Çin - qədim sivilizasiya və
müasir möcüzələr ölkəsi
Çin zəngin tarixə və unikal mədəniyyətə
malik olan bir ölkədir. Dünyaya Konfutsi kimi
dahini vermiş bu ölkə təəccüb doğuran
kontrastlara, göz oxşayan landşafta malik olmaqla, həm də
göydələnlərin bəzədiyi müasir şəhərləri
ilə seçilir. Şimala uzanan Qobi səhrasının
həyatdan xali olan düzənliyi cənubdakı cənnətə
bənzər tropik zonalarla əkslik təşkil edir.
Çin qədim qüdrətli sivilizasiyanın
beşiyi olmaqla, dünyaya özünün ixtira etdiyi ipəyi,
farforu, barıtı, kağızı və digər
faydalı əmtəələri bəxş etdi. Çinin tarixi
abidələri möcüzələr hesab olunur. Ölkənin bir çox təbiət mənzərələri
öz füsunkarlığı ilə adamları heyran edir.
Çinlilərin yaradıcılıq istedadına qibtə
etmək olar.
Böyük Çin Səddi qədimdən bu
ölkənin zamana tabe olmayan qiymətli simvolu hesab olunur.
Dünyadakı bu ən böyük və məharətlə
yaradılmış divarın tikintisi Şimali Çində
5 min kilometrə qədər uzanmaqla Yer üzündə
kosmosdan müşahidə edilən yeganə bir abidədir.
Onun tikintisinin tarixi bizim eradan əvvəlki əsrlərə
təsadüf edir.
Çin təkcə qədim tarixi ilə deyil, həm də
müasir dünyada ən sürətlə inkişaf edən
bir ölkə kimi diqqəti cəlb edir. Son
üç onillikdə bu inkişaf dünyanın
bütün başqa böyük ölkələrindən fərqli
olaraq fasilə vermədən, təəccüb doğuran
sürətlə davam edir. Ümumi daxili məhsul
(ÜDM) istehsalına görə, XX əsrin birinci
yarısında geridə qalmaqla işğallara məruz qalan,
yoxsulluğu ilə seçilən yarımfeodal Çin indi
dünya iqtisadiyyatında, yeganə fövqəldövlət
sayılan ABŞ-dan sonra ikinci yeri tutur.
Çin dünyanı paltar və ayaqqabı ilə təmin
etməkdə nəhəng bir kainat fabrikinə
çevrilmişdir. Planetin sakinlərinin az qala
üçdə birini məhz Çinin yüngül sənayesinin
istehsalı geyindirir. Dünya
iqtisadiyyatının əslində yeni arxitekturasını
yaradan bu ölkə ilə, ABŞ istisna olmaqla, heç bir
dövlət müqayisə oluna bilməz. Çinin istehsal sahəsindəki artım sürəti
də son illərdə hamını geridə qoymuşdur.
2014-cü ildə bu artım 7,4 %
olmuşdur, bu isə son 25 ildəki ən aşağı
göstəricidir. Dünyanın iri dövlətləri
iqtisadi böhranla üzləşdikdə Çin Xalq
Respublikasının iqtisadiyyatı Herakl igidliyi nümayiş
etdirilməklə bəşəriyyəti təəccübləndirməkdə
davam edir. Son onillikdə həmin dövlətlər
böhranın Stsillası və Xaribdasının
ağuşunda çabaladığı halda, Çin belə
monstrlara əslində məhəl qoymamaq cəsarəti və
qabiliyyəti göstərir.
Çin
son illərdə
İpək Yolu ideyasını gerçəkləşdirmək
üçün praktiki addımlar atır. 2015-ci
ilin martında həm də dünya maliyyə bazarında
çox böyük hadisə baş vermişdir.
Çində keçirilən konfransda ÇXR-in
başçılığı altında Asiya infrastrukturalar
investisiyaları bankının (AİİB) təsis edilməsi
elan edilmişdir. Həmin bank digər məsələlərlə
yanaşı İpək Yolunun maliyyələşdirilməsinə
də xidmət edəcəkdir. Bundan əlavə
Çində İpək Yolu fondu yaradılır. Yeni
AİİB-in fəaliyyəti qlobal xarakter
daşıyacaqdır, əslində Beynəlxalq Valyuta Fondunun
və Dünya Bankının ağalığına son
qoymaqla, bu sahədə də ABŞ-ın inhisarını ləğv
edəcəkdir.
Ərazi
və təbii sərvətlər
Çin
dünyanın ən iri ölkələrindən biri olmaqla 9,6 milyon kv.km ərazini tutur ki, bu da Yer kürəsinin
quru hissəsinin 6,5 %-ni təşkil edir. Öz ərazisinə
görə Çin dünyada üçüncü yeri tutur,
onun sahəsi 40-dan artıq ölkənin yerləşdiyi
Avropanınkına təqribən bərabərdir. Onun ərazisinin
qərbdən şərqə uzunluğu 5200 km-ə,
şimaldan cənuba isə təqribən 5500 km-ə bərabərdir.
Ölkənin dəniz məkanı da çox
genişdir, onun şərqdəki və cənubi-şərqdəki
sahillərini üç dənizin suları yuyur.
Çin
Avrasiya materikinin -
dünyanın ən böyük quru hissəsinin
şərq hissəsində, Sakit okeanın qərb sahilində
yerləşir, 14 dövlətlə həmsərhəddir.
Ölkənin sifətinə böyüklük və təbii
landşaftların kontrastlılığı xasdır. Yer üzündə ən
geniş və ən hündür Tibet dağlığı,
Böyük Qobi səhrası, dünyadakı ən
güclü lyoss qatı olan Lyoss yaylası, münbit
torpağı və sıx əhalisi olan Böyük Çin
düzənliyi bu ölkədədir. İqlim də
öz kontastlılığı ilə seçilir - Şərqdə
musson yağışları, Qərbdə kəskin kontinental
və quru hava. Çinin ərazisindən
cənubi və cənubi-şərqi Asiyanın ən iri
çayları öz mənşəyini götürür,
öz ərazisini isə Yantszı və Huan Ho
çayları kəsib keçir. Çin həm də
müxtəlif təbii sərvətlərlə zəngindir.
Ölkənin bir çox rayonlarında yerin təki
müxtəlif mineral sərvətlərin ehtiyatlarının
bolluğu ilə fərqlənir.
Çin
dünyada ən çox əhalisi olan dövlətdir, burada təqribən
1,3 milyarddan çox əhali
yaşayır, bu da planetin əhalisinin beşdə birinə
yaxındır. Ancaq bu əhali kütləsi
ölkə ərazisində müstəsna dərəcədə
qeyri-bərabər yerləşmişdir. Elə əyalətlər
var ki, orada orta hesabla hər kv.km-ə 400-dən artıq, elələri
də var ki, orada yalnız 1 adam
düşür. Bütövlükdə ölkənin şərqi
sıx əhalilidirsə, qərbi isə az
məskunlaşmış məkandır.
Çinlilər (hanlar) ölkə əhalisinin əsas
kütləsini təşkil etməklə, onların
böyük hissəsi şərq vilayətlərində
yaşayır.
Çinin 50-dən çox digər (han
olmayan) xalqları isə (onlar bir neçə dil ailələrinə
mənsubdurlar) ölkənin qərbinin, cənub-qərbinin və
şimali qərbinin geniş ərazilərində
yaşayırlar.
Çinin relyefinin ən əlamətdar xüsusiyyəti
dağ silsilələrinin böyük ərazini
tutmasıdır. Dağlar ölkənin siyasi, iqtisadi və
mədəni inkişafına nəhəng təsir göstərmişdir.
Təqribi hesablamalara görə Çinin
ümumi ərazisinin 1/3-nə yaxınını dağlar təşkil
edir. Çin dünyanın ən yüksək
dağlarına və çox iri yaylalarına malikdir. Beş başlıca torpaq forması - dağ, yayla, təpə,
düzənlik və su hövzəsi burada yaxşı təmsil
olunmuşdur. Mürəkkəb təbii
mühit və ölkənin zəngin təbii sərvətləri
relyefin müxtəlifliyi ilə sıx bağlıdır.
Turfan çökəkliyi dəniz səviyyəsindən
154 metr aşağıdadır. Uca
dağların ölkənin torpaq ərazisinin 1/5-ni tutması
iqlim və torpaq şəraitinə, həm də torpaqdan
istifadəyə, birbaşa olmasa da, öz təsirini göstərməmiş
qalmır.
Relyef bir sıra cəhətlərinə görə
Çinin inkişaf prosesini diqtə etmişdir. Çin
sivilizasiyası öz başlanğıcını Lyoss
yaylasının cənub hissəsindən götürür.
Cənubda Tibet yaylası, şimalda isə Qobi səhrası
təbii sərhəd rolunu oynayırdı. Nəticədə, Çin sivilizasiyası
onların arasındakı dəhlizdə yayılırdı və
burada əkinçilik suvarma suyu ilə təmin edilirdi. Dəhlizin qərbə tərəf genişlənməsi
qədimdə Şərq və Qərbin
görüşdüyü yerə çevrilmişdi.
Çinin qədim siyasi mərkəzi uzun müddət ərzində
Huan Honun (Sarı çayın) aşağılarına qədər
uzanmaqla, onun sahilində yerləşirdi. Sərhədlər mərkəzi
hakimiyyət üçün çətinlik törədirdi,
olduqca az rast gəlinən qüvvətli
sülalələr bütün ölkə üzərində
tam nəzarətə malik olurdu. Mərkəzi hökumət
öz təsirini genişləndirməyə qadir
olmadığından yalnız üç güclü
sülalə - Han (bizim eradan əvvəl 206-cı, bizim
eranın 220-ci illəri), Tan (b.e. 618-907-ci
illəri) və Tsin (1644-1911-ci illər) regiona nəzarət
etmək gücündə idi.
Çinin üç başlıca regionuna şərq,
şimali-qərb və cənubi-qərb zonaları daxil idi. Şərq
zonası çayların əhatə etdiyi region idi,
şimali-qərb dəmyə zonası olmaqla, külək
eroziyasına məruz qalırdı. Cənubi-qərb
soyuq, yüksəklik və dağlıq regionu olmaqla dağlar
arası yaylalara və daxili göllərə malik idi. Şimali-şərq düzənliyi ölkədə
ən iri düzənlik olmaqla əvvəllər Mancuriya kimi
tanınan regionda yerləşirdi. Zonanın
çox hissəsi eroziyaya məruz qalsa da, dərin torpaq
qatına malikdir. Onun torpaqları münbit
və qara torpaqdır, bura məşhur əkinçilik
regionudur. Daşqın mövsümündə
çaylar sahildən çıxıb, geniş əraziləri
basır. Şimali Çin düzənliyi
ölkənin ikinci böyük düzənliyidir. Huan Ho və Huay Ho çayları Lyoss yaylasından
buraya çox miqdarda çökən torpaq qatı gətirir.
Bu, Çindəki bütün regionlara nisbətən
torpağın daha çox hissəsinin əkin
üçün istifadə edilməsinə imkan verir.
Lyoss yaylası lyoss təpələrdən ibarətdir,
şərqdə Şimali Çin düzənliyi ilə, qərbdə
isə səhralarla əhatə olunur. Yaylanın çox
hissəsi qalınlığı 150 futla 600 fut arasında olan
qalın lyoss qatı ilə örtülmüşdür.
Lyoss, təbəqələşməmiş,
bircinsli xırda dənəvər olmaqla, əhəng
daşı qalıqları çöküntüsündən
ibarət olan açıq-sarı rəngli dağ
süxurudur. Şaquli yamacları
saxlamağa qadirdir və rütubət qəbul etdikdə
çöküntü verir. Su
qovşaqlarındakı vadilərdə və yamaclarda torpaq təbəqəsi
bir neçə metrdən 100-200 metrə çatır. Ona görə də lyossda münbit torpaq əmələ
gəlir. Çində lyoss küləyin Asiya səhralarından
gətirdiyi və dağlara, təpələrə yayılan qum qatıdır.
Lyoss torpaqlar xüsusən daha çox su eroziyasına məruz
qalır. Ölkənin bütün ərazisinin 1/6-i eroziyadan əziyyət
çəkir. Lakin əsas torpağı lyoss olan Huan Ho
çayının orta axınındakı rayonlarda bu proses
daha güclüdür. Çin xalqı torpaq
eroziyasına qarşı böyük təcrübəyə
malikdir. Bunlardan biri yamacların süni
terraslaşdırılmasıdır.
Orta və Aşağı Yantszı düzənlikləri
həmin çay boyunca uzanır. Düzənlik allivual
(su axınının çöküntülərindən
yaranmaqla çay terraslarını əmələ gətirir)
torpaqlara malikdir. Çaylar, kanallar və
göllər su yollarının geniş şəbəkəsini
yaradır. Düzənliyin səthi isə
artıq hamar terraslar sisteminə çevrilmişdir.
Tarim hövzəsindəki Təklə-Məkan səhrası
dünyanın ən qeyri-münbit, məhsul verməyən səhralarından
biridir.
Çinin üç başlıca çayı qərbdən
şərqə axmaqla ətraf dənizlərə
tökülür, bunlar Huan Ho və ya Sarı çay,
Yantszı və Hsi Çian çaylarıdır.
Bir vaxtlar Çinin ərazisinin yarısı meşələrlə
örtülmüşdü, lakin indi ölkənin ərazisinin
yalnız 7 %-ni meşələr təşkil edir. Mərkəzi
və Cənubi Çində geniş meşələr əkinçilik
üçün qırılıb, təmizlənmişdir.
Əkinçilər eroziyaya görə, nəticədə
divarlarla möhkəmləndirilən səth terrasları
yaratmışlar, bununla düyü tarlaları
üçün suyun geri axmasından ötəri səmərəli
qaydada eroziyaya nəzarət edirlər. Təpə
və dağ yamaclarını nazik qurşaq lenti şəklində
kəsib keçən süni terraslardan ibarət bu antropogen
relyef əhalinin böyük sıxlığına görə
yaradılmışdır və çox qədim dövrlərdən
terrasları tikən Çin kəndlisinin əkinçilik məharətinə
borcludur. Terraslar tikilən yerdə eroziya
yoxa çıxmışdır. Ölkədə
mövcud terraslar kənd mənzərəsinin xarakterik bir
xüsusiyyətinə çevrilmişdir.
Təbii bitkilərin növləri olduqca müxtəlifdir. Çində
30 min növdə toxumlu bitkilər vardır, onlardan 200-dən
çoxu endemik olmaqla Çin ərazisi ilə məhdudlaşır.
Burada 2,5 minə yaxın meşə
ağacı vardır, onlardan çoxu iqtisadi əhəmiyyətə
malikdir.
Çində yağış mövsümü iyunun
sonunda, iyulun əvvəlində başlanır və sentyabra qədər
davam edir. Yağış əvvəlcə Huan Ho hövzəsində
yağır, sonra şimala tərəf istiqamət
götürür, tədricən Böyük Çin düzənliyinin
bütün ərazisinə yayılır.
Yay yağışları ilə çaylarda su tədricən
artır, daşqın əmələ gəlir. Yalnız
qışda və erkən yazda bu çayların suyu nisbətən
şəffafdır, qalan bütün vaxtlarda isə onlar
sarı rəngə boyanırlar, buradan da “sarı çay”
kimi Huan Honun adı meydana gəlmişdir. Güclü
daşqınlar olanda çayda çöküntülər
suyun ümumi çəkisinin 40%-dən çoxunu təşkil
edə bilir. Dörd min il ərzində Huan Ho bəndləri
dəfələrlə dağıtmış və 1,5 min dəfə
aşağı axınında sahilləri basmış, həm
də bu daşqınlar vaxtı 20 dəfədən çox
öz məhvərini də dəyişmişdir.
Çin subtropikləri bəzi hallarda güclü
şaxtalara məruz qalır, onlar subtropik bitkilərin
qışlamasına məhvedici təsir göstərir. Bu subtropiklər
həm də rütubətlilik rejiminə görə fərqlənirlər.
1100 mm-dən 2000 mm-ə qədər olan
yağışın əsas kütləsi yay vaxtına
düşüb, izafi rütubətlilik əmələ gətirir.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.- 2015.- 26 iyun.- S.26.