"Bölgələrdən
paytaxta"nın növbəti tədbiri Qəbələyə həsr
edilib
Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta"
adlı yeni layihəsi Bakı sakinlərini regionların
sosial-iqtisadi inkişafı,
zəngin mədəniyyəti,
adət-ənənələri ilə tanış
etməkdir. Layihə çərçivəsində
növbəti tədbir
Qəbələyə həsr
olunub. Tədbir Bakı şəhər
Mədəniyyət və
Turizm İdarəsi və Qəbələ
Rayon Mədəniyyət və
Turizm şöbəsinin
birgə təşkilatçılığı
ilə martın 2-də
Azərbaycan Dövlət
Gənc Tamaşaçılar
Teatrında reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları
Qəbələ rayonunun
sosial-iqtisadi inkişafını,
zəngin mədəniyyətini,
adət-ənənələrini, mətbəx nümunələrini,
dekorativ tətbiqi sənət ustalarının
əl işlərini,
bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirib ki, son illərdə Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib: "Dövlət başçısı tərəfindən qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına təkan verən Dövlət proqramlarının icrası nəticəsində bölgələrdə çoxlu sayda yeni muzey, kitabxana, musiqi məktəbi, mədəniyyət mərkəzləri istifadəyə verilib, tarixi abidələrin bərpası istiqamətində mühüm işlər görülüb. Əlamətdar haldır ki, regionlarda respublika səviyyəli tədbirlərlə yanaşı beynəlxalq tədbirlərin təşkili ənənə halını alıb. Azərbaycanın qədim və zəngin mədəniyyətinin geniş təbliğ edilməsi, regionlararası mübadilənin gücləndirilməsi, bölgələrin mədəni və turizm potensialının nümayiş etdirilməsi məqsədilə cari il ərzində Bakı şəhərində respublikanın şəhər və rayonlarının incəsənət ustalarının "Bölgələrdən paytaxta" adlı mədəni tədbirləri təşkil olunacaq. Bu yeni layihədir və artıq onun icrasına start verilir. Layihə çərçivəsində Quba, Şəki, Gədəbəy, Abşeron, Gəncə və İsmayıllı rayonlarının Bakı şəhərində mütəmadi tədbirləri keçiriləcək. Bu təqdimatlar hər bir regionun qədim tarixini, ənənələrini, incəsənət nümunələrini daha geniş formada tanıtmağa, nümayiş etdirməyə imkan verəcək. Bu layihə yeni-yeni istedadlı gənclərin üzə çıxmasına, tanınmasına və gələcəkdə Azərbaycan mədəniyyətinə böyük töhfələr verməsinə səbəb olacaq".
Tədbirdə Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev son illər rayonda reallaşan layihələrdən, həyat keçirilən işlərdən, bölgənin inkişafı naminə icra edilən əhəmiyyətli proqramlardan söz açıb. S.Abdullayev ölkəmizdə milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsi sahəsində ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirib. "Bölgələrdən paytaxta" adlı yeni layihə respublikamızın hər bir guşəsində olduğu kimi, Qəbələdə də böyük ruh yüksəkliyi ilə qarşılanıb.
Sonra rayonun sosial-iqtisadi inkişafından, müasir tərəqqisindən, turizm imkanlarından, zəngin mədəniyyətindən bəhs edən rolik nümayiş olunub.
Gecədə rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin və incəsənət ustalarının çıxışları alqışlarla qarşılanıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 4 mart.-
S.6.