Geniş yaradıcılıq imkanları və
təkamül zərurəti
Azərbaycan ədəbi mətbuatında yarım əsrə
yaxındır ki, gənclik nəşri kimi “Ulduz” jurnalı
yeni yaradıcı nəslin ən davamlı və mötəbər
ədəbiyyat kürsüsüdür.
Ədəbi gəncliyin yaradıcılıq
axtarışlarını, boy artımını, eksperimentlərini,
üslub müxtəlifliklərini, uğurlarını və
kəsirlərini, ədəbiyyatda yeni dalğanın
qabarmalarını və çəkilmələrini “Ulduz”
daha çox əks etdirir. Beləliklə, “Ulduz”
daim Azərbaycanda yeni yaradıcı nəslin
inkişafının həssas barometri funksiyasını yerinə
yetirib. Bundan başqa, “Ulduz” jurnalı
yarandığı vaxtdan indiyə kimi neçə-neçə
istedada qol-qanad verib, böyük ədəbiyyat meydanına
çıxarıb. Bu mənada Azərbaycan
ədəbiyyatının müxtəlif tarixi mərhələlərində
meydana çıxmış ulduzlarının ulduzudur “Ulduz”.
Son vaxtlarda “Ulduz” jurnalında gedən proseslər bu
jurnalın inkişafında yeni bir dövrün
başlandığını göstərir. Hər
şeydən əvvəl, “Ulduz” əsl mənada ədəbi
gəncliyin jurnalı kimi daha çox görünür.
İndi “Ulduz”da “Şaqqulu uşaqlardan” daha
çox eksperimental gənclik çap olunur. Müasir ədəbi
gəncliyə daha geniş meydan açmaq mənasında
“Ulduz” jurnalındakı
“Debüt”, “Əsgər şeiri”, “Tanış olun” kimi
daimi rubrikaların davam etdirməsini yeni yaradıcı nəsli
üzə çıxarmaq, ədəbiyyat meydanına gətirmək
və möhkəmləndirmək üçün
düşünülmüş addımlar olaraq dəyərləndirmək
lazımdır. May sayında hekayələri
çıxan Səhər Əhmədi, Çinarə
Nüsrətlini, Şəhriyyə Qəzənfərqızını
ədəbi mühitə, demək olar ki, “Ulduz” təqdim edir.
Əsasən şeirlər yazan Etibar Salmanov da
ilk həyat hekayəsini oxucularla “Ulduz” vasitəsilə
bölüşdürür. Əvvəla, “Ulduz”un əsasən kiçik hekayə janrına
üstünlük verdiyi mühahidə olunur. Hətta
Lətifə Əliqızı da “Gözlük” novellasında
həm də janrın tələbinə görə
yığcam həcm daxilində mətləbi
açmağı bacarıb. Bütövlükdə
“Ulduz”un ədəbiyyatda kiçik hekayə
ənənəsini dirçəltmək meylini qiymətləndirirəm.
Kiçik
hekayə yazmaq povest və ya roman yazmaqdan heç də asan
iş deyildir. Lakin
son vaxtlar ilk povestləri, hətta ilk romanları ilə
ədəbiyyatda birinci addımlarını atanları görəndə
təəccüblənməmək olmur.
Ədəbiyyatda
otuz il bundan
qabaqkı “hekayə axını”nı indiki mərhələdə
“roman axını” əvəz edir. Nəzərə
almaq lazımdır ki, kiçik hekayə nəsrdə
böyük janrların baş məşqidir. Fikrimizcə,
kiçik hekayə janrına üstünlük verməsi
“Ulduz”un Azərbaycan ədəbiyyatında
yeni dövrün gerçək böyük nəsrinin
yaranmasına xidmətidir. “Ulduz”un cavan
hekayəçilərinin, məsələn, Səhər
Əhmədin “Özü ilə söhbəti”ndəki ədəbiyyat
haqqında düşüncələri yeni nəsrin təmsilçilərinin
böyük ədəbiyyatın vəzifələrini
düşünərək, öyrənərək,
yaşayaraq ədəbiyyata gəlməkdə olduğunu
göstərir. Heç şübhəsiz, ədəbiyyata
istedadın işığında həyatdan gəlmək, təbii
olaraq sənətə qədəm qoymaq vacib şərtdir.
Ədəbiyyat nəzəriyyəsini əzbər
bilməklə əsl şair və ya yazıçı olmaq
mümkün deyildir. Ancaq ustad Füzuli
demişkən, “elmsiz şeir əsası yox divar olur”. Bu müdrik kəlam ədəbiyyatın
bütün növlərinə və janrlarına eynilə
aiddir. Doğrudur, Səhər Əhmədin
“Ədəbiyyat vətən deyil ki uğrunda ölmək
lazım olsun. Söz də torpaq deyildir ki,
3-5 sot götürüb üstündə ev tikəsən” -
kimi sözləri nəzəriyyədən çox, gənc qələm
sahibinin öz düşüncəsindən doğan fikirlərdir.
Lakin bu mühakimələrdə ədəbiyyatı
həm də elmi cəhətdən qavramaq cəhdləri də
görünür. Və yaradıcı gənclik
mütaliəyə, öyrənməyə xüsusi diqqət
yetirməsə, yalnız istedadın gücü ilə tam qələbə
çətin ki, mümkün olsun.
Poeziya
baxımından da “Ulduz”un may sayı cəlbedicidir.
Xəyalə Sevilin, Seymur Sunun, Tural Balabəylinin, Rauf Qərib Alagözün, Ehtiram
İlhamın şeirləri “Ulduz”un yaz sayında tumurcuq kimi
açılır. “Ulduz”un may şeirləri
poetik forma baxımından yeni, maraqlı,
düşündürücü və bir çox hallarda bənzərsizdir.
Səhər Əhmədin “Həyat
simfoniyası” hekayəsindəki müasir inkişafın
fonunda insan ümidlərinin təqdimi yeni ədəbi nəslin
əsasən bu yolda olacağına ümidi artırır.
Bu baxımdan Rauf Qərib Alagözün
“Canım qurban bu torpağa” şeirindəki “Elin layiqdirmi
tapdağa, oğul” misrası üstündə köklənmiş
notlar bir qədər nəsihət tonunda olsa da, mərdanə
misralardır. Ehtiram İlhamın müəyyən
dərəcədə postmodernist görünən şeirlərində
“Sonuncu sözümü birinci dedim, birinci sözümü
sonuncu kimi” - uğurlu misraları yetkin poeziyadan xəbər
verir. Lakin gəncliyin poeziyasındakı ağrı,
acı, göz yaşı, dərd, “kədərin kölgəsində”
kimi qüssəli notların, “tavanı çökmüş
evdi gözüm” kimi dekadans mənalandırmaların, “bir dəvəsiz,
atsız dərd” düşüncəsinin ağırlıq təşkil
etməsi narahatlıq doğuran haldır. İndi
elə vaxtda yaşamırıq ki, bizdən yalnız “nikbin
poeziya” tələb etsinlər. Yox! Lakin
eyni zamanda, yazıçını mütləq bədbinlikdən
bəhs etməyə məcbur etmək şərti də
qoyulmayıb. Reallıq belə olduğu halda ədəbiyyatda,
xüsusən gənc nəsildə dinamik şəkildə
inkişaf edən müasir həyatın, milli-mənəvi
dirçəlişin doğurduğu nikbin notların poetik
ifadəsinin az olmasına ciddi bir ictimai səbəb
görmürəm. Ədəbi gənclik “kədərin
kölgəsində” məngənəsindən
çıxıb, həyatın axarında “gəlimli-gedimli”
dünyanın hər üzünü dərk etməklə,
müasir gerçəkliyin mahiyyətinə varmaqla və irəliyə baxmağı,
hətta ədəbiyyat “dilində” gələcəyə
işıq salmağı bacarmaqla yazdığı əsərlərlə
böyük ədəbiyyat yarada bilər. Keçən əsrin
90-cı illərində bir sistemin dağılmasının və
yenisinin yaradılmasının məsuliyyətli çətinliklərinin
doğurduğu dekadans meyillər artıq arxada
qalmışdır. Ona görə də ədəbi
gəncliyin hələ də dekadans ruhda köklənməsi
çağdaş zamanla müqayisədə geridə
ilişib qalmaq kimi görünür. Əlahəzrət
böyük ədəbiyyat isə bədii lövhələr
və surətlər vasitəsi ilə həyatı əks
etdirməli, necə deyərlər, tipik şəraiti
açıb göstərməli, tipik zamanın obrazlarını
yaratmalı, ümumiləşdirmələr
aparmağı bacarmalıdır. Səmimiyyət
üçün açıq demək istəyirəm ki,
“Ulduz”un may sayındakı şeirlərdə (elə hekayələrdə
də!) bu meyillərin qüvvətləndirilməsinə
ehtiyac hiss olunur. Və yazıları təqdim
olunan gənc yaradıcı qüvvələrin nəzərə
çarpan istedadı zəruri olan təkamül prosesinə təkan
verə bilər. Düşünməyə dəyər!
Bundan
başqa, “Ulduz”un may sayındakı dizayn və
tərtibatda qara rənglərdən bir qədər çox
istifadə olunmasını da münasib hesab etmirəm. “Ulduz”
jurnalı, may sayı, yaz
çağı, gənclik və qara rəng - bir-biri ilə
uyuşmayan baxışlardır. Doğrudur,
“Ulduz” ağ-qara rəngdə çıxan jurnaldır. Lakin yenə də qara rəngləri azaltmaq,
işığı qabartmaq mümkündür. Həm müasir fotoqrafiyanın, həm də
qrafikanın indi geniş imkanları vardır. “Tərcümə
saatı” rubrikası ilə verilmiş, ilk Nobel
mükafatçılarından biri olmuş,
tanınmış Avstriya yazıçısı Peter
Rozeqqerin “Ata sözü naminə” hekayəsindəki zəngin
həyat materialı və mövzunun uğurlu bədii həlli
üçün “dəyişmə” prosesinin diqqət mərkəzinə
çevrilməsi “Ulduz”çuların yol, rəng və ovqat
seçiminə işıq sala bilər.
Son vaxtların dramaturji əsərlər
qıtlığı dövründə bu janrda
ardıcıllıq göstərən Firuz Mustafanın “Marian
çökəkliyi” pyesinin oxuculara
çatdırılması faydalı addımdır. Fikrimcə, “Ulduz”un cəmisi
13 səhifəsində yerləşən, Qarapencəkli kişi,
Ağpencəkli kişi kimi iki obrazın dialoqu üstündə
qurulan, əsas hissələri “Meşədə”, “Tala”
adlı hekayə başlıqları ilə təqdim olunan”
Marian çökəkliyi” pyesi müasir lezedramanın
yaxşı bir nümunəsidir. Ramilə
Qurbanlının “Balacalar üçün ədəbiyyatın
böyük problemləri” polemikasında ədəbiyyatımız
üçün aktual olan məsələnin qoyuluşu da, təhlili
də, həlli yollarına dair təkliflər də sadə və
aydındır. Bura həm də onu əlavə etmək
istəyirik ki, son onilliklərdə uşaqlar və gənclər
üçün ölkə miqyasında diqqəti cəlb edən pyeslərin
meydana çıxmaması da dərin təəssüf
doğurur. Bütövlükdə
ədəbi mətbuatımız, o cümlədən də
“Ulduz” bu işə marağı artırmaq istiqamətində
nə iş görmüş olsa, böyük ədəbiyyata
da, cəmiyyətə də fayda vermiş olar. Mübariz Örənin “Balıq
gülüşü” nəsrin və publisistikanın
qovşağında olan oxunaqlı
bədii material kimi diqqəti cəlb edir. Məti
Osmanoğlunun “Vaqif Bəhmənli ilə görüşdən
antireportaj” məqaləsi də yeni tipli təqdimatdır.
Fikrimcə, “yeni tipli reportaj” janrında
yazılmış bu məqalədə böyük ədəbiyyatda
özünü isbat etmiş obrazlı duyğular şairi
Vaqif Bəhmənlinin təmkinli poeziyasının mahiyyətinin
şeirimizin gənc nəslinə çatdırılması
bir növ düşündürmək, nümunə göstərmək
mənasında da əhəmiyyətlidir. Filologiya
üzrə elmlər doktoru, professor Buludxan Xəlilovun Xalq
şairi Bəxtiyar Vahabzadəyə həsr edilmiş məqaləsində
də “Yubiley sözü”ndən çox, gəncliyin
inkişafı üçün örnək ola biləcək
məsələlərin diqqət mərkəzinə çəkilməsi
“Ulduz”un missiyasını ifadə
edir. Və “Rumi və Emerson: Qərb dünyası ilə islam
dünyası arasında körpü” məqaləsi də
“Ulduz”un təkcə
sənət yox, həm də dünyagörüş məktəbi
vəzifələrini həyata keçirmək
baxımından müdafiə etdiyi əhəmiyyətli
platformadır. Fikrimcə, bu xətt bir qədər
də populyar şəkildə davam etdirilsə, yeni nəsil
üçün faydalı olar.
“Ulduz”un hər
sayında yeni bir gənc rəssamı təqdim etməsi
təqdirəlayiqdir. May sayındakı
Ülviyyə Mahmudovanın rəsmlərindən ibarət
kollaj işıqlı rəngləri ilə jurnala bahar
ovqatı gətirə bilir.
“Ulduz” jurnalı Azərbaycan ədəbiyyatının təbliği
istiqamətində faydalı bir missiyanı da yerinə yetirir. Jurnal hər
sayı ilə birlikdə redaksiyaya müəlliflər tərəfindən
təqdim olunmuş kitabları abunəçilərə və
kitabxanalara göndərir, satışa çıxarır.
İndiki halda bu, ədəbiyyatın təbliğinə
əhəmiyyətli xidmətdir. “Ulduz”un
may sayı ilə birlikdə aldığım Novruz Nəcəfoğlunun
“Bir mən oyaqdım” hekayələr kitabı ilə ətraflı
tanışlıq dövri mətbuatda ara-sıra bədii və
publisist yazılarını oxuduğum bu istedadlı qələm
sahibinin artıq yetkin bir yazıçı olması qənaətini
möhkəmləndirdi. Dərin həyati məzmun,
təbii bir səmimiyyət və obrazların bənzərsiz
zəngin mənəviyyat dünyası ilə yanaşı, həm
də müdrik, düşüncəli,
dünyagörüşlü olması onun hekayələrini səciyyələndirir.
Bu mənada Novruz Nəcəfoğlunun Nəsirəddin Tusidən,
İbn Xəldundan, Məhəmməd Füzulidən misallar,
nümunələr gətirməsi də təsadüfi
olmayıb, hekayələrində müşahidə olunan
düşüncə və baxış səviyyəsini daha
da qüvvətləndirməyə xidmət edir. Həm də
Novruz Nəcəfoğlunun “Bir mən oyaqdım” hekayələr
kitabını geniş ictimaiyyətə təqdim etməsi
“Ulduz”un ədəbiyyatın bu janrına
davamlı münasibətini tamamlayır. Eyni zamanda, Elçin
İskəndərzadənin şeirlərinin elektron
versiyasının kompakt disk şəklində may
sayının əlavəsi olaraq ünvanlara
çatdırılması “Ulduz”un
müasir informasiya cəmiyyətinin ədəbiyyat
mühitinin inkişaf etdirilməsinə də diqqətinin,
meylinin ifadəsi kimi maraq doğurur.
Bütövlükdə “Ulduz” jurnalı ədəbi gəncliyin
müasir mərhələdəki real yaradıcılıq
imkanlarını güzgüdə olduğu kimi aydın surətdə
göstərmək vəzifəsini yerinə yetirir, yeni
istedadlara böyük meydan açır. Jurnalın
poliqrafiya səviyyəsi də yaxşı mənada dəyişib.
Fikrimcə, artıq müstəqillik dövrü Azərbaycan
ədəbiyyatının yeni istedadlı ədəbi nəslin
mövcudluğu faktını meydana qoyması “Ulduz”un uğuru sayıla bilər. Ancaq
yeni ədəbi nəslin daha böyük inkişaf etməsi
üçün istiqamətləndirilməsinə və
yetkinləşdirilməsinə də ehtiyac vardır. Bu
isə təkcə “Ulduz”un yox,
hamımızın borcudur.
“Ulduz”
jurnalı, iyun, 2015
İsa Həbibbəyli
525-ci qəzet.-
2015.- 26 iyun.- S.18.