Yaşar Kamal dünyasını dəyişdi
TV
kanalları acı bir xəbər yaydı: böyük
türk yazıçısı Yaşar Kamal uzun sürən
ağır xəstəlikdən sonra vəfat etmişdir.
Bu
böyük yazarla
bir neçə dəfə şəxsən
görüşmək mənə də nəsib olmuşdu.
Yaxın günlərdə işıq üzü görəcək
"Kərəm kimi" kitabımın bir bölümü "Nazımın
çağdaşları" adlanır. Bu bölümdən
Yaşar Kamala aid olan hissəni sonluğuna kiçik əlavəylə
oxuculara təqdim edərək Uca Tanrıdan Yaşar bəyə
rəhmətlər diləyirəm.
Nazım
Hikmətin ölümündən sonra SSRİ-yə gələn
və Bakıda gördüyüm ilk türk yazarları
Əziz Nesin, Yaşar Kamal və Məlik Cevdət Anday idi. Atam o vaxt Moskvadaydı, türk yazarlarla Moskvada
görüşmüşdü. Bakıda
Yazıçılar İttifaqının Natəvan klubunda onlarla
görüşə anamla bir yerdə mən də
getmişdim. Salon ağzınacan doluydu.
Qonaqlara çoxlu suallar verirdilər, doğrusu bu
sualların bir çoxuna görə xəcalət çəkiləsiydi. Belə cahil sualların
birindən sonra Əziz Nesin: Kendimi Ankarada bazi Universite
hocalarının arasındayım kimi gördüm-dedi.
İddialı
bir professorumuz: nədən müasir türk şeiri belə
pis günə qalıb? - deyə
soruşanda daha Yaşar Kamal dözmədi: - Nazım Hikməti,
Orxan Vəlisi, Məlik Cevdəti olan çağdaş
türk şeirinə nasıl da
kötü söyləmək olur? - dedi.
Bitəndən sonra Əkbər Babayevin vasitəsiylə
türk yazarları evimizə dəvət etdik. Əziz Nesinin
nə isə ayrı görüşü vardı.
Yaşar Kamal, Məlik Cevdət Əkbərlə atamgilə gəldilər.
Mən
dostlarımdan Emin Sabitoğlunu, Vaqif Səmədoğlunu,
gənc şairlərdən İsa İsmayılzadəni,
Ələkbər Salahzadəni də dəvət etmişdim.
İstəyirdim ki, Natəvan klubunda rastlaşdıqları mühafizəkar
çıxışlardan başqa şeirimizdə
yeni, çağdaş təmayüllərlə də
tanış olsunlar. Çox gənc olan, həm də kənddə
böyümüş İsayla Ələkbər bu məclisdə
bir az
sıxılırdılar, şeirlərini oxumaqdan
çəkinirdilər, kitablarını
götürmüşdüm, hərəsindən bir şeir
oxudum. Şeirləri açıq rəğbətlə
qarşıladılar. Bayaq Natəvan klubundakı
çıxışları xatırlayaraq Məlik Cevdət
"belə dönəmdən biz də keçdik - dedi - amma
sonda biz
yendik".
Vaqif Səmədoğlunun
iki misralıq şeiri
var:
Dayandırın
yer kürrəsini,
düşmək istəyirəm,
Bir
ağac əkin, kölgəsində öpüşmək
istəyirəm.
Sonra məlum
oldu ki, birinci misrada ifadə olunmuş fikir hansısa bir qərb
şairində də
var. Bu obraz Vaqifin sırf
müstəqil tapıntısı olsa da, bundan sonra o, həmin
misraları heç bir yerdə çap etmədi. Bizdəki görüş zamanı bu misraları
türk qonaqlara oxudum. Əvvəl tam
qavramadılar, axı "düşmək" Türkiyə
türkcəsində "yıxılmaq" deməkdir.
Sonra izah edəndə, özləri demiş
bayıldılar.
Məlik
Cevdətin yerindəcə çevirisi yadımda qalıb:
Durdurun
kürreyi-ərzi inmek istiyorum
- sonra gülüb
dedi : bu benim azeri şiirindən ilk çevirim olsun.
Emin
pianoda Azərbaycan xalq mahnılarını çalırdı. Qonaqları heç cür buraxmaq istəmirdik, onlar
da bu şeir, musiqi məclisindən ayrılmaq istəmirdilər.
İkinci
dəfə
Yaşar Kamalla İstanbulda görüşdük. Simonovun rəhbərliyi ilə Türkiyəyə səfərimiz
zamanı İstanbulda Sovet konsulluğuna dəvət olunanlar
sırasında Yaşar Kamal da vardı. Məni görəndə
qınadı: babanla annen İstanbula gelerkən ilk beni ararlar, sen neden aramadın?
Proqramımızın əsasən İstanbul
dışında olduğunu bəhanə gətirdim.
Konsulluqda qəbul zamanı "Cümhuriyyət" qəzetinin
iki lap cavan müxbiri mənə yanaşdı, nə üzərində
işlədiyimlə maraqlandılar. - Dədə Qorqud ssenarisi yazıram
- dedim. Gözləri bərəldi: - Nasıl? Bir
Sovet yazarı Dede Korkud konusunda (mövzusunda) əsər
yazarmı? İndi də mən təəccübləndim:
- Nədir ki? --Dede Korkud faşistlərin ilgiləndiyi
bir əsər-dedilər.
Bunu
Yaşar Kamala danışanda: - Bok yeyirlər - dedi.
Yaşar
Kamalın "babanla annen İstanbula gəldikdə ilk benimlə
görüşərlər" sözlərinin təsdiqini
Nigar Rəfibəylinin Türkiyə səfəri haqqında
yazdığı "Sağlıqla qal, yaxın
qonşu" yol qeydlərində
gördüm:
"Səhər yazıçı dostumuz Yaşar Kamal
yaşadığımız "Kavak" otelinə bizimlə
görüşə gəldi. Həmişəki kimi
səs-küylü idi. Bakı səfərini
xatırlayır, Qubaya getdiklərini yada salır, deyir,
gülür, şaqqıldayırdı. Nəşr
etdiyi "Ant" jurnalında keçən il
Nazımın ölümünün beşinci
ildönümü münasibətiylə xeyli material çap
eləmişdi. Jurnalı mənə təqdim edib: -Al,
şeirini oxu - dedi. Nazımın
ölümünə yazdığım "Bəşər
oğlu" şeirini jurnalın səhifələrində
görüb çox sevindim. Şeiri
olduğu kimi azərbaycanca nəşr etmişdilər. Səhifənin sonuna bir çox Azərbaycan
sözünün lüğəti mənasını
vermişdilər. Jurnalın səhifələrini
vərəqləyib gözucu öz şeirimi də oxumağa
başladım. Rəsul Yaşar Kamal ilə
şirin söhbətə girişmişdi. Rəsul
Ankarada "Ho" teatrında onun "Tənəkə" əsərinə
baxdığımızı söylədi, Yaşar: fəna,
fəna-deyirdi - məndən dramaturq çıxmadı. Sonra
söhbət "İncə Məməd" romanına keçdi, Rəsul
xəbər aldı:
- "İncə Məmədin" gerisini
yazdınmı?
-
Yazdım, əvət, ikinci, üçüncü kitab da
basıldı.
Başımı
qaldırıb xəbər aldım:
- Onlar da
birinci kitab kimi gözəldirmi?
- Birincidən
də gözəldilər - dedi.
-Müəllifin
öz əsərindən razı olması yaxşı iş
deyil ha! - deyə Rəsul zarafat etdi.
Hər üçümüz bərkdən
güldük".
Nazımın
son qadını
Vera Tulyakovanın xatirələri də yadıma
düşür. Nazım ona "İstanbula gedəndə
Yaşar Kamalla tanış olarsan - deyirmiş - çox mərd
adamdır, Parisdə mənimlə görüşməkdən
qorxmadı".
"Ən
böyük şairimiz" adlı məqaləsində
Yaşar Kamal yazır:
"Çağımızın böyük şairlərindən
Nazım Hikmət, bütün çağların da ən
böyük ustalarından biridir. Modern türk ədəbiyyatının
da atası, qaynağıdır. Nazım
Hikmət dilimizi zənginləşdirmiş, dilimizə yeni
dadlar gətirmişdir. 17 il xalqımızın
içində yaşaması onu xalqla bütünləşdirmişdi,
böyük xalq
qaynağıyla aşılamışdır. Bu aşılanma onu bir Yunis İmrə, bir Pir Sultan
Abdal, bir Qaracaoğlan, bir Dadaloğlu yapmışdır.
Nazım Hikmət böyük xalq ozanlarının son
halqası olmuşdur... Bizim şeirimizdə
olduğu qələr hekayəmizdə, romanımızda da
Nazım Hikmətin böyük təsiri vardır. Əgər bizim ədəbiyyatımızda Nazım
Hikmət çapında bir yol göstəricisi gəlməsə
idi, ədəbiyyatımız bu səviyyəyə
çıxmazdı. Bir ölkənin ən böyük
şairini, bir ölkənin dilinin yaradıcılarından ən
böyüyünü kim vətəndaşlıqdan
məhrum edə bilər? Gələcək nəsillər bir
tək Nazım Hikmət hadisəsinə görə bizi
bağışlamayacaqdır... Bir ölkənin ən
böyük şairini sən 17 il həbslərdə
çürüt, ondan sonra da onu öldürməyə qalx,
onu qaçmaq məcburiyyətində burax, ardından get onu vətəndaşlıqdan
at, o da getsin qürbət ellərdə vətən həsrəti,
dilinin həsrəti içində ölsün. Bir insana,
özü də ən böyük şairinə bizim ölkəmizin
siyasətçilərinin etdiyini bütün
çağların ən azğın, ən dəliqanlı
diktatorları belə etməmişdir..."
Yaşar Kamalın "İncə Məməd" də,
başqa romanları da çağdaş Türkiyə ədəbiyyatının
ən dəyərli örnəklərindəndir şübhəsiz,
həm də dünyaca tanınan əsərlərdir. "İncə Məməd"də
bir saf dağ
havası duyulur, dağ
övladlarının azad,
sərbəst, müstəqil davranışları çox
incə boyalarla əks olunub. Yaşar Kamalın özü də müstəqil
düşüncəli, hərəkətlərində sərbəst
adamdır. Onun nə qədər kürd mənşəli
olduğunu bilmirəm, bilərəkdən, qəsdən
özünü bəzən kürd adlandırması məncə
ancaq bir növ
etiraz idi. Çağdaş türk
nasirləri arasında Yaşar Kamal qədər türk dilinin
bütün incəliklərinə bələd olan, türk
folklorunu onun qədər sevən, hətta toplayıb nəşr
edən ikinci bir yazar tanımıram. Doğrudur
bəziləri Yaşar Kamalın kürd təəsübkeşliyini
Nobel mükafatı almaq iddiasıyla bağlayırdılar,
amma Yaşar Kamal bu bəyanatlarsız da həmin mükafata
çoxdan layiq olan sənətçidir. Elə
Nazım Hikmətin özü kimi. Təəssüf
ki, bu mötəbər mükafat bəzən bədii dəyərlərə
görə deyil, siyasi konyukturaya əsaslanaraq verilir.
Yaşar Kamal yalnız Türkiyədə baş verən hər
hansı ədalətsizliyə
qarşı çıxmır, dünyanın hansı yerində
olur olsun hər haqsızlığa
biganə qala bilmir.
O vaxt Türkiyə Yazarlar
Sindikatının Başqanıydı. Sindikatı ziyarət
etdiyim zaman Yaşar Kamal, o vaxtkı müavini Bəkir
Yıldız və başqa bir neçə
yazıçı bir məsələni ciddi şəkildə müzakirə
edirdilər. Diktatura rejimi hökm sürən
hansısa ölkədə (yadımda qalmayıb ya Latın
Amerikası, ya ərəb ölkəsiydi) öz əsərlərinin
çapına izn verməmək barədə
danışırdılar. Yazarlardan biri o dövlətin
siyasətinə protest olaraq öz əsərini nəşrinə
qadağa qoymaq istəyirdi, Yaşar Kamalın da əsərinin
çəkilməsini ( məhz
"çəkilmək" istilahını işlədirdilər)
təklif edəndə o razılaşmadı. Əksinə, qoy
bizim əsərlər bu ölkələrə də yol
tapsın ki, oranın
da xalqını
oyatsın, əsərlərimizi geri çəkməklə
nə qazanırıq? Guya o diktatorlar bundan üzüləcəklər?
Yaşar
Kamal Bakıya Nəsimi yubileyinə də gəlmişdi və yubiley gecəsində öz çıxışından
başqa bütün məruzələrin, nitqlərin rus
dilində olmasından çox rəncidə olmuşdu.
Sonuncu dəfə
Yaşar Kamalı
1993-cü ildə, İstanbulda Memar Sinan
Universitetində işlədiyim
zaman gördüm - Türkiyə Yazarlar Sindikatının mart
ayının 20 və 21-də
keçirilən VIII qururultayında... Qurultaya məni
o zaman Sindikatın Yaşar Kamaldan sonra Başqanı
seçilmiş Oqtay Akbal dəvət etmişdi.
Yaşar Kamalla, Əziz Nesinlə səmimi
görüşdük.
Qurultayı
Oqtay Akbal açdı, qurultaylar arasında Sindikatın fəaliyyəti
haqda hesabatda Sindikatın Azərbaycanla bağlı
keçirdiyi üç tədbir xüsusi qeyd olundu: 1992-ci il
martın 5-də Azərbaycan Yazıçılar Birliyinin
Türkiyədə təmsilçisi Tofiq Məliklinin təşəbbüsüylə
Qarabağ faciəsinə həsr olunmuş toplantı, 1992-ci
il mayın 4-də Anarın, Nəbi
Xəzrinin və Tofiq Məliklinin iştirakıyla
keçirilmiş, Azərbaycan-Türkiyə
ədəbi əlaqələrinin genişləndirilməsinə
aid toplantı və "Qaraca" teatrında Azərbaycanla bağlı tədbir...
Məruzədən sonra qonaqlardan üç nəfər
çıxış etdi: Türkiyənin Kultur bakanı Fikri
Sağlar, Cümhururiyyət Xalq partiyasının
başqanı Dəniz Baykal və mən.
Çıxışımda
qurultay
iştirakçılarını Azərbaycan
Yazıçılar Birliyi adından təbrik etdim. Qarabağ
dərdimizdən danışıb, işğal edilmiş
torpaqlarımızın tezliklə azad olacağına ümid
bəslədiyimizi dedim:
"Bu ümid bu gün ağır, soyuq qışdan sonra qan və göz yaşları çilənmiş Azərbaycan çöllərində qarların altından baş qaldıran fidanlar kimidir, novruzgülü, nərgiz, bənövşə kimidir. O bənövşə ki ona XVI əsrin böyük azəri aşığı Qurbani ölümsüz misralar həsr edib.
Qurbanı der: könlüm bundan sayrudur
nə etmişəm, yarım məndən ayrıdır
ayrılıqmı çəkib boynu əyridir
heç yerdə görmədim düz mənekşeni.
Mən bu bəndi yalnız iki hərfi dəyişərək oxudum: Siz "mənekşə" deyirsiniz, biz "bənövşə". Eyni kökdən, eyni qaynaqdan olan dillərimiz arasında XVI əsrdə də, ondan əvvəl və sonra da çox az fərq olub".
Çıxışımdan sonra Yaşar Kamal məni bağrına basaraq təbrik etdi və Qurbaninin misralarını bir daha təkrar etməyimi xahiş etdi.
Canlı Yaşar Kamalla bir daha görüşmək mənə müyəssər olmadı, amma hər dəfə İstanbulun Atatürk hava alanından şəhərin mərkəzinə tərəf gələrkən Yaşar Kamalın Boğaz sahilində ucaldılmış abidəsinin önündən keçir və bir daha onu xatırlayıram. Bu heykəl Yaşar bəyin sağlığında ucaldılmışdı və sahilin başqa səmtində, Bəbəkdə bir yamacda əyləşmiş daş Orxan Vəli kimi, indi heykəlləşmiş Yaşar Kamal da İstanbulu dinləyir. Əbədi ünvandan... Səssiz-səmirsiz...
Türkiyə türkləri yazı İlk bahar adlandırırlar.İlk bahar dünyaya qədəm qoyduğu çağda, qış yuxusundan oyanmış torpaqda zərif bənövşələr - mənekşeler baş qaldırdığı günlərdə qardaş dillərimizin böyük söz ustasını itirdik. Ölməz əsərləri, parlaq surəti, işıqlı xatirəsi daima qəlblərimizdə yaşayacaqdır.
1 mart 2015
ANAR
525-ci qəzet.- 2015.- 3 mart.- S 4.