Səhnəmizin fədakar xadimi
İbrahim İsfahanlı
Tiflisin azərbaycanlı
mühitinin mədəni
tərəqqisində mühüm
rol oynayan Tiflis Azərbaycan Teatrı
1873-cü ildə yaranıb. İctimai teatr
kimi fəaliyyətə
başlayan mədəniyyət
ocağı ötən
illər ərzində
ətrafında peşəkar
aktyor ordusu birləşdirməyə müvəffəq
olub. Kadr potensialı, ustalıqla səhnələşdirilən tamaşalar - bütün bunlar teatra yeni-yeni uğurlar gətirib.
Qısa müddət ərzində
geniş auditoriya toplayıb. Teatra kütləvi axın
isə incəsənət
ocağının maddi
təminatının qarantına
çevrilib. Hətta fəaliyyəti
dövründə Tiflisin
bir sıra teatrlarının maliyyələşdirilməsində
rol oynayıb. Mədəniyyət ocağı Azərbaycan
teatr sənətinin inkişafına da töhfələr verib.
Görkəmli kino və teatr xadimlərimiz Möhsün
Sənani, Mustafa Mərdanov
da məhz bu teatrın yetirmələridir. 1947-ci ildə fəaliyyəti dayandırılan teatr böyük fasilədən
sonra 1998-ci ildə yenidən işə başlayır. 2004-cü ildə Tbilisi Azərbaycan
Teatrına Dövlət
statusu verilir. Qərar teatrın inkişafının
yeni mərhələsinin
əsasını qoyur. Azərbaycan-Gürcüstan ədəbi-mədəni dostluq əlaqələrinin
gündən-günə möhkəmlənməsinin
teatrın inkişafına
təsiri danılmazdır.
Bu tetarda böyük
əmək sərf edən tanınmış
mədəniyyət xadimlərindən
biri də Gürcüstanın Xalq artisti İbrahim İsfahanlıdır. Tiflis Dövlət
Azərbaycan Dram Teatrının
inkişafında böyük
xidmətləri olan şəxslərdən biri
olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin
və ictimai fikrinin bir sıra
qabaqcıl nümayəndələri
kimi o da Qafqaz xalqlarının mədəni yüksəlişi
və işıqlandırılması
uğrunda özünəməxsus
sənətkar kimi xalqın rəğbətini
qazanıb. Təsadüfi
deyil ki, gürcü mədəni-ictimai
mühitində xüsusi
yeri olan Akaki Xorava onun
haqqında yazırdı:
"Sənin, doğma
mədəniyyətinin inkişafına,
xalqının tərəqqisinə
sərf etdiyin namuslu, xeyirxah zəhmətin və istedadın ən yüksək qiymətə
layiqdir".
İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə)
1897-ci ildə Tiflisdə
fəhlə ailəsində
anadan olub. 8 yaşında
ikən ehtiyac üzündən atası
Hüseyn kişi
onu çəkməçi
yanına şagird qoyub. Balaca İbrahim çəkməçi
yanında işləsə
də, Tiflisin qaynar teatr həyatı
onu özünə cəlb edirdi.
Gənc İbrahim İsfahanlını
teatr aləminə gətirən böyük
eşq və amal olub. İ. İsfahanlının aktyorluğa
başladığı illər
Gürcüstanın teatr
həyatının coşqun
dövrü idi.
Burada yerli aktyorlardan başqa, Rusiyanın görkəmli teatr kollektivləri, habelə xarici truppalar da çıxış edirdilər. Belə bir
vaxtda sənət aləminə qədəm
qoymaq, İ. İsfahanlı
üçün bir aktyor kimi şöhrət
qazanmaq çox çətin idi. O zamanlar tez-tez Tiflisdə qastrolda olan bir aktyorun
yazdığı kimi,
bu vaxtlar sənətkarın başına
çələng də
hörər, üstünə
lax yumurta da ata bilərdilər. Elə də ola bilərdi
ki, aktyor eşqi ilə yaşayan həmin adam ancaq teatrın
binasının fəsadına
tamaşa etməli olardı. Lakin İ.İsfahanlının
aktyorluq fəaliyyəti
başqa yolla getdi. O, öz istedadının parlamasını
uzun zaman gözləmədi, az bir vaxtda
Tiflis Azərbaycan teatrında
məşhurlaşdı.
Görkəmli gürcü artisti
Vaso Abaşidze, yazıçı-dramaturq Şalva
Dadiani, ictimai xadim və aktyor
Valerian Qunianinın təşəbbüsü
və köməyi ilə 1909-cu ildə Azərbaycan teatr truppası Zubalov adına "Narodnı Dom"un səhnəsində
ayda iki-üç tamaşa göstərməyə
icazə aldı. Bu tədbir teatrın
vəziyyətini xeyli
yaxşılaşdırdı. Truppanın hazırladığı tamaşaların
keyfiyyətini daha da artırmağa səbəb oldu.
İbrahim İsfahanlı istedadlı
aktyor, rejissor və yazıçıların
əhatəsində böyümüşdü. Buna görə də xüsusi teatr təhsili görməyən
İbrahim üçün
realist Azərbaycan yazıçı
və səhnə ustalarının yaradıcılığı,
sözün həqiqi
mənasında, böyük
bir məktəb idi. O öz istedadı sayəsində
yüksək sənət
zirvəsinə qalxmışdı.
Fəlsəfə elmləri doktoru,
professor, uzun illər Gürcüstan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələr daşımış
mərhum Teymuraz Cəfərli özünün
"Böyük dostluğun
səhifələri" adlı
kitabında göstərirdi
ki, Gürcüstanda Sovet hakimiyyəti qurulmazdan xeyli əvvəl, inqilabi ruhlu azərbaycanlı ziyalılardan Əşrəf
Yüzbaşov, Hüseyn
Şabanov, Əli Tağızadə, Həsən
Səbri, Məmməd
Cəfərli, Mirzə
Davud Rəsulzadə və başqaları da teatr sənətinin
tərəqqisi yolunda
əllərindən gələni
əsirgəmirdilər.
Sovet hakimiyyətinin mövcudluğu illərində
Azərbaycan aktyorlarının
truppası Dövlət
Teatrına çevrildi.
Gürcüstanda Azərbaycan teatrının
əsl çiçəklənmə
dövrü də məhz bu vaxtdan
başlayır. Kommunist
Partiyası və Sovet dövlətinin teatra qayğısı nəticəsində həvəs
və məhəbbətdən
daha ciddi sənət problemlərinin
həllinə girişildi.
İstedadlı aktyor kollektivi
müasir dövrün
tələbləri ilə
ayaqlaşmağı özünə
böyük borc və şərəf bildi. Bütün bu işlərdə İ.İsfahanlının coşqun
yaradıcı əməyi
olub.
Aktyorun ən yaddaqalan səhnə surətləri
Xlestakov ("Müfəttiş",
Nikolay Qoqol), Klimantura ("Jorj Danden", Jan Batist Molyer), Dəmirqaya, Şeyx Sənan, İblis, Keykavus ("Topal Teymur", "Şeyx Sənan",
"İblis" və
"Səyavuş", Hüseyn
Cavid), Yaqo, Hamlet
("Otello" və
"Hamlet", Vilyam Şekspir),
Elxan, İbad, Oqtay, Balaş ("Od gəlini", "Almaz", "Oqtay Eloğlu" və "Sevil", Cəfər Cabbarlı), Nadir şah
("Nadir şah", Nəriman
Nərimanov), Şahmar
bəy, İblis, Nəcəf bəy
("Baba yurdunda", "Pəri
cadu" və "Dağılan tifaq", Əbdürrəhim bəy
Haqverdiyev), General Tomson
("Hind qızı", Əbdülhəq
Hamid), Nizami ("Nizami", Mehdi Hüseyn) və başqalarıdır. İbrahim
İsfahanlı Mirzə
Fətəli Axundzadə
adına Tiflis Dövlət Azərbaycan
Dram Teatrında onlarla
baxımlı tamaşa
hazırayıb. Bunlardan
"Əsli və Kərəm", "Leyli
və Məcnun",
"Şah Abbas və Xurşid banu", "Arşın
mal alan", "Məşədi
İbad", "Aşıq
Qərib", "Əlli
yaşında cavan",
"Evliykən subay",
"Otello", "Hamlet", "Qaçaqlar", "Ölülər",
"Hacı Qara",
"Lənkəran xanının
vəziri", "Xırs
quldurbasan", "İblis",
"Uçurum", "Knyaz",
"Şeyx Sənan",
"Topal Teymur",
"Od gəlini",
"Aydın", "Almaz",
"Sevil", "Vaqif",
"Toy", "Anzor", "Kinto", "Ac həriflər",
"Pəri cadu",
"Bəxtsiz cavan"
və digər əsərlərin quruluşları
xüsusilə diqqət
çəkib.
Teatr İ. İsfahanlı üçün doğma evi kimi idi. O burada həm rejissorluq, həm də aktyorluq edirdi. Bir aktyor kimi o, daha çox romantik səpkili qəhrəmanların səhnə təcəssümünə meyl göstərirdi. Hamlet, Aydın, Elxan, Oqtay, İsgəndər, Ferdinand, şeyx Sənan kimi obrazlar vasitəsilə tamaşaçıları həyat vərdişlərinə qarşı mübarizəyə və yüksəlişə səsləyirdi.
İ.İsfahanlı həmişə deyərdi ki, mənim ən fərəhli günlərim, xoşbəxt çağlarım teatrda keçib. Lakin bu o demək deyildi ki, böyük sənətkar sənətin başqa sahələrində iştirak etməyib. Əksinə o, həyatının son dövrlərində də böyük bir şövqlə Tbilisidə teatr, musiqi kollektivlərinə rəhbərlik edib, bədii qiraət ustası kimi Azərbaycan və gürcü poeziyasının alovlu təbliğatçılarından biri olub. Onun M. İbrahimovun "Böyük dayaq" filmindəki Yarməmməd rolu da qocaman artistin son illərinin yaradıcılıq məhsuludur.
Görkəmli aktyor və rejissorun sənəti, ictimai fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilib. 1958-ci ilin iyul ayının axırlarında onun anadan olmasının 60 illiyinin təntənə ilə qeyd edilməsi də bu diqqət və məhəbbətin ifadəsi idi. Həmin gecə İ. İsfahanlı "Nadir şah", "Hamlet", "Oqtay Eloğlu"tamaşalarından bəzi səhnələri ifa etdi. Onun saçları gümüşü qışdan xəbər versə də, böyük sənətkar səhnədə yenə də alovlu, ehtiraslı və cazibədar idi.
...İbrahim İsfahanlının sənət eşqilə vuran qəlbi 1967-ci ildə dayandı. Coşqun, yaradıcı mədəniyyət xadiminin ölümü Tiflis Azərbaycan Teatrı üçün ağır itki oldu. Qüdrətli aktyorun və rejissorun bizə irs qoyub getdiyi sənət ənənələri bu gün də aktuallığını qoruyur, Azərbaycan və gürcü xalqlarının çoxəsrlik dostluğu, habelə onların gürcü mədəniyyəti ilə əlaqələri kontekstində öz bəhrəsini verir.
Tiflis ədəbi-ictimai mühitində Azərbaycan çoxşaxəli mədəniyyətinin təbliğ edilməsində əvəzsiz rolu və xidmətləri olan sənətkarın yaratdığı unudulmaz səhnə obrazları ürəyimizdə, xəyalımızda daim yaşayır və yaşamaqdadır.
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2015.- 4 mart.-
S .6.