Tamaşaçı olmayanlar teatrdan nə istəyir?

 

Çexovun məşhur “Qağayı” əsərində Şamrayev keçmiş teatrın xiffətini eləyib təəssüf hissi ilə söylənir: “1873-cü ildə bilirsiniz o, yarmarkada necə oynayırdı? İnsanlar qəşş edirdilər. İndi belə aktyorlar yoxdur. Səhnə ölüb, teatr can verir.

 

Əvvəlki aktyorlar qollu-budaqlı palıd kimi əzəmətliydilər, indikilər isə həmin ağacların kötükləridir, qurumuş kötükləri”. Bunu isə 80 il bundan əvvəl şair, dramaturq, esseist Qarsia Lorka deyir: “Hər gün teatrın böhran keçirdiyini eşidirəm”. Nə qədər tanış sözlər! Niyə tanış, çünki bu günümüzdə də teatrdan gileyli adamlar məhz bu cür söylənirlər. Yazmaq istedadı özfəaliyyət səviyyəsində olan dramaturqlar, uğursuz rejissorlar, iddiası imkanından öndə olan deyingən aktyorlar, onlara ruporluq edən və qalmaqal yaratmaqdan başqa əlindən bir iş gəlməyən dörd-beş jurnalist sevinə-sevinə teatrın can verdiyini, teatrın reanimasiyada olduğunu, hətta öldüyünü elan edirlər. Bədbin proqnoz həvəskarı olan belə insanlar bir vaxt kino meydana çıxanda teatrı reanimasiyaya göndərdilər, başqa bir vaxt televiziya evlərə daxil olanda teatrın artıq öldüyünü elan etdilər, internet əsrində isə teatrı ədəb- ərkanla dəfn edib yumşaq desək, rəhmət oxudular, amma bütün bunlara rəğmən, teatr ölmədi, yaşadı, insanların bu gözəl sənətə olan mənəvi ehtiyacını ödəməkdə davam etdi.

 

Əlbəttə, kino, televiziya, indi də internet teatra təsirsiz ötüşmədi, amma hər ziyanda bir xeyir də var məsəlini nəzərə alsaq, bütün bu yeniliklər həm də teatra yardımçı oldu - teatrın texniki imkanlarının genişlənməsindən tutmuş, yaradıcılıq prinsiplərinin yeniləşməsinədək. Teatr daha çevik olmağa, daha güclü, daha təsirli ifadə vasitələri axtarmağa, cəlbedici formalar düşünməyə məcbur oldu. Başqa sözlə, teatr yeniləşmək üçün əlavə stimul və impuls aldı. Və bütün bunlara tək Azərbaycan reallığı mövqeyindən yanaşmaq qəribə olardı. Biz istəsək də, istəməsək də, dünya qloballaşır, mədəniyyətlər arasındakı sərhədlər şəffaflaşır, inteqrasiya geniş vüsət alır. Belə olanda teatra da bir küll halında yanaşmaq lazım gəlir. Bununla belə, bizim qayğımız və istəklərimiz, eyni zamanda gözləntilərimiz təbii ki, Azərbaycan teatrı ilə bağlıdır.

 

Bu gün teatr tamaşa istehsal edən bir müəssisə kimi tam yeni keyfiyyətlər qazanıb və qazanmaqdadır. Bəs bu ayaqdan Azərbaycan teatrının müasir durumu necədir? İyirmi beş ildən artıq bir vaxtda əsərləri daim gündəmdə olan bir dramaturq kimi bəzi qənaətlərimi və mülahizələrimi teatrsevərlərlə bölüşməyə haqqımın olduğunu düşünürəm.

 

Bəli, yaşamaq istəyən bütün teatrlar kimi Azərbaycan teatrı da yeni keyfiyyətlərə yiyələnmək istəyir, bunun üçün islahatlar aparır, daha optimal və alternativ istehsal variantları axtarır. Yuxarıda sadaladığım nisbətən gənc sənət növlərinın basqı və təzyiqi altında olan teatrımız yaşamaq uğrunda mübarizə aparmalı olur, daha canlı, daha maraqlı və cəlbedici olmaq üçün çalışır. Onu da deyək ki, qətiyyən asan olmayan bu işdə yeni Amerika açmağa ehtiyac da yoxdur. İnkişaf etmiş ölkələrin teatr strukturları göz önündədir, sadəcə, onların yerli milli-mədəni, iqtisadi şəraitə uğurlu şəkildə uyğunlaşdırılması gərəkdir. Buna isə teatrda məşğul olan hər bir kəs kömək etməlidir, bilənlər təkliflərini və ona uyğun olaraq əməllərini ortaya qoymalıdırlar. Teatrın inkişafına mane olan hər şeyi kəsib atmaq lazımdır. Teatrda işləyib teatrda ad-san qazanasan, teatrla maddi təminatını ödəyəsən və daim də teatrı, xüsusilə işlədiyin konkret teatrı yamanlayanların dəstəsinə qoşulasan... bax bu, su içdiyin qaba tüpürmək qədər insafsız əməldir.

 

Hər dəfə qalmaqal qoparmaq həvəsində olan internet saytlarında teatrları, ən çox da ölkənin baş teatrı olan Akademik Milli Dram Teatrını hədəfə alan yazıları oxuyanda məndə sual yaranır: teatrı sevməyən, teatrın tamaşaçısı olmayan bu adamlar teatrdan nə istəyirlər? Niyə onlar yaxşını da, pisi də eyni rəngdə görürlər? Niyə yaxşıya kədərlənir, pisə sevinirlər?

 

Bu gün dünya incəsənətində, xüsusilə incəsənətlə bağlı istehsal müəssisələrində, o cümlədən, teatrda prodüser məktəbi həlledici məqamdır. Azərbaycan teatrlarında isə bu vacib işi hələlik teatr direktorları yerinə yetirir. Onu da deyim ki, bir dramaturq kimi teatrlarla davamlı olaraq işlədiyim uzun illərdə mən həmişə həlledici səsin rejissora və ya baş rejissora deyil, məhz teatrın direktoruna məxsus olduğunu görmüşəm və bunu haqlı bilmişəm. Çünki hər bir tamaşanın taleyi, onun repertuar həyatı, çəkilən xərcin çıxarılması, teatrın maddi durumu, bir sözlə, teatrın yaşaması direktorun iş bacarığından birbaşa asılıdır. Təsadüfi deyil ki, teatrların hamısında repertuar məsələsinə cavabdeh olan bədii şura adlı qurumun da sədri məhz teatrın direktorudur. Təcrübə də göstərir ki, bu ən doğru yanaşmadır. Bunu iyirmidən çox əsərinin yüzdən artıq premyerası olmuş bir dramaturq kimi deyirəm.

 

Teatr direktorunun yaradıcılıq işlərinə qarışmasını qəbahət hesab edənlər unudurlar ki, teatr direktoru heç də bazar direktoru deyil, məhz teatr direktorudur, birbaşa incəsənət adamıdır, teatr işini də heç bir aktyor və rejissordan pis bilmir ki, yaxşı bilir. Həm də bilməyə borcludur. Ölkənin bütün teatrlarında, o cümlədən, yeddi xarici ölkə teatrında direktorun kimliyindən asılı olmayaraq əsərlərim mütəmadi olaraq tamaşaya qoyulub və qoyulmaqdadır. Ona görə də ağıllı adam məni direktorlara yarınmaqda taqsırlandırmayacaq, ağılsızların fikri isə önəmli deyil.

 

Bu gün daha çox direktorların yerlərində olmamasından gileylənirlər. Sual olunur, kimdi yerində olmayan direktor? Gəlin konkretləşdirək: başlayaq daha çox hədəfə alınan Akademik Milli Dram Teatrının direktorundan. İsrafil İsrafilov sənətşünaslıq üzrə elmlər doktoru, professordur, 30 ildən çoxdur ADMİU-da xarici ölkələr dramaturgiyasından mühazirələr oxuyur, Əməkdar incəsənət xadimidir, bir çox beynəlxalq teatr qurumlarının idarə orqanlarının ya rəhbəri, ya da üzvüdür. Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov uzun illər həmin teatrın aktyoru olub, elə mənim üç əsərimdə baş rollarda oynayıb, 10 il Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsində məsul vəzifələrdə çalışıb, yüksək təşkilatçılıq qabiliyyətinə görə ilk fəaliyyətə başladığı doğma teatrına direktor vəzifəsinə təyin edilib, Azərbaycanın Əməkdar artisti, Kalmıkiyanın Əməkdar incəsənət xadimi, ASSİTEJ-in Azərbaycan üzrə prezidentidir. Musiqili Teatrın direktoru Əliqismət Lalayev sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət xadimi, uzun illər Nazirliyin İncəsənət şöbəsinə, başqa sözlə, ölkənin bütün teatrları ilə işləyən quruma rəhbərlik edib, indi teatrın direktorudur. Bir az da yuxarı qalxaq: Ədalət Vəliyev əmək fəaliyyətinə teatrda səhnə maşinisti kimi başlayıb, teatrla bağlı bütün vəzifə pillələrindən keçib, sənətşünaslıq üzrə fəlsəfə doktoru, ölkə miqyasında teatr işinin görkəmli təşkilatçısı, bir neçə monoqrafiyanın, o cümlədən, “Teatr sənətimiz: dünən, bu gün, sabah...” adlı möhtəşəm kitabın müəllifi, Əməkdar İncəsənət xadimidir. Ən nəhayət , iyirmi ildən artıqdır nazir müavinidir.

 

Mən daima əməkdaşlıq etdiyim Bakı tetarlarının üçünün adını çəkdim. Amma bilirəm ki, Opera Teatrında da belədir, “Yuğ” Teatrında da, Pantomim Teatrında da!

 

Azərbaycan teatrını dünya teatrı kontekstində qiymətləndirən və həmişə prinsipial mövqeyi ilə seçilən görkəmli teatrşünasımız Aydın Talıbzadənin fikri ilə tam razıyam ki, bir vaxt aktyor teatrı, sonralar rejissor teatrı vardısa, bu gün teatr direktor teatrıdır. Onu bilməliyik ki, direktor teatrın düşməni deyil, o heç Karabas-Barabas da deyil. Direktor teatrın lokomatividir, teatrla bağlı yaxşı-pis nə varsa birinci növbədə onun fəaliyyəti ilə bağlıdır. Yəni teatrın uğuru ilk növbədə direktorun uğurudur. Bu gün direktor-prodüser pyesi əldə edir, rejissoru seçir, hətta rejissora, xüsusilə kənardan dəvət olunan rejissora aktyorları təqdim edir, məsləhətlərini verir. Düzdür, direktorlar çox vaxt aktyorların qorxusundan bunu etiraf etməkdən çəkinirlər, amma nahaq, direktor hamıdan yaxşı bilir “stavka” hansı aktyora etmək lazımdır. Bəli, elə aktyora ki, tamaşaçılar onu görmək istəyirlər, ona baxmaq üçün teatra gəlib bilet alırlar. Səbəb də çox sadədir. Axı tamaşanı nə rejissor, nə də aktyor satır, tamaşanı məhz direktor satır, satılmayan tamaşa isə nə qədər tərifləyirsən təriflə, teatr üçün ballastdan başqa bir şey deyil.

 

Mən direktorun statusunu qəlbiləyirəmsə, bu heç də rejissorun və ya aktyorun üzərinə kölgə salmaq məqsədi daşımır, dediklərim teatr üçün, onun fəaliyyəti üçün məsuliyyət dərəcəsini anlatmaq istəyi ilə bağlıdır. Şübhəsizdir ki, teatrın repertuar siyasətində rejissorun fikri, strateji məqsədləri nəzərə alınır, bununla belə son söz yenə də direktorundur. Fakt budur, müasir teatr reallığı belədir, onunla hesablaşmaq gərəkdir.

 

Daha bir məqam: məlumdur ki, teatrın bir mövsümdə tamaşaya qoyduğu bir, uzağı iki əsərə Nazirlik məxsusi vəsait ayırır ki, buna da şərti olaraq “Dövlət sifarişi” deyirlər, qalan tamaşalar teatrın daxili imkanları hesabına səhnəyə çıxır. Bu yerdə də əsas söz yenə də direktorun, başqa sözlə prodüserindir. Yeri gəlmişkən, son vaxtlar teatrlarımızı, o cümlədən, Milli Teatrı tamaşaları pulsuz oynamaqda qınayanlar da var, guya tamaşa zalı dəvətnaməli tamaşaçılar hesabına doldurulur. Onda sual yaranır, əgər bilet satılmırsa, kassaya vəsait daxil olmursa ildə 7 - 8, bəzən daha çox tamaşa nəyin hesabına səhnəyə çıxır? Dekorasiyalar necə hazırlanır, son illərin tamaşalarında gördüyümüz zəngin kostyumlar hansı pulla alınır? Teatrın kommunal xərcləri hansı hesabdan ödənilir? Bir halda ki, teatra yardım göstərə biləcək sponsorlar da yoxdur. Nəhayət, bir müəllif kimi hesabıma daxil olan müəllif qonorarı hardan gəlir? Bununla belə, kim iddia eləyə bilər ki, adamları teatra güclə gətirirlər? Nəhayət, doğrudanmı aktyorlar boş zalda tamaşa oynamaq istəyirlər?

 

O da nəzərə alınmalıdır ki, hər bir müəssisə istehsal etdiyi malı satmalıdır, teatrın malı isə tamaşadır, onu satmaq üçün bütün mümkün imkanlardan istifadə etmək qəbahət deyil. Bir halda ki, teatr həvəskarlarının elə də çox olmadığı Azərbaycan kimi ölkədə teatr kassası qabağında bilet üçün növbənin yaranmasını gözləmək hələlik xam xəyaldır.

 

Bu gün Azərbaycan teatrı dünyaya açıqdır. Onu sevmək, qəbul edib-etməmək başqa məsələdir, amma hərdən ona başqalarının gözü ilə baxmaq pis olmaz. Çox vaxt biz özümüzdə olan yaxşını özümüz görə bilmirik, mütləq kənardan deyən lazımdır, çox vaxt xaricdəkilərin fikrinə qulaq veririk, amma teatra gələndə bu vərdişimizi də unuduruq. Axı son on ildə Azərbaycan teatrının sorağı çox-çox uzaqlardan gəlir. Teatrlarımızın beynəlxalq festivallardan, teatr müsabiqələrindən mükafatlarla qayıtdıqlarını teatr reanimasiyadadır deyənlər niyə görmürlər? Niyə prinsipcə passiv olan ölünü dərhal görür, fəal dirini isə görmürlər? Məşədi İbad demiş, belə məlum olur ki, camaatın gözü pis görür, və yaxud onların gözünə Trolun sındırdığı şər güzgüsünün bir qəlpəsi düşüb. Ona görə də yaxşını da pis, əyri görürlər.

 

Teatrla bağlı yamanlanan, bütün uğurlarının üstündən gözüyumulu xətt çəkilən bir sahə də dramaturgiyadır. Ömründə bir pyes oxumamış, üç tamaşa görməmiş jurnalist “Niyə dramaturgiyamız belə zəifdir?” kimi “dejurnı” suallarından birini ünvanlayır özündən də savadsız bir rejissora və ya aktyora. Təbiidir ki, latın qrafikasında oxumadığını, internetdən də istifadə etmək bacarığının olmadığını etiraf edən rejissor və ya oynadığı tamaşada öz replikalarından başqa heç nə oxumayan zavallı aktyor başlayır ki, dramaturgiyamızda vəziyyət ağlamalıdır, yaxşı pyes yazılmır, dramaturq yoxdur. Bəzən kifayət qədər savadlı, amma teatrla maraqlanmayan adam da yeri gələndə müasir dramaturgiyamızı, teatrımızı pisləməyi ağıllı olmaq əlaməti hesab edir. Daha demir ki, məni bağışlayın, mən savadlı adam olsam da bu suala cavab verə bilməyəcəm, çünki axırıncı dəfə mən teatra gedəndə hələ Hökümə Qurbanova səhnədəydi.

 

Məsələ burasındadır ki, utanmadan mənim özümə də niyə indi samballı səhnə əsərləri yazılmır kimi sual verirlər? Cavab verirəm: samballı əsər deyəndə sizin bu “sambal” sözünü müəyyənləşdirən kruteriyalar mənə məlum deyil, amma elə sizin dediyiniz o son illərdə Xalq yazıçısı Elçinin “Qatil”, “Şekspir”, “Cəhənnəm sakinləri” dünyanın ondan çox teatrında uğurla tamaşaya qoyulub, mükafatlar qazanıb. Elə bizim Milli Teatrda “Qatil” istedadlı rejissorumuz Mehriban Ələkbərzadənin quruluşunda çox fərqli şəkildə iki dəfə tamaşaya qoyulub, hər iki quruluş, nə qədər fərqli olsa da, böyük uğurla qarşılanıb. Hüseynbala Mirələmovun “Xəcalət”i neçə xarici ölkə teatr festivalının mükafatını qazanıb. Mənim yaradıcılığımda xüsusi yeri olan istedadlı rejissorumuz Bəhram Osmanovun quruluş verdiyi bu tamaşa on ildir Milli Teatrın repertuarındadır. Görkəmli sənətkarlarımız Nurəddin Mehdixanlı, Ramiz Novruz və Mətanət Atakişiyeva bu tamaşada böyük məharətlə, can yanğısı ilə oynayırlar. “Xəcalət” hələlik Qarabağ mövzusunda yazılmış ən yaxşı səhnə əsəridir. Kamal Abdullanın “Kim deyir ki, Simurq quşu var imiş” adlı pyesi bir neçə xarici ölkədə, o cümlədən, Gürcüstanda və Estoniyada uğurla tamaşaya qoyulub, “Şah və şair” tarixi dramı isə Milli Teatrın seçilən tamaşalarındandır, yeni nəfəsə və mövzuya orijinal yanaşmaya görə. Görkəmli yazıçımız Afaq Məsudun “Qatarın altına atılan qadın” yeni qəhrəman axtarışı ilə diqqəti cəlb edən çox dəyərli bir pyes, onun yenə də Mehriban Ələkbərzadənin yozumunda səhnə həlli ondan da dəyərli bir tamaşadır. Teatrın ən uğurlu işlərindən biri “Dədə Qorqud” eposu əsasında bir neçə uğurlu tamaşası ilə diqqəti cəlb edən gənc və istedadlı rejissor Mikayıl Mikayılovun hazırladığı “İlahi oyun” mükəmməl tamaşa kimi elə bu günlərdə Kazan şəhərində keçirilən beynəlxalq teatr festivalında üç mükafata layiq görülmüşdür. İyirmi beş il teatrlarımızın repertuarından düşməyən bir müəllif kimi (bu hər şeydən öncə faktdır, etikadan bir qədər kənar olsa da bu faktın üstündən sükutla keçə bilmərəm) öz yaradıcılığımdan da misal gətirə bilərəm. Təkcə “Varlı qadın” yeddi ölkənin iyirmidən yuxarı teatrında tamaşaya qoyulub, iki beynəlxalq teatr festivalında dörd mükafata layiq görülüb. Postsovet məkanı ölkələrinin əksər teatrları “Varlı qadın”ı iki dildə - rus və milli dillərində tamaşaya qoyublar. “Köhnə ev”, “Onun iki qabırğası”, “Bala bəla sözündəndir” Gürcüstanda, “Sevən qadın” Kalmıkiyanın paytaxtı Elista şəhərində ölkənin Milli Teatrında rus dilində tamaşaya qoyulub. Bu tamaşaya görə teatr Bəhram Osmanovu məxsusi Elistaya yaradıcılıq ezamiyyətinə dəvət etmişdi. Tamaşanın uğuru haqqında Kalmıkiyanın mətbuat səhifələrinə internet vasitəsilə girmək kifayətdir. Akademik Milli Dram Teatrında “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesim əsasında ustad rejissorumuz Azər Paşa Nemətin qoyduğu “Şah Qacar” tamaşası haqqında otuza yaxın təriflərlə, hətta coşqulu təriflərlə dolu resenziyalar yazıldı. Fuad Poladov Qacar rolunda möhtəşəm və mükəmməl aktyor oyunu nümayiş etdirdi. Bircə teatr mövsümündə tamaşa 25 dəfə anşlaqla oynandı. Əslində zamanımız üçün bu rekord göstəricidir . Elə həmin teatr mövsümündə əsər qədim teatr ənənələri olan Naxçıvan Dövlət Musiqili Dram Teatrında da Xalq artisti Kamran Quliyevin quruluşunda böyük uğurla tamaşaya qoyuldu. Misalları artırmaq da olar.

 

Azərbaycan dramaturgiyasının bu gün Biləcəri sindromu yoxdur, xarici ölkə teatrlarının diqqətini çəkən bu əsərlərin tamaşaya qoyulması Sovet dönəmindəki qardaş respublikaların pyes və ya mədəniyyət mübadiləsi çərçivəsində həyata keçirilmir. Bu pyeslər özləri özlərinə yol açırlar.

 

Bax budur bizim yalnız Milli Teatrda son on ildə tamaşaya qoyulmuş və teatrı sevən tamaşaçılarımızın hərarətlə alqışladıqları dramaturgiya nümunələrinin tam olmayan siyahısı və onların xarici ölkə teatrlarındakı yol xəritəsinin tam olmayan mənzərəsi.

 

İndi dramaturgiya ilə bağlı bu arayışdan sonra “Niyə son illər samballı səhnə əsərləri yazılmır” sualını vermək artıq cığallıqdan başqa bir şey deyil.

 

Onu da deməliyəm ki, xeyli əsəri ölkənin müxtəlif teatrlarında ardıcıl şəkildə oynanan, dramaturgiyada kifayət qədər təcrübəsi olan Aqşin Babayev, Hidayət Orucov, Xeyrəddin Qoca, Firuz Mustafa, Elçin Hüseynbəyli, Tamara Vəliyeva, Marat Haqverdiyevlə bərabər dramaturgiyada ilk addımlarını atan Əyyub Qiyas, Mehman Musabəyli, Samir Sədaqətoğlu, Rəvan Tohidoğlu, Kamran Ağabalayev, Pərvin Nurəliyeva, Ülviyyə Heydərova da əsərləri ilə gündəmdədirlər. Yaradıcılığına yaxından bələd olduğum nasir, şair və kinodramaturq İlqar Fəhminin səhnə əsərlərinin ölkə teatrlarına yeni nəfəs, yeni keyfiyyət gətirəcəyinə qəti əminliyim var.

 

Bu başqa məsələdir ki, yazan hər dramaturq və ya yazılan hər pyes uğur qazanmır. Bu da təbii qarşılanmalıdır, dramaturgiya ədəbi yaradıcılığın ən çətin və mühafizəkar növüdür. Hətta zəif pyesin özü də asanlıqla yazılmır. Qaldı teatrların ayrı-ayrı dramaturqlarla iş birliyinə, nəzərə almaq lazımdır ki, hər teatrın öz mövqeyi, öz zövqü, öz tələbləri və statusu var. Dövrünün kifayət qədər məşhur dramaturqu Yusif Əzimzadənin əsərləri Dövlət Gənc Tamaşaçılar Teatrında, Məhərrəm Əlizadənin pyesləri Musiqili Komediya Teatrında, İlyas Əfədiyevin əsərləri isə Azdramada oynanırdı. Hər kəs də öz yerini yaxşı bilirdi.

 

Giley-güzar üçün daha bir mövzu teatrların repertuarı ilə bağlıdır. Ancaq bir söz deyəndə onun məsuliyyətini hiss etmək, heç olmasa cari repertuara nəzər salmaq lazımdır. Axı Azərbaycan teatrının repertuarı heç vaxt indiki qədər zəngin və rəngarəng olmayıb. Səbəb də aydındır, teatr sovet dönəmindən fərqli olaraq repertuar seçimində tam azad və müstəqildir, pyes seçimində ideoloji baryer yoxdur. Əlbəttə, bu sahədə müəyyən tələskənliyə, hətta ciddi sapmalara yol verilsə də, repertuar seçimi əsasən uğurludur.

 

Bu gün teatrlarımızda milli klassiklərimizlə yanaşı dünya dramaturqlarının çoxdan səhnəmizdə görünməyən əsərləri tamaşaya qoyulur. Bu ayaqdan Milli Teatrın və Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarına ötəri bir nəzər salmaq kifayətdir: M.F.Axundzadə, C.Məmmədquluzadə, Ə.B.Haqverdiyev, H.Cavid, C.Cabbarlı, İ.Əfəndiyev, Ç.Dikkens, V.Hüqo, B.Brext, N.Qoqol, F.Dürrenmatt, F.Brukner, M.Friş, K.Hamsun, E. de Filippo, L.Nuren... Teatrımıza o qədər də məlum olmayan yaxşı əsər seçimində Bəhram Osmanovun xidmətini xüsusi qeyd etməliyəm. “Uçqun”, “Viktoriya” (“Məhəbbət balladası”), “Müharibə”, “21.15 qatarı” kimi əsərlərin səhnəmizdə görünməsi məhz onun mükəmməl pyes axtarışlarının nəticəsidir.

 

O da məlum həqiqətdir ki, müasir tamaşaçını klassiklərlə bərabər, yerli müəlliflərin müasir əsərləri də maraqlandırır, özü də daha çox. Bu sahədə də artıq adlarını çəkdiyim müəlliflər işləyir, kimi daima teatrdadır, kimi də boş vaxtı olanda dramaturgiyaya müraciət edir. Hər iki hal başa düşüləndir. Amma teatra, onun əsası olan dramaturgiyaya hobbi səviyyəsində yanaşmaq heç bir yazıçıya uğur gətirə bilməz. Dramaturq daim teatr prosesinin içində olmalıdır.

 

Ümumi mənzərə göstərir ki, repertuardan gileylənməyə heç bir əsas yoxdur. Giley yalnız keyfiyyətdən ola bilər və bu yerdə mən narazılarla tam şərikəm, teatrlarımız keyfiyyət “planka”sını qaldırmağa çalışmalıdırlar, amma onu da deməliyəm ki, yüksək keyfiyyətin alınması çox çətin və ağrılı prosesdir. Bu proses ciddi islahatlardan keçir. O da məlumdur ki, islahatların çoxu məhz insan faktoru ilə bağlıdır, kimisə teatrdan uzaqlaşdırmaq, ixtisara salmaq, teatrı artıq yükdən təmizləmək ağrılı prosesdir. Teatrlar humanistlik göstərib bu məsələdə vəziyyəti çox vaxt öz axarına buraxır, nəticədə də ziyanı elə həmin adamlardan görürlər. Teatrın boynunda ballast kimi özünə yer eləmiş qeyri-peşəkarlar həm də fəal giley-güzarçılar, suyu bulandıranlardır. Bununla belə teatrlarımız bu çətinliklərin də öhdəsindən gəlir, fəal işləyir, yeni-yeni tamaşalar hazırlayırlar. Kəmiyyətin keyfiyyətə çevrilməsi isə labüddür.

 

Böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, Gənc Tamaşaçılar Teatrında bu proses sürətlə gedir, tamaşadan - tamaşaya keyfiyyət artımı özünü göstərir. Teatrda çox istedadlı aktyor truppası formalaşıb. Teatrın direktoru Mübariz Həmidovla baş rejissor Bəhram Osmanov müsbət yaradıcı mühit formalaşdıra biliblər.

 

Akademik Milli Dram Teatrının axır beş illik fəaliyyəti də öz məntiqi nəticəsinə yaxınlaşır. Rejissor və yeni aktyor axtarışları ilə bağlı geniş formatlı sınaqlar müsbət bəhrəsini verir. Bir neçə gənc rejissor keyfiyyətli tamaşa hazırlamaq iqtidarında olduqlarını artıq sübut ediblər. Bu yerdə müqtədir aktyorumuz Fuad Poladovun Milli Teatrdakı çağdaş durum haqqında fikri diqqətəlayiqdir: “Öz təcrübəmə əsasən deyə bilərəm ki, Milli Teatrın indiki rəhbərliyi qədər gənc rejissorlar üçün münbit şərait yaradan rəhbərlik olmayıb... Tofiq Kazımovdan sonra 25 ildir teatr süni nəfəs aparatı ilə yaşayan orqanizmə bənzəyirdi. İndiki müdiriyyət onu aparatdan ayırdı və canlı həyat verdi”. Mən görkəmli aktyorun fikri ilə tam şərikəm. Rejissor yetişdirmək üçün gənc adama meydan vermək lazımdır. Təbiidir ki, buna cəsarət lazımdı, bu cəsarəti teatrın direktoru özündə tapa bildi. Əgər bu sınaqların nəticəsində, çox yox, ikicə rejissor meydana çıxıbsa bu artıq teatrın qələbəsidir.

 

Şübhəsizdir ki, Akademik Milli Dram Teatrı mürəkkəb orqanizmdir, ona itkisiz rəhbərlik etmək çox çətin, əzablı, bəlkə də mümkünsüz bir işdir. Bu işi artıq beş ildir İsrafil İsrafilov öz üzərinə götürüb. Rəsmi olmasa da, faktiki olaraq o həm direktor, həm də bədii rəhbərdir. Elə əvvəllər də belə olub. Həsənağa Turabov aktyordu, oldu teatrın direktoru və bədii rəhbəri, Əlabbas Qədirov da elə həmin vəzifəni tutdu, yenə də baş rejissor yoxdu, heç kəs də hirslənmir, qıcıqlanmırdı. Bir Maqbet Bünyadovun vaxtında baş rejissorsuz mümkün olmadı. O da ona görə ki, Maqbet müəllim nə aktyordu, nə rejissor, nə də teatrşünas, o direktordu. Formal da olsa ona baş rejissor lazımdı. Amma etiraf edim ki, o baş rejissorun varlığını bir dramaturq kimi mən heç vaxt hiss eləmədim. Deməli, az qala otuz ildir Milli Teatr baş rejissorsuzdur. İndi şükür ki, teatrın direktoru heç olmasa adlı-sanlı, istedadlı teatr mütəxəssisi, idarə işlərində böyük təcrübəsi olan rəhbərdir. Bəs niyə hirslənirik, niyə qıcıqlanırıq? Əlbəttə, mən də o fikirdəyəm ki, teatrda ştatlı rejissor olmalıdır, onun da fərqindəyəm ki, bu qənaətim köhnə düşüncə tərzinin məhsuludur. Əslində isə həmin rejissorun baş ya adi rejissor olmasının bir dramaturq kimi mənim üçün qətiyyən fərqi yoxdur. Amma o da məlumdur ki, zaman istedadlı və tələb olunan rejissora azadlıq diqtə edir.

 

Bir məsələni də qeyd etmək istərdim. İnsanlarda, xüsusilə yaşlı nəsildə Sovet dönəmi teatrına bir xiffət, nisgil yaşayır. Burda da bir psixoloji məqam var. O dövrdə teatr dövlət və partiya üçün sənətdən çox təbliğat vasitəsiydi, ona görə də ədəbiyyata da, teatra da rəsmi dairələrin diqqəti aşırıydı, bu da insanların teatr təsəvvürünə güclü təsir edirdi. Bu gün isə teatr təbliğat vasitəsi deyil, o, əsl missiyasını , sənət missiyasını yerinə yetirir, o istəsə də, istəməsə də təbliğat qabığından çıxmağa məcburdur. Bununla belə hökumətimiz teatra hərtərəfli yardım göstərir, onun inkişaf etməsinə şərait yaratmağa çalışır, ona müstəqillik verir. Verilən bu imkanlardan yaradıcılıqla və səmərəli şəkildə istifadə etmək, artıq teatrın öz işidir.

 

Nəyəsə qiymət verəndə zaman, məkan və şərait nəzərə alınmalıdır fikrini bütövlükdə qəbul etsəm də, hesab edirəm ki, Azərbaycan teatrı bu gün hər vaxtkından güclüdür, amma bu gücü görməkdə yenə də yaşlı insanlara və haya gedən bir qisim tamaşaçılara keçmiş teatr xatirələri, miflər mane olur.

 

Aydın Talıbzadə demiş, “keçmiş teatr mifləri bugünkü teatrımızı düzgün qiymətləndirməyə mane olur”. Bilən də bilməyən də, görən də görməyən də keçmiş teatrdan nağıllar danışır, dastanlar qoşur, əvəzində müasir teatrımızı yamanlayırlar.

 

Kiçik bir misal: yaşlı bir tamaşaçı yaxınlaşıb dedi ki, Əli müəllim, mən beşinci dəfədir “Şah Qacara” baxıram, doya bilmirəm, çox sağ olun! Sonra elə bil indicə dediyini unudub əlavə elədi: “Əşşi, indi teatrın ləzzəti qalmayıb, teatr ondaydı”. Dalınca da Ələskər Ələkbərov belə, Sidqi Ruhulla elə... Mən o tamaşaçını qınamıram, rəhmətlik nənəm də deyərdi ki, indiki üzümün dadı ha yoxdu, üzüm ondaydı, şirinliyindən adamın boğazı göynəyərdi. Elə bu yerdə Şamrayevin sözlərini bir də yada salmaq istəyirəm: “... indi belə aktyorlar yoxdu. Səhnə ölüb, teatr can verir”. Necə deyərlər, no comment!

 

Mən o fikirdə deyiləm ki, teatrlarımız yüksək bir inkişaf səviyyəsindədir, bütün problemlər artıq həll olunub. Qətiyyən elə deyil. Amma onu da bilirəm ki, teatrımızın indiki durumu nə kinomuzdan, nə musiqimizin müasir vəziyyətindən, nə ədəbiyyatımızdan, nə də digər sənət növlərimizdən geridə deyil ki irəlidədir, amma sakit yaşamaq üçün bu təsəlli yetərli ola bilməz. Bu gün teatr yaşamaq, bu azdır, həm də yaxşı yaşamaq və sevilmək üçün çox işlər görməlidir. Bunun üçün ilk növbədə teatr öz tamaşaçısına hörmət etməli, onun gözləntilərini cavabsız qoymamalı, ən vacibi isə tamaşaçısını sevməyi bacarmalıdır. Teatrımız sübut etməlidir ki, o gözəl bir sənət kimi rusa, fransıza, almana, gürcüyə, bir sözlə, dünyanın bütün mədəni xalqlarına lazım olduğu kimi azərbaycanlıya da lazımdır. Teatrımızın yaşam yolu budur.

 

 

 

Əli Əmirli

525-ci qəzet.- 2015.- 26 iyun.- S.24-25.