Yaşam fəlsəfəsi
İSLAM DÜNYASINDA ELM VƏ TƏHSİL
Dördüncü
yazı
(Əvvəli
ötən şənbə sayımızda)
Pareto
prinsipi
Akademik A. Mirzəcanzadə “20-80” qanununu tez-tez misal
çəkərdi. Bu qanuna “Pareto prinsipi” də deyilir.
Bu prinsipə görə, dünyada elmi nəticələrin
80 faizini alimlərin 20 faizi, yerdə qalan 20 faiz elmi nəticəni
isə alimlərin 80 faizi əldə edirlər. “Pareto prinsipi” həm Qərb, həm də Şərq
üçün doğrudur.
Albert Eynşteynə görə (A. Eynşteyn. Kak izmenitğ
mir k luçşemu. M. 2013), çoxlu
sayda, müxtəlif insanlar özlərini elmə həsr edirlər,
ancaq onların hamısı özlərini elmin xətrinə
elmə həsr etmirlər. Bir
çoxları elm məbədinə ona görə daxil
olurlar ki, burda onlar öz potensiallarını tam
açmağa imkan verir (İdmançılar idmandan ləzzət
aldıqları kimi bu insanlar da elmi fəaliyyətdən ləzzət
alırlar). Ancaq başqa bir qisim alimlər
elmə təsadüfən gəlirlər və öz
ağıllarını yüksək əmək haqqı və
mükafat xətrinə elmə təqdim edirlər. Bu
insanlar elmə gəlməsəydilər, onlar siyasi xadim və
ya uğurlu iş adamı olardılar. Eynşteyn
belə deyir. Sonra böyük alim yazır ki, əgər
göydən yerə məleykə ensə və təsadüfi
alimləri (80 faizləri) elm məbədindən qovsa, onda məbəddə
çox az alim qalar.
Bizim
AMEA-nın 1945-ci il üzvlərinin “20
faizlər”dən, bugünkü akademiklərimizin xeylisinin isə
“80 faizlər”dən təşkil olunduqları fikrini söyləyənlər
də az deyil.
Bu qrupların üzvlərinin psixologiyası və
düşüncələri fərqlidir. Bunu nəzərə
alaraq Qərbdə elmi müəssisənin başına “20
faizlər”in içindən seçirlər. Şərqdə isə “80 faizlər”in içərisindən.
Hesab edirəm ki, belə yanaşma Şərqdə
elmi ləngidən əsas səbəblərdən biridir.
Elmi müəssisənin başında kimin
olmasının əhəmiyyəti çox
böyükdür. Durna qatarını yada
salın. Qatarın başında gedən durna təyin
olunsa, yoxsa bu iş durnaların özlərinə buraxılsa
yaxşıdır?
Elm dərkedilmiş şəkildə bizim həyatımıza
1945-ci ildən daxil olur. SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Azərbaycan
Elmlər Akademiyası 23.01.1945-ci ildə təsis edilmiş və
Azərbaycanın görkəmli fikir və elm adamları
Akademiyaya ilk üzvlər seçilmişdilər: Ü.
Hacıbəyov, S.Vurğun, M.İbrahimov, M.Qaşqay,
M.Mirqasımov, Y.Məmmədəliyev, Ə.Ələşrəf,
H.Hüseynov, M.Topçubaşov, Ş.Əzizbəyov,
A.Qrossheym və digərləri. Niyyət saf
olduğundan seçim düzgün olmuşdu. El misalına görə, yaxşı
başlanğıc işin yarısıdır.
Bünovrəsi mötəbər qoyulmuş Akademiya uzun
illərdən sonra elə səviyyəyə düşdü
ki, sonrakı akademiklərin xeylisini nəinki əhali, bəzən
heç elm adamları tanımırdılar.
Akademiyamızın
yaradılmasından 70 il ötür. Bu vaxt kifayət edər ki, kimsə milli elmimizin
tarixi ilə məşğul olsun. Uğurlar
qeyd olunmalı, qüsurlar təhlil edilməlidir ki, təkrarlanmasın
və ya yenisi yaranmasın.
Müasir
müsəlman cəmiyyətlərində elmin geri qalması
səbəbini nobelçi Ə.Zevayl belə qeyd edir:
“Elm-Texnologiya Universitetinin və başqa layihələrin
timsalında, bürokratiyanın və “kürsü hakimiyyəti”nin,
yaxud daha yumşaq desək, mövqe gücünün tərəqqini
nə dərəcədə əngəllədiyini bilavasitə
görməyə imkanım olub”.
XX əsrin ikinci yarısından başlayaraq bizim
coğrafiyada çox vaxt dəyərli alimlərin əməyi
layiqincə qiymətləndirilmir. Çünki elmdə
80 faizlərin nümayəndələri idarəçilik
kürsüsünü ələ keçirərək və
mövqe gücündən istifadə edərək elmi
inkişaf etdirə bilən həqiqi alimləri küncə
sıxırlar. Bu nəzəri müddəanın
təsdiqi üçün bir neçə misal çəkmək
istəyirəm.
Lavrenti
Beriya və akademik Xariton
II
Dünya müharibəsi zamanı SSRİ rəhbərlərindən
Lavrenti Beriya ölkənin “Atom layihəsi”nin
elmi rəhbəri akademik Y. Xaritonun davranışı ilə
bağlı dəfələrlə İ. Stalinə şikayət
edir. Söhbətlərin birində İ. Stalin Beriyaya deyir:
“Lavrenti, səni çıxarsam, yerinə onlarla namizəd
taparam, bəs Xaritonu çıxarsam, onu kimlə əvəz
edim?” Buradan görünür ki, L. Beriyadan fərqli
olaraq, Stalin alimin unikallığını, əvəzedilməz
olduğunu yaxşı dərk edirdi.
Y.Xariton
kimi toxunulmazlığa, hörmət və sonsuz hüquqa
malik alimlər o zaman barmaqla sayılırdı: akademiklər
Y.Zeldovic, A.Saxarov, İ.Kurçatov, A.Aleksandrov və digər
bir neçə nəfər. Bu alimlərin hər
biri üç dəfə Sosialist Əməyi Qəhrəmanı
idi. Nikita Xuruşov, Lavrenti Beriya kimi dövlət və
partiya adamları bu akademiklərin yaşam azadlıqlarına
həsədlə baxırdılar. Onların da
ürəklərindən belə toxunulmazlıq, sonsuz hörmətə
malik olmaq, akademiklik keçirdi. Onların
düşüncəsinə görə, bu ilahi
toxunulmazlığın kökündə alimlik yox, akademiklik
durur. Bu səbəbdən onlar da fürsət
düşəndə özlərini və ya
övladlarını akademik vəzifəsində və ya
Akademiya sistemində görmək istəyirdilər.
Deyilənlərə görə, hətta
N.Xruşşov SSRİ Nazirlər Sovetinin sədri olanda ürəyindən
Akademiyaya üzv olmaq keçib və onun bu arzusunu
gözündə qoyan Akademiyanın o zamankı prezidenti
A.Nesmeyanovu prezidentlikdən azad edib. Elmdə himayədarlıq
bu cür səbəblərdən yarandı.
Elmdə karyera ilə bağlı qüsurlara Sergey
Patopov 1990-cı ildə həftəlik “Karyera” nəşrinin
7-ci sayında işıq tutur. “Vışka” qəzetimiz bu məqaləni
“Kak radeöt rodnım çelovekam” başlığı
altında 23.12.90-cı il tarixli sayında
çap etmişdi. Söhbət Sovet elitasının
uşaqlarının akademik karyerasından gedir:
“Uşaqlar” niyə məhz elmdə möhkəm kök
atıblar? Cavab çox sadədir. Səsin olmasa,
müğənni ola bilməzsən, ancaq
talantın olmasa belə, asanca akademik ola bilərsən. Xüsusi ilə də ideoloji və ya qapalı hərbi-sənaye
sahələrində. Vəzifəli
talantsızlar üçün elm qızıl təməldir
(zolotoe dno). Birincisi, elm daimidir. Siyasi konyunktura dəyişir, ancaq akademiya qalır.
İkincisi, sonsuz sayda xarici səfərlər
var. Üçüncüsü, elm nüfuzludur”.
Sonralar bu niyyət böyüyüb pis ənənə
halını aldı və Sovet məkanında yayıldı. Bu cür alimlər
“80 faizlər”in içərisində yer alırlar.
Elmlər Akademiyasına bu cür qüsurlu baxış
çox yerdə özünü göstərirdi. Yüksək
dövləti vəzifədən uzaqlaşdırılanlar da
Akademiyada yerləşdirilir, Akademiya elitar “cərimə
meydançasına” çevrilirdi. Şübhəsiz,
belə addımlar elmi yavaş-yavaş həm nüfuzdan
salır, həm də “80 faizlər”i Akademiyada söz sahibi
edirdi.
J.J. Russoya görə, “Bilməmək heç zaman bəla
törətmir; çaşmaq məhvedici təsirə
malikdir. İnsanlar çaşırlar, ona görə yox ki,
bilmirlər, ona görə çaşırlar ki, özlərini
savadlı bilirlər”. SSRİ zamanında
belə adamlar elmi müəssisələrdə lazım
olandan çox toplanmışdı. Səriştəsiz
adamlar elm məbədinə daxil olduqca Akademiya müqəddəsliyini
itirirdi.
“80 faizlər”in içərisindən seçilən bəzi
akademiklərin yubileyləri ərəfəsində, adətən,
mətbuatda böyük məqalələr
yazılırdı. Məqalədə əsasən onun professional yox, ancaq
personal xüsusiyyəti təsvir edilirdi: harda doğulub,
dostları kim olub, “yaxşı adamdır,
xeyirxahdır, yerlilərinə, tələbələrinə,
xəstələrə kömək edəndir, əl
tutandır” və digər belə epitetlərlə bəzənirdi.
Onun professional elmi sahəsində nailiyyətlərindən
çox az yazılırdı və ya
“elmdə nə edibdir?” sualına cavab tapmaq olmurdu. Dəyərli akademiklərin (belə akademiklərimiz
də çoxdur) birinin sözlərinə görə, bu qəbildən
olan alimlər adətən ictimai həyatda çox aktiv
olurlar, məclislərdə yaxşı tost deyirdilər, yeri
gələndə yaxşı rəqs edir, kimlərinsə
xoşuna gəlmək üçün, düz
danışanı rahatca tənqid atəşinə tuturdular.
Belə adamlar tənqidi fikri boğmağı,
vəzifə sahibini isə tərifləməyi
bacardıqları üçün asanlıqla akademik
seçilə bilirdilər.
Kadr
seçimi
Seçim və ya təyinat məsələsində zəruri
hüquqi bazanın (dəqiq meyarların və qaydaların)
olmaması səbəbindən Akademiyanın üst
qurumlarında dəyərli alimlər yox, çox vaxt
sıravi, amma “arxalı” alimlər təmsil olunurdular. Bunun nəticəsində
elmdə fərasəti olan alimlər həyatda fərasətsiz,
elmdə fərasətsiz olan alimlər həyatda fərasətli
kimi görünürdülər. Bu
qüsur Akademiyanı zəiflədirdi və bunun nəticələrini
görmək çətin deyildi.
1945-ci ildən elmin baş qərargahı kimi fəaliyyət
göstərən Akademiyamızın üzvlərinin elmi nəticələri
1987-ci ildə Moskvada çap olunmuş “Sovet elminin və
texnikasının 1917-1987-ci illər arasında əldə
etdiyi ən böyük nailiyyətlər” kitabında yer
almayıb. Formaca möhtəşəm olan Akademiyanın elmi məzmunu
niyə zəif idi? Qeyd edək ki, gündə karikaturasını
çəkdiyimiz və Qarabağ konfliktində bizi “işə
salan” mənfur qonşu millətin 34 aliminin, bizim isə cəmi
iki alimimizin (Emin Tağıyev, Oqtay Hüseynov) adları
keçir bu kitabdan. Onların da heç biri
Akademiyamızın üzvü deyillər.
Tanınmayan
tanınmışlar
Emin Tağıyev indiki Dövlət Neft
Akademiyasını bitirmişdi və üç dəfə
Stalin Mükafatı almışdı.
Oqtay Hüseynov 1963-cü ildə BDU-nu bitirib. 1968-ci ildən
1982-ci ilədək Milli Elmlər Akademiyasının
Şamaxı Rəsədxanasında direktor müavini və
sonra Fizika İnstitutunda laboratoriya müdiri vəzifələrində
çalışıb. 1992-ci ildən
Türkiyənin Orta Doğu Texniki Universitetində
çalışıb, ordan də təqaüdə
çıxıb.
Əli Əmiraslanov 1953-cü ildə SSRİ EA-nın
müxbir üzvü seçilən ilk azərbaycanlıdır. Geoloq Əli
Əmiraslanovdan sonra Yusif Məmmədəliyev SSRİ
EA-nın müxbir üzvü (1958) seçilib.
Eylaz Babayev elmi kəşf diplomu olan yeganə azərbaycanlıdır. Mən biləni,
Azərbaycanın çox minlik elm ordusunda ondan başqa
heç kəsin kəşf diplomu yoxdur. Eylaz
Babayev “Canlı insan və heyvan sümüklərində
mövcud olan xüsusi gərginliyin təzahürü” kəşfinin
həmmüəllifidir. Bu talantlı alim
hazırda ABŞ-ın Minisota Ştatının Mennonones
şəhərində elmi laboratoriyaya rəhbərlik edir.
Azərbaycan elmi ictimaiyyəti isə belə bir
adamı tanımır.
Abbas Çayxorski SSRİ nüvə reaktorlarının
qəbulu üzrə Dövlət Komissiyasının sədri
(1969-1981), neptunium elementinin kimyası sahəsində dünya
şöhrətli tədqiqatçıdır. Kimya elmləri doktoru, professor Abbas Çayxorski 1917-ci ildə indiki
Ermənistanın Basarkeçər qəzasının
Çaxırlı kəndində anadan olub. Bir il
sonra milli münaqişə başlayıb və ailə əvvəlcə
Ağdama, oradan da Ağdaşa köçüb. Gələcək
alimin uşaqlıq və yeniyetməlik illəri
Ağdaşda keçib, o burada orta məktəbi bitirib, sonra
Bakıda texnikuma daxil olub, ali təhsilini
isə 1939-cu ildən başlayaraq Bakı Dövlət
Universitetinin Kimya fakültəsində alıb.
Əli Cavanı, demək olar ki, heç kəs
tanımır.
Kimdir Əli Cavan?
1926-cı ildə Tehranda azərbaycanlı ailəsində
anadan olub. 1948-ci ildən ABŞ-da yaşayır. 1964-cü ildən Massaçusets Texnoloji
İnstitutunda işləyib. Qeyri-xətti
spektroskopiyanın yaradıcısıdır. 1963-cü ildə Ç Taunsla birlikdə helium-neon
lazer ilə Maykelson təcrübəsini aparıb. Bu işlərə görə 1964-cü ildə
Ç.Tauns Sovet alimləri Basov və Proxorovla birlikdə Nobel
mükafatı alıb. Əli Cavan isə
bu mükafatdan kənarda qalıb. O, “qaz lazer”in
ixtiraçısıdır (1960).
Çox vaxt Əli Cavanı “Şərqin
Eynşteyni” və lazerin atası sayırlar.
Güman edirəm ki, əgər bu alimlər Akademiyaya
üzv seçilsəydilər, qurum daha möhtəşəm
görünərdi və qürur mənbəyinə
çevrilərdi. Onda talantlı gənclik elmin dalınca
gedər və vətənə sevgi duyğusu daha da
artardı. Ancaq bu alimlər haqda nə
kitabda, nə dəftərdə, nə radioda, nə TV-də,
nə də qəzetdə nəsə yazılır. Bu böyük alimlərin adlarının əbədiləşməsi
ilə bağlı Azərbaycanda bircə fakta rast gəlmək
mümkün deyil.
(Ardı var)
Şahlar ƏSGƏROV
Professor, Əməkdar elm xadimi
525-ci qəzet.- 2015.- 26 iyun.- S.27.