Cavidin “İblis”, Saramaqonun “İsanın
İncili” əsərlərində İblis surətləri
Nobel mükafatı laureatı olan Portuqaliya
yazıçısı Joze Saramaqonun (1922-1999) “İsanın
incili” romanı mənəvi baxımdan dərin duyğu və
düşüncələri əks etdirən nadir sənət
nümunəsidir. Romanda uzun əsrlər boyu davam edən
dini müzakirələr, gizli tarixə fərqli baxış ədəbi
boyalarla bir rəssam ustalığı ilə təsvir edilib.
Saramaqo bu əsərdə xristian dininə özünə
xas ədəbi üslubla yanaşıb. Bilindiyi kimi,
İsa və onun nəsli barəsində həm din
adamları, həm tarixiçilər, həm də ədəbiyyatçılar
müxtəlif fikirlərlə çıxış ediblər.
Bəziləri İsanın insani tərəflərini
müdafiə edib (J.Saramaqo, Den Broun), kimiləri isə onu
tanrılaşdırmağa səy göstəriblər (Kilsə
xadimləri). İsanın obrazının
yaradıldığı əsərlərdə İsa, Məryəm,
Kilsə, İsanın həvariləri ilə birlikdə Allah
və şeytan (İblis) kimi surətlərə də yer
verilib. Tədqiqatımıza kömək
edən əsərlərə diqqət etdikdə
görürük ki, onlar həm bədii, həm dini, həm də
tarixi baxımdan reallıqlarla zəngindir. Bu həqiqətlər oxucuya cazibədar gəlir və
həmin dövrü anlamaq baxımından onlarda maraq
oyadır. Tarixin bütün dövrlərində
dini-fantastik, fanatik düşüncə tərzini əks etdirən
romanlar və tədqiqatlar olub. Bilindiyi
kimi, bəzi cahil insanlar tərəfindən qəbul olunan
fanatiklik və elmi rədd səyləri çox pis nəticələr
doğurub. “İsanın İncili”ndə
Saramaqo bu düşüncələrlə birlikdə onlara
aydınlıq gətirmək üçün yollar
axtarın. Bu əsərdə İsa
tanrılıqdan uzaqlaşdırılıb bütün
gerçəkliyi ilə təsvir edilin. Əsərdə
Allah və İsa arasında gedən dialoqlarda Tanrı
anlayışına fərqli şəkildə
yanaşılıb. J.Saramaqonun bu əsərində
İblis daha müdrik və yaxşı təsvir edilib. İblisin mənfi tərəflərinə
işıq tutan bəzi hissələr xaric, bu surət oxucuda
nifrət hissi yaratmır.
Digər İblis obrazı yaradan müəlliflərdən
fərqli olaraq məşhur Azərbaycan dramaturqu Hüseyn Cavidin
yaratdığı İblis surəti də J. Saramaqonun
İblisinə bənzəyir. Hər iki İblis surəti
sonda qismən də olsa yumşaldılır. Bunu etməkdə sənətkarların məqsədi
insanların diqqətini öz nəfslərinin köləsi
olmaları məsələsinə yönəltməkdir.
H.Cavid klassik Azərbaycan ədəbiyyatının ənənələrini
davam etdirən və bu ənənələrə öz
orijinal qələmi ilə naxış vuran böyük ədəbi
simadır. XX əsr Azərbaycan romantizmi onun adı ilə
bağlıdır. Cavid Azərbaycan
dramının mövzu sərhədlərini genişləndirmiş,
tragik xarakterin, romantik qəhrəmanın və dramın yeni
tiplərini yaratmışdı. 1912-1918-ci
illərdə iki böyük faciə yaradan sənətkar
insanlığı faciəyə, uçuruma sürükləyən
mühitin rəsmini söz vasitəsilə təsvir edib.
Cavid kimi yaratdığı qəhrəmanlar da
həqiqət axtarışındadırlar. H.Cavidin 1918-ci ildə qələmə
aldığı “İblis” faciəsi ən gözəl və
diqqət çəkən əsərlərindəndir.
Bu əsər bir
çox tədqiqatçı tərəfindən
araşdırılıb. Az sözlə
fikrin təməlini oxucuya çatdırmağı bacaran
H.Cavid bəşəri sevgini, bəşəri
yaxşılığı ustalıqla izah etmişdir. Əsərin qəhrəmanları özünə
xas düşüncələri ilə oxucuda dərin təsir
buraxır. Bu əsərdə Cavid
müharibənin əsl səbəbləri ilə birlikdə,
insanların nəfslərinin köləsi olmaları nəticəsində
başlarına gələcək fəlakətləri də qələmə
alıb. Cavidin “İblis” faciəsi bəşəri,
qlobal bir problemə diqqət çəkmək məqsədi
ilə yazılsa da, əsərdə fərqli
düşüncələrə də yer verilib. Biz eyni fikirlərə J.Saramaqonun “İsanın
İncili” əsərində də rast gəlirik. H.Cavidin orijinallığı odur ki, onun hələ
1918-ci ildə yazdığı, təsvir etdiyi gerçəkləri
J.Saramaqo və digər sənətkarlar sonralar qələmə
alıblar. Bu, Cavidin
böyüklüyünün sübutudur. 1918-ci
ildə Cavid qələmi ilə təsvir olunan mövzu illər
keçməsinə baxmayaraq öz dəyərini və
müasirliyini qoruya bilib. Həmişə ədəbiyyatsevərlərin
diqqətini cəlb edən H.Cavidin əsərləri öz
mistik təbiəti, dinə müasir yanaşması və
bununla birlikdə keçmişə hörməti
baxımından özünəməxsusluğu ilə
seçilib. Onun yaratdığı
“İblis” əsəri bunun ən bariz nümunəsidir.
H.Cavidin “İblis” əsərində iblisin insanlara görünmək
üçün müxtəlif yolları mövcuddur:
Xilqətdəki
hər məsələ, hər nöqteyi-mövhum,
Hər fəlsəfə,
hər məzhəbü məslək mənə məlum,
Bəzən
olaram bir çoban, azadə bir insan,
Bəzən olaram zülmü fəsad aşiqi sultan.
Bu parçada izah edildiyi kimi, İblis insanlara çatmaq
üçün müxtəlif yollar axtarır, bəzən
çoban, bəzən sadə insan, bəzən isə fəsadlıqlar
aşiqi olan bir sultan qiyafəsinə bürünür.
J.Saramaqonun “İsanın İncili” əsərində də
İblis, H.Cavidin “İblis” əsərində İblisin
özünü mədh edərkən söylədiyi kimi
“çoban” qiyafəsində təsvir edilib. Çobanlıq
İblisin insanlara yaxınlaşmaq üçün
büründüyü kimliklərdən biri olaraq göstərilib.
“ -
Öz əllərimlə xəmir yoğurdum, ancaq yerin dərinliyində
yanan ocaqda bişirdim çörəyi və onu sənə gətirdim...
Məryəm o dəqiqə anladı ki, həmin
çoban kimdir”.
J.Saramaqonun “İsanın İncili” əsərində
İsanın anası Məryəm əvvəl İblisi mələk
sanmışdı. Lakin törətdiyi əməllərdən
çıxardığı nəticələrə diqqət
etdikdən sonra Məryəm onun İblis olduğunu anladı.
İblis əvvəlcə dilənçi
qılığında İsanın anasının
(İsanın) ziyarətinə gəlmişdi. İsanın doğumu gerçəkləşdikdən
sonra isə İblis təkrar mağaraya onları ziyarətə
gəlmişdi. Bu dəfə də iblis
Çoban qiyafəsində görünmüşdü
İsanın anasına. İsa böyüyüb evi tərk
etdiyi zaman o yenə həmin çobana rast gəlmiş
(İsa bu vaxt Çoban barəsində heç nə bilmirdi) və onun
yanında işə başlamışdı. Bir gün
Tanrıya dua etmədiyi üçün İsa Çobandan
uzaqlaşmağa qərar verir, bu zaman onlar arasında belə
bir söhbət gerçəkləşir:
“İsa:
Mən gedirəm, Tanrıya təşəkkür və dua
etməyən biriylə daha yaşaya bilmərəm.
Çoban:
Mən yəhudi deyiləm, başqa dinin ayinlərini icra edə
bilmərəm.
İsa:
Tanrı təkdir!
Çoban:
Ah, bəli, əgər tanrı varsa, bəlkə də təkdir.
Amma iki dənə olsa, daha yaxşı
olardı. Biri canavar, digəri quzu
üçün, biri öldürən, digəri ölənlər
üçün, biri məhkum üçün, digəri cəllad
üçün”.
J.Saramaqonun “İsanın incili” əsərindən
alınmış bu dialoqda iki fərqli düşüncə
mövcuddur. H.Caviddə də İblisin Elxanın
düşüncələrinə qarşılıq olaraq
verdiyi cavabda bu cür bənzərliklər var.
“Elxan
İstəməz
artıq həyəcan,
Yerdə qoymaz qanı ədalətli Yaradan.
İblis
( lağlağı bir qəhqəhəylə )
Bəli, əzsən
də, əzilsən də, bəli,
Yenə adildir o müdhiş qüvvət!”
Hər iki əsərdə sənətkarlar İblis
obrazından istifadə edərək insanlığın
cavablaya bilmədiyi bəzi sualları və problemləri
ortaya atırlar.
Saramaqonun da yaratdığı obrazlar H.Caviddə
olduğu kimi dərin psixoloji vəziyyətlər yaşayarkən,
məntiqli olmağa çalışmaqla birlikdə nəfsləriylə
mübarizə aparırlar.
Hər iki əsər fantastik surətlərlə zəngin olsa da, H.Cavid “İblis” əsərində bəşəri problemləri daha real təsvir edib. Saramaqonun əsərində diqqətimizi çəkən hekayələrdə insanlar fanatikcəsinə inanclarının köləsi halına düşürsə, Cavidin “İblis”ində insanlar bu köləliyə son vermənin bir yolunu tapır. Saramaqo “İsanın İncili” əsərində müxtəlif fanatiklikləri ironik bir dillə tənqid etsə də, onlara aydınlıq gətirə bilmir. Dövrləri müqayisə etsək, görərik ki, Cavidin təhlilləri daha orijinal, çıxardığı nəticələr isə daha qətidir. “İsanın incili” əsərində daxili inanclar və sarsılmaz kilsə gerçəklərinə ciddi zərbə vurulur. Cavid də eyni üsuldan istifadə etmiş, qəbul olunmuş bəzi fikirlərin iç üzünü açmaqdan çəkinməmiş, sözlər ilə təhlükəli oyun oynamışdır. Saramaqo hadisələri və həqiqətləri müdhiş ironik bir şəkildə şərh edir, hər paraqrafda qarşılaşdığımız ironik şərhlər ilə insanı gülümsədir. O, “İsanın İncili” əsəri ilə dörd rəsmi versiyası olan bir din kitabının (İncil - Matta, Mark, Luka, Yəhya) qeyri-rəsmi və qəbul edilməyən bir şərhini ortaya qoymuş sənətkar olmaqla bərabər, bu şərhlərini real həyatla çox gözəl sintez şəklində izah və isbat edə bilib. Cavidin əsərində xeyir və şər daima yarış içindədirlər, bəzən xeyir qiyafəsinə bürünmüş şər yanılma və məğlubiyyətlərə səbəb olur. Saramaqonun yaratdığı İblis surətinin ağıllı söz oyunlarını daha əvvəl yaradan dahi dramaturq H.Cavidin “İblis” faciəsi bu tərzdə əsərlər yaradan sənətkarların əsərlərindən əsla geridə qalmır. H.Cavidin “İblis” əsərində bəzi yerlərdə, məsələn; İblisin Arif və Arifin sevdiyi qadın Rənanı qurtarmaq bəhanəsiylə onları daha pis bir sona hazırlamaq məqsədi ilə oynadığı oyuna, yaxşılıq bəzəyi verdiyi səhnədə Şeytanın az qala yaxşılıq mələyinə çevrildiyini görürük.
Eyni vəziyyətlər Gete, Bulqakov, Lermontov və nəhayət, Saramaqo kimi məşhurların əsərlərində də görülməkdədir. Bu sənətkarların hamısında qəhrəmanlar əvvəl şər ruhları pisləsələr də, bir müddət sonra nəfslərinin toruna düşərək xeyirlə, şəri ayırd edə bilmirlər. Bu səhnələrdə əsər qəhrəmanlarının psixoloji məğlubiyyəti müşahidə edilir. Cavid qəhrəmanı Arifin də bəzən ağlını qarışdıran İblis öz məqsədi üçün hər şeyə əl atır. Faust dünyəvi nemətlərə yenidən alışmağa başlarkən Mefistofel sevinir, Lermontovun Demonu zəfərini qeyd edir, Bulqakovun Volandı Margaritanı onun qanlı mərasiminə ev sahibliyi etməyə razı salır, Saramaqonun İblisi öz rolunu çox gözəl oynayır, Cavid İblisi isə həqiqəti anlayıb onu lənətləyən insana:
“ - İblis nədir?
- Cümlə xəyanətlərə bais ...
- Ya hər
kəsə xain olan insan nədir?
-
İblis!..”
- söyləyərək qəhqəhələrlə
yer altına çəkilir.
Nəticə olaraq qeyd edə bilərik ki, müxtəlif dünya sənətkarlarından və onların yaradıcılığından heç də geri qalmayan H.Cavidin yaradıcılığı, sənətkarlığı təqdirəlayiqdir. Cavid həm dünyanın, həm də Vətəninin ən ağır günlərində sözün gücü ilə şərlə mübarizə aparıb və bu mübarizədən qalib çıxıb. Onun əsərləri dünya miqyasında tanınmağa layiqdir.
Nərgiz
İSMAYILOVA
AMEA
Naxçıvan Bölməsinin əməkdaşı
525-ci qəzet.- 2015.- 26 iyun.- S.28.