İlahi, al məni şeirin əlindən!
Ədəbiyyatın bədii-fəlsəfi gücü
onun “balaca boy” janrında - lirik poeziyadadır.
Təsadüfi deyil ki, min ildən artıq möhtəşəm
bir dövrdə Azərbaycan ədəbiyyatını həm
Şərq, həm də dünya ədəbi-tarixi prosesində
əsasən şeirlə təmsil olunub. Yazılı
klassik ədəbiyyatımızda qəzəl, qəsidə,
rübai şifahi poeziyamızda, o cümlədən, zəngin
aşıq şeirimizdə bayatı, gəraylı, təcnis...
məşhur olub.
Demək istəyirəm ki, poeziya xüsusən də
lirik şeir min illərdir ki, ruhumuzun tərcümanı, qəlbimizin
söz aynası olaraq yazılmaqda, oxumaqda və sevilməkdədir.
“Şeir haqqında yazmaq, şeir yazmaqdan çətindir”
- deyirdi böyük nəzəriyyəçi, şərhçilik
məktəbinin banisi Xətib Təbrizi (XI). Əlbəttə, şeir
yazmaq da asan bir iş deyil. “Söz yaradanın mədhi-sənası,
nəğməsidir” deyirdi dahi SÖZ ustası Məhəmməd
Füzuli! Ona görə “şeir fəziləti
də ayrı bir elm” idi.
Beləliklə, şeir insanlığa rəva
görülmüş Allah əmanətidir, ancaq ilahi vergisi
olan istedad sayəsində şairin qəlb aləmində yuva
bağlayır, sözdən libas geyinib “köksün dar qəfəsindən
ədəbiyyatın təmiz havasına çıxır”. Bu sözlərin
müəllifi məşhur tənqidçi V. Belinski bəlkə
də elə buna görə deyirdi ki, “Şair özü də
yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən əbədi bir
şöhrət vardır.”
Çağdaş Azərbaycan ədəbiyyatında
şair sözünün müqəddəsliyini qoruyan əbədi
şöhrət sahiblərindən biri Ramiz Rövşəndir. Onun həm qalın, həm
də qalan “Nəfəs” kitabı çağdaş
poeziyamızın ilahi nurundan süzülüb gələn ətirli
nəfəsdir:
Mənim
bu dünyayla bir alverim var
Aldığım-verdiyim nəfəsdi, nəfəs.
Ramiz Rövşən də bizim hamımız kimi
“anaların aldadıb bu dünyaya atdığ”ı
müasirimizdir. Fəqət hamımızdan fərqli
olaraq onun nəfəsi genişdir, ən dərin və ən
güclü vulkan kimidir. Poeziya
vulkanıdır Ramiz Rövşən. Çağdaş
poeziyamız onun poetik nəfəsi ilə qızınır, nəfəs
alır. Onun bir neçə şeiri bizə bu poetik
düsturu açmağa imkan verir, nəfəs almadan “Nəfəs”də
oxuyuruq:
İnsan öz istəyi ilə şair olmur, insan şair
doğulur. Şairlik peşə, sənət deyil, şairlik
taledir. Füzuli, Puşkin, S.Vurğun, R.Berm, Bayron...
şair doğulub. Şairin iki böyük enerji mənbəyi
var: istedad və şəxsiyyət! Bu ikisinin
tale evindəki izdivacdan dünyanın ən qiymətli
gövhəri - SÖZ dünyaya gəlir. Ananın
öz körpəsinə süd verməsi kimi sözə
“ehya vermək” də
şairin müqəddəs borcudur. R. Rövşən sözə ehya
verən müasir dünya şairidir:
Yıxılıram,
yıxılıram
Özümdən yıxılıram.
Qəlbimdəki
səbirdən
Dözümdən yıxılıram.
Sığınmağa
bir bucaq yox,
Yıxılmağa qucaq yox.
Gözümdən yıxıldım, Allah.
Gözüm
yaşından yıxıldım,
Sözün başından yıxıldım.
Ruhən
ona doğma olan Rayner Rilkeyə ithaf olunan “Yıxılıram”
şeiri R. Rövşənin öz daxili portretini əks
etdirir: “Özündən yıxılan”, “Sözün
başından yıxılan” şair. Dahi
Füzulinin varisi məhz belə yazmalı idi.
Poeziya,
xüsusən, bunun ən zərif və ən dərin forması
olan lirika şairin şıltaq qız kimi çətin ələ
gələn obraza doğru ehtiraslı can atmasıdır. R.
Rövşənin (eləcə də onun müasiri
“Alnında ay doğan” Ç.Əlioğlunun!) ilk belə
uğurlu və poetik obrazı Ay işığıdır. Əli Kərimin obrazı isti günəş, R.
Rövşənin obrazı soyuq (fəqət buz kimi saf!)
Ay işığıdır:
Ay
işığı düşdü göydən,
Canımdan - qanımdan keçdi.
Gözümün
içindən keçdi,
Özümün içindən keçdi.
Keçdi,
dabanımdan keçdi,
Az
qaldı ki,
İki
yerə bölə məni,
Başımdan
göyə mıxladı,
Dabanımdan yerə məni.
Ha istədim...
Addım
ata bilmədim...
Aman, atam, o nə daşdı?!
O daş
atan hara qaçdı?
İtlər
canıma daraşdı,
Burax
gedim, Ay işığı!
Ramiz
Rövşənin lirik qəhrəmanı Ay
işığının sevgisinə əsir
düşmüş “evin mağmun uşağı” -
xalqın böyük şairidir.
R. Rövşən Azərbaycan fəlsəfi-intellektual
poeziya təmayülünün istedadlı və şəxsiyyətli
nümayəndəsidir. XX əsrdə Xalq şairi Rəsul
Rzanın başçılıq etdiyi bu unikal təmayülə
B. Vahabzadə, M. Araz, F. Qoca, Ə. Salahzadə... daxildir.
R.Rövşən bu təmayülün XX əsrdən
- XXI əsrə, II minillikdən III minilliyə keçidinin
banisi görünür. “Nəfəs”
(2006) bu ədəbi-tarixi keçidin etibarlı
körpüsü XXI əsrin və III minilliyin poetik
ensiklopediyasıdır. Bu fikrimə dayaq
üçün dillər əzbəri - ruhlar sərkəri
olan və bir oxucu kimi yaddaşımda əbədiləşən
bir neçə şeirin adını çəkmək istəyirəm:
“Qədrimi bilmədi, bu adam mənim”, “Göy üzü
daş saxlamaz”, “İlan balası”, “Çiçəklər
doğulur, bu yaz gecəsi”, “Ayrılıq”, “Qara paltarlı
qadın”, “Nəfəs”, “Lal” və “Qapı” silsiləsi... Bəlkə
daha bir neçə şeiri də yada salmaq olardı...
Bilmirəm,
hayandan tapdı ömrümü,
Bir dəli
at kimi çapdı ömrümü,
Dağlara,
daşlara çırpdı ömrümü,
Qədrimi
bilmədi bu adam mənim,-
İlahi,
al məni bunun əlindən!
Al məni,
ver məni, özgələrə ver,
Sınıq
aynalara, güzgülərə ver,
Bölünüm,
yüz tikə, min tikə olum
Bu adam üzümə baxa bilməsin.
Məni
aynaların qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin.
Ayna
qırıqlarından boylanan şair obrazı! - maraqlı deyilmi? Heç vaxt birləşməyəcək
çiliklənmiş güzgüdə əbədiyyətə
qovuşmaq - bir də adama - bu dünyaya görüşməmək
arzusu! - bizcə bu lirik qəhrəmanın
ən dözümlü və ən dözümlü
obrazıdır.
Göy üzü müqəddəsdir. Çünki
bəşəri təfəkkürə görə göy
(7-ci göylər!) gözəgörünməz Allahın məkanıdır.
Göy
üzünə daş atmazlar, salavat çevirərlər! - bizcə şairin estetik məramı budur:
Durub
göy üzünə daş atan oğlan,
Göy
üzü daş saxlamaz...
Baxırsan,
göy üzü gözündən yekə-
Durub göy üzünə daş atan oğlan.
Gözlərin
böyüyər sən böyüdükcə
Gözündə yaş böyüyər.
Əllərin
böyüyər sən böyüdükcə
Göy üzünə atdığın daş
böyüyər.
Bir gün bu dünyada qəbrin qazılsa.
Bəlkə də, baş daşın göydən
düşəcək.
Daş
atanın başına düşüb, başdaşına
çevrilən daş! - bir qədər
R. Rövşən sələfi M.Ə. Sabirin “daş qəlbli
insanları”nı xatırlatsa da bu poetik obraz orijinal
tapıntıdır. Dünya şair “mən”indən
keçib, bütün gözəllikləri, eybəcərlikləri
ilə şeirə çevrilir. Dünyanı
özündən keçirib büllur kimi saf sözə
çevirmək üçün şair daha hansı obrazlara
çevrilmir?! Budur ən gözlənilməz obraz - ilan
balası:
Ağlama,
ağlama, ilan balası,
Baxtını
qarğıma, ilan balası!
Bu da bir
ömürdü, dözəsən gərək,
Beləymiş
taleyin əmri, buyruğu;
Döşünün
altında sevən bir ürək,
Dişinin altında zəhər tuluğu.
Tək
bircə yol qalar sənə dünyada;
Başından
quyruğunacan,
Zəhərli dişindən quyruğunacan.
Tək
bircə yol qalar, - o yol özünsən,
Özün öz yolunsan, ilan balası.
Yüz
cür sifətiylə, yüz cür üzüylə,
Dünya səndən keçib durulur bəlkə.
Özü öz yolu olan, yüz-yüz sifətli
dünyanı özündən keçirib duruldan şairin
öz obrazıdır. R. Rövşən şeirinin fəlsəfi təfəkkürlü
lirik qəhrəmanı - dünyaya fəzadan baxan insan!
Şairin
məşhur “Göy üzü daş saxlamaz” kitabına tənqidçi
Kamil Vəliyevin yazdığı “Özün öz yolunsan”
adlı yazıda isə Ramiz Rövşənin və
ümumiyyətlə, 70-ci illər poeziyasının
mühüm bir cəhəti lakonik şəkildə
açıqlanıb.
“Bu şeirləri fantastik hekayə kimi də oxuya bilərsən,
yuxusunu danışmağa gücü çatmayan adamın əzabı
kimi də”.
Doğrudan
da, R.Rövşənin şeirlərini oxuduqda onun müəllifinin
keçirdiyi mifik əzabı duymamaq olmur və yeri gəlmişkən,
ötəri də olsa, qeyd edək ki, bu mifik əzabın mənşəyi
klassik Azərbaycan poeziyası, Füzuli kədəri,
ümumbəşəri kədərlə bağlı
olduğu dərəcədə müasir dünya ədəbiyyatı,
bu ədəbiyyatda gedən proseslər, haqq-ədalət
axtarışlarında əldən düşüb
ümidsizləşmiş, dünyanın sərvətlə
idarə olunan şər qüvvələri tərəfindən
tapdanıb əzilmiş, təhqir edilmiş və
alçadılmış “sadə, səmimi” adamları
mücərrəd şəkildə əks etdirən Kafka,
Kamyu, Markes və bunlardan da öncə Dostoyevski
yaradıcılığı ilə bağlıdır.
O, öz
köklərinə, öz ədəbi zəmininə, öz
folkloruna qırılmaz tellərlə bağlı olan bir sənətkardır.
Bu baxımdan onu və ümumiyyətlə, onun
poetik nəslini “dəlidən doğru xəbər” Azərbaycan
atalar sözünün varisi, yetişdirməsi hesab etmək
olar. Və bu cəhətinə görədir
ki, bəzən şairin lirik qəhrəmanının
düşdüyü real vəziyyəti ətrafdakılar,
“övladı olduğu dövrün” adamları anlamırlar,
yaxud anlamaq istəmirlər, yaxud anlamağa qorxurlar. Anlamadıqlarına, anlaya bilmədiklərinə,
anlamaq istəmədiklərinə, anlamağa qorxduqlarına
görə də özlərindən hesab etmirlər.
“Kim bizim kimi düşünmürsə, bizim kimi hərəkət
etmirsə, yeganə düzgün olan bizim yolumuzla getmirsə,
demək, o, dəlidir” - Sovet
dövrünün, sosialist gerçəkliyinin bu məşhur
postulatının əzici, üzücü təsirini Ramiz
Rövşən də öz üzərində duyur, bəlkə
yuxarıda qeyd etdiyimiz əzabı da elə bu babətdən
çəkir:
Dedilər
dəlidir, nədi,
Hərə
bir ad verdi mənə.
Kimi
baxıb kül elədi,
Kimi baxıb güldü mənə.
Lakin Ramiz Rövşənin ümumi poetik
yaradıcılığında indiyə qədər üzərində
durduğumuz cəhət yalnız bir meyil, bir tendensiya təşkil
edir, başqa sözlə, yaradıcılığın
aparıcı xətlərindən, istiqamətlərindən
yalnız biridir.
Ədəbi nəslinin bütün nümayəndələri
kimi, Ramiz Rövşənin də poetik palitrası rəngarəng,
çoxcəhətlidir. Bu isə özlüyündə oxucunu
yormamağa, onu intellektual simvol və ideyalarla yükləməməyə,
bezikdirməməyə xidmət edir. Bu cəhətdən
R.Rövşən obraz və metafora tapmaq, özü də
gözlənilməz, poeziya həvəskarında sevinc və
razılıq hissi oyatmağa nail olan obrazlar tapmağın
ustasıdır.
Bu cür
metafora və obrazlar şairin bir çox şeirlərində
parlaq qiymətli daş kimi özünü büruzə verir
və bu barədə K.Vəliyevin sözlərini sərrast və
uğurlu hesab etmək olar:
“Ramizin metaforası şeir boyuncadır, ilhamının
canında, ruhunda, mayasındadır; hər şeiri
bütövlükdə metaforik obraza çevirəcək dərəcədədir...
bu obrazlarda məntiqlə hiss bir-birini üzvi şəkildə
tamamlamaqdadır”.
İnsan
həyatının müdriklik çağı kimi səciyyələndirilən
qocalıq haqqında yazılmış şeiri bu cəhətdən
xarakterik örnək kimi təqdim etmək olar:
İlahi,
qocalıq buymuş deməli,
Dostlardan
səssizcə qırılır adam.
Ömür
bir bulanıq suymuş deməli,
Ömür
azaldıqca durulur adam.
Bu şeirdə Füzuli poeziyasının hər beytinə,
hər misrasına xas olan çoxmənalılığı
və həyati reallıqla dəqiq və qırılmaz surətdə
bağlılığı sezməmək olmur.
R.Rövşən poeziyasının başqa bir tərəfini
yaşadığı dövrün ağrılı və
aktual humanitar-siyasi problemlərinə reaksiyanı, onu “öz
dövrünün övladı” kimi daha çox xarakterizə
edən bu tendensiyanı da qeyd etsək, şairin poetik-fikri
yaradıcılığının az-çox tamam mənzərəsini
almış olarıq. R.Rövşənin siyasi lirikası
öz həcminə və sanbalına görə onun
yaradıcılığında önəmli yer tutur.
İkinci Dünya müharibəsi mövzusunda
yazılmış, Xirosimaya, Qarsiya Lorkaya və b. həsr
edilmiş şeirlərində R.Rövşən öz
dövrünün siyasi lirikləri kimi ümumilikdə insan
ağrısının, insan kədərinin mənzərəsini
verməyə nail olmuşdur.
R.Rövşən ideya və obrazlarında olduğu
kimi, şeirin zahiri formal cəhətlərində də
orijinallığa meyl edən sənətkardır. Bu cəhətdən
də o, folklora müraciəti ilə seçilir, dastan
poetikasından, nəsrlə nəzmin növbələşməsindən
istifadə edir.
70-ci illərin bir protest, etiraz kimi doğurduğu Ramiz
Rövşən fenomeni 80-ci illərin sonunda ayıq-sayıq
ideologiya tərəfindən bir növ
neytrallaşdırıldı. Bütün qadağan
olunmuş mövzuların qadağalarına qadağan
qoyulduğu kimi, indiki dövrdə isə etiraz istiqamətli sənətkarlar
sanki öz stixiyalarından bir növ kənara
düşmüşlər. 70-ci illər
poetik nəslinin get-gedə tarixə çevrilməsini bəlkə
də bunda axtarmaq lazımdır.
R.
Rövşən sadəcə bir etirazçı deyil. O
tarixin fəlsəfəsinin şeir dilinə çevirir. Onun
şeirləri zamanı un kimi üyüdən
dəyirmana bənzəyir. Zaman şairin
istedadına bu tərəfdən daxil olur, şeirə
çevriləndə onun ancaq qırıq-sökük tikə-parçası
qalır.
Qara paltarlı qadın kabus kimi, ölüm mələyi
kimi H. Cavidin dramaturgiyasında var idi. XX əsr rus
poeziyasına onu “gümüş dövrün” nəhəngi
A. Blok simvolizmin qəhrəmanı kimi gətirdi. Və
R. Rövşənin də ən yaxşı şeirlərindən
biri məhz o qara paltarlı qadının sayəsində
yarandı:
Kişilər
bir olmur atam balası
Qorxağı
var, igidi var,
Amma hər
kişinin öləndən sonra
Qəbri
üstdə ağlamağa
Bir qara
paltarlı gözəl qadına ümidi var
Sən
öləndə kim olacaq gözlərini
bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada
bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
İllər
boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər
göz yaşını?!
Bu qəbir də min qəbirdən biridir.
Baş
daşımı bəsdir basdın bağrına,
Bütün
mənə ağlayanlar kiridi,
Sən də
kiri, qəbrim damır, ağlama...
Belə
özünüifadə misilsizdir, poetik faktlar A. Blokda
olduğu kimi təkcə fəlsəfi-simvolik yox, həm də
sufistikdir: qara paltarlı (gözəl qadına!) ümid” ən
çox ağlayan,
ən çox ağlatdıran qadın; qara
paltarlı gözəlin bağrına basdığı (qara!) başdaşı; qəbrə
daman göz yaşı! Bu poetik
düsturların yaratdığı obraz işıqlı
ümidə bükülmüş tragik kədərin xoşbəxt
sifətidir. Lirika romantikasız ola
bilməz. Romantika lirik poeziyamızın ətri,
bahar nəfəsidir. Romantika şeirdə
şair ehtiraslarının coşğun ilhamı, pafosudur.
Elə Ramiz Rövşənin fəlsəfi-romantik “Nəfəs”
şeirində olduğu kimi:
Mənim
bu dünyayla bir alverim var;
aldığım-verdiyim nəfəsdi, nəfəs.
Daha
özgə bazar açan deyiləm,
ölüncə
bu alver mənə bəsdi, bəs.
Aldım
nəfəsimi quş dimdiyindən,
ocaq
tüstüsündən, çiçək iyindən.
Üzümə
çırpılan yağışa-qara,
küləklərə
verdim öz nəfəsimi.
Nəfəsim
toxundu gül dodaqlara,
aldı
neçə-neçə qız nəfəsimi.
Bu
romantik-fəlsəfi şeir sərt və amansız bir israrla
bitir: “Son şair boğulub öləndə, - göydən//
Ölü Allah düşəcək”. R.
Rövşən Füzuli poetik ənənələrinə
sadiq SÖZ-ü bağrı çatlayana qədər fikirlə
yükləyən, söz yuvasında ətirli güllər
bitirən lirik, fəlsəfi-romantik şairdir.
Bu
görüş sonuncu görüşdü daha
“Bu gün ayrılırıq” deyib gəlmişdin.
Bəs
niyə mənimlə son ayrılığa
Ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum bilmirəm.
Bəlkə
də son dəfə mənim yadımda
Gözəl qalmaq idi arzun, bilmirəm.
Bir sevgi
yarımçıq qırıldı o gün
Yağış da kəsildi bulud da getdi.
Bir
qızla bir kişi ayrıldı o gün
Hərəsi
bir yana üz tutub getdi.
O qızdan gözəl qız tapılmaz daha
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa
Daha heç birinin ümidi yoxdur.
R. Rövşənin bu misraları bizi ülvi bir sevginin qəm çağına aparır. Sevib-sevilməyin mümkünsüzlüyünü bu qədər aydın dərk etmək faciədir. İnsan qəlbini köksündən necə çıxardıb ata bilər?! Deyirlər ki, insan ölən anda gözəlləşir. Şairin sevgilisi də belədir. Əbədi ayrılıq anında gözəlliyin zəfər tacı ilə canlanır qarşımızda. Və bu gözəllik ayrılığın böyüklüyünü son həddə qədər artırır. Az qala soruşmaq istəyirsən: belə bir gözəldən ayrılmaq olarmı? Bu ayrılığa dözmək olarmı? Elə sevginin əzəməti də, poeziyanın sehri də bu əbədi sualların heç vaxt tapılmayacaq cavabındadır...
...Dərsəm güllərini bu gələn yazın,
Sallanıb yellənsəm budaqlarından,
Eşitsəm adımı sevən bir qızın
Hələ öpülməmiş dodaqlarından, -
bu yaz gecəsində ölməyə nə var ?!
Həyata münasibətin bədii dəqiqliyinə SÖZ-ə yanma həssaslığına, gözlənilməz iradə tərzinə, şeirin və şəxsiyyətin ayrılığına görə üç şairi XX əsr lirik şeirinin üç novator mərhələsi hesab etmək olar: Mikayıl Müşfiqi, Əli Kərimi və Ramiz Rövşəni!
Ramiz Rövşən poeziyası adi poeziya deyil, heç adiliyin poeziyası da deyil. Bu səssiz-küysüz, fəqət qəzəbli və inadkar bir fəryaddır. Onun şeirində ağaclar saçlarını yolur, daşlar hıçqırıb ağlayır, çap yaddaşı daş yaddaşından süzülüb burulur, saflaşır. Onun şeirlərində bir bütövlük var, bu şeirlər normal doğulmuş körpə kimi bütöv, əlli-ayaqlıdır. Onlardan hansısa hissəni ayırıb misal gətirmək olmur. Bu şeirlər elə məntiqli bir poetik sistemdir ki, burada forma özü məzmun kimi çıxış edir.
Ramiz Rövşənin şeirini ölmüş allahlar və allahın sözü ilə bir yerdə ölmüş dünya haqqında nikbin elegiyalar adlandırmaq olar.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.- 2015.- 26 iyun.- S.22-23.