Naxçıvanın fundamental tarixinin
yazılmasının ikinci mərhələsi uğurla
yekunlaşıb
"NAXÇIVAN TARİXİ"NİN İKİNCİ CİLDİNİN MƏZMUNU VƏ MAHİYYƏTİ BUNU DEMƏYƏ ƏSAS VERİR
"Tarixi olduğu kimi qəbul etmək, dərk etmək
və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif
etmək də olmaz, tariximizdəki qara ləkələri, qara
səhifələri unutmaq da olmaz".
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin bu fikirləri bu gün tarixi tədqiqatlar aparan, gələcəyimizi
qurmaq üçün keçmişimizə səyahət edən
hər bir tarixçi, hər bir tədqiqatçı
üçün istiqamətverici rol oynamalıdır. Çünki
tarix təkcə nə zamansa yaşananların xronoloji
ardıcıllıqla sıralanması deyil. Tarix bir elm olaraq iddia etməkdən daha çox
sübut etməkdir. Tarix həm də dərsdir.
Elə bir dərs ki, o sənin kim
olduğunu, niyə olduğunu sənə anladır. Bu dərs isə o zaman faydalı olur ki,
keçmişdə baş verənlər əfsanələr,
uydurmalar və təxəyyül məhsulları əsasında
deyil, reallıqlar, real tarixi faktlar və sənədlər əsasında
yazılır, təhlil edilir və dünyaya təqdim olunur.
Bu mənada Azərbaycanımızın
ayrılmaz tərkib hissəsi olan Naxçıvanın
tarixinin fundamental tədqiqi təkcə tarixi baxımdan deyil,
həm də strateji və siyasi baxımdan əhəmiyyətlidir.
Çünki sadəcə Azərbaycanın
ayrılmaz tərkib hissəsi, böyük Vətən ilə
quru yol əlaqəsi olmayan yavru vətən deyil
Naxçıvan. Naxçıvan Yaxın
Şərqin qədim mədəniyyət, Azərbaycanın
isə dövlətçilik mərkəzlərindən
biridir. Kimin gözündə bəşəriyyətin
ilk anası, kiminin gözündə qeyrət qalasıdır
Naxçıvan. Bəzilərinin
baxışlarında "Nəqşi cahan"dır -
"Dünyanın bəzəyi"dir, bəzilərinin
düşüncəsində "Nuh çıxan" - Nuhun
quruya ayaq basdığı torpaqdır Naxçıvan. Azərbaycanı sevən insanların dayaq nöqtəsi,
Azərbaycan sözündəki "can" kəlməsidir,
Naxçıvan.
Elə bu səbəbdəndir ki, ümummilli lider Heydər
Əliyev Azərbaycanın bu diyarının tarixinin öyrənilməsinə
hər zaman xüsusi diqqət yetirmiş və bunu
tarixi-strateji bir vəzifə olaraq müəyyənləşdirib. Xüsusilə,
ümummilli liderin ölkəmizdə ikinci dəfə siyasi
hakimiyyətə gəlməsindən sonra bu sahə diqqət
mərkəzində saxlanılıb. XX əsrin
90-cı illərindən başlayaraq Naxçıvan tarixinin
müxtəlif dövrlərinə və problemlərinə
dair xeyli sayda elmi tədqiqatlar aparılıb,
keçirilmiş arxeoloji ekspedisiyalar nəticəsində yeni
və zəngin materiallar əldə edilib, beynəlxalq konfrans
və simpoziumlar təşkil olunub, müzakirələr
aparılıb. Bu dövr ərzində AMEA
Naxçıvan Bölməsi və Naxçıvan Dövlət
Universitetində, o cümlədən, muxtar respublikanın digər
elm və ali təhsil müəssisələrində
aparılan çoxsaylı elmi tədqiqatlar xüsusilə
qeyd edilməlidir. Bütün
sadaladığımız faktorlar "Naxçıvan
tarixi" çoxcildliyinin hazırlanmasını zərurətə
çevirmiş və bunun üçün əsas
yaratmışdır. Bu mənada Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif
Talıbovun "Naxçıvan tarixi" çoxcildliyinin
hazırlanması və nəşr olunması barədə"
06 avqust 2012-ci il tarixli Sərəncamını
uzun illər ərzində bu istiqamətə göstərilmiş
dövlət qayğısının real nəticələrinin
qiymətləndirilməsi mərhələsi kimi də dəyərləndirmək
olar.
"Naxçıvan tarixi" çoxcildliyinin artıq
ikinci cildini vərəqlədikcə əmin olursan ki,
bütün bu illər ərzində çəkilən zəhmət
heç də boşuna getməmişdir. Naxçıvanın elm məbədgahının
- AMEA Naxçıvan Bölməsinin işığına
toplanmış naxçıvanlı alimlərin
"Naxçıvan tarixi" çoxcildiyini
günümüzün reallığına çevirməsi
üçün əsas stimul isə təkcə tarixə
deyil, həm də tarixçilərimizə verilən dəyər
olmuşdur.
"Naxçıvan
tarixi"nin bir neçə ay öncə
nəfis tərtibatla nəşr olunmuş II cildi XVIII əsrin
ortalarından başlayaraq XX əsrin 30-cu illərinin sonunadək
olan ikiəsrlik bir dövrü əhatə edir. Bu dövr təkcə baş vermiş hadisələrin
rəngarəngliliyi baxımından deyil, həm də
formasiya dəyişikliklərinin reallaşması
baxımından xüsusilə maraq doğurur.
5 dildə olmaqla çoxsaylı yeni mənbələr,
arxiv sənədləri, tədqiqat əsərləri,
dövri mətbuat materialları əsasında
yazılmış ikinci cildin hazırlanmasında 12 müəllif
iştirak etmişdir. Təkcə, onu qeyd etmək kifayətdir
ki, kitabın yazılması zamanı 3 ölkənin müxtəlif
arxivlərində saxlanılan 300-dən artıq arxiv sənədindən
istifadə edilmişdir.
"Naxçıvan tarixi" çoxcildliyinin II
cildinin I fəsli Azərbaycan tarixinin ən ziddiyyətli və
keşməkeşli dövrlərindən birinə
xanlıqlar dövrünə həsr olunmuşdur. AMEA-nın müxbir
üzvü Fəxrəddin Səfərli və tarix üzrə
fəlsəfə doktoru, Naxçıvan
xanlığının tarixinə aid ciddi
araşdırmaların müəllifi olan Musa Quliyev tərəfindən
yazılan I fəsildə Naxçıvan
xanlığının yaranması, siyasi tarixi, idarə
sistemi, I Kalbalı xanın dövründə Naxçıvan
xanlığının qüdrətinin zirvəsinə
çatması, Naxçıvan xanlığının
qonşu xanlıqlarla münasibətləri, əhalisinin tərkibi,
sosial-iqtisadi həyatı, şəhərləri barədə
müfəssəl məlumat verilmişdir. Bəhs
olunan dövrdə maarifin və təhsilin, memarlıq və
incəsənətin inkişaf səviyyəsi, eləcə də
tariximizin daş yaddaşı - epiqrafik abidələrdə əks
olunmuş faktlar işıqlandırılmışdır.
Fəsildə tarixi faktlar elmi nöqteyi-nəzərdən
təhlil olunmuş, xanlıqlar dövrünə aid uzun illərdən
bəri hansısa imperialist qüvvələrin maraqlarına
uyğun olaraq təhrif olunmuş fikirlər ortadan
qaldırılır. Öz ərazisi, qoşunu, dövlət rəmzləri
- bayrağı və gerbi olan, bitkin idarəçilik
mexanizminə malik Naxçıvan xanlığının
tarixinin ən maraqlı məqamlarına aydınlıq gətirilir.
Faktlar əsasında sübut olunur ki, Azərbaycan
ərazisinin xanlıqlara bölündüyü, xarici
müdaxilələrin kəskin hal aldığı dövrdə
Naxçıvan xanlığının bütün tarixi və
taleyi Azərbaycanla bağlı olmuşdur. Özündə Atabəylər dövlətinin
tarixi varisliyi prinsiplərini əks edirən Naxçıvan
xanlığını idarə edən qəhrəman Kəngərlilər
nəsli bu torpaqların əzəli sakinləri kimi misilsiz qəhrəmanlıqlar
göstərmişlər.
Fəslinin
ikinci bölümündə Naxçıvan
xanlığının siyasi tarixi və idarə sistemindən
bəhs edilmiş, çoxsaylı tədqiqatçıların
fikirlərinə və bu istiqamətdəki tədqiqatlara
münasibət ifadə edilmiş, xanlıq dövründə
Naxçıvanın tarixi coğrafiyası ilə
bağlı bəzi məsələlərin müfəssəl
izahı verilmiş, Naxçıvan xanlığının və
Kəngərli nəslinin bayraqları və bayraqlar üzərindəki
simvolların mənalarından bəhs edilmişdir.
Tarixşünaslığımızda ən çox
maraq doğuran məsələlərdən biri
Naxçıvan xanlığında ordu quruculuğu ilə
bağlıdır. Kəngərli süvarilərinin
bütün orta əsrlər dövründə şərq
ölkələrində məşhur olduğunun qeyd
olunduğu kitabda, rus diplomatı V.N.Qriqoryevin Naxçıvan
xanlığının daimi qoşunlarının olmaması
ilə bağlı yazdığı fikirlərin həqiqətə
uyğun olmadığını faktiki mənbələr əsasında
sübut edilmişdir. Göstərilmişdir ki,
Naxçıvan xanlığında nəinki
hazırlıqlı daimi qoşun mövcud olmuş, hətta
Naxçıvan xanlığında atlı
dəstənin - Kəngərli süvarilərinin vahid forma və
xüsusi geyimləri də olmuşdur. Bu barədə kitabda
yazılır: " Naxçıvan
xanlığında atlı dəstənin - Kəngərli
süvarilərinin vahid forma və xüsusi geyimləri
olmuşdur. Hətta atlarının
başlarına bağladıqları kaporlar -
qırmızı parçalar onları digər
döyüşçülərdən fərqləndirirdi".
Burada diqqətçəkən bir məqam da
islamın qatı müdafiəçiləri rolunda
çıxış edən, Səfəvilərdən sonra
hakimiyyət başına gələn Əfşar və
Qacarların hakimiyyətini qəbul etmək istəməyən
Kəngərli soyundan olan Naxçıvan xanlarının
qızılbaşlıqla əlaqələrinin müəyyənləşdirilməsinə
imkan verən faktların olmasıdır. Bu
mənada qeyd edildiyi kimi uzun müddət Səfəvi dövlətinin
xidmətində olmuş "Naxçıvan səvariləri"
adı ilə məşhur olan Kəngərlilərin Səfəvi-Qızılbaş
fəlsəfəsinin daşıyıcıları kimi öyrənilməsi
də gələcəkdə tədqiqatçıların
qarşısında duran məsələlərdəndir.
"Naxçıvan
xanlığı I Kalbalı xanın dövründə"
adlanan bölümdə Naxçıvan xanlarının,
xüsusilə I Kalbalı xanın məharətli
diplomatiyasının təsvirindən çıxan nəticə
budur: Vətənin azadlığı və milli mənafe uğrunda
aparılan diplomatik mübarizədə daimi dostlar və daimi
düşmənlər deyil, daimi mənafelər olur. Burada Naxçıvan xanlarının mövcud
geosiyasi reallıqları dəyərləndirərək Rusiya
ilə müttəfiqlik əlaqələri yaratması bu
konteksdən izah edir. Qeyd edilir ki,
Naxçıvan xanlarının Rusiya imperatoru
qarşısındakı bu böyük nüfuzu məhz
sonrakı dövrlərdə daha böyük bəlaların
qarşısının alınmasında xüsusi rol
oynamışdır. I Kalbalı xanın
İrəvan xanlığının qorunması və idarə
edilməsindəki xidmətlərinə dair yeni-yeni maraqlı
məlumatlar verilmişdir.
"Naxçıvanın Rusiya tərəfindən
işğalı" adlanan II fəsildə Azərbaycan
xanlıqları içərisində müstəqilliyini
sonuncu olaraq itirən İrəvan və Naxçıvan
xanlıqlarının işğalı prosesi müfəssəl
olaraq işıqlandırılmışdır. AMEA-nın
müxbir üzvü Zəhmət Şahverdiyev tərəfindən
yazılan bu fəsildə XVIII əsrin sonu - XIX əsrin əvvəllərində
Naxçıvanda ictimai-siyasi vəziyyət təsvir
edilmiş, I Rusiya-İran müharibəsinin
Naxçıvanın tarixi müqəddəratına təsiri
barədə məlumat verilmişdir. II
Rusiya-İran müharibəsi, Naxçıvanın Rusiya
qoşunları tərəfindən işğalı prosesi,
Türkmənçay müqaviləsinin Naxçıvana aid
hissələri bu fəsildə geniş təhlil
olunmuşdur. Ermənilərin
Naxçıvan ərazilərinə köçürülməsi
və bunun nəticələri ilə bağlı ciddi tarixi mənbələrdə
əksini tapmış statistik faktlar nəinki, Azərbaycan
tarixi üçün ümumilikdə bütün Qafqazın
tarixi üçün əhəmiyyətlidir. Doğru olaraq qeyd olunur ki, bugünki əsassız
erməni iddiaları o dövrdə çar Rusiyasının
məqsədyönlü siyasəti nəticəsində
reallaşan süni etnodemoqrafik proseslərin nəticəsidir.
İşğaldan sonrakı dövrdə
diyarın inzibati idarə sistemində edilən dəyişikliklərdən
bəhs edən bölüm bu fəslin ən çox maraq
doğuran hissələrindən biridir.
"Naxçıvan
tarixi"nin ikinci cildinin
üçüncü fəsli Naxçıvanın XIX əsr
tarixinə həsr olunub. Akademik İsa Həbibbəyli,
AMEA-nın müxbir üzvləri Fəxrəddin Səfərli,
Zəhmət Şahverdiyev və tarix üzrə fəlsəfə
doktoru Vaqif Məmmədov fəslin müxtəlif bölmələrini
qələmə almışlar. Bu fəsildə
ilhaqdan sonra Naxçıvan bölgəsində sosial-siyasi vəziyyət,
bölgənin təsərrüfat həyatı,
reallaşdırılan aqrar islahatlardan bəhs olunur. Naxçıvanda kapitalist münasibətlərinin
meydana çıxması prosesi analiz edilir. Çarizmin siyasətinə qarşı mübarizələrin
və kəndli çıxışlarının mahiyyəti
milli tarixşünaslığımız nöqteyi-nəzərindən
təhlil olunur Bu dövrdə bölgədə elm, təhsil,
ədəbiyyat, teatr, epiqrafik abidələr, memarlq və incəsənətin
inkişafı barədə məlumat verilir. Naxçıvanda ilk qəza məktəbinin, ilk
dünyəvi məktəblərin açılması, ilk
teatr tamaşaları, elmin müxtəlif sahələrinə
aid əsərlərin yazılmasının
Naxçıvanın gələcək inkişafı
üçün mütərəqqi addımlar olduğu qeyd
olunur.
XX əsrin əvvəlləri Azərbaycanda siyasi
müstəqillik ideyalarının yenidən yüksəlməsi,
beynəlxalq hərbi-siyasi proseslərin inkişafının
bu ideyaların reallığa çevrilməsi
üçün qısamüddətli də olsa zəmin
yaratması dövrü kimi xarakterizə olunur. XX əsrin əvvəlləri
həm də ermənilər tərəfindən Azərbaycanlılara
qarşı tarixdə misli görünməmiş qanlı
cinayətlər - soyqırım dövrü kimi tariximizə
həkk olunmuşdur. Bəhs olunan dövrdə
Naxçıvan milli siyasi oyanışın mərkəzlərindən
biri olmuşdur Soyqırımların daha qanlı xarakter
daşıdığı Naxçıvan tarixin ən
ağır sınaqlarına sinə gərmişdir. II
cildin IV fəsli də məhz XX əsrin əvvəllərində
baş vermiş proseslərə həsr olunmuşdur
AMEA-nın həqiqi üzvləri İsmayıl Hacıyev,
İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Fəxrəddin
Səfərli, tarix üzrə fəlsəfə doktorları
Elman Cəfərli, Emin Şıxəliyev, Elçin Zamanov,
İbrahim Kazımbəyli Vaqif Məmmədov tərəfindən
yazılan IV fəsil XX əsrin əvvəllərində
bölgədəki sosial-siyasi vəziyyətin təhlili ilə
başlayır. 1905-1907-ci illərdə ermənilərin
Naxçıvan əhalisinə qarşı törətdikləri
soyqırımların tarixinə ayrıca bölmədə
toxunulmuşdur. I Dünya müharibəsi
illərində Naxçıvandakı mövcud durum,
Araz-Türk Cümhuriyyətinin yaradılması, Azərbaycan
Xalq Cümhuriyyətinin Naxçıvan bölgəsi ilə əlaqələri
geniş təhlil edilmişdir. Uzun müddət
tarixşünaslıqda geniş müzakirə mövzusu
olmuş bəzi tarixi məsələlərlə
bağlı məhz bu fəsildə bitkin fikir irəli
sürülmüşdür. Məsələn əsaslı
faktlarla sübut edilmişdir ki, Araz Cümhuriyyətinin
yaradılması Qəmərlidə nəzərdə tutulsa
da erməni nizami hissələrinin hücumu ilə əlaqədar
bu, Naxçıvanda baş tutmuş və Cümhuriyyətin
mərkəzi məhz Naxçıvan şəhəri
olmuşdur. Eyni zamanda akademik İsmayıl
Hacıyev tərəfindən Araz Türk Cümhuriyyəti ilə
Cənubi-Qərbi Qafqaz Cümhuriyyəti arasındakı
münasibətlər və qarşılıqlı əlaqələr
aydın fərqlənən cizgilərlə təsvir
edilmişdir.
Bəhs olunan dövrdə xarici dövlətlərin
Naxçıvanla bağlı siyasətləri məsələsinə
də bu fəsildə geniş yer verilmiş, bölgədə
etnodemoqrafik proseslərin mahiyyəti
açıqlanmışdır. XX əsrin əvvəllərində
Naxçıvanda demokratik hərəkat və çarizmin
buna qarşı mübarizəsi çoxsaylı arxiv sənədlərində
əksini tapmış faktlar əsasında təhlil
edilmişdir. Ermənilərin 1918-1920-ci illərdə
Naxçıvanda törətdikləri soyqırımlar,
Naxçıvanda "Qırmızı tabor"un fəaliyyəti ilə bağlı
bölümlər yeni-yeni faktlarla zəngindir və burada bir
sıra məsələlərə ilk dəfə olaraq
toxunulmuşdur.
II cildin sonuncu - V fəsli "Naxçıvan XX əsrin
20-30-cu illərində" adlanır. AMEA-nın həqiqi üzvləri
İsmayıl Hacıyev, İsa Həbibbəyli, AMEA-nın
müxbir üzvü Fəxrəddin Səfərli, tarix
üzrə fəlsəfə doktorları Elman Cəfərli,
Nadir Hüseynbəyli və Vaqif Məmmədov tərəfindən
yazılan V fəsil Naxçıvanda Sovet hakimiyyətinin
qurulmasının təsviri ilə başlayır. Sovet hakimiyyətinin ilk illərində sosial-siyasi vəziyyət
real tarixi faktların qarşılaşdırılması əsasında
analiz edilir.
Fəslin "Naxçıvanın muxtariyyət statusu" adlanan bölümündə doğru olaraq qeyd edilir ki, Naxçıvanın muxtariyyət statusu qazanması bu bölgədə 1918-1921-ci illərdə cərəyan edən ictimai-siyasi hadisələrdən doğan obyektiv zərurətin nəticəsi olmuşdur. Bu dövrdə əldə olunmuş tarixi dövlətçilik nailiyyətlərinin əsas müəllifi hansısa xarici qüvvələr deyil, yerli əhali olmuşdur. İmzalanan iki beynəlxalq müqavilə isə (Moskva və Qars müqavilələri) əldə olunan nailiyyətlərin beynəlxalq hüquqi təminatını təşkil etmişdir. Göstərilir ki, Naxçıvanın azərbaycanlı əhalisinin qətiyyətli və inadlı mübarizəsi ermənilərin Naxçıvan barəsindəki planlarını pozmuşdur. Bu fəsidə Naxçıvan MSSR-in yaranması zərurəti və Naxçıvanın Azərbaycanın ayrımaz tərkib hissəsi kimi qorunub saxlanılması uğrunda vətənpərvər dövlət xadimlərimizin, dipomatlarımızın fəaliyyəti geniş təhlil edilmişdir. Naxçıvanda sənayenin vəziyyəti, kollektivləşdirmə tədbirləri, sovet hakimiyyətinə qarşı üsyanlarla bağlı maraqlı məlumatların əks olunduğu fəsildə Naxçıvan MSSR-in 1926 və 1937-ci il konstitusiyalarının tarixi və hüquqi mahiyyətindən də bəhs olunur.
XX əsrin 30-cu illərinin sonunda baş vermiş repressiyalar Naxçıvandan və naxçıvanlı ziyalılardan da yan keçməmişdir. Fəslin daxilində bu mövzuya ayrıca bölüm ayrılmış və Azərbaycanın siyasi fikir və dövlətçilik mərkəzlərindən biri sayılan Naxçıvanda milli ruhlu ziyalıların fiziki məhvinə yönəlmiş repressiv hərəkətlərin əsas icraçılarının əsasən ermənilərdən ibarət olduğu sübut edilmişdir.
Bu dövrdə elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı və yeni mahiyyəti ilə bağlı da ayrı-ayrı bölmələrdə təhlillər aparılmışdır.
"Naxçıvan tarixi" çoxcildiyində təqdim olunan tarixi-siyasi xronologiya, cədvəllər, xəritələr, müxtəlif tarixi şəxsiyyətlərimizə, döyüşlərə aid fotoşəkillərin hər biri müəyyən olunmuş xronoloji çərçivədə Naxçıvan tarixində baş vermiş proseslərin mahiyyətinin daha yaxşı açılmasına xidmət etmişdir.
Bütün bunları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, Naxçıvanın fundamental tarixinin yazılmasının ikinci mərhələsi uğurla yekunlaşıb.
Elnur
KƏLBİZADƏ
AMEA
Naxçıvan Bölməsinin doktorantı, Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin baş məsləhətçisi
525-ci qəzet.- 2015.- 25 iyun.- S.7.