Orfoqrafiya qaydalarının təkmilləşdirilməsinə
ciddi ehtiyac var
Azərbaycan xalqının varlığını
yaşadan Azərbaycan dili neçə yüz illərdir ki,
onun milli-mənəvi varlığını,
mövcudluğunu qoruyub saxlayır. Ona görə də
ana dili hər bir xalqın qürur mənbəyidir.
Tarix boyu başı min cür bəlalar çəkmiş
Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz qalsa da milli
varlığı olan Ana dilini qoruyub yaşatdı. Müxtəlif
illərdə Azərbaycan xalqı bütün istilalara, təzyiqlərə
baxmayaraq, reallığının, ruhunun, həyatının
təzahürü olan bu müqəddəs sərvətimizi
qoruyub yaşadaraq, inkişaf etdirərək ən təkmil,
mükəmməl dil səviyyəsinə qaldıra bildi.
Çünki Azərbaycan dili öz qrammatik
quruluşuna görə zəngin, fonetik ahənginə görə
qeyri-adi gözəlliyə malik bir dildir. Dünyanın
ən zəngin dillərindən biri olan ana dilimiz - Azərbaycan
dili öz səciyyəvi xüsusiyyətləri ilə digər
dillərdən əsaslı şəkildə fərqlənir.
Azərbaycan dilinin özünün fonetik tərkibi,
zəngin leksik sistemi, sabit qrammatik strukturu vardır. Dili yaşadan ən zəruri amillərdən biri də
yazıdır. Bu baxımdan qədim tarixi
köklərə malik olan xalqımızın qədim
yazı mədəniyyəti, yazı ənənələri
mövcuddur. Hazırda dilin inkişafı,
baş vermiş yeniliklər, dəyişikliklər yeni
orfoqrafiya lüğətinin nəşr olunmasını zəruri
edir. Orfoqrafiya lüğəti ədəbi
dilin lüğət tərkibinin düzgün yazı
qaydalarını əks etdirən qanuniləşmiş
normalardır. Daima inkişafda olan bu dildə,
xüsusilə onun lüğət tərkibində baş
vermiş yeniliklər orfoqrafiya lüğətində qanuniləşmiş
normalarda verilməsi üçün yeni prinsiplər işlənib
hazırlanmalıdır. Məlumdur ki,
lüğət tərkibi inkişaf etmiş olan dillər zəngin
və qüdrətli sayılır. Müasir
Azərbaycan ədəbi dili də belə dillərdən
biridir. Buna görə də dövrün
tələblərinə uyğun inkişaf etdirilməsi zəruridir.
Müstəqilliyimizin qazanılmasından sonra yaranmış
tarixi şərait xalqımızın dünya xalqlarının
ümumi yazı sisteminə qoşulması üçün
yeni perspektivlər açmış və latın
qrafikalı Azərbaycan əlifbasının bərpasını
zəruri etmişdir. Bu amil isə dil haqqında
müvafiq qanunun, eləcə də digər normativ aktların
qəbul olunmasını sürətləndirmişdir.
Maarifçilik nöqteyi-nəzərindən cəmiyyətə
örnək və nümunə göstərməli olan mətbuat
latın qrafikalı əlifbaya keçid məsələsində
konyuktur maraqları daha çox əks etdirir, hətta oxucu
auditoriyasının daralacağını bəhanə gətirən
bəzi qəzetlər bu prosesi ciddi şəkildə əngəlləməyə
çalışırdılar. Xüsusilə də
mətbuatında belə cəfəng iddialar səslənirdi
ki, guya Azərbaycan xalqı hələ əlifba dəyişikliyinə
hazır deyil, bu prosesi zamanın öhdəsinə buraxmaq
lazımdır. Amma əslində bu
süni maneçiliklər xalqın ümumi rəyini, istək
və arzularını əks etdirmirdi. Sonrakı
proseslər Azərbaycan xalqının da bu əlifba dəyişikliyinə
psixoloji və intellektual cəhətdən hazır olduğunu
təsdiqlədi.Geniş müzakirələrdən sonra əlifbadan
apastrof işarəsi çıxarıldı. Lakin təəssüf ki, Azərbaycan dilinin yeni
orfoqrafiya qaydalarında apastrofla bağlı bölmə
yoxdur. Belə ki, qrammatika kitablarında
yazıldığı kimi ərəb və fars
mənşəli bəzi ikihecalı sözlər saitlə
başlanan şəkilçi qəbul etdikdə ikinci
hecadakı sait qısa tələffüz olunduğundan
düşür. Amma lüğətdə
apastrofun çıxarılmasından sonra şeir və feil
şəklində yazılan sözlər bu qaydaya tabe olmur.
Eləcə də şeirən, şeiriyyət,
feili tipli sözlərdə də bu aydın şəkildə
görünür. Buna görə də
bununla bağlı yeni orfoqrafik qaydalar işlənib
hazırlanmalıdır.
Azərbaycan ədəbi dilinin təşəkkülü
və inkişafı dövründə mənşəcə
dilin öz sözlərinin müxtəlif sahələrə
aid anlayışları ifadə etməsi daha səciyyəvi
olmuşdur. Ancaq məlum olduğu kimi, tarixi inkişaf prosesinin
ayrı-ayrı dövrlərində Azərbaycan ədəbi
dilinin lüğət tərkibinə müxtəlif xarici dil
təsirləri də olmuşdur. Belə ki, IX əsrdən
sonra ərəb və fars dillərinin təsiri,
ədəbiyyat dili kimi yayılması və bu dillərin
işlənmə arealının genişlənməsi ilə
bağlı olaraq Azərbaycan dilinin lüğət tərkibinə
küllü miqdarda sözlər keçmişdir. Həmin dövrdə İslam dininin Azərbaycanda
yayılması ərəb dilinin Azərbaycan dilinə, o
cümlədən, onun leksikasına və söz
yaradıcılığına təsirini gücləndirirdi.
Bu dövrdən ictimai həyatın inkişaf səviyyəsinə
uyğun olaraq ərəb və fars dilinin
funksional fəaliyyət dairəsi genişlənməyə
başlanması, birinci növbədə ictimai həyatla
bağlı anlayışları ifadə edən sözlərin
bu dildə hazır mövcudluğu, ikincisi, bu dillərin vahid
alınma mənbəyi olması ilə bağlı idi. Onu da
qeyd etmək lazımdır ki, Azərbaycan elmi Şərq elmi
məktəbi zəminində inkişaf etdiyinə görə,
X-XI əsrlərdə ərəb dilinin və sonrakı bir
neçə əsrdə fars dilinin Azərbaycanda
əsas elm dili kimi işlənməsi müxtəlif
anlayışları bildirən sözlərin həmin dillərdən
alınmasına şərait yaratmışdır. Lakin Azərbaycan ədəbi dilinin formalaşma və
inkişafı prosesində bu dildə yer almış ərəb-fars
alınmaları uzun zaman dilimizdə işləndiyindən
onların əksəriyyəti dilin səs quruluşuna və
qrammatik qanunlarına uyğunlaşmışdır. Hətta bir çox ərəb mənşəli
alınma sözlər dilimizdə milli şəkilçi qəbul
edərək yeni məzmunlu anlayışlar
yaratmışdır. Məsələn,
riyaziyyatçı, kəşfiyyatçı,
istilaçı, islamçılıq, zərflik və s. Belə
alınma sözlərin bir qismi dildə məhdud dairədə
işlənmiş, dilin normalarına cavab vermədiyinə
görə tədricən, yeniləri ilə əvəzlənməyə
məruz qalmışdır. Xüsusilə,
Azərbaycan dilinə daxil olan izafət birləşmələri,
mürəkkəb və çətin anlaşılan sözlər
zaman-zaman dildən çıxmışdır. Cəmiyyətin inkişafı ilə əlaqədar
olaraq dilin daxili imkanlar hesabına özünün əvəzlənmə
prosesini yaşamış, həmin ağır tələffüz
edilən sözlərdən izafət birləşmələrindən
xilas olmuşdur. Hazırda belə izafətlər
dilin lüğət tərkibindən çıxaraq arxaikləşmişdir.
Çünki bu izafətlər Azərbaycan
dilinin leksik və qrammatik təbiəti ilə uyğunluq təşkil
etmədiyinə, dildə ifadə çətinliyi
yaratdığına görə tamamilə dildən
çıxmış, ya da başqa sözlərlə əvəz
olunmuşdur. Etimon dildə onlardan bəziləri
müstəqil leksik mənaya malik olsalar da Azərbaycan dilində
belə formantlar yalnız şəkilçi
funksiyasını daşıyır və hətta milli
sözlərimizə qoşulub yeni sözlər yaradırlar.
Azərbaycan dilində -iyyat//-iyyət şəkilçisi
ilə daha çox ictimai-siyasi və elmi anlayışları
ifadə edən sözlər yaranmışdır. Artıq semantik və fonetik-qrammatik normalarına
uyuşan bu sözlər kütləviləşmiş,
ümumişləklik qazanmışdır. Ədəbi dildə işlədilən belə
sözlərinin bir qismi istər fonetik tərkib, istərsə
də qrammatik quruluşca o qədər dəyişikliyə
uğramışdır ki, onları tələffüz və
ifadə xüsusiyyətlərinə görə Azərbaycan
dilinin öz sözlərindən fərqləndirmək
çətindir. Orfoqrafik və orfoepik
qanunauyğunluqlarının təsiri ilə dəyişmiş
bu sözlər Azərbaycan ədəbi dili lüğət tərkibinin
əsas hissəsinə daxil olmuşdur.
Lakin elə
sözlər var ki, Azərbaycan dilinin qrammatik qanunlarına
tabe olmadan, ərəb və fars dillərindən
hazır şəkildə alınıb işlədilən
sözlərdən ibarətdir. Bu tipli sözlər
dilimizdə daha geniş şəkildə işlənir.
Bu baxımdan akademik İsa Həbibbəylinin “Orfoqrafiyada iki
y-dan biri” (“525-ci qəzet”, 30 may 2015, 6 iyun
“Ədəbiyyat” qəzeti, “Azərbaycan ədəbi dilində
-iyyət şəkilçili sözlərin
yazılışına yenidən baxış” (Terminologiya məsələləri,
2015) məqalələrində irəli sürülən
fikirlər öz aktuallığı ilə diqqəti cəlb
edir. Aydındır ki, dillə bağlı istənilən
hadisə, qərar uzun müddət müzakirə olunur.
Çox vaxt da bu müzakirələrdə
çoxlarının mühafizəkarlığı, yeniliyə
alışmaqdansa əvvəlkiləri mexaniki icra etməyi
daha üstün tuturlar. Necə ki, əlifbanın
ölkədə on ildən artıq istifadə edilməsinə
baxmayaraq, latın qrafikasına keçiddə
tərəddüd edənlər daha çox idi. Sadələşmə, dilin özününküləşdirmə
istiqamətində aparılan hər bir addım dilin
inkişafına təkan verir. Xüsusilə,
Azərbaycan dilinin inkişafı üçün orfoqrafiya
qaydalarına yenidən baxışa xüsusi ehtiyac vardır.
Bu baxımdan -iyyət şəkilçili
alınma sözlərin tələffüzü zamanı eyni səsdən
biri artıq tələffüz edilmir. Akademik
İsa Həbibbəylinin qeyd etdiyi kimi bu qəbildən olan
sözlərin Azərbaycan dilinin qanunlarına
uyğunlaşdırılması günümüzün aktual
məsələlərindəndir.
A.Axundov yazir ki, mənsub olduğu xalqın dilində
quruluşca sadə olan sözlərin başqa dilə
keçməsi nə qədər təbii hadisədirsə,
bir dilin başqa dildən sistem şəklində düzəltmə
sözlər alması bir o qədər normal olmayan haldır. Belə ki, həmin
sözlər daxil olduğu dilin lüğət tərkibində
öz yadlığını daim hiss etdirir və dilin milli səciyyəsinə
xələl gətirir. Dilimizdəki belə söz
qruplarından biri -iyyat, -iyyət şəkilçili
alınma sözlərdir. Ərəb dilinə məxsus
-iyyat//-iyyət şəkilçisi ilə düzəlib
ictimai-siyasi, habelə mədəni-məişət
anlayışları ifadə edən bu sözlər dili yeni
ictimai məna çalarları ilə zənginləşdirmişdir.
Hazırda Azərbaycan dilində -iyyət şəkilçili
sözlərin yeni ictimai məna çaları kəsb etməsi
ədəbi dil materiallarında daha qabarıq şəkildə
öz əksini tapır. Lakin zaman
keçdikcə dilimizdə işlənən bu sözlərin
müəyyən hissəsi başqa sinonim sözlə əvəz
edildiyinə görə arxaikləşmiş, sövtiyyat, vəhsaniyyət,
qövmuyyət, məzuriyyat, üluhiyyat- tipli sözlər
dildə işləkliyini tamamilə itirmişdir. Göründüyü kimi, -iyyət şəkilçili
sözlərin bir qrupu dilimizin lüğət tərkibindən
tamamilə çıxmışdır. Lakin
bu tipli sözlərin eləcə də Azərbaycan dilinin
qrammatik qayda-qanunlarına uyğun şəkildə işlənən
-iyyət şəkilçili sözlərin bir qismi dilin
öz şəkilçiləri ilə əvəzlənmişdir.
Belə ki, ərəb dilində mücərrəd mənalı
isimlər əmələ gətirən -iyyət şəkilçili
bəzi sözlər Azərbaycan dilində -lik, -lıq şəkilçiləri
ilə əvəzlənmiş, buna görə də bu
sözlər artıq -iyyət əvəzinə -lik şəkilçisi
ilə yazılır. Məsələn, əsəbiyyat-əsəbilik,
azadiyyat-azadlıq, ruhaniyyət-ruhanilik, bərabəriyyət-bərabərlik,
bədiyyat-bədiilik, məğruriyyət-məğrurluq, məcburriyyət-məcburluq
və s. Müşahidələrdən aydın olur ki, -iyyət
şəkilçili sözlərin bir qrupu dilimizin lüğət
tərkibindən tamamilə çıxmış, bəziləri morfoloji cəhətdən Azərbay-can
dilinə uyğunlaşmışdır.
Digər qruplara daxil olan sözlər isə öz səs
tərkibinə, quruluşuna, bəzi hallarda hətta mənasına
görə dilimizin ruhuna tamamilə yad olduqlarından
müasir ədəbi dilimizin milli simasına xələl gətirir. Bizcə, həmin
sözlərin yazılışı bizi
düşündürməli, həmin sözlərin optimal həlli
üçün nəzərdə tutulan əməliyyatları
ən müxtəlif dilçilik səviyyələrində,
xüsusilə, leksik səviyyədə aparmaq faydalı olar.
Bu zaman -iyyət şəkilçili sözlərin
tamamilə yeni sözlərlə əvəz edilməsi, yəni
kök morfemləri yeni sözlərlə əvəz edilməsi
nəzərdə tutulur. Cəmiyyətin inkişafı
ilə əlaqədar olaraq dildə bu bir proses kimi davam
etdirilir. Belə ki, bu qəbildən olan sözlərin
təbii şəkildə yeniləri ilə əvəz edilməsi
dilin tənzimlənməsi istiqamətində mühüm
addımdır. Müstəqillik illərində
artıq Azərbaycan dilində məzuniyyət yerinə
dinçəliş, çüziyyət yerinə
-xirdalıq, cümhuriyyət yerinə respublika, əhliyyat
yerinə ləyaqət, istiqlaliyyət yerinə müstəqillik
ifadələri daha çox işlədilir. Yəni müasir dövrdə ərəb dilindən
-iyyət şəkilçili Azərbaycan dilinə keçən
bir sıra sözlər yeniləri ilə əvəzlənmişdir.
Bu cür bəzi sözləri isə əvəz
etmək mümkündür. Belə
mümkünlüyün süni surətdə aparılan dil əməliyyatları
ilə deyil, dildə daxili imkanlar hesabına gedən yeniləşmə
və müasirləşmə hesabına baş verməsini məqalədə
xüsusilə qeyd edilmişdir (bəşəriyyət -
insanlıq, qabiliyyət - bacarıq, qalibiyyət - qələbə,
əksəriyyət - çoxluq, ictimaiyyət - kütlə,
müvəffəqiyyət - uğur, mükəlləfiyyət
- borc, səlahiyyət - ixtiyar, heysiyyət - mənlik, əbədiyyət
- ölümsüzlük). Qeyd edək ki, hazırda bu sözlərin çoxu
-iyyət şəkilçili qarşılıqları ilə
hələlik sinonim kimi işlənir. Lakin
get-gedə bu sinonimlərdən əvvəl işlənən
sözlərin arxa plana keçdiyi müşahidə olunur.
Göründüyü kimi, dildə bu proses davam edir. Bu tip,yəni -iyyət şəkilçili sözlərin
bir hissəsi isə hazırda da öz işləkliyini qoruyub
saxlamışdır. Bu baxımdan məqalədə
irəli sürülən, yəni -iyyət şəkilçili
sözlərin dilimizin qayda-qanunlarına
uyğunlaşdırılması günümüzün aktual
məsələlərindəndir. Azərbaycan
dilində bu tipli sözlərin orfoqrafiya qaydalarının
yenidən müəyyənləşdirilməsinə ehtiyac
vardır. Xüsusilə, ümumxalq danışıq
dilində daha çox işlənən ədəbiyyat, mədəniyyət,
ziddiyyət, xasiyyət, əhəmiyyət, əziyyət,
şəxsiyyət, milliyyət, xasiyyətnamə, hakimiyyət,
muxtariyyət, kəşfiyyat, keyfiyyət, ünsiyyət,
cinsiyyət, əməliyyat, riyaziyyat, məcburiyyət, nəşriyyat,
mənsubiyyət, nailiyyət, islamiyyət, əksəriyyət,
ictimaiyyat tipli sözlərin yazılışı fonetik səviyyədə
həll edilməlidir. Orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində
bu tip məsələlər optimal şəkildə həll
edilməsi istiqamətində yeni prinsiplər işlənib
hazırlanmalıdır.
Məlumdur ki, əsl Azərbaycan sözlərinin
orfoqrafiyası tarixən müəyyənləşmiş
normaya tabe olmur, tələffüz norması ilə yazı
norması arasındakı fərq tarixi normativlik pozulmadan
aradan qaldırılır, ahəng qanununun fonomorfoloji
imkanları genişləndirilir. Bu prosesdə latın
əlifbasına keçid dövründə fonetik-orfoqrafik
normaya müxtəlif baxımdan təsir edilir və ədəbi
dilin tarixi təcrübəsi nəzərə alınmadığı
üçün ifrat meyil meydana çıxır ki, nəticədə
alınma sözlər mənbə dildəki fonetik quruluşu
ilə norma faktı kimi təqdim edilir.
Çünki Azərbaycan
dilində yazı əvvəlki dövrlərdə ərəb
əlifbası əsasında olmuşdur. Buna
görə də ərəb əlifbasının əsasında
yazının orfoqrafiya qaydalarını müasir əlifbada
davam etdirmək düzgün deyildir. Ərəb əlifbasından,
daha doğrusu, əski əlifbadan imtina edib, latın
əlifbasına keçidin başlıca səbəbi ərəb
əlifbası əsasında qurulmuş yazı
orfoqrafiyasının Azərbaycan dilinin əsas xüsusiyyətlərini
əks etdirməməsindən irəli gəlirdi. Xüsusən, ərəb əlifbasında sait səslərin
hərfi işarələrinin məhdudluğu düzgün
yazı normalarının tələblərinə cavab
vermirdi. Hazırda da qoşa samitlərin
yanaşı işlənməsi Azərbaycan sözlərinin
düzgün yazılışını təmin etmir. Akademik İsa Həbibbəylinin qeyd etdiyi kimi “Azərbaycan
orfoqrafiyasında qoşa y samiti ilə olan sözlərin
yazılışına yenidən baxmağa, bu sahədə
müəyyən islahatların aparılmasına ehtiyac
yaranmışdır. Müşahidələr
göstərir ki, Azərbaycan dilində qoşa y samiti ilə
olan sözlərin mütləq əksəriyyəti
-iyyat//-iyyət şəkilçisi ilə düzələn
alınma sözlərdən ibarətdir”.
Məqalədə
qeyd edildiyi kimi, verilən misallarda da bu proses özünü
dogrultmur: şəxsiyyət, məşrutiyyət (konstitusiya
rejimi), təbiyyat, mövcudiyyət, vəhdaniyyət (birlik),
müvəffəqiyyət, vəhşaniyyət (qeyri-insani əməl),
vəhşiyanə (əhilləşməmiş), vəhşiyyət
(vəhşilik), vəsiyyət, vəsiyyətnamə, irsiyyət
, vəziyyət, ziddiyyət, zövciyyət (ər-arvadlıq),
zövqiyyət (estetika) və s. Belə ki, bu tipli sözlərdə
hazırkı şəraitdə bu sözlərdə iki -y
samitindən birinin saxlanilmasına ehtiyac vardır. Bu mənimsənilmə prosesində onlar dilin
orfoqrafiya qaydalarına uyğunlaşdırılır. Ona görə də yazılış qaydaları
zaman-zaman tələffüz prosesinə
uyğunlaşdırılmalıdır. Çünki
orfoqrafiya yazılı nitqin normalarıdır. Bu normaların konkret dil vahidlərinə görə
yazılışının tənzimedici qaydalarının
müəyyənləşdirilməsi aktual problemlərdən
biridir. Yazılı nitqin normaları və
onları müəyyənləşdirən qaydalar müəyyən
olunmuş prinsiplər əsasında aparılır. Bu prinsiplərdə hər bir dilin öz daxili
qanunları və həmin dildə danışanların
ümumiləşdirilmiş tələffüz
normalarının prinsipləri əsas
götürülür. Orfoqrafiya
qaydaları müxtəlif prinsiplər əsasında
yaradılır. Orfoqrafiya qaydalarının
yaradılmasında istifadə olunan prinsiplər (fonetik prinsip,
morfoloji prinsip, tarixi ənənəvi prinsip, etimoloji prinsip)
dilin yazı qaydalarının müəyyənləşdirilməsində
mühüm rol oynayır. Azərbaycan
dilinin düzgün yazı qaydalarının müəyyənləşdirilməsində
isə həmin prinsiplərdən fonetik prinsip, morfoloji prinsip
və tarixi -ənənəvi prinsipdən daha geniş istifadə
olunur.
Lakin dilin orfoqrafiya qaydalarını təkcə bir
prinsip əsasında qurmaq mümkün deyildir. Bunu da nəzərə
almaq lazımdır ki, dilin orfoqrafiya qaydalarını müəyyənləşdirərkən
bir sıra prinsiplərdən istifadə olunsa da bunlardan biri,
ikisi əsas prinsip, digərləri isə ikinci dərəcəli
prinsip sayılır. Azərbaycan dilinin
orfoqrafiya qaydaları fonetik, morfoloji, tarixi-ənənəvi
prinsiplər üzərində qurulmuşdur. Fonetik prinsip tələffüz olunan səsin
yazıdakı hərflə ifadəsi prinsipi mənasında,
fonematik prinsip isə müxtəlif çalarlıqlarda tələffüz
olunan səslərin vahid əsası sayılan fonemin
yazıdakı hərflə ifadəsi prinsipi mənasında
işlədilir. Müasir Azərbaycan
dilinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsində
fonetik prinsipdən geniş mənada istifadə olunmuşdur.
Belə ki, mövcud qaydaya görə
sözün tərkibindəki səslərin tələffüz
olunduğu kimi hərfi işarələrlə yazıda əks
olunması yazı ilə tələffüz arasında
uyğunluğu təmin edir. Praktik
dilçiliyin inkişafında mühüm xidmətləri
olan Əziz Əfəndizadə vaxtilə düzgün olaraq
göstərirdi ki, “orfoqrafiyamızda fonetik prinsipin rolu və əhəmiyyəti
tarixən müxtəlif nöqteyi-nəzərlərdən
izah edilmişdir; Yazımızın asanlaşdırılması,
xəlqiləşdirilməsi uğrunda aparılan mübarizə
orfoqrafiyamızda fonetik prinsipə üstünlük verilməsi
uğrunda aparılan mübarizə ilə sıx əlaqədə
olmuşdur”.
Fonetik prinsipin üstünlüyü yazı
qaydalarının asanlaşdırılması ilə
bağlıdır. Onu da qeyd etmək lazımdır ki,
orfoqrafiya prinsiplərinin müəyyən edilməsi müəyyən
dərəcədə obyektiv səciyyə daşıyır.
Hər bir dilin quruluşu, spesifik cəhətləri
orfoqrafiya prinsiplərinin müəyyənləşdirilməsində
mühüm rol oynayır. Azərbaycan
dilinin aqlütinativ quruluşlu dil olması, yəni söz
köklərinin öz leksik mənasını saxlaması,
sözlərin kök və şəkilçilərə
asanlıqla ayrıla bilməsi fonetik prinsipə
üstünlük verilməsinə şərait yaradır.
Müasir Azərbaycan dilində söz köklərinin
çoxu bu prinsipə görə yazılır və buna
görə də söz köklərinin
yazılışı ilə deyilişi arasında fərq
yoxdur. Bəzən fonetik prinsip
düzgün başa düşülmədiyinə görə
“tələffüz etdiyin kimi yaz” tələbindən
çıxış edərək hər kəs öz şivəsində
yaza bilər. Lakin bu, ədəbi dil
normalarının pozulmasına gətirib çıxarır.
Sözün tələffüz edildiyi kimi
yazılması dedikdə, dialekt və şivə deyil,
ümumi ədəbi tələffüz normaları əsas
olaraq qəbul edilir. Həm də bu tələffüzdə
müxtəlif çalarlıqla əlaqədar olan səslər,
səs variantları yox, məhz belə səslərin vahid əsası
sayılan fonemin yazılması nəzərdə tutulur.
Fonetik prinsipdən daha çox istifadə etməklə,
ədəbi dil normalarının sabitləşdirilməsi həm
düzgün yazı, həm də düzgün tələffüz
qaydalarını asanlıqla mənimsəmək
baxımından əhəmiyyətlidir. Məlumdur
ki, Azərbaycan dilinin orfoqrafiya qaydalarının müəyyənləşdirilməsi
zamanı fonetik prinsiplə yanaşı, morfoloji prinsipin tələbləri
də nəzərə alınmalıdır. Morfoloji prinsipə görə orfoqrafiya
qaydalarının müəyyənləşdirilməsində
əsasən mənalı vahidlərin sözlərin
orfoqrafiyası nəzərdə tutulur. Belə
vahidlərin müxtəlif çalarlıqda tələffüzündə
məna dəyişikliyi olmasa da vahid ədəbi dil
normalarının pozulmasına təsir göstərə
bilir. Dil ümumi anlaşma vasitəsi
olduğuna görə dil vahidlərinin müxtəlif şəkildə
deyil, bir cür formalaşması, bir cür yazılması
dilin əsl mahiyyətindən doğan tələbatdır.
Məhz morfoloji prinsip
dilin əsas məna daşıyan sözlərinin
yazıya vahid şəkildə köçürülməsi
qaydalarını təyin edən ən mühüm amildir.
Dildə bu prinsip nəzərə alınmazsa, müəyyən
məna bildirən dil vahidləri müxtəlif
çalarlıqda tələffüz olunduğu kimi yazıya
da köçürülərsə, yazı həqiqi mənada
vahid anlaşma vasitəsi ola bilmir. Bu isə orfoqrafiya qaydalarının əsas məqsədinə,
məzmununa uyğun deyildir. Buna görə
də eyni vahidin müxtəlif çalarlıqda tələffüzü
yazıya köçürülməməlidir. Bu baxımdan morfoloji prinsip müxtəlif
çalarlıqda tələffüz olunan söz və şəkilçilərin
vahid şəkildə yazılması prinsipidir. Bununla yanaşı, nəzərə almaq
lazımdır ki, müxtəlif çalarlıqda tələffüz
olunmayan sözlərin və şəkilçilərin yazılışı
ancaq fonetik prinsiplə bağlıdır. Belə
ki, bu cür tələffüz olunan sözlərin və
şəkilçilərin orfoqrafiya qaydalarını müəyyənləşdirmək
üçün fonetik prinsipin əsas olması belə vahidləri
morfoloji prinsipdən uzaqlaşdırmır.
Çünki bu tip vahidlər tək-tək səslərə
görə deyil səslərin birləşməsindən
düzələn, məna ifadə edən vahidlər
olmasına görə fərqlənir və vahidlərin
bütövlükdə yazılması morfoloji prinsipə əsaslanır.
Bu iki prinsipi birləşdirən əsas cəhət
fonetik şəraitdə necə tələffüz edilməsindən
asılı olmayaraq, dilin məna daşıyan vahidlərinin
təzahür əsasının yazıda vahidliyinin
qorunması prinsipidir. Beləliklə, -iyyət
şəkilçili sözlərin də
yazılışında fonetik prinsip əsas
götürülməlidir. Buna görə də bu tip
sözlərin yazılışında tələffüz
normalarına uyğun olaraq, yəni fonetik prinsipdən
çıxış edərək iki -y ilə deyil, bir -y ilə
yazılması qaydasına keçmək daha məqsədəmüvafiqdir.
İndiki halda isə biz kəmiyyət, keyfiyyət,
müvəffəqiyyət, nəqliyyat kimi çoxsaylı
sözləri bir y ilə tələffüz edir, iki -yy ilə
yazırıq. Artıq həmin qəbildən
olan sözlərin yazılışındakı iki -y-dan
yalnız birinin saxlamağın vaxtı
çatmışdır. Müəllifin nəşr
olunmuş məqalələrində verilən prinsiplər
elmi cəhətdən əsaslandırılmışdır.
Bu təhlillərin real nəticələr
orfoqrafiya qaydaları hazırlanan zaman nəzərə
alınmalıdır. Çünki bu sözlər daxil
olduğu dilin lüğət tərkibində öz
yadlığını daim hiss etdirir və dilin səciyyəsinə
xələl gətirir.
Müasir dövrdə də əgər sözalma ehtiyac
nəticəsində alınmırsa, dilin qrammatik quruluşuna
uyğun gəlmir, assimilyasiyaya uğramır, işləklikdən
qalır və dildən çıxır. Məlumdur ki,
söz hansı dilə keçirsə, həmin dilin fonetik,
qrammatik, orfoepik normalarına uyğunlaşdırılaraq,
assimilyasiyaya məruz qalaraq işlədilir. Çox vaxt isə alınma söz onun fonetik tərkibindən
asılı olaraq assimilyasiya edilmədən dil tərəfindən
ümumilikdə mənimsənilmişdir. Məsələn,
bələdiyyə, maliyyə, səudiyyə, dövriyyə,
ədliyyə və s. Bunlar göstərir ki, Azərbaycan
dilində qoşa -y samiti ilə yazılan sözlərin
heç də hamısı -iyyət şəkilçisi ilə
əmələ gəlməmişdir. Lakin
dildə onların daha çox fonetik assimilyasiyası diqqəti
cəlb edir. Məsələn, ərəb
tələffüzünün azərbaycanlılar
üçün yad olması dilimizə vaxtilə ərəb
dilindən keçmiş alınmaların fonetik cəhətdən
köklü dəyişikliyinə səbəb olmuşdur.
Eləcə də ingilis dilindən rus dilinə daxil
olunmuş action, decleration, assimilation, transformation, fraction kimi
alınma terminlərdəki -tion şəkilçisi, fonetik
assimilyasiya edilərək aküiə, assimiliəüiə,
deklaraüiə, transformaüiə, fraküiə
formasında, Azərbaycan dilində aksiya, deklorasiya,
assimilyasiya, transformasiya, fraksiya şəklində işlənərək
fonetik assimilyasiyaya uğramışdır. Bəzən
alınma terminlərin tərkibində səsin əvəzlənməsi
ilə eyni sözün orfoqrafik variantları yarana bilir. Bu zaman terminin birbaşa və ya reseptor dil vasitəsilə
alınması nəzərə alınmalıdır. Məsələn,
rus dili vasitəsilə “ö” ilə işlənən
sözlərdə büro, broşüra kimi terminlərdə
“ü” ilə əvəzləndiyi halda, yenə həmin dilin
vasitəçiliyi ilə alınmış və sonu “ö”
ilə bitən sözlərdə bu səsin “ü” və “yu”
ilə əvəzlənməsi nəticəsində ikili
yazı forması (intervğö-intervü / intervyu,
menö-menü / menyu, kompğöter-kompüter / kompyuter)
yaranmışdır. Belə alınmalar
intervü, menyu, kompüter kimi vahid formada yazılış
qaydası müəyyənləşdirildi. Bunların yazılış prinsiplərində
vahidlik gözlənilməlidir. Belə ki, əgər
alınmadırsa, o dildə- alınan dilin
formalarına uyğunlaşdırılmalıdır. Alınmaların bir dildən digərinə bu şəkildə
keçməsi və onun mənbə dildəki səs və
məna tərkibinə uyğun şəkildə işlədilməsi
dildə qrammatik qanunauyğunluqları pozur. Ancaq beynəlmiləl alınmalar olduğu kimi
yazılır.Bu bir tərəfdən mənbə və
reseptor dillərin qarşılıqlı əlaqəsindən,
yəni areal yaxınlığı ilə
bağlıdırsa, digər tərəfdən beynəlmiləl
alınmaların təbiətindən irəli gəlir. Çünki beynəlxalq terminlərin ifadə
etdiyi anlayış və məfhum bütün dillərdə
bir-birinə uyğunluğu və yaxın mənalılığı
ilə seçilir. Bu alınmaların mənbə
və reseptor dillərdəki səs uyğunluğuna təsir
edən əsas amil isə alınmanın xarakteri və dillərin
fonetik xüsusiyyətləridir. Bununla da,
alınmaların fonetik assimilyasiyası bir neçə formada
reallaşır. Bütün bunlardan
aydın olur ki, qloballaşma şəraitində Azərbaycan
dilində baş verən yeni proseslər orfoqrafiya
qaydalarında da islahatlar aparmaq zərurətini yaratmışdır.
Azərbaycan dilçiliyi elmində orfoqrafiya
qaydalarına yenidən baxıldığı, indiki şəraitdə
Avropa dillərindən alınan alınmaların, eləcə
də dini qurumlarla bağlı işlənən ərəb mənşəli
alınmaların yazılış formaları geniş şəkildə
müzakirə olunmalıdır.
Orfoqrafiya lüğətində öz əksini tapan
hotel, hospital, hobbi, haker kimi sözlərin
yazılışında istisnalar nəzərə
alınmalıdır. Bu sözlər mənbə dildə
yuxarıda verilən formada yazılır. Yəni
bu sözlər mənbə dildə “h” ilə yazılır.
Onu da qeyd edək ki, alınma sözün mənbə dildə
yazılışı,eləcə də
alınma ərəb mənşəli iki -y ilə yazılan
sözlər ana dilmiz üçün qanun ola bilməz. Belə
ki, alınma sözlərin dilin qayda-qanunlarına tabe olaraq işlədilməsi
,uyğunlaşdırılması bir prinsip kimi qəbul
edilmişdir. Fonetik prinsipdən
çıxış edərək, bu tipli sözləri də
otel, qospital, xobbi, xaker kimi yazılmalıdır. Eləcə də orfoqrafiya lüğətində
“sanatori” (s.583) şəklində yazılan söz “sanatoriya”
şəklində tələffüz olunur, elə o şəkildə
də yazılmalıdır.
Bu prinsip alınmaların dilin daxilində nizama
salınmasında, dilə gətirilmiş “yad” strukturlu
sözlərin assimilyasiyasında mühüm rol oynayır. Ona görə
də dilə daxil olan alınmaların tənzimlənməsi,
dilimizin tələblərinə
uyğunlaşdırılması ən aktual məsələlərdəndir.
Daim inkişafda, zənginləşməkdə
olan dilin lüğət tərkibində baş vermiş
yeniliklər yeni orfoqrafiya prinsiplərinin
hazırlanmasını zəruri edir. Dilin
sonrakı inkişafı prosesində də dilə daxil olan
alınmaların mənimsənilməsinə imkan yaradan
qrammatik qanunvericik hazırlanmalıdır ki, onların dəqiq
yazılışı
professionallıqla həll edilə bilsin. Yeni orfoqrafiya qaydalarının hazırlanması
prosesində Azərbaycan dilinin orfoepiya normalarını da
yenidən işləmək zərurəti
yaranmışdır.
Sayalı SADIQOVA
525-ci qəzet.- 2015.- 26 iyun.-
S.14-15.