Azərbaycanın dövlətçilik və
mədəniyyət tarixində Qubanın yeri
və rolu
(Əvvəli ötən sayımızda)
Quba rayonu təkcə səfalı təbiətinə görə
deyil, həm də tarixi və mədəni sərvətlərinə görə
seçilən bölgələrimizdən
biridir. Çox sayda etnik qrupun yurd yeri,
misilsiz təbiətə
malik dağ kəndlərinin üstünlük
təşkil etdiyi unikal bölgələrimizdən
biri olan Quba Azərbaycana bəxş etdiyi görkəmli şəxsiyyətləri
ilə də məşhurdur.
Azərbaycanın tanınmış xanəndəsi,
Əməkdar artist Fatma
Mehrəliyeva 1926-cı ildə
Qubada doğulub. Yaradıcılıq fəaliyyətinə Sazçı
qızlar ansamblında
başlayıb, sonralar
ansamblın solisti olub.
Üzeyir Hacıbəyovun Şəfqət
bacısı mahnısının
ifası ona uğur qazandırıb. Böyük Vətən
müharibəsi illərində
ifa etdiyi mahnılar Azərbaycan milli radiosunun qızıl fonduna daxildir.
Arşın mal alan
filmində Telli rolunu ifa edib.
Bir çox Azərbaycan muğamlarını
məharətlə oxuyub,
Kəsmə-şikəstənin
əvəzsiz ifaçısı
olub.
Məşhur astronom Nadir İbrahimov da Qubada dünyaya
gəlib.
1956-cı ildə Azərbaycan
Dövlət Universitetinin
(indiki BDU) Fizika fakultəsini bitirərək
Şamaxı Astrofizika
Rəsədxanasında işləməyə
başlayır. N.İbrahimov Rəsədxanaya gəldiyi vaxtdan Mars planetinin atmosferinin tədqiqi ilə məşğul olur.
O, 1966-cı ildə Ukrayna
EA-nın akademiki N.P.Barabaşovun rəhbərliyi
ilə Xarkovda Marsın inteqral spektrometriyası mövzusunda
dissertasiya müdafiə
edir.
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı
Astrofizika Rəsədxanasının
astrofiziki olub. N. İbrahimovun adı
Mars planetinin xəritəsində
İbrahimov krateri kimi əbədiləşdirilib.
Alimin Günəş
sistemi planetlərinin tədqiqinə dair qiymətli elmi nəticələri var. N.İbrahimov
Yupiterin atmosferində
ammonium və hidrogen qazlarının miqdarını
təyin edib, Saturnun spektrində metan qazına məxsus zəif udulma xətlərini aşkar edib, Uran və Neptunun
spektrində isə hələlik heç bir xətlə eyniləşdirilməmiş udulma
zolaqlarının olduğunu
müəyyənləşdirib.
Azərbaycanın ilk rəssam qadınlarından
olan Reyhan Topçubaşova 1905-ci ildə
Qubada doğulub.1931-1935-ci illərdə
Azərbaycan Dövlət
Rəssamlıq Texnikumunda
oxuyub. 1941-1945-ci illərdə Azərbaycan
Rəssamlar İttifaqı
İdarə Heyətinin
sədr müavini olub. 1943-cü ildən Azərbaycan SSR-in
Əməkdar İncəsənət
Xadimi idi. Əsərləri 1936-cı ildən respublika sərgilərində
nümayiş etdirilib.
Portret, məişət, mənzərə
janrlarında işləyib,
eləcə də süjetli komposiziyalar və natürmortlar çəkib. Mənzərələrində Abşeron təbiətinin
təsviri əsas yer tutur. Mahnı və rəqs ansamblları üçün
geyim eskizləri də hazırlayıb.
Böyük cərrah Mustafa bəy Topçubaşovun həyat
yoldaşı olmuş
Reyhan Topçubaşova
5 mart 1970-ci ildə Bakıda
vəfat edib.
Akademik Azad Nəbiyev də Quba torpağının yetirməsidir. A.Nəbiyev 1945-ci ildə Qubanın İkinci Nügədi kəndində dünyaya gəlib. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsinin jurnalistika şöbəsində təhsil alıb. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatında redaktor kimi başlayıb. Gənclik nəşriyyatında redaksiya müdiri (1974-1976), Azərbaycan Dövlət Universitetinin Filologiya fakultəsində müəllim, baş müəllim, professor vəzifələrində çalışıb. Ədəbi fəaliyyətə 60-cı illərdən başlayıb. İlk mətbu şeiri 1962-ci ildə Qızıl Quba rayon qəzetində çap olunub. Bundan sonra qəzet və jurnallarda şeir, hekayə, povest, oçerk və məqalələrlə çıxış edib. Koroğlu dastanı mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan-Özbək folklorunun tipologiyası və qarşılıqlı əlaqəsi mövzusunda doktorluq dissertasiyası müdafiə edib. İtalyan (Bertoltonun sərgüzəştləri) və özbək (Tülkü və qurd) xalq nağıllarını dilimizə çevirib. Kitabi-Dədə Qorqudun Drezden nüsxəsi mətnini sadələşdirib nəşr etdirib. Azərbaycan dastanları, Nəğmələr, inanclar, alqışlar, adətlər, Alqışlar, adətlər, nəğmələr , Koroğlu dastanı kitablarının toplayanı, nəşrə hazırlayanı və ön sözlərinin müəllifidir.
Ədəbiyyatşünas alim, professor Maqsud Hacıyev 1935-ci ildə Qubanın Gümür kəndində anadan olub. İxtisasca şərqşünas olan alim Tat dilinin Qonaqkənd ləhcəsi, İranın tarixi-etnoqrafik oçerki, fars dilinin qısa qrammatikası və farsca-rusca texniki lüğət, Beş il qonşu diyarda, İran etüdləri, Dörd ildə gördüklərim, Əfqan ədəbiyyatında milli barışıq siyasətinin inikası, Əfqanıstan görüşləri, Azərbaycan tatlarının dili və sair bu kimi elmi, elmi-publisist əsərləri ilə daha çox tanınıb. O, İran və Əfqanıstanın bir sıra görkəmli ədəbi simalarının əsərlərini dilimizə tərcümə edib. Ç.Çaplinin Səhnə işıqları, Şərq xalqlarının həyatına dair Məzəli əhvalatlar, əfqan xalqının nağıllarından ibarət Çilan və şeytan kimi tərcümə kitablarını oxuculara təqdim edib. Azərbaycan Sovet Ensiklopediyasının 4-cü, 7-ci və 9-cu cildlərinin əsas müəlliflərindəndir.
Qubada doğulub böyümüş daha bir görkəmli şəxsiyyət - professor Vaqif Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edib, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olub.
Xanəndə Zümrüd Məmmədova da Qubanın yetirməsidir. Quba rayonunun İkinci Nügədi kəndində doğulan Z. Məmmədova ilk musiqi təhsilini Asəf Zeynallı adına Musiqi Kollecində alıb və eyni zamanda tibb kollecində də oxuyub. Daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub, buranı da fərqlənmə diplomu ilə başa vurub. İlk iş yeri Azərbaycan Dövlət Filarmoniyası olub. Professional səhnəyə 1974-cü ildən ayaq basmış bu günə qədər fasiləsiz sənət yolu keçib. 1993-cü ildən isə Müdafiə Nazirliyinin Hərbi Orkestrinin solistidir. Hazırda İncəsənət Universitetində və İncəsənət gimnaziyasında müəllimlik fəaliyyəti ilə məşğuldur. Xalq artisti, Prezident təqaüdçüsüdür.
Azərbaycan elminə, ədəbiyyatına qiymətli töhfələr bəxş eləmiş professorlar Nizaməddin Şəmsizadə, Şahin Fərzəliyev, Məcnun Babayev, Vaqif Piriyev, Əliqulu Nərimanov, tibb elmləri doktorları Mustafa Əfəndizadə, Leyla Məmmədbəyova da Qubanın tanınmış şəxsiyyətlərindəndir.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 26 iyun.- S.30