Anti-Azərbaycan şəbəkəsinin
növbəti həmləsi - OCCRP
"AZADLIQ" RADİOSUNDA ÜZƏ ÇIXAN KORRUPSİYA HALLARI QƏRB İNSTİTUTLARI İLƏ ƏLAQƏLİ FƏALİYYƏT GÖSTƏRƏN TƏŞKİLATLARDA DA MÖVCUDDUR"
Anti-Azərbaycan qüvvələri
dövlətimizin əleyhinə
qərəzli kampaniya
apararaq Birinci Avropa Oyunlarını
"boykot" etməyə
çalışsalar da
onlar məqsədlərinə
nail ola bilməyiblər.
Lakin təəssüflər olsun
ki, bu onların
Azərbaycanla bağlı
fəaliyyətini dayandırmağa
kifayət etməyib.
Çünki Qərb və
Amerika dairələri
müstəqil siyasət
xəttinə malik Azərbaycanın təbii
sərvətlərinə olan
maraqlarından imtina etmək fikrində deyil.
Hazırda anti-Azərbaycan şəbəkəsinin
əksər qüvvələrinin
ifşa olunub sıradan çıxdığını
nəzərə alsaq,
təbii olaraq bu həmin dairələrə
yeni "təşəbbüslər"
irəli sürməyə
vadar edir. Bunlardan biri
də Mütəşəkkil
Cinayətkarlıq və
Korrupsiya Məlumat Layihəsidir (OCCRP). Diqqət
yetirsək, Azərbaycanı
ən ali dəyərlərə hörmət
edilməyən, dizinə
qədər korrupsiyaya
bulaşan ölkə
kimi təqdim edən "Freedom House", "Amnesty İnternational", CNN, BBC, "The
Guardian" "The İndependent" kimi QHT və media orqanları bugünlərdə
Ermənistanda yenidən
başlayan etiraz aksiyalarında minlərlə
xalq kütləsinin zor gücü ilə dağıdılması,
yüzlərlə insanın
xəsarət alması,
həbs edilməsinə,
hətta saxlanılan şəxslərin arasında
jurnalistlərin olmasına
rəğmən addekvat
reaksiya göstərmir,
əksinə baş verənləri "demokratik
dövlətin" söz
və ifadə azadlığının təcəssümü
kimi təqdim edirlər.
Bunun əvəzinə
Azərbaycanda törətdikləri
korrupsiya əməlləri
və dövlətə
xəyanətə görə
həbs olunan şəxslərin subyektiv
mülahizələrinə istinad edərək hazırladıqları qərəzli
materiallarla dövləti
ittiham edir, Azərbaycanı demokratiyadan
uzaq, korrupsiyaya bulaşan ölkə adlandırıb onun imicini zədələməyə
çalışırlar. Onların Azərbaycanda
mətbuata çıxışı
"Azadlıq" radiosu
vasitəsilə həyata
keçirilir. Maraqlısı isə budur ki, Amerika Konqresinin
maliyyələşdirdiyi bu
media orqanının Bakı
ofisində aparılan
yoxlamalar nəticəsində
xeyli sayda korrupsiya faktlarının aşkarlandığı bildirilir.
Təəssüf doğuran hal isə odur ki,
özlərini sərhədsiz
repartyorlar adlandıraraq
ölkəmizi tənqid
atəşinə tutan
şəxslər görəsən
niyə məmur-vətəndaş
münasibətlərində şəffaflığın təminatı
olan "ASAN xidmət"
mərkəzləri vasitəsilə
Azərbaycanın korrupsiyaya
qarşı həyata
keçirdiyi bu mütərəqqi layihədən
söhbət belə açmırlar? Və yaxud nə üçün həmin qüvvələr dövlətimizin
dini və mədəniyyətlərarası dəyərlərə verdiyi
böyük töhfələri
görməzdən gəlirlər?
Halbuki artıq müxtəlif dünya dövlətləri
korrupsiyaya, eləcə
də dini və irqi ayrıseçkiliyə
qarşı mübarizədə
Azərbaycanın qazandığı
təcrübələrdən yararlanmaq fikrindədir.
Bəlkə elə bu amil ermənipərəst qüvvələrin qısqanclığına
səbəb olur?
Çünki həmin dairələrin
fəaliyyətinin mərkəzində
məhz qatı millətçilik və xristiançılıq dayanır.
Avropa Oyunlarını möhtəşəm
səviyyədə təşkil
etməklə özünü
idman ölkəsi kimi bütün dünyaya sübut edən Azərbaycan isə beynəlxalq mədəni, siyasi və iqtisadi tədbirlərə ev sahibliyi etdiyi kimi artıq
idman yarışlarının
keçirilməsinə də
ən real namizədlərdən
birinə çevrilib.
Təsadüfi deyil ki, 2016-cı ildə ölkəmiz Dünya Şahmat Olimpiadası və "Formula-1" yarışlarına,
2017-ci ildə İslam
Həmrəyliyi Oyunlarına,
2020-ci ildə isə futbol üzrə Avropa Çempionatının
final mərhələsinin 4 qarşılaşmasına ev
sahibliyi edəcək.
Bu Azərbaycana dünyada özünü
tanıtmaq və təsdiqlətmək üçün
əlavə imkanlar verir. Ona görə də
bəlli çevrələr
eyni mərkəzdən
aldıqları qrantlar
hesabına fasilə vermədən ölkəmizə
qarşı təzyiqlərini
davam etdirir, dövlətimizin nüfuzuna
xələl yetirməyə
çalışırlar. Yaxın Şərqdə baş verən hadisələr də göstərib ki, bu qüvvələr qətiyyən yerlərdə
insan hüquq və azadlıqlarının
pozulması, korrupsiya halları kimi süni şəkildə ortaya atdıqları məsələlərdən narahat
deyillər və onlar bu "problemlər"in aradan qaldırılmasına çalışmır,
əksinə hədəf
seçdikləri dövləti
dərisinə qədər
soyaraq xarabalığa
çevirmək istəyirlər.
Təsadüfi deyil ki, onların hazırladığı
materiallarda Türkiyənin
"Doğan media qrupu"na
daxil olan "Hürriyyet" qəzetinin
də əli var. Erməni lobbisi və PPK terror təşkilatı
ilə əlaqəli fəaliyyət göstərən
media maqnatı Aydın
Doğana məxsus mətbuat orqanları dəfələrlə həm
Türkiyə, həm
də Azərbaycan hökumətinə qarşı
qərəzli informasiyaların
təbliği ilə məşğul olub. Ona görə də, "Hürriyyet" qəzetinin
əməkdaşı Tolga
Tanisin simasında
OCCRP layihəsində yer
alanların məqsəd
və ambisiyaları öz çılpaqlığı
ilə göz önündədir.
İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri, politoloq Məhərrəm Zülfüqarlı hesab edir ki, korrupsiya halları dünyanın bütün ölkələrində baş verir: "Buna qarşı dövlət qurumları mübarizə aparırlar. Azərbaycanda da dövlət səviyyəsində korrupsiyaya qarşı mübarizə aparan qurumlar var. Dövlət heç vaxt elan etməyib ki, Azərbaycanda korrupsiya yoxdur. Var və buna qarşı mübarizə aparılır. Məsələ odur ki, xarici mərkəzlərdən maliyyə vəsaiti alaraq ölkəmizə qarşı şər, böhtan kampaniyası aparan şəxslərin indi özlərinə qarşı yoxlamalar başlanılıb. "Azadlıq" radiosunun Azərbaycandakı ofisində korrupsiya faktlarına görə yoxlamalar aparılması onu göstərib ki, dünənə qədər hamını ittiham edən, onlardan "hesabat" tələb edən şəxslərin özü korrupsionerdir. İstər parlament, istərsə də prezident seçkilərində "Azadlıq" radiosu çalışır ki, hər kəsi ittiham etsin. Müsbət haldır ki, artıq "Azadlıq" radiosunun Bakıdakı ofisində yoxlamalar aparılıb və xeyli sayda korrupsiyaya dair faktlar aşkarlanıb. Bu tək "Azadlıq" radiosu ilə bağlı məsələ deyil. Qərəzli qüvvələr şəbəkə şəklində Milli Demokratiya İnstitutu kimi QHT-lərlə bir yerdə fəaliyyət göstərib və eyni mənbədən qrantlar alıblar. Sadəcə olaraq bu qüvvələr hesab edirdilər ki, heç kəs onlara toxunmayacaq. Onlar Qərb tərəfindən dəstək alsalar da, başa düşmürlər ki, Avropada da vergidən yayınan və korrupsiyaya bulaşan qurumlara qarşı mübarizə aparılır. Artıq hər kəsə məlumdur ki, ABŞ Konqresinin maliyyələşdirdiyi "Azadlıq" radiosunda üzə çıxan korrupsiya halları Qərb institutları ilə əlaqəli fəaliyyət göstərən əksər təşkilatlarda da var".
Türkiyəni də daxildən zəiflətmək istəyən qüvvələrin kifayət qədər olduğunu deyən M.Zülfüqarlı bildirib ki, onlar da eyni mərkəzdən maliyyələşir, sifarişlər alır və qərəzli kampaniyalarda iştirak edirlər: "Biz Birinci Avropa Oyunları ərəfəsində də qərəzli hücumların şahidi olduq. Müsbət məqam odur ki, "Bakı 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası vasitəsilə biz onlara layiqli cavab verərək, qərəzli hücumların qarşısını ala bildik. Nəticədə bütün dünya Bakıda möhtəşəm tədbirin şahidi olub. Lakin bundan sonra da Azərbaycana qarşı qərəzli hücumlar olacaq. Bu yaxınlarda Avropa Şurasında baş tutan dinləmələrdə Ermənistan işğalçı dövlət olması barədə cümlə çıxarılaraq nisbətən yumşaq formada əvəzlənib. Bu həmin qurumun ermənipərəst siyasətçilərinin fəaliyyətinin nəticəsidir. Buna baxmayaraq Avropada Azərbaycanı müdaifə edən kifayət qədər deputatlar var. Onlar ölkəmizin haqq işini dəstəkləyərək işğalın bir adı olduğunu bildirirlər. Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirən Avropa Şurasının müşahidə qrupu parlament seçkilərində də iştirak edəcək. Qərb ölkələrində bizi istəyən və istəməyən qüvvələr var. Bəziləri Azərbaycanın inkişafını qəbul edir, bəziləri isə qəbul etmirlər. Qərəzli qüvvələr çalışır ki, Azərbaycanın Ukraynanın vəziyyətinə düşsün. Lakin bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən böyük gücə malikdir. Ona görə də bütün təzyiqlərə cavab vermək iqtidarındayıq. Hər bir Azərbaycan vətəndaşı da dövlətimizin daha da qüdrətlənməsinə çalışmalıdır".
İnsan Hüquqları 21-ci əsr - Azərbaycan Fondunun sədri, hüquq müdafiəçisi Şahin Camalov qeyd edib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Məlumat Layihəsini həyata keçirən anti-Azərbaycan şəbəkəsidir: "Onlar israrla Azərbaycanın əldə etdiyi inkişafa, tərəqqiyə mane olmağa çalışırlar. Dünyanın istənilən nöqtəsində olduğu kimi Azərbaycanda da korrupsiya, fundamental haqlarla bağlı problemlər mövcuddur. Bunu dövlət rəsmiləri də etiraf edir. Azərbaycan korrupsiya, rüşvətxorluq və insan hüquqlarının pozulmasına qarşı ciddi mübarizə aparır. Hətta biz bunun müsbət nəticələrini də görməkdəyik. Hərçənd Birinci Avropa Oyunları fonunda Azərbaycanın qazandığı uğurların bəzi Qərb və Amerika dairələrini qıcıqlandırdığını müşahidə etdik. Onlar başa düşürlər ki, dövlətimizin müstəqil siyasətinə mane olmaq mümkün deyil. Ona görə də, Azərbaycana qarşı şər, böhtan kampaniyası aparmaqla nəyəsə nail olacaqlarını düşünürlər. Bu günlərdə Avropa Şurasında keçirilən dinləmələrdə Ermənistanın Dağlıq Qarabağı işğal etməsinə dair hesabatda əks olunan cümləni dəyişdirməklə Qərb dairələri öz çirkin niyyətlərini açıq şəkildə göstəriblər".
Ceyhun ABASOV
525-ci qəzet.- 2015.- 25 iyun.- S.3.