Dünya bir nəğmədir...
İstedadlı şair dostum Yusif Nəğməkarın
60 illik yubileyi münasibətilə
Dünya
bir nəğmədir,
Yusif Nəğməkar,
Dürüst oxuyana, çalana əhsən.
Duzlu göz yaşını içib nəğmənin,
Ondan öz kamını alana əhsən!
Skripka deyilən sinə kamanı,
Köksündə göynədir ahı-amanı.
Sazın
tellərində qopan tufanı,
Təzə tufanlara salana əhsən.
Sən saz adamısan, sən söz adamı,
Sazdan gələn sözü duyurmu hamı?
Həqiqət acıdır şair ilhamı
Hərdən uydurduğu yalana əhsən!
Ən böyük yaradan o Haqq-taladır,
Onun yaratdığı hamısı əladır.
Ancaq söz yanğısı ayrı bəladır,
Səndən üzülməyən bəlana əhsən.
Yolu dizləyən var, yolda qalan var,
Yolları əliboş yola salan var.
Neçə kitabın var - neçə balan var?
Sayılıb-seçilən balana əhsən!
Doğmasından çoxdur yadı
dünyanın,
Düşüb canımıza odu
dünyanın...
Yadından çıxıbsa yadı
dünyanın,
Şeiriylə yadlarda qalana əhsən!
Musa, az olmayıb
qaya çapdığın,
Daş-kəsək içindən inci
tapdığın...
Bu gün dost adına
sözlə yapdığın,
Dağılmaz, sökülməz qalana
əhsən!
12 mart 2015
Musa Ələkbərli
525-ci qəzet.- 2015.- 26 iyun.- S.29.