"Zaman tuneli"nin təqdimatı olub

 

 

Ötən gün Yazıçılar Birliyində (AYB) gənc yazar Ramil Əhmədin aybkitab layihəsi çərçivəsində nəşr edilən "Zaman tuneli" kitabının imza günü keçirilib.

 

Birliyin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid gənc müəllifi təbrik edərək, həm onun haqqında, həm də aybkitab layihəsi barədə fikirlərini bölüşüb:

 

"Ramil Əhməd II Gənc Ədiblər Məktəbinin ən istedadlı üzvlərindən biridir, gözəl şeirlər müəllifidir, yaxşı mütaliəsi var. İnanıram ki, Ramil bundan sonra da öz üzərində çalışacaq, ölkənin ən yaxşı intellektuallarından, ən yaxşı ədəbiyyatçılarından biri olacaq. Aybkitab layihəsi çərçivəsində davamlı olaraq kitablar çap edilir. Bu silsilədən çap olunan kitabların həm burada, həm də kitabevim.az mağazasında imza günləri keçirilir. Kitabın təbliğ və təqdim olunması baxımından bu, çox maraqlı layihədir".

 

AYB-nin mətbuat katibi Xəyal Rza müəllifi olduğu layihə haqqında ətraflı məlumat verib:

 

"Bu layihə üzrə artıq 7-ci kitabın təqdimatı keçirilir. Aybkitab layihəsində çap olunan nəşrlər bununla yekunlaşmır, biz gələcəkdə layihəni genişləndirməyi düşünürük. Aybkitab stendlərinin həm regionlarda, həm də xarici ölkələrdə nümayişini planlaşdırırıq. Bununla həm kitabların satışına, həm də müəlliflərin təbliğinə dəstək verməyi nəzərdə tutmuşuq".

 

Professor Vaqif Yusifli ədəbiyyatda istedadı, sözü ilə seçilən gənclərin yazılarına həmişə diqqətlə yanaşdığını deyib:

 

"Cavan və istedadlı olmaq dünyanın ən xoşbəxt adamı olmaq deməkdi. Söz adamına layiq və lazım olan, bütün ömrü boyu onu öz arxasınca aparan qüvvə istedaddır. Mən Ramilin şeirlərində bu istedadı görürəm".

 

Təqdimat mərasimində Əkbər Qoşalı, İbrahim İlyaslı, Qəşəm Nəcəfzadə, Kəmalə Abiyeva, Elşad Ərşadoğlu, Qan Turalı Ramil Əhmədin yaradıcılığı ilə bağlı düşüncələrini bölüşüb, ona uğurlar arzulayıblar.

 

Sonda Ramil Əhməd qonaqlara minnətdarlığını bildirib, oxucular üçün kitab imzalayıb.

 

S.MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 4 mart.- S 7.