Simli yaylıq
(hekayə)
O vaxtlar uşaq idim. Dünya mənim üçün
elə o yaylıq rəngində idi, al-qızılı.
Təbərik xalanın oğlu Moskvada oxuyurdu. Yay tətillərində kəndə
gələndə bəzi
xırda-xuruş alıb
gətirib kənd əhlinə altdan-altdan satardı
ki, yol pulunu
çıxartsın. Ona
görə altdan-altdan
ki, Sovet vaxtı alver cinayət sayılardı,
tələbənin bu
işə “qurşanması”
isə ikiqat cinayət olardı, yazığı buna görə ali
məktəbdən qova
da bilərdilər.
Bu dəfə Təbərik
xalanın oğlu beş-altı dənə
simli yaylıq gətirmişdi. O dövrü yaşayanların
yadında olar. Simli yaylıq matax bir şey idi,
əsasən qırmızı
rəngdə, qızılı
milli kapron yaylıqdı. Hər
adam o yaylığın
vüsalına qovuşa
bilməzdi, hər başda, boyunda rast gələ bilməzdin o yaylığa.
Moskva kimi yerdən, özü də asanlıqla gəlib çıxmırdı, ona
görə də baha olardı. Birini 12 rubldan satırdı Təbərik arvad. Beş-altı yaylıqdan birini
boynunda gəzdirən
qız-gəlin kənddə
həsəd yeri və indiki jarqonla ifadə etsəm, bərkgedən sayılardı.
Atam yaylığın
birini bibim üçün almışdı. Bibim 18 yaşında bir cuvanəzən idi, yaylıq onun ağ boynunda
qırmızının qızılıya
qarışığı ilə
günəş şöləsi
kimi bərq vururdu. Bu mənzərəyə
heyranlıqla baxdığımı
görən atam çıxardıb anama
12 rubl verdi
ki, get o yaylığın
birini də qızıma al, gətir. Mənim qızım kimin qızından əksikdir ki, qoy, onda
da bu yaylıqdan
olsun. Uşaq da olsam, atasını itirəndən
sonra gənc yaşlarından böyük
külfətin yükünü
təkbaşına çəkən
atam üçün
o 12 rublun necə böyük pul olduğunu anlayırdım.
Zatən
bacısı üçün
o 12 rubldan ona görə keçmişdi
ki, qız atasızlığını hiss etməsin, qardaşın hər zaman onun yanında olduğunu bilsin. İndi mənim üçün o yaylığın
hansı anlamları daşıdığını hiss etməmiş olmazsınız.
Təbərik xalagil bizim bağın aşağısında
olurdular, anamın yaylığı alıb gətirməsi dəqiqələrin
söhbəti oldu.
Bir gün sonra atamın qonşu kənddə bir qız uşağı
ilə dul qalan böyük bacısı bizə gəldi. Onun gəlişini
istəyirdim, çünki
bibimi də qızını da çox sevərdim, amma hər gəlişləri
mənim üçün bir
yara olardı. Niyə?
Çünki ən sevimli
gəlinciyimi, paltarımı
götürüb özününkü
edə bilərdi.
Bunun üçün
ona heç kim etiraz
eləməzdi, bu səninki deyil deməzdi. Əksinə, məni çəkib
kənara “qoy, aparsın sonra sənə yenə alarıq” - deyərdilər. Bu məntiqsizliyi
anlaya bilmirdim, niyə ona heç
kim “gözün
üstə qaşın
var” məsələsini
isbat etmək istəmir. Yalnız ona görə
ki, onun atası yoxdur və mənim atam onun anasının
qardaşıdır?
Anlaşıldı yəqin? Getdi sevimli simli yaylığım. Təbərik
xala isə yaylıqları artıq satıb qurtarıb, indi mən ən
yaxşı halda Təbərik xalanın oğlunun daha bir kursu başa
vurmasını gözləməliyəm
ki, gələn yay tətilinə gələndə mənə
simli yaylıq alıb gətirsin, o da Moskvada satılıb
qurtarmamış olsa.
Hər halda mənə elə gəlirdi ki, simli yaylıqdan
daha Moskvanın özündə də qalmayıb.
Bir il ərzində
heç kim ölmədi, Təbərik
xalanın oğlu da sağ-salamat gəldi yay tətilinə, simli yaylıqdan da birini məxsusi mənim üçün gətirdi, atam daha bir 12 rublundan
keçib yaylığı
mənə aldı. Sadəcə o bir il ərzində
mənim nəfəs yollarımda ciddi problem yaranmışdı, astma olmaq təhlükəm vardı. Həkimin müalicələri azacıq vəziyyətimi
yaxşılaşdırsa da
xəstəlik canımdan
bütünlüklə çıxmırdı.
Kimsə
anama demişdi ki, uşağın ən sevimli bir əşyasını,
paltarınımı, oyuncağınımı
nəzir deməlisən
ki, xəstəlik onu tərk etsin.
İşə düşmədik,
sənin dilin yansın bu məsləhəti verdiyin
yerdə... Yazıq anam da boğulanın saman çöpündən yapışması
kimi bu sözdən
yapışıb ürəyində
mənim nəyimisə
nəzir dediyini anladım. Güman ki, siz də anladınız.
Sevimli yaylığımın
evdən çıxarılması
kino lenti kimi gözlərim önündədir. Daha öskürmürəm, tam sağalmışam,
bir gün anam məni sığallaya-sığallaya başa
salmağa başladı
ki, simli yaylığı mənim
sağalmağım üçün
seyidin qızına nəzir deyib, onun aidiyyatı üzrə təhvil verilməsinin
vaxtı çatıb.
Qonaq otağındakı sandıqçada
əziz-xələf saxlanılan
yaylıq qatı açılmamış halda
ordan çıxarıldı,
qapıdan mən görüb ürəyim xarab olmasın deyə, bükülü halda keçirilib aparıldı. Onu bir də kənd toylarından birində seyidin qızının başında gördüm.
Heç
yaraşmırdı da
ona, geyimi ilə də tam əks mütənasib idi, ümumiyyətlə mənim aləmimdə simli yaylıq və seyidin qızı arasında tam bir əks mütənasiblik
hökm sürürdü.
Onun başında mənim yaylığım ola-ola dönüb mənə baxmasında mənim başımda onun yaylığı olması
anlamı vardı.
Simli yaylıqdan
yenə alındı mənə, hərçənd,
hətta seyidin qızında da o yaylıqdan vardısa, mənim üçün ilkin anlamını itirməyə başlamışdı,
amma o qız olmayan toya boynuma
bağlayıb gedə
bilərdim. Toyda bu dəfə
bir mən idim, bir də
Bağdadda kor xəlifə, çünki
boynumda simli yaylıq vardı və ətrafdakıların
həsəd dolu baxışları üstümdə
idi, hər halda mənə elə gəlirdi.
Birdə nə isə səs-küy qopdu, kimsə nə isə axtarırdı, hamı bir-birinə indi başında idi ki, bəlkə
oturacaqların altına
düşüb-deyə qarışıq
sözlər deyirdilər. Bu qarışıqlığın içində Fatma xala mənə yaxınlaşıb yaylığı
boynumdan açmağa
başladı. - “İndicə
qızımın başından
sürüşüb düşüb,
o saat götürüb
boynuna bağlamısan
ki, guya sənindi?” - deyə hikkə ilə yaylığı boynumdan çəkib dönüb getdi. Sarsıntıdan bir də yaşla dolduğundan torgözənək görən
gözlərimlə sevimli
yaylığımı onun
qızının başında
görüb ayıldım.
Ətrafdakılar da mənim kimi çaşqınlıqda idilər
deyəsən, hamı
mənzərəni görürdü
və heç kim bir kəlmə demirdi. İçimdən
elə bir haykırtı gəlirdi ki,
çıxsaydı xanəndənin
zənguləsi onun yanında itib batardı, amma çıxarda bilmirdim, boğulmuşdum. Yaylıq
umrumda deyildi, təhqir olunmuşdum, camaatın qarşısında
kimsə məni oğurluqda ittiham eləmişdi, məni, ərli-arvadlı xalxın
uşaqlarının təlim-tərbiyəsi
ilə məşğul
olan filankəslərin
qızını.
Evə necə çatdım, əhvalatı nə cür nəql elədim, bilmirəm, o yadımdadır ki, anam qızmış pələngə döndü. Elə bildim anamın toy mağarına yetişməsi ilə Fatma xalanın tikəsi ələ gəlməyəcək, anam onu parçalayacaq.
Anam mağara yaxınlaşıb Fatma xalanı tapdı, onu çəkib kənara sakitcə, hətta ehmalca olayı başa saldı, Təbərik xalanı Allah şahidi gətirə biləcəyini dedi və yaylığımı alıb verdi mənə. Bayaq susanların hamısı düşdülər ortaya, xoşavazlıq elədilər ki, bəs, biz dedik, ay Fatma, o uşaq elə şey eləməz, onun atası-anası elə tərbiyə verməz, filan-bəşməkan. İçimdə tüstüləndim, indiki ağlım olsaydı, hamısının üzünə onların necə bir vücud olduqlarını deyərdim, sizin ucbatınızdan uşaqlar tez böyüyüb sizə oxşamağa başlayırlar. Bayaq birinizin səsi çıxmışdı..?
Fatma xala nə məndən üzr istədi, nə də anamdan. Hər şey ilk baxışda bu olaydan əvvəl olduğu kimi axara düşdü, amma mənim uşaq dünyam öz zərbəsini aldı. İndi də nə onu, nə də onun yeganə qızını həmin olayın təsirindən qeyri xatırlaya bilmirəm.
Həmin yaylığı Sumqayıtdan yay tətilinə bizə gələn xalam qızı gecə yanan çırağın başına tutdu və yaylığın ortasında böyük bir cırıq yarandı od qarsalanmasından. Xalam qızı qonaqdır, pərt olmasın deyə nəinki öz göz yaşlarımı boğdum, həm də yaylığın yandırılması günahını da öz boynuma götürdüm.
O vaxtlar uşaq idim. Dünya mənim üçün elə o yaylıq rəngində idi, al-qızılı.
İllər keçdi, bir gün mən gəlin göçürdüm. Gələcək baldızım rəhmətə getmiş anasının gələcək gəlini üçün bir vaxtlar sandığına yığıb saxladığı əziz-xələf nə vardısa hamısını mənə verdi: “Ola bilər ki, bunların əksəriyyəti çoxdan dəbdən düşüb, sən onları istifadə etməyə bilərsən, amma anam bunları çox sevə-sevə alıb saxlayıb, arzusu sənə vermək idi” - deyə böyük bir bağlamanı mənə sarı uzatdı. Bağlamanın lap üstündə al-qızılı, həmin matax simli yaylıqdan vardı. Mən simli yaylığın həsrətini çəkdiyim, qovuşa bilmədiyim uşaqlıq illərimdə hardasa bir ana gəlini olacaq qıza - mənə o yaylığı əzizləyib saxlayırmış.
Ramilə
QURBANLI
525-ci qəzet.- 2015.- 26 iyun.- S.29