“Səndən ötrü can verməyə cümlə hazırız...”

 

 

Azərbaycançılıq ideyasının təbliği

 

İki böyük yaradıcı şəxsiyyətin - Üzeyir Hacıbəyli və Əhməd Cavadın əsəri olan Azərbaycan Himnini hər eşidəndə məni kövrəldən “Səndən ötrü can verməyə cümlə hazırız...” misrasında insanı hədsiz qürurlandıran bir çalar var. Bu da mətndəki “cümlə” ifadəsi ilə təsbit olunan milli, dini mənsubiyyətindən asılı olmayaraq bu doğma torpağın üstündə yaşayan hamının -“cümləmizin” ortaq vətən- Azərbaycan uğrunda qurban getməyə hazır olması faktıdır. Azərbaycançılıq ideyasının əsl mahiyyətini mən bu “cümlə”dən anlamışam... Əslində bütün böyük ideyalar da öz başlanğıcını belə “cümlə”lərdən alır.

 

Azərbaycançılıq - üstün müqayisə predmeti

 

İş elə gətirib ki, həyatımın ilk yeddi ilini çoxmillətli Rusiyada, sonrakı on ilini də etnik və dini müxtəlifliyin bərqərar olduğu Azərbaycanın Oğuz rayonunda yaşamalı olmuşam. Ona görə hətta ilkin uşaqlıq və gənclik yaddaşım əsasında olsa da milli və dini cəhətdən zəngin bu iki ölkəni müqayisə eləmək imkanım olub. Rusiyada sovetlər rejiminin çökdüyü son illərə təsadüf edən uşaqlığım dövründə o vaxtacan gizli şəkildə özünü göstərən milli-dini diskriminasiyanın artıq aşkar təzahürləri hiss olunmaqdaydı. Milliyyətcə ruslar, yaxud da slavyan mənşəli Rusiya vətəndaşları artıq həmin vaxtlar -SSRİ-nin aqoniya dönəmində - yavaş-yavaş rejimin uzun illər ərzində süni şəkildə sırımağa çalışdığı “xalqların birliyi və həmrəyliyi” eyforiyasından ayılmaqdaydılar. Rusiya tarixən müxtəlif millətlərin və dini konfessiyaların birgəyaşayış yeri kimi mövcud olsa da, əslində hələ onda rast gəldiyim dikskriminasiya faktları ilə mən uşaq ağlımla da anlayırdım ki, Rusiya orada yaşayan hər kəs üçün deyil, ruslar üçün əbədi vətəndir...

 

...Məktəbə Oğuzda getmişəm. Sinif yoldaşlarım arasında ləzgi də, erməni də, udin də, Axıska türkü də vardı... İnsanların dini və milli cəhətdən heç bir ayrı-seçkiliyə məruz qalmadığı, hətta bu müxtəlifliyin tam təbii qarşılandığı Azərbaycanın bu bölgəsində hələ yeniyetməliyimdən və gəncliyimdən sözün bütün öyrənmişdim ki, Azərbaycan təkcə milliyyətcə azərbaycanlı olanların deyil, burada yaşayan, bu torpağın suyunu içib havasını udan, yeri gələndə bu torpağa öz şəhidini verən hər bir xalqın vətənidir. Orta məktəbdə də, təhsil aldığım universitetdə də, sonralar iş həyatımda da dəfələrlə bu ölkənin vətəndaşları ilə -müxtəlif xalqların nümayəndələri ilə yanaşı, hansısa ən kiçik etnik qrupun təmsilçiləri ilə ünsiyyətim zamanı mən bu faktın - Azərbaycanın burada yaşayan “cümlə” Azərbaycan xalqının vətəni olduğuna dəfələrlə şahid və əmin oldum. Və mən həm də onu anladım ki, bu ideya-azərbaycançılıq ideyası ölkəmizdə əsrlərlə mövcud olan, bəlkə də xalqımızın yaranışı, formalaşması ilə eyni vaxta təsadüf edən multikultural dəyərlər və tolerant ənənələrlə həmyaşıddır.

 

“Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir”

 

Təbii ki, hər ideya ideologiyaya çevrilə bilmir. Bunun üçün qüdrətli şəxsiyyət amili çox vacibdir. Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev güclü iradəsi ilə azərbaycançılıq ideyasını bu gün inkişaf etməkdə olan Azərbaycan dövlətinin siyasi ideologiyasına çevirməyi bacardı... Azərbaycançılıq ideologiyasının banisi bu ideyanı mənəvi müstəvidən siyasi arenaya çıxarmaqla qloballaşmadan şikayətlənən bütün dünyaya sübut etdi ki, bütün çoxmillətli, fərqli dinə malik ölkələrin rifah və tərəqqi yolu bu müxtəlifliyi qorumaqdan, hifz eləməkdən və onlara yaşama, özünü yaşatma, fəaliyyət göstərmə hüququnu tanımaqdan keçir. Heydər Əliyev 2001-ci il noyabrın 9-da Dünya Azərbaycanlılarının Birinci Qurultayında dövlətin siyasətini səciyyələndirərkən elan edib ki, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır: “Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”. Siyasi fenomen bununla da qədimdən etnik və dini müxtəlifliyin vətəni sayılan Azərbaycanın türk mənşəli çoxluqdan əlavə, burada həm tarixən, həm də son illərdə məskunlaşan ləzgi, avar, rus, ukraynalı, belarus, gürcü, erməni, başqırd, tatar, yəhudi, yunan, kürd, osetin, lak, talış, udi, tat, lahıc, buduq, qrız, haput, sek, saxur, xınalıq, inqiloy,  ərəb, əfqan, fars, macar, çin, koreya, kubalı, Krım türkü, özbək, qazax, litvalı, latış, moldovalı, eston, qırğız, tacik, türkmən, inquş, dargin, kabardin, komi, qumuq, mari, noqay, abxaz, aqul, buryat, udmurt, çeçen, çuvaş, çərkəz, qaqauz, adıgey və başqalarının da vətəni olduğunu təsbit etdi. Bu siyasət həm də ölkəmizdə mövcud olan dini konfessiyalara - islamın müxtəlif təriqətləri ilə yanaşı, katolik, pravoslavlıq, protestantlıq, iudaizm, bəhailik, beynəlxalq krişna şüuru və sairə də aiddir. Ulu öndər Heydər Əliyevin başlatdığı bu siyasi kursu hazırda dövlətimizin rəhbəri İlham Əliyev uğurla davam etdirir. Dünya azərbaycanlılarının 2011-ci ildə keçirilən III qurultayındakı çıxışında Prezidentin səsləndirdiyi bu fikirlər də həmin mətləbin təsdiqidir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

 

“Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur”    

 

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycançılıq - milli ideologiyanın kamil nümunəsi” adlı dəyərli araşdırmasında azərbaycançılıq ideologiyası ətraflı şəkildə təsnifatlaşdırılıb. Akademik R.Mehdiyev “Azərbaycançılıq” anlayışının milli siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilməsini qeyd edərək vurğulayıb ki, bu, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlib: “...Özünün bütün tərkib hissələri ilə birlikdə azərbaycançılığı tamamilə milli ideologiyanın konkret, spesifik forması hesab etmək olar. Azərbaycançılıq müstəqil və bənzərsiz Azərbaycanı sivilizasiyalı dövlətlər sırasına çıxaracaq bir yoldur”. R. Mehdiyev araşdırmada azərbaycançılıq ideyasını xalqımızın çox əzab-əziyyətlər bahasına nail olduğu tarixi sərvət kimi səciyyələndirib və bunu ilk növbədə, real müstəqilliyə nail olmağın, vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsası kimi dəyərləndirib: “Bu gün azərbaycançılıq milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Azərbaycançılığın gücü həm də bundadır ki, o, fərdi maraqları və meyilləri dövlətin siyasəti ilə birləşdirməyə və xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamağa qadirdir”.

 

“Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə dünya üçün maraq kəsb edə bilər”

 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə respublikanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin, eləcə də bir il öncə -2014-cü ilin 15 may tarixində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması da dövlətimizin azərbaycançılıq ideologiyasını prioritet istiqamət kimi seçməsinin parlaq sübutudur.

 

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev bu mövzuda çox maraqlı məqamları vurğulayıb. Akademik bildirib ki, Ulu öndər Heydər Əliyev Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən, etnik-mədəni, dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan əsas insan hüquq və azadlıqları kontekstində görürdü: “Təbii olaraq, Ulu öndər etnik millətçiliyə alternativ kimi bütövlükdə Azərbaycan xalqının və cəmiyyətinin, eyni zamanda Azərbaycan dövlətçiliyinin yüksəlişini şərtləndirən və multikulturalizmin əsas mənəvi bazası olan azərbaycançılıq prinsipini milli ideologiya kimi irəli sürdü. O qeyd etdi ki, etnik millətçilik, nəhayət etibarilə, etnik separatizmə, xalqlar arasında münaqişəyə gətirib çıxarır. Azərbaycançılıq ideologiyası isə dinindən, dilindən, irqindən asılı olmadan ölkədə yaşayan bütün vətəndaşları birləşdirir. Ulu öndərin dediyi kimi, həqiqətən də “Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir”. Bu sözlər bu gün də son dərəcə əhəmiyyətlidir və belə bir aydın siyasi həqiqəti aktuallaşdırır: biz, yəni Azərbaycanda yaşayan bütün xalqlar məhz bir yerdə, məhz azərbaycanlı olaraq dünya üçün maraq kəsb edə bilər. Biz ayrı-ayrılıqda heç kim üçün maraqlı deyilik!”

 

“Azərbaycanın inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır...”

 

Millət vəkili Rövşən Rzayev haqlı olaraq hesab edir ki, azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb: “Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Azərbaycançılıq milli-mənəvi varlığının ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidir. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır...”

 

lll

 

Bütün yazılanlar, deyilənlər dolayısıyla və birbaşa sübut edir ki, azərbaycançılıq ideologiyasının daşıyıcısı olmaq həm də heç bir milli, dini fərq qoymadan hər bir vətəndaşını övladı bilib ağuşuna çəkən Azərbaycanın-bu Vətənin, bu dövlətin dəyərini anlamaq, qədrini bilmək, haqqını verməkdir və bu, böyük bir fəxrdir. “Səndən ötrü can verməyə cümlə hazırız...” kimi...

 

Sevinc HƏMİDLİ 

525-ci qəzet.- 2015.- 26 iyun.- S.20