Anti-Azərbaycan şəbəkəsinin Avropa mərkəzi
“ALMANİYADA ÖZ DÖVLƏTİNƏ BAĞLI OLMAYAN KOSMOPOLİTLƏR VAR”
Artıq Avropada anti-Azərbaycan kampaniyasının mərkəzində
Almaniyanın dayandığı
sübut olunub.
Təsadüfi deyil ki, Avropa
Parlamenti və Avropa Şurasında ölkəmiz əleyhinə
qəbul olunan qərarlarda ermənipərəst
mövqeyi ilə seçilən Martin Şults,
Elmar Brok kimi alman siyasətçiləri
fəallıq göstərirlər. Bu qüvvələr dövlətimizi
öz iradəsinin əksinə gedərək
onların təşəbbüsü
ilə həyata keçirilən siyasi, iqtisadi layihələrə
dəstək verməyə
vadar etmək istəyirlər. Lakin heç
kəsin diktəsiylə
hərəkət etməyən,
müstəqil siyasət
xəttinə sadiq Azərbaycan hər hansı bir dövlətin əleyhinə
formalaşdırılan bloklarda
yer almayacağını
dəfələrlə bildirib.
Ona görə də, ölkəmiz əleyhinə
bu cür kampaniyaların təşkil
olunduğunun şahidiyik.
Hərçənd, bu cür təbliğatlara dəstək
verən dövlətlər,
o cümlədən, Avropada
mərkəz rolunu oynayan Almaniya ilə Azərbaycanın gələcək münasibətləri
hansı xətlə davam edəcəyi sual altına düşür.
Millət
vəkili Zahid Oruc hesab edir
ki, bu açıq
şəkildə Azərbaycana
qarşı aparılan
mübarizədir: “Bunu
sübut etmək üçün xüsusi
kəşfiyyat məlumatlarına
ehtiyac yoxdur. Bizim tərəfimizdən bu təəssüf hissi doğurur. Çünki Almaniya ilə
Azərbaycan arasında
həm dövlətlər,
həm də xalqlar səviyyəsində
yüksək əlaqələr
olub. İki dövlət arasında
münasibətlər ölkəmiz
müstəqillik əldə
edəndən sonra da inkişaf edib. Biz onun
şahidiyik ki,
90-cı illərdə Almaniya
bütövlükdə Cənubi
Qafqaz regionuna böyük maraq göstərməkdə idi.
İlk növbədə
biz müşahidə edirdik
ki, onların beyin mərkəzləri, siyasi fiqurları bölgədə aktiv iş aparırlar. Fridrix Nauman, Fridrix Ebert fondları vasitəsilə biz görürdük
ki, burada təhlükəsizlik və
siyasi arxitektura problemlərinə Almaniya böyük maraq göstərir. Lakin sonrakı dövrdə
ABŞ-ın fəal şəkildə hərəkətlənməsi
və bölgənin neft, qaz resurslarına
çıxışı təmin
olunandan sonra Almaniya sanki arxa planda özünü
saxlamağa başlayıb.
Ona görə də, mən hesab edirəm ki, bu gün biz Ukrayna hadisələri üzərindən Almaniyaya
verilən mühüm
bir roldan danışmalıyıq və
Azərbaycana münasibəti
də o nöqtədə
axtarmalıyıq. Yəni, Qərb
razılaşdırılmış bir şəkildə Ukraynanın taleyini Almaniya vasitəsilə çözməyə çalışır.
Angela Merkelin Vladimir Putinlə danışıqlarda
məsələni çözmək
istəməsi bu amillərə bağlıdır.
Lakin Ukrayna kifayət qədər böyük olduğu üçün
Avropanın mədəsi
onu tam şəkildə
həzm edə bilmir. Ona görə də
mövcud olan müxtəlif ssenarilərə
əsasən Ukraynanın
bölünməsi reallaşa
bilər. Bu məsələyə
Azərbaycanın nə
aidiyyatı ola
bilər? Burada birbaşa və
dolayı əlaqələr
mövcuddur. Söhbət ondan gedir ki,
Azərbaycan Avropanın
“Şərq Tərəfdaşlığı”
proqramı - yaxın qonşuluq siyasətinə
Ukrayna və Gürcüstana qədər
dəstək verməyib.
Bu Qərbi razı
sala bilməzdi. Onun qarşılığı olaraq
təzyiqlər başlanılıb.
Bunun nəticəsində bütün
beynəlxalq medianı
Azərbaycana qarşı
qaldırıblar. Həmin medialar
söz və ifadə azadlığından
danışdığı halda bir əl
işarəsi ilə Azərbaycanı hədəf
seçərək bizim
üzərimizə informasiya
seli yağdırırlar”.
Z.Oruc bildirib ki, Ermənistana münasibət Qərbin davranışlarının bir
indiqatoru, diaqnoz elementi rolunu oynayır: “Bəlkə də bir neçə
gün əvvələ
qədər hesab olunurdu ki, Azərbaycan
özünü müdafiə
etmək üçün
bu arqumentləri ortalığa atır. Ancaq son üç gündə Ermənistanda yaşanan hadisələr regionu dünyanın diqqət mərkəzinə çevirib.
Bunun beynəlxalq mediaya necə yansıdıldığına
diqqət edin. Əgər bizim ölkəmizdə bu hadisələrin yüzdə biri yaşansaydı təsəvvür
edin ki, nə reaksiyalar doğuracaqdı. AŞ PA-da əleyhimizə qətnamələr qəbul
edildiyi, bizimlə tələbnamələr dili
ilə danışıldığı
dövrdə Ermənistanda
xalq öz azadlığı uğrunda
mübarizə aparır
və xeyli insan qanı axıdılır. Erməni xalqı
Avropa qurumlarından
real dəstək istəyir.
Lakin heç bir qarşılıq verilmir,
sanksiyalar qəbul olunmur. Ermənistan hakimiyyətinin azərbaycanlılarla
yanaşı, öz xalqına da ağır zərbələr
vurması faktı kənara qoyulur. Bunun əvəzinə Azərbaycanda
dörd-beş nəfər
bütün hadisələrin
fövqünə qaldırılır.
Almaniya bundestaqında Ermənistan
sonuncu dəfə nə vaxt müzakirə
olunub? Bununla bağlı hər
hansı bir tarixi oçerk, real nümunə varmı ki, onu təqdim
edib balanslı mövqelərini göstərsinlər?
Yoxdur.
Biz daha çox
onun şahidiyik ki, birtərəfli qaydada Azərbaycan hədəf seçilir.
Qərbin məqsədi dövlətimizi
anti-Rusiya blokuna qoşmaqdır. Ancaq ümidvaram
ki, Almaniyada realist qüvvələr çoxdur.
Onlar ölkəmizin regional əhəmiyyətini
dərk edirlər.
Angela Merkelin özü
də Azərbaycan Prezidenti İlham Əliyevə loyal və bir sıra hallarda
istiqanlı münasibət
sərgiləməkdə idi.
Lakin düşünmürəm ki,
sonrakı hadisələr
birbaşa Almaniyadan qaynaqlanır. Burada kənar
iradələr də
var. Bu sifariş daha yuxarılardan hazırlanıb.
Hesab edirəm ki, bu mövsümi kampaniyadır. Bir müddətdən
sonra görəcəyik
ki, bütün bunlar arxada qalıb”.
Siyasi İnnovasiya
və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu hesab edir ki, alman
xalqının azərbaycanlılarla
münasibəti hər
zaman yaxşı olub. Onun sözlərinə
görə, Azərbaycan
xalqı da həmişə almanlara simpatiya ilə yanaşıb: “Əksər
hallarda bizim şüurumuzda avropalı
deyəndə alman başa düşülüb.İlk
dəfə Azərbaycanda
dəmiryolu xətti çəkən, mədənlər
yaradan da almanlar olub. 19-cu
əsrin ortalarından
bugünə qədər
almanlarla azərbaycanlıların
münasibətləri həmişə
intensiv səciyyə daşıyıb. Hətta Azərbaycan
yenicə müstəqillik
əldə etdiyi dövrlərdə Heydər
Əliyev Dağlıq
Qarabağ münaqişəsi
üzrə həmsədrlik
institutuna Almaniyanın
da qoşulması üçün böyük
güc sərf edib. O cümlədən,
almanların da Azərbaycana qarşı münasibəti müsbət
olub. Lakin Almaniya o zaman
geosiyasi reallıqları
əsas götürərək
ATƏT-in Minsk qrupundan həmsədr
kimi iştirak etməyib. İndi ABŞ və dünyanın
digər dövlətlərində
bilirlər ki, Azərbaycan xalqının
ictimai şüurunda Avropaya giriş Almaniyadan keçir. Ona görə də mümkün qədər çalışırlar ki,
Azərbaycanın Qərbə
girşinin qarşısını
almaq üçün
almanlarla azərbaycanlılar
arasında narazılıq
yaratsınlar. Bu baxımdan da Almaniyanın hazırda Avropada anti-Azərbaycan kampaniyasına rəhbərlik
etməsi təsadüfi
deyil. “Avroviziya”
mahnı müsabiqəsi
vaxtında da Azərbaycana qarşı çirkin təbliğatın
əksəriyyəti alman
mətbuatı və siyasətçiləri vasitəsiylə
həyata keçirilib”.
Dünyada bu cür kampaniyaların mərkəzində ABŞ dayandığını bildirən politoloq əlavə edib ki, Almaniyada bir qrup siyasətçi, mətbu orqan və QHT-lər hesab edirlər ki, Avropanın, ümumilikdə bütün dünyanın sahibi ABŞ-dır: “Onlara görə, Vaşinqtonun sözü Berlinin sözündən daha kəsərlidir. Bizdə də bu cür kosmopolitlər var ki, dövlətin müstəqilliyinin qorunmasını ya Türkiyə, ya Rusiya, ya da İranla əlaqələrin möhkəmləndirilməsində görürlər. Ona görə də, təəccüblü deyil ki, onların da daxilində öz dövlətinə bağlı olmayan kosmopolitlər var. Belələri Avropada Almaniyanın deyil, ABŞ-ın söz sahibi olduğunu düşünürlər. Bu cür fikirdə olan alman siyasətçiləri, dövlət adamları çalışırlar ki, Almaniyanın deyil, ABŞ-ın xoşuna gələn addımlar atsınlar. Onlar Amerikada bir qrup siyasət adamının Azərbaycana qarşı qarayaxma kampaniyası apardığı üçün buna dəstək verməyə başlayıblar. Bunun nəticəsidir ki, Almaniyada Azərbaycan əleyhinə iclaslar keçirilir və mənfi fikir formalaşdırılır. Lakin bu cür kampaniyalar müvəqqəti xarakter daşıyır. Xatırladım ki, 2012-ci ildə “Avroviziya” mahnı müsabiqəsi zamanı Almaniyanın Azərbaycana qarşı qərəzli mövqeyi bu ilin yanvar ayında Angela Merkellə İlham Əliyevin görüşündən sonra aradan qalxıb və dövlət rəhbərimizin həmsədrlik institutuna dəvətini kansler müsbət qarşılayıb. Ona görə də hesab edirəm ki, Almaniyanın Azərbaycana qarşı neqativ münasibəti yüksək səviyyəli rəsmilərin iştirakı ilə yaranan ilk təmasa kimidir. Təmas yaranan kimi münasibətlər yenidən öz qaydasına düşəcək”.
Politoloq Qabil Hüseynli qeyd edib ki, AŞ PA-nın qəbul etdiyi qərar normal məntiq və təfəkkürə sığmır. O bildirib ki, bu qurumdur bir neçə ay bundan əvvəl Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə qəbul edib: “Üstəlik də bu yaxınlarda Böyük Yeddiliyin toplantısında İkinci Dünya müharibəsindən bu yana formalaşan dövlət ərazilərinin dəyişdirilməməsi barədə qərara bundan sonra əməl edilməsi məsələsi qaldırılıb. Yəni, ərazi bütövlüyü məsələsi digər hüquqi normalardan üstün tutulub. Ən başlıcası isə bu günlərdə Avropa Parlamentinin qəbul etdiyi qərarın əsas hissəsində qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazisinin iyirmi faizinə nəzarət edir. Lakin həmin qərarda işğal sözü işlədilməyib. Halbuki, nəzarət etmək işğal faktı deməkdir. Buna qədər də Avropa Parlamenti, Avropa Şurası, BMT-nin qətnamələri, Böyük Yeddiliyin qərarı və beynəlxalq hüquq normalarında ərazi bütövlüyü məsələsi xalqların öz müqəddəratını təyinetmə prinsipində üstün tutulub. İndi birdən-birə AŞ PA-da erməni deputatların Azərbaycan əleyhinə verdiyi təklif alman və onlara yaxın olan siyasətçilərinin dəstəyi ilə qəbul olunub. Bu o deməkdir ki, bu alman siyasətçilər öz dövlətinin verdiyi qərarların ziddinə gedir”.
Q.Hüseynli bildirib ki, Azərbaycanın Almaniya və digər dövlətlərin diktəsi ilə oturub durmamasına görə həmin siyasətçilər beynəlxalq hüququn əleyhinə qərar çıxararaq dövlətimizdən qısas alırlar: “Bu sözün həqiqi mənasında rüsvayçılıqdır. Beynəlxalq hüququn prinsiplərinin ziddinə getməklə onlar ikili standart siyasəti həyata keçirdiklərini, xristian təəssübkeşliyi ilə hərəkət etdiklərini sübut ediblər. Hesab edirəm ki, Azərbaycanın BMT və digər yüksək instansiyalara şikayət etmək hüququ var. Bu məntiqsiz qərar ləğv edilməlidir. Azərbaycanın Dağlıq Qarabağ torpaqları və ətraf yeddi rayonu işğala məruz qalıb, 1 bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var, ölkəyə 350 milyard dollar dəyərində ziyan dəyib. Bu qədər faktı görməmək mümkünmüdür? Onlar hansı əsas, hansı məntiqlə belə bir qərarı qəbul edirlər? Bu qərarın qəbulunda iştirak edən siyasətçilərin AŞPA və digər beynəlxalq qurumlarda təmsil olunmağa haqqı yoxdur. Azərbaycan bu məsələnin axırına gedib çıxmalıdır. Bizim onları ifşa etmək üçün əlimizdə kifayət qədər dəlil-sübut var”.
Ceyhun
ABASOV
525-ci qəzet.- 2015.- 26 iyun.- S.7.