Fəttah Heydərov:"Millət
öz kökündən qopmamalıdır"
"AZƏRBAYCAN XALQI HƏMİŞƏ ÖZ MƏNƏVİ DƏYƏRLƏRİNİ QORUMAĞA QADİRDİR"
Azərbaycan
Ağsaqqallar Şurasının sədri, Milli Məclisin
Hesablayıcı komissiyasının sədri Fəttah Heydərovun
"525"ə müsahibəsi
- Fəttah
müəllim, siz millət vəkili, siyasətçi, uzun illər
müxtəlif rəhbər vəzifələrdə
çalışmış bir şəxs olmaqla
yanaşı, həm də ədəbiyyat, mədəniyyət
xadimisiniz. Uzun illər bu sahədə
çalışmısınız, nazir vəzifəsinədək
yüksəlmisiniz. Bu baxımdan, Azərbaycan
mədəniyyətinin, Azərbaycan mədəni, mənəvi
və ədəbi mühitinin durumunu necə dəyərləndirirsiniz,
onu qənaətbəxş hesab etmək olarmı? Xüsusilə, şou-biznesin, həmçinin, son
20-30 ildə yeni yaranan informasiya-kommunikasiya vasitələrinin
mədəni, mənəvi, ədəbi proseslərə
güclü təsir etdiyi bir dövrdə bu yöndə
itirdiklərimiz çoxdur, yoxsa qazandıqlarımız?
Bütövlükdə Azərbaycan insanı
öz kökündən, öz ruhundan qoparılmayıb ki?
- Zaman bir
istiqamətlidir. Saat həmişə irəliyə
işləyir. Zaman geri qayıtmır.
Bugünkü ədəbi, mədəni
mühiti, eləcə də cəmiyyətdə baş verən
hadisələri, gündəlik həyatı əhatə edən
məsələləri izləyirəm, müqayisə edirəm.
Mətbuatdır, radiodur, televiziyadır, digər
informasiya-kommunikasiya vasitələridir, kinodur və sairə,
bunları izləməyə, müqayisə etməyə
imkanlarım var. Uzun illər bu sferanın içərisində
olmuşam. Azərbaycan ədəbiyyatının
və mədəniyyətinin ən görkəmli nümayəndələri
ilə bir sırada çalışmışam, onlarla
ünsiyyətim olub. Onların fikirləri ilə tanış olmuşam, əsərlərini
oxumuşam. Dünya ədəbiyyatını
mütaliə etmişəm. Bu baxımdan,
sizin verdiyiniz bu sual sizi necə düşündürürsə,
məni də o elə düşündürür. Amma zaman bir istiqamətli olduğuna görə mən
müqayisədə heç vaxt radikallığa yol vermək
istəmirəm. Məsələn, Mirzə
Ələkbər Sabirin dövrünü götürək.
Yeni bir epoxa başlamışdı o zaman və
Azərbaycanda keçmiş təhsil sistemindən yeni təhsil
sisteminə keçilmişdi. İnsanların
həyat tərzində yenilik var idi. Azərbaycan əhalisinin
98 faizi, demək olar ki, savadsız idi, yerdə qalan 2 faizi
oxumuş və ali təhsilli, yaxud da ali təhsilə
yaxın təhsil almış ziyalılar idi. Belə
bir mühiti bu gün gözümün qabağına gətirirəm.
O vaxtları Sabir bunları kəskin tənqid edirdi.
Özü də bunu satira ilə tənqid edirdi.Yaxud elə o
dövrdə Seyid Əzim Şirvani də, ondan sonra davam edən
Cəlil Məmmədquluzadə də, Abdulla Şaiq də,
başqaları da dövrün çatışmazlıqlarını
tənqid edirdilər. O dövrün insanları həmin
keçid dövrünü öz əsərləri ilə -
poemalar, romanlar, povestlər şəklində göstərmək,
cəmiyyətə çatdırmaq, satira ilə
qamçılamaq, o dövrü normallaşdırıb müəyyən
səviyyəyə çatdırmaq istəyirdilər. Məsələn, o zamanlar təzə məktəb
açılmışdı, Sabir nə deyirdi? Köhnə fikirli, köhnə təfəkkürlü
vətəndaş gedir görür ki, məktəbdə
uşaqlar dərs oxuyurlar. Sabir də öz qələmi,
öz satirası ilə bunu belə təsvir edirdi:
Vah!.. Bu imiş
dərsi-üsuli-cədid?!
Yox...x!
Yo...x! oğul,
məktəbi-üsyandı bu!
Molla deyil
bundakı təlim edən!
Əlhəzər
et,
bir yeni
şeytandı bu!
Dur
qaçaq, oğlum,
baş-ayaq qandı bu!..
Yəni, o vaxtlar bu cür yanaşma vardı. Amma zaman keçdikcə, həmin
dövrdə təhsil alan adamlar Azərbaycan
elminin, Azərbaycan mədəniyyətinin, Azərbaycan mətbuatının,
eləcə də digər sahələrin inkişafında
çox böyük rol oynadılar və bu nisbət dəyişməyə
başladı. Azərbaycanda savadsızlıq
zaman keçdikcə ləğv olundu. Bundan sonra yeni
quruluş başladı, Sovetlər İttifaqı
quruluşu...
- O
quruluşun ziyanları çox oldu, yoxsa? Çünki
o quruluş Azərbaycanın müstəqilliyinə son qoydu və
sairə.
- O
quruluşun adı sosializm idi. Yəni, məsələlər
sosial baxımdan həll olunurdu. Eyni zamanda,
bir quruluşdan o birisinə keçmək heç də asan
olmur, yəni, inqilablar da qanla olur, inqilablar da qurbanla olur.
Bu məsələlər var idi. Sonra müharibələr oldu, Birinci Dünya
müharibəsi, ondan sonra davamı olaraq İkinci Dünya
müharibəsi və sair. Amma həmin
dövrdə də yenə mədəniyyət, elm, təhsil
öndə qayandı və cəmiyyəti bu bəlalardan
xilas edib, yeni inkişaf mərhələsinə
çıxardı. Şəxsən mənim fikrimcə, həmin
dövrlər doğrudan da, Azərbaycan cəmiyyətinin
inkişafında çox böyük rol oynadı. Məsələn, icbari orta təhsil həyata
keçirildi. Bu, çox böyük bir
inqilab idi. Azərbaycan dilinin təkmilləşdirilməsi
sahəsində çoxlu dilçi alimlərimiz meydana gəldi.
Dilimizə ayrı-ayrı dillərdən müəyyən sözlər daxil edildi, Azərbaycan
lüğət tərkibində olan sözlərin
unuduluşları özünə qaytarıldı və yeni
istilahlar yarandı. O dövrdə Azərbaycan dilinin elmi
qrammatikası hazırlandı və məktəblərdə
tədris olunmağa başladı. Bu, çox
da kiçik məsələ deyildi və həmin o prosesi irəli
aparan, o prosesi yönlədən ziyalılarımız,
şairlərimiz, yazıçılarımız öz əsərləri
ilə buna xidmət edirdilər ki, Azərbaycan dili daha təmiz
olsun, daha anlaşıqlı olsun. O mərhələlər
inkişaf mərhələləri idi.
Sovetlər birliyi zamanı mərkəzin dili dövlət
dili olaraq, o birilərini bir qədər basqı altında
saxlayırdı. 1991-ci ildə müstəqillik elan
olunandan sonra isə bütün keçmiş respublikalar
öz talelərinə sahiblənmək hüququ, imkanı əldə
etdilər. Müstəqilliyini yenicə əldə
etmiş ölkəmizin taleyüklü məsələlərinin
həllində isə ən böyük rolu ulu öndər
Heydər Əliyev oynadı. O hələ 1969-cu ilin iyun
ayında Azərbaycanda hakimiyyətə gəldiyi ilk günlərdən
Azərbaycan dilinin saflığı uğrunda mübarizəyə
başladı. 1978-ci ildə Azərbaycan Konstitusiyasında
Azərbaycan dilini dövlət dili kimi təsdiq etdirdi.
Bu, çox böyük bir proses idi. Yəni, bu
gün biz deyəndə ki, o zaman necə idi, indi necədir,
unutmamalıyıq ki, o vaxtlar bu proseslər gedib. Bu proseslərin içərisində Azərbaycan
dilinin yenidən canlanması, mətbu dilin
yaxşılaşdırılması, siyasi dilin
saflaşdırılması da var idi. Azərbaycan
dili dövlət dili elan olunanda burada dövlətçilik məsələləri
öndə dayanırdı. Bir sözlə,
o zamanlar dövlətçilik terminləri, idarəetmə
terminləri hamısı artıq yüksək status
qazandı və Azərbaycan dili yenidən daha çox zənginləşməyə
başladı. Müstəqilliyimizin ilk illərində
isə bəzi məsələlərdə itkilərə yol
verdik, müəyyən qədər itirdik. İtirdiyimiz də nə idi? Birincisi,
15 respublikanın heç birində qonşu respublika ilə
münaqişə, torpaq münaqişəsi olmadı, amma
bizdə oldu. Bunun səbəbi isə o
vaxt Heydər Əliyevin Azərbaycanda olmaması idi. O
zamanlar demək olar, hər bir respublikanın digər respublika
ilə müəyyən ərazi mübahisəsi var idi. Ancaq orada ağsaqqalların öz yerində
olmaları, dövlətin başında duran şəxslərin
xalqla, millətlə, camaatla bir yerdə olması səbəbindən
onların heç birində bu münaqişələr
baş vermədi. Kimlərsə bu
münaqişələrə "təşəbbüs"
göstərsə də, o "təşəbbüslərin"
reallaşmasına yol vermilmədi. O zaman Heydər
Əliyevin Azərbaycanda olmaması, Azərbaycan
insanının, Azərbaycan dilinin, Azərbaycan mədəniyyətinin
qayğısına qalan bir şəxsiyyətin vətəndə
olmaması məhz bu fəlakətlərə gətirib
çıxardı. Ulu öndər yenidən
hakimiyyətə qayıdandan sonra Azərbaycanda ən müxtəlif
sahələrdə, o cümlədən, elm, mədəniyyət,
ədəbiyyat və incəsənət sahəsində yeni
inkişaf mərhələsi başladı və itirdiklərimizin
yenidən bərpa olunması mümkünləşdi. Nə
yaxşı ki, 2003-cü ildən bu yana da
ulu öndərin bu siyasəti davam etdirilir. Bizim
hörmətli prezidentimiz İlham Əliyev o siyasəti
uğurla davam etdirdi və bu gün biz qətiyyətlə deyə
bilərik ki, bu inkişaf çox müsbət bir məcrada
davam edir.
Cəmiyyəti, hər birimizi narahat edən məsələlərə
gəlincə, bunun çox böyük səbəbləri
var. Səbəblərdən biri ondan ibarətdir ki, dünyada
sürətlə qloballaşma prosesi gedir. Bu prosesdə ən
müxtəlif ölkələrdə, ən müxtəlif
yerlərdə kök salan hansısa vərdiş, adət
sürətlə hər yerə yayılır. Və insanlar da baxıb görürlər ki, hardasa,
siz dediyiniz kimi, bizim məfkurəmizə, bizim əxlaqımıza
uyğun gəlməyən hallara, məsələlərə
yol verilir, bunlardan istifadə olunur. Bunlar
hamısı iqtisadi, siyasi maraqlardır və mənəvi
maraqlar iqtisadi maraqlara qurban verilərək, beləcə bizim
həmişə qoruyub saxladığımız müəyyən
məsələlər yavaş-yavaş aradan qalxır. Bunlar nədir? Abır-həyadır,
ismətdir, məhəbbətdir, sevgidir, ailə münasibətləridir,
nəslin sağlam davam etdirilməsi, böyük-kiçik məsələləridir.
Tarixən bizdə, bütün Şərq aləmində
həmişə böyük deyəni kiçik eşidib.
Amma indi bir də görürsən bəzi məsələlərdə
bayaq dediyim informasiyalarla daha çox maraqlanan adamlar onunla
maraqlanmayan adamlara irad tuturlar ki, mən səndən çox
bilirəm. Halbuki informasiya elm deyil. Elm ayrı şeydir. Düzdür, informasiya
müəyyən mənada inkişafa müsbət təsir
edir, yəni, dərhal məlumat almaq, müqayisələr etmək,
ondan nəticələr çıxarmaq baxımından
lazımlı ola bilər, ancaq bir çox
məsələlərdə bunun ziyanlı tərəfləri
də var. Çünki o məlumatların əksəriyyətinin
elmə söykənməməsi onları bir qədər
sınıq-salxaq və etibarsız edir. Burada isə
əslində, hər şey bizim özümüzdən
asılıdır, insanlardan asılıdır. Deyək ki, insanların bir qismi
açıq-saçıqlığın tərəfdarıdır,
başqa bir qismi isə məfkurəmizə, əxlaqımıza
uyğun gəlməyən hallara qarşı olduqlarından
qapalılığı xoşlayır. Böyük
Yaradan Adəmlə Həvvanı yer üzünə göndərəndə
heç onların da vücudları
açıq-saçıq deyildi axı. Ancaq
indi elə insanlar var ki, açıq-saçıqlığa
həvəslə meyl göstərirlər. Bizim cəmiyyətimiz - Azərbaycan cəmiyyəti
isə hər halda buna hazır deyil və bunu qəbul etmir.
- Belə
olan halda, Azərbaycan xalqı öz milli və mənəvi sərvətlərini
axıradək qoruyub saxlaya biləcəkmi?
- Mənə
belə gəlir ki, həmin zərərli təşəbbüslər
ayrı-ayrı kənar, xarici qüvvələrin təsiri ilə
olur. Ancaq bütün hallarda Azərbaycan
xalqı öz mənəvi dəyərlərini qorumağa
qadirdir və bu dəyərləri axıra qədər qoruyub
saxlayacaq. Azərbaycan mənəviyyatı, Azərbaycan
adət-ənənəsi, Azərbaycan varlığı həmişə
özünü müsbət mənada göstərəcək
və bu iş davam edəcək. Xüsusilə, bizim indi
xarici ölkələrə ali təhsil almağa gedən gedən
tələbələrimiz var. Onlarla biz çox ciddi məşğul
olmalıyıq. Onların kökündən
ayrılmamasına biz yol verməməliyik. Kökündən
ayrılan adam yıxılmağa məhkumdur.
Məsələn, ağac yarpaqlanır, ağac
yaşıllaşır və ayağına baxır,
kökünə baxır ki, xoşuna gəlmir - bombozdur,
qapqaradır, filandır. Amma kökündən
qopandan sonra yaşıl yarpaqlar da yox olur. Millət
də belədir. Millət kökündən
qopmamalıdır. Millət öz
yaşıl yarpaqlarıyla sevinməlidir, amma
kökünü möhkəm saxlamalıdır.
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2015.- 3 mart.- S3.