Təkrarsız səs, misilsiz avaz və yanğılı "Laçınım" harayı

 

KİVDF Layihəsi

Oxunub: 97 dəfə

                   Facebook    Twitter    MySpace    Google a - A +

 

03.03.15   13:40

Təkrarsız səs, misilsiz avaz yanğılı "Laçınım" harayı<b style="color:red"></b>

Ata, ana, bacı qardaşlar əzizlərinin itkisi üçün qəmə batarlar, ağlayarlar, sızlayarlar, ah-nalə edərlər, ürəklərinin yanğısını, alovunu bir azca da olsa ovundurmağa çalışarlar. Səbrlə, təmkinlə, yavaş-yavaş təsəlli ilə dözərlər.

 

Bəs onda dilsiz, ağızsız dağlar, daşlar neyləsinlər?

 

Deyirlər, təbii fəlakətlər təbiətin ah-naləsidir, daş daşdan ayrılanda, qopanda, öz yerini dəyişəndə, torpaqların bir haldan başqa hala düşməsi, susuzluqdan üzü cadar-cadar olması, parçalanması, od, alov bütün canlını yandırıb külə döndərməsi onların pis günlərindən xəbər verir...

 

Laçın dağlarının ah-naləsindən Həkəri çayı coşaraq qan-qırmızı yaşlar axıdır, yəqin. Axı bir ildən artıqdır ki, Məhəbbətin yanğılı səsi, Vətən həsrətli, "Laçınım", "Laçınım" mahnısını oxumur, onun səsi daha dağlara çatmır...

 

Məhəbbət Laçından ötəri, dağların, Həkərinin görüşünə getmək üçün 22 il idi ki, ah-nalə edirdi, özünü dağlara, daşlara çırpırdı, ürəyindəki niskili, Vətən həsrətini "Laçınım, Laçınım" deyib hayqırırdı, yanıqlı-yanıqlı haray edirdi, zənguləsində haraya çevrilirdi, dağlara haray salırdı, oxuyurdu, yanıqlı-yanıqlı oxuyurdu, ürəkdən oxuyurdu ki, onun harayı Laçın dağlarına qədər gedib çata bilsin...

 

Bu haray, düz 22 il idi ki, Məhəbbətin səsində, dağlara, dərələrə haray salmışdı. Bu harayla göydəki köçəri quşları da göylərdə qanad saxlamağa məcbur edirdi, qanad saxlayan quşlar da bu ah-naləyə, Laçın dağlarına çatdırırdı, bəlkə ona görə dağların bağrı qan olmuşdu, qışı qış, baharı bahar idi Laçın dağlarının...

 

Qırxqız dağları, Kotan qaya 22 il idi ki, bu haraya hay vermək üçün o qədər zirvədən yollara boylandılar ki, gözləri yollara dikili qalmışdı. Ona görə zirvələrdən-zirvələrə, dərələrdən-dərələrə  Məhəbbətin səsi əks-səda verərək oralarda didərgin düşmüşdü. Hər dəfə meh əsəndə pıçıltı ilə zümzümə edirdi o yerlər...

 

Məhəbbətin "Laçınım, Laçınım" mahnısı, könül, ürək işidir, o könül, o ürək ki, gülə, çiçəyə bənzəri vardır, üstündəki xarı bir çox hallarda onun əzəmətini, qeyri-adiliyinə işarədir. Könlümüzün, ürəyimizin yarası, xalı var. Düşmən yarası bildiyiniz bu yara ürəyim izin tellərini kaman, tar telləri kimi hey sızladır. Onun "Şur"u, "Çahargah"ı, "Mənsuriyyə"si var. Dərdimizin mənsuriyyəsinə çatmaq üçün Məhəbbət sağlığında çalışdı, "vuruşdu" özünü pərvanə kimi oda, alova vurdu...

 

Ta bu gündən belə kimlər "Laçınım, Laçınım" mahnısı oxunsa da, o haray Laçın dağlarına qədər gedib çata bilməz. Çünki 22 il idi, o dağlar bu nəfəsə öyrənmişdi, bu avaza alışmışdı... O dağlar ki, bulaqları Dəlidağ silsiləsindən, Nərdivan, Qırxqız sıra dağlarından, Kotan qaya dərəsindən mənbə götürərək Nağdalı, Ələkçi, Şamkənd, Çorman, Piçənis kənd çaylarını əmələ gətirir, çayqovuşanda Şəlvə çayına qarışırdı, ondan sonra Həkəri çayına qoşulmağa tələsirdi...

 

Belə saf su mənbəyindən su içənlər gözəl abı-havası olan dağların qoynunda məskən salan, burada doğulan, boya-başa çatan hər bir kəs öz halal əməyi ilə yaşamağa adət etmişdi, həmin kəslərdən pis niyyət, pis amal gözləmək olmazdı.

 

Laçın rayonu Şamkənd sovetliyinin Aşağı Çorman kəndində yaşayan sakinlər fərdi təsərrüfatda mal-qara, qoyun-quzu saxlamaqla məşğul olardılar. Burada köhlən atı olmayan ailə yox idi, ondan minik yük üçün istifadə edərdilər. Allahverdi ata ilə Südabə ananın xoşbəxt bir ailəsi vardı. Onların ocağında 4 oğlan, 8 qız dünyaya gözlərini açmışdı. Oğlanların arasında Məhəbbət seçilirdi, çılğın, dəliqanlı idi, ürəkli, qorxmaz olduğu üçün bəzən valideynləri, söz arası ona deyərdilər ki, "yetənə yetir, yetməyənə daş da atır". Şamkənd orta məktəbində şagird kimi yaxşı səsinə görə, tədbirlərdə bədii özfəaliyyət kollektivinin fəal üzvü kimi zövqlə-şövqlə mahnlar oxuyardı. Təbiətin vurğunu idi. Atası onu meşəyə göndərəndə də, bulaqların üstünə gedəndə də səsi, məlahətli avazı eşidilərdi, onun səsindən hamının xoşu gələrdi, hər kəs istəyərdi ki, Məhəbbətin oxuduğu nəğmələrə bir də qulaq assın.

 

Ailə 1969-cu ildə Laçın şəhərinə köçməli olmuşdu. Məhəbbət burada təhsilini davam etdirmiş, SSRİ  Silahlı Qüvvələrində xidmət etmişdi. Həmişə şən, xoş mahnılar, həzin nəğmələr oxuduğuna görə onu istəyənlər, sevənlər məsləhət görmüşdülər ki, Bakıda musiqi təhsili alması vacibdir. Ona görə də 1977-ci ildə Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil almaq üçün müsabiqədə iştirak etdi. Münsiflər heyəti bu istedadlı gəncə böyük etimad göstərdilər. Məhəbbət Kazımov tezliklə musiqinin sirlərinə bələd olmuş, ən çox sevilən müğənnilərdən biri kimi tanınmışdı.

 

Görkəmli musiqiçi Nəriman Əliyev, görkəmli xanəndə Ağaxan Abdullayev imtahan zamanı tələbələr arasında Məhəbbət Kazımovun xüsusi seçildiyini demişdilər.

 

Məhəbbət Kazımov Azərbaycan musiqi sənətində öz dəst-xətti, fərqli ifası ilə yer tutdu, özünəməxsus sənət dünyası yaratdı.

 

Yeni-yeni müğənnilərimiz görürük ki, Məhəbbət Kazımovun yoluna can atırlar, ancaq "Laçınım, Laçınım" mahnısını Məhəbbət kimi o avazla, o ürəklə oxuya bilmirlər. Qeyd edim ki, "Laçınım, Laçınım" mahnısının sözləri Osman Alıyevindir, misiqisi isə Məhəbbət Kazımova məxsusdur.

 

Bir dəfə el məclislərinin birində Məhəbbət müəllimə yaxınlaşdım, tanış olduq, fikirlərimi, xoş arzularımı bildirdim. Yaşdaş olmağımızdan istifadə edərək, sözarası məsləhət gördüm ki, Məhəbbət müəllim, xalqımız üçün laçınlılar üçün çox gərəkli sənətkarsınız, sağlamlığınızdan muğayat olun. Qayıtdı ki, məni yıxsa, elə Laçın həsrəti yıxacaq, qardaş. Fikir vermisənsə, "Laçınım, Laçınım" mahnısını oxuyanda mən Məhəbbət olmuram, başqa adam oluram.

 

Ürək-dirək vermiş, ərklə bir təşəbbüsümü bildirmişdim: "Bu gündən el məclislərində "Laçınım, Laçınım" mahnısına qol götürüb oynamaq qınansın. Həmin mahnı Laçın işğaldan azad  olunan günə kimi ancaq anım mahnısı, ayrılıq himni kimi səslənsin. Çox xoşuna gəlmişdi bu təşəbbüsüm. O gündən etibarən gözəl sənətkarımıza rəğbətim qat-qat artmışdı, çünki həqiqi vətənpərvər olduğuna bir daha inanmışdım. Məhəbbət Kazımov mənim üçün əvəzolunmaz musiqiçi, öz sənətində əlçatmaz zirvə, böyük vətənsevər kimi bu gün də yaşayır.

 

Ölməz müğənnimizin böyük ürəyi vardı, dostluğa sadiq, etibarlı idi. Bilirəm ki, onun sənətinə və şəxsiyyətinə hədsiz sevgisi olan dostları Habil Laçınlı, Natiq Dağlaroğlu Məhəbbət niskilini daha dərindən yaşayırlar, bu həsrət onları göynədir.

 

Məhəbbət Kazımov təkcə öz yaxınlarından, dost tanışlarından ayrılıb getmədi. O, bütöv bir eldən getdi, Azərbaycandan ayrıldı, ona tək laçınlılar yox, bütün azərbaycanlılar, sənətini sevən yüzminlər yas tutdular, yandılar.

 

Neçə vaxtdır ki, dağların gözləri yolda, qulaqları səsdə qalıb. Dərdlərinin üstünə bir də Məhəbbət dərdi gəlib dağların. Odur ki, dağların başına od ələnir, zirvəsində ildırımlar çaxnaşır, bu da onların Məhəbbət ayrılığından bir nişanədir. Ürəyi Laçın dağları boyda olan, dili "Laçınım, Laçınım" söyləməkdən qabar bağlayan görkəmli müğənnimizin -  Azərbaycan Respublikasının Əməkdar artisti Məhəbbət Kazımov kimi eloğlumuzun dünyasını dəyişməsi - bizə torpaq itkisini bir daha yaşatdı, daha da dərindən göynətdi.

 

Təsəllimiz isə oğluiki qızına parlaq, pak bir ata xatirəsi, xalqımıza isə bir-birindən gözəl ifalar, lent yazıları qoyub getməsi oldu. Ancaq bir dərd də budur ki, gözü yolda qalan Laçın dağlarına nə cavab verəcəyik, axı dağlar Məhəbbətin yolunu gözləyir, axı dağlar bizim yolumuzu gözləyir... Bu itki ürəyinə damdığı üçün rahatlıq bilməyən dağlar Məhəbbət itkisini insanlar qədər - bizim kimi səbrlə daşıya biləcəkmi, görəsən?

 

Əlac bir buna qalır ki, deyək: Başınız sağ olsun, dağlar! Məhəbbətsiz qalan xalqımızın başı sağ olsun! Allah ölməz sənətkarımız Məhəbbət Kazımova rəhmət eləsin!

 

Nemət BƏXTİYAR

525-ci qəzet.- 2015.- 3 mart.- S6.