"İncəsənət və zərgərlik" sərgisi açılıb

 

 

Heydər Əliyev Mərkəzində "İncəsənət zərgərlik" (Art and Jewellery) sərgisinin açılış mərasimi keçirilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

 

Sərgidə məşhur "Stephen Webster" brendi tərəfindən Leyla Əliyevanın rəsmlərinin motivləri əsasında yaradılmış əsərlər nümayiş olunub.

 

Açılış mərasimində kolleksiyanı "Stephen Webster" şirkətinin qurucusu, dizayner Stiven Vebster təqdim edib.

 

Sərginin təşkilində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirən Stiven Vebster burada nümayiş olunan əsərlərin tarixçəsindən söz açaraq deyib: "Mənim üçün çox böyük şərəfdir ki, sizin hər birinizin tanıdığınız Leyla xanım Əliyeva ilə əməkdaşlıq etmişəm. Bu layihənin əsası dörd il bundan əvvəl Leyla xanım ilə mənim aramda kiçik bir söhbət əsnasında yaranıb. Həmin vaxt Leyla xanım məndən müasir incəsənət üslubunda zinət əşyalarının yaradılması haqqında düşündüyümü soruşmuşdu. Sonradan isə məndən müsahibə alan bir jurnalist Azərbaycan incəsənətinin motivlərini özündə əks etdirən zinət əşyalarını yaratmaq barədə fikirləşdiyimi xəbər almışdı. Deməliyəm ki, bu gün ərsəyə gələn bu layihə həmin müzakirələrin söhbətlərin təcəssümüdür. Bu gün burada siz bizim bu işin, mənim çalışdığım səylərin nəticəsi ilə tanış olacaqsınız. Ümidvaram ki, Leyla xanımın əsərləri əsasında yaratdığım zinət əşyaları sizin xoşunuza gələcək".

 

Stiven Vebster diqqətə çatdırıb ki, "mənim işim nədənsə ilhamlanaraq yaranan hekayəni danışmaq komandamı bunu qeyri-adi avanqard bir əsərə çevirməyə ruhlandırmaqdır".

 

Tədbir iştirakçıları sonra sərgiyə baxıblar.

 

"İncəsənət zərgərlik" sərgisi "İtaldizain Group" şirkəti ilə birgə layihə çərçivəsində təşkil olunub.

 

Heydər Əliyev Mərkəzində təşkil olunan sərgi martın 31-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 mart.- S7