər.
2. Təlimin
təmayülləşməsində şəbəkə
modeli
Belə modeldə konkret məktəbdə təlimin təmayülləşməsinə
digər məktəblərin təhsil resursları məqsədyönlü
formada cəlb olunur. Digər müəssisələrdəki təhsil
resurslarının cəlbi iki əsas variantda aparıla bilər.
Birinci
variantda, bir neçə məktəb, bu məktəblər
üçün "resurs mərkəzi" rolunu oynaya bilən,
kifayət qədər maddi və kadr potensialına malik, daha
güclü məktəb ətrafında təlimin təmayülləşməsini
effektiv həyata keçirmək məqsədilə birləşirlər.
Bu zaman qrupa daxil olan hər bir məktəb,
özünün baza ümumtəhsil kurslarını tam həcmdə,
təmayüllər və elektiv kursların müəyyən
bir hissəsini isə öz imkanları daxilində
reallaşdıra bilməlidir. Təmayüllər
üzrə və elektiv kursların qalan hissəsini isə
resurs məktəb öz üzərinə götürür.
İkinci variantda, təlimin təmayülləşdirilməsi
məqsədi ilə məktəbin orta məktəb olmayan digər
təhsil resurs mərkəzləri ilə əlaqələndirilməsi
nəzərdə tutulur. Bu halda şagirdlərin təmayüllər üzrə
təhsil almaları həm məktəbin özündə, həm
də resurs mərkəzi rolunu oynayan digər təhsil müəssisəsində,
məsələn, ali məktəblərin
kiçik akademiyalarında, qiyabi məktəblərdə və
s. davam etdirilə bilər.
Xarici
dövlətlərin təmayüllü təlim təcrübələri
haqda
Hal-hazırda inkişaf etmiş dövlətlərin əksəriyyətinin
təhsil sistemində bu və ya digər formada islahatlar
aparılmaqdadır.
Avropa ölkələrinin çoxunda (Fransa, Hollandiya,
Şotlandiya, İngiltərə, İsveç, Finlandiya,
Norveç, Danimarka) VI sinfə qədər bütün
şagirdlər formal olaraq, eyni formada hazırlıq
keçirlər. Lakin yeddinci sinifdən başlayaraq
şagird özünün gələcək yolunu müəyyən
etmək, yəni təhsil trayektoriyasını seçmək
məcburiyyətində qalır. Bu zaman təhsillərini
davam etdirmək istəyən hər bir şagirdə iki variantda
seçim təklif olunur: gələcəkdə ali təhsil
almağa istiqamətləndirilmiş
"akademik" təmayül və bir də əsasən, tətbiqi, peşə
fənlərindən təşkil edilmiş və sadələşdirilmiş
tədris planında cəmləşdirilmiş "peşə
yönümlü" təmayüllər.
Onu da qeyd etmək lazımdır ki, Avropanın bir
çox pedaqoq-alimləri təmayülləşməni daha
aşağı siniflərdən aparmağı təklif edirlər.
ABŞ-da təmayüllü təlim orta məktəblərin
axırıncı 2-3 ilində həyata keçirilir. Şagirdlərə
üç variantda təmayüllər təklif edilir:
akademik, ümumi və peşə yönümlü təmayüllər.
Bu zaman, təhsil xidmətinin variativliyi
seçim üçün geniş çeşiddə təklif
olunan tədris kurslarının hesabına əldə olunur.
Şagirdlər üçün təmayüllər
müəyyən edilərkən hər şeydən öncə
valideynlərin tələb və arzuları nəzərə
alınır.
....Ölkəmiz
müstəqilliyini qazanana qədər, bizim təhsil siyasətimizı
əvvəlcə çar Rusiyası, sonra isə SSRİ
dövləti müəyyən edib. Ona görə
də müxtəlif dövrlərdə, bu dövlətlərdə
aparılan islahatlar bizə də şamil edilibdir. Deməli, ölkəmizdə təmayüllü təlim
təcrübəsindən söz açanda, bu haqda əvvəlcə
çar Rusiyasında, sonra isə SSRİ dövründə
gedən islahatlardan danışmalıyıq.
Rusiyada məktəblərdə təlimin
differensiallaşdırılmasına aid ilk cəhd hələ,
1864-cü ildə aparılıb. Təmayülləşməyə
aid müvafiq fərmanda, iki tipdə yeddi siniflik gimnaziyanın
yaradılması nəzərdə tutulurdu: klassik gimnaziya (məqsəd-universitetlərə
hazırlıq idi)
və real gimnaziyalar (məqsəd, praktik fəaliyyətə
hazırlıq və xüsusi tədris müəssələrinə
daxil olmaq idi)
Rusiyada təmayüllü təlim ideyası yeni impulsu,
1915-1916-cı illərdə aparılan islahat prosesinə
hazırlıqda alıb. Burada təklif olunan struktura görə gimnaziyaların IV-VII sinifləri
üç istiqamətə bölünürdülər: yeni
humanitar, klassik humanitar və real istiqamətlər.
1918-ci ildə ümumrusiya maarif işçilərinin
birinci qurultayında məktəblərin yuxarı pillələrində
təlimin məzmununun təmayülləşməsini nəzərdə
tutan, vahid əmək məktəbi haqqında hal-məqsəd
işlənildi. Orada məktəblərin yuxarı siniflərində
üç istiqamət seçilirdı: humanitar, təbiyyət-riyaziyyat
və texniki istiqamətlər.
1934-cü ildə, Sovet İttifaqı Kommunist
Partiyası Mərkəzi Komitəsinin və Xalq
Komissarları şurasının birgə iclasında
"SSRİ-də ibtidai və orta məktəbin strukturu haqda
qərar qəbul edildi. Bu qərarda bütün SSRİ-nin ümumtəhsil məktəbləri
üçün vahid tədris planı və vahid tədris proqramı nəzərdə
tutulurdu.
Lakin
SSRİ-i kimi böyük bir dövlətin ərazisində, bir məktəb
tipinin tətbiqi müxtəlif
istiqamətlərdə fəaliyyət göstərən ali təhsil
müəssisələri ilə məktəblər
arasındakı irsilik prinsipini ciddi problem kimi bir daha
qarşıya qoydu.
Bu isə
öz növbəsində pedaqoq-alimlərin bir daha təlimin
yuxarı pilləsində təmayüllər üzrə differensiallaşmanı problem
kimi qaldırmasına səbəb oldu.
Bir faktı da qeyd edək ki, indi də bir
çoxlarının sevgi hissi ilə
xatırladığı və çox uğurlu hesab etdikləri
dərsliklər məhz bu ərəfədə
yaranmışdır. Mütəxəssislər belə
uğurlu dərsliklərin yaradılmasının əsas səbəbi
kimi, tədris planlarının və proqramlarının uzun
müddət dəyişməz qalmasını göstərirlər.
1957-ci ildə
SSRİ-i Pedaqoji Elmlər Akademiyası orta məktəblərdə
təlimin məzmununu üç istiqamət üzrə:
(fizika-riyaziyyat və texniki; biologiya-aqronomiya; sosial-iqtisadi və
humanitar) differensiallaşdırılması təşəbbüsü
ilə çıxış etdi.
1966-cı
ildə şagirdlərin maraqları nəzərə
alınmaqla, təhsilin məzmununun
differensiallaşdırılmasının iki
forması daxil edildi: VIII-X siniflərdə fakultativ məşğələlər
və inkişaf edərək bizim dövrümüzə qədər
gəlib çatan ayrı fənləri dərindən öyrədən
təmayüllü məktəblərin (siniflərin)
yaradılması.
Həmin ildə, SSRİ-nin bütün
respublikalarında, o cümlədən, bizdə də
fizika-riyaziyyat və kimya-biologiya təmayüllü bir
nömrəli internat məktəbi yaradılmışdır. İki ildən sonra, 1968-ci ildə
kimya-biologiya təmayüllü məktəbin IX sinif
şagirdləri kimya-biologiya təmayüllü liseyin indi yerləşdiyi
coğrafi ərazisinə köçürülmüş və
beş nömrəli kimya-biologiya təmayüllü internat məktəb
adı altında fəaliyyətə
başlamışdır.
Hər iki məktəb öz üzərinə
düşən tarixi missiyanı ləyaqətlə yerinə
yetirmiş, müvafiq fənlərin tədrisində böyük
uğurlar əldə etmişdir. Bu məktəbləri müxtəlif
illərdə
bitirən minlərlə şagird həm
respublikamızda, həm də onun hüdudlarından kənarda
xalq təsərrüfatının müxtəlif sahələrində
uğurla fəaliyyət göstərməkdədirlər.
80-ci ilin
axırları, 90-cı ilin əvvəllərində ölkədə,
sonradan təhsillərini bu və ya digər ali təhsil müəssəsində davam etdirmək məqsədi ilə seçdikləri təhsil sahələrinin
dərindən tədrisinə istiqamətləndirilmiş yeni
tipli ümumtəhsil müəssələri (lisey, gimnaziyalar)
meydana gəlməyə başlamışdır.
1989-cu ildə fizika-riyaziyyat təmayüllü bir
nömrəli respublika internat məktəbinin adı dəyişdirilərək,
Respublika fizika-riyaziyyat və informatika təmayüllü lisey
adlandırılmışdır.
Beləliklə, təmayüllü təlimin bizim
respublikamızda inkişafı dünyada olduğu kimi orta məktəb
təhsilinin inkişafı tendensiyasına uyğun gəlir.
Bununla
yanaşı, ayrı-ayrı fənləri və ya fənn sahələrini dərindən
öyrədən tədris müəssisələri şəbəkəsi
(lisey, gimnaziya və s.) kifayət qədər inkişaf etdirilməyib və əksər
şagirdlər üçün hələ də əlçatmaz
olaraq qalır. Bu isə öz növbəsində
repetitorluğun və pullu hazırlıq kurslarının
çiçəklənməsinə şərait yaradan amillərdən
biridir. Tam orta təhsil pilləsində təlimin
təmayülləşməsi bu kimi problemlərin həllinə
öz müsbət töhfəsini verə bilər.
Tam orta təhsilin bazis tədris planı təmayüllü
təlim sisteminin çevikliyini təmin edən tədris
kurslarının müxtəlif mümkün
kombinasiyalarının variantını nəzərdə
tutmalıdır.
Bu kurslar
sistemi üç tipdədir:
baza ümumtəhsil kursları, təmayül ümumtəhsil
kursları, elektiv (seçim) kursları.
Baza ümumtəhsil kursları-təmayülündən
asılı olmayaraq, bütün şagirdlər
üçün zəruri olan kurslardır. Bu kursların
məcmusu ümumi orta təhsilin məqsəd və məsələlərinin
reallaşdırılması baxımından funksional tam, lakin
eyni zamanda minimum sayda olmalıdır.
Adətən,
aşağıdakı tərkibdə zəruri ümumtəhsil
kursları, yaxud təhsil sahələri təklif olunur:
riyaziyyat, Azərbaycan dili və ədəbiyyatı, xarici dil,
tarix və bədən tərbiyəsi, həmçinin,
humanitar istiqamətli təmayüllər üçün
"təbiyyət elmləri" inteqrativ kursları, təbiyyət
elmləri istiqamətli təmayüllər üçün
isə "sosial elmləri" inteqrativ kursları təklif
edilir.
Baza ümumtəhsil kurslarının məzmunu (məzmun standartları, dərsliklər) müəyyənləşdirəkən konkret tədris fənni üzrə mütəxəssislərlə yanaşı, digər fənlər üzrə mütəxəssislərin fikirləri də nəzərə alınmalıdır. Ayrica bir fənnin məzmunu qurularkən fənnin daxili məntiqi quruluşu və inkişafı ilə yanaşı, təhsilin məzmununun bütövlüyü və tamlığı baxımından onun ümumtəhsil əhəmiyyəti də fənlərarası əlaqə vasitəsilə ifadə edilməlidir.
Təmayül ümumtəhsil kursları- faktiki olaraq, təhsilin orta təhsil pilləsində konkret bir təmayüllü təlimin təmayülünü müəyyən edən kurslardır. Məsələn, fizika, kimya və biologiya kursları -"təbiyyət elmləri" təmayülünün təmayül kurslarıdır; ana dili, xarici dil-"filologiya" təmayülündə; humus, iqtisadiyyat və s.-"sosial-iqtisadiyyat" təmayülündə ümumtəhsil təmayül kurslarıdır.
Təmayüllü kursların daha iki xarakterik xüsusiyyətini qeyd edək:
təmayüllü kurslar, yalnız baza ümumtəhsil fənlərini dərindən tədris edən kurslar ola bilər;
ümumtəhsil baza fənləri (fənn sahələri) təmayül səviyyəsidə ayrı-ayrı fənlərin məcmusu, yığımı kimi də təqdim oluna bilər. Məsələn, təbiyyət bilikləri-təhsil sahəsi, təmayül səviyyəsində fizika, kimya, biologiya, fiziki coğrafiya kimi təbiyyət elmləri kurslarının məcmusu kimi təqdim oluna bilər.
Təmayül kurslarının işlənilməsi öz növbəsində həmin kurslardan dövlət standartlarının işlənilməsini tələb edir. Onda, ümumi təhsilin orta təhsil pilləsində tədris olunan fənlərin əksəriyyətində fənnin məzmun standartları və buradan irəli gələn digər tələblər (təlim strategiyaları, qiymətləndirmə standartları, dərsliklər və dərs vəsaitləri) ən azı iki səviyyədə işlənilməlidir: baza səviyyəsi və təmayüllü (dərinləşdirilmiş) səviyyə. Nəzərə alınsa ki, yaxın gələcəkdə on ikiillik təhsilə də keçilməlidir. Burada nə qədər görüləsi iş olduğu haqda təsəvvür yaranar.
Elektiv kurslar orta təhsil pilləsində təmayüllü təlimin kurs tərkibinə şagirdlərin seçiminə əsasən daxil edilən zəruri kurslardır. Elektiv kurslar digər növ kurslara münasibətinə görə üç əsas funksiyanı yerinə yetirir. Onlardan bəziləri təmayüllü kursun məzmununu tamamlayaraq, onun üçün "üstqurum" rolunu oynaya bilər. Bu halda tamamlanmış təmayüllü kurs tam mənada dərinləşdirilmiş kursa çevrilir, onun öyrədildiyi məktəb (sinif) isə ayrı-ayrı fənləri dərindən öyrədən təmayüllü məktəb olur.
Digər tip elektiv kurslar məktəbdə öyrədilməsi minimum ümumtəhsil səviyyəsində aparılan baza kurslarının inkişafına yönəldilmiş olar. Belə kurslar şagirdlər buraxılış imtahanlarını, ali məktəblərə qəbul imtahanlarını verərkən onlara kömək etmiş olar.
Üçüncü tip elektiv kurslar şagirdlərin seçdikləri təmayüldən xaricdə olan maraqlarının qarşılanmasına yönəldilmişlərdir. Məsələn, humanitar təmayüllü sinifdə oxuyan şagirdin "ekalogiya" elektiv kursunu seçməsinə təbii hal kimi baxmaq olar və s.
Təmayülün tərkibində təklif edilən elektiv kursların sayı şagirdlərin seçməli olduqları kursların sayından mütləq çox olmalıdır.
Təbii ki, bu və digər təmayüllü tədris planı qurularkən, bu üç növ kursun xüsusi əmsalı önəmlı rol oynayır. Yəni, məzmunun hansı hissələri bu üç növ kursların tədrisinə ayrılmalıdır. Məsələn, bəzi ölkələrdə bu nisbət 50 faiz, 30 faiz, 20 faiz kimidir.
Tariyel TALIBOV
Fəlsəfə
doktoru
525-ci qəzet.- 2015.- 25 iyun.- S.8.