Uşaq və gənclərin fiziki və mənəvi
inkişafı
Hər bir dövlətin, cəmiyyətin gələcəyini
indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc
nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi
inkişafı, savadlı vətəndaş kimi böyüməsi
və digər vacib amillər onların gələcəkdə
cəmiyyətə inteqrasiyasında önəmli rol
oynayır. Müstəqillik
qazandığı ilk gündən dövlətimiz bu sahəyə
xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da
artıb. Yeni məktəblərin tikintisi və təmiri,
idman infrastrukturunun yenilənməsi, stadionların və
olimpiya komplekslərinin inşası və s. buna sübutdur.
Əlbəttə hər bir uşağın və gəncin
gələcəkdə layiqli vətəndaş kimi yetişməsində
onun mənəvi və fiziki tərbiyəsi ilə
yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən
bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.
Psixoloji, mənəvi və fiziki cəhətdən hər
bir uşağın sağlam böyüməsi birinci ailədən
başlayır. Valideynin övladına düzgün tərbiyə
verməsi, onun sağlamlığının qeydinə
qalması, düzgün yönləndirməsi vacib amillərdəndir.
Bu mənada ilk növbədə hər bir
valideyn məsuliyəti dərk etməlidir. Təbii ki, hər bir uşaq ilk növbədə
ata-anasını ən ideal insan sayır. Əgər
valideynlərdə fiziki qüsurlardan başqa hansısa
çatışmazlıq olarsa, bu, uşağın
psixologiyasına təsirsiz ötüşməyəcək.
Daha sonra təhsil aldığı müəssisə
və idmanla məşğul olduğu cəmiyyət və ya
klub gənc nəslin düzgün istiqamətləndirilməsində
mühüm rol oynayır.
Valideynlərlə olduğu kimi müəllimlər də
uşaq və gənclərin düzgün tərbiyə
almalarına, gələcəkdə cəmiyyətə
sağlam düşüncəli vətəndaş kimi
inteqrasiya olunmalarına, onların şəxsiyyətlərinin
formalaşmasına, milli ruhda böyümələrinə, təhsilə
məsuliyyətlə yanaşmalarına birbaşa cavabdehlik
daşımalıdırlar.
Sevindirici haldır ki, son illər sadalananlarla
bağlı bir çox irəliləyişlər
müşahidə olunur. Təhsil sistemində aparılan uğurlu
islahatlar, ölkəmizdə olimpiya hərəkatının
geniş vüsət alması bunu deməyə əsas verir.
Uşaq və gənclərin düzgün tərbiyə
olunmasında, onların mənəvi, psixoloji cəhətdən
düzgün istiqamətləndirilməsində və digər
məsələlərlə bağlı daha hansı işlərin
görülməsi vacibdir?
Uşağın cəmiyyətlə ilk
tanışlığı onun məktəbə qədəm
qoymasından başlayır. Bununla hər bir
uşaq ailədə aldığı tərbiyəni cəmiyyətə
daxil edir. Bu zaman cəmiyyətlə
uşağın - şəxsiyyətin xarakteri arasında
toqquşma baş verir. Məktəb bunu
necə tarazlamalı, şagirdlə cəmiyyətin mənəviyyatı
arasında necə körpü yaratmalıdır? Əlbəttə,
bu, ağır və uzun vaxt tələb edən, özü də
şagirdin cəmiyyətə tədricən
uyğunlaşması əsas götürülən bir
prosesdir. Bu prosesdə təhsil ocaqlarının
rolu danılmazdır. Məktəbin pedaqoji
kollektivi hər bir şagirdin ailədə formalaşan
xarakterini öyrənməli, cəmiyyət üçün
qəbul olunmayan xüsusiyyətləri islah etməyə, ona
gələcəkdə vətəndaş kimi yetişməkdə
lazım olanları aşılamalıdır.
Uşaq 6 yaşında məktəbə qədəm
qoyur. İlk gündən o aid olduğu kollektivlə birgə
yaşamağı, fəaliyyət göstərməyi,
düşünməyi bacarmalıdır. Bu
zaman uşağın ailə daxilində aldığı tərbiyədə
bəzi dəyişikliklərin aparılması mütləqdir.
Ailədə əzizlənən, daim diqqət
görən uşaq məktəbdə, başqa sözlə cəmiyyətdə
müxtəlif ailələrdən olan uşaqlarla, yəni,
müxtəlif xarakterli şəxsiyyətlərlə
ünsiyyətdə olur və bu zaman həmin uşaq psixoloji
problemlər yaşaya bilər. Bu durumdan
necə xilas olmalı? Adətən 1-ci
sinifə gedən uşaq ilk dərs günlərində
ağlayır, valideyninin ondan ayrılmasının istəmir.
Təbii ki, vaxt keçdikcə şagird bu
cür xüsusiyyətlərdən azad olunmalıdır.
Çünki belə uşaqlar cəmiyyəti
qəbul etmirlər. Onların fərdiliyini
ümumiliyə çevirməkdə, cəmiyyətə
inteqrasiyasında məktəbin rolu danılmazdır. Bu zaman müəllimin pedaqoji ustalığı
öz sözünü deyir. Pedaqoq ilk
gündən şagirdə yoldaşları ilə mehriban
davranmaq, ünsiyyətdə olmaq, başa düşmək,
anlaşmaq kimi vərdişləri aşılamalıdır.
Şagirdin mənəvi tərbiyəsinin bir hissəsini
təşkil edən humanist xüsusiyyətlərin ilk
"toxumları" da məktəbdə "səpilir". İlk
gündən yoldaşlarını qəbul etməyən
şagird gələcəkdə cəmiyyətdəki
insanları da qəbul etməyə bilər. Ona görə də hər bir pedaqoqun
qarşısında duran əsas vəzifələrdən biri
də şagirdlərə kollektiv fəaliyyətə, cəmiyyətin
bir parçası olmağa hazırlamalarıdır.
Ərəstun
Məcidov adına 220 saylı məktəb-liseyin
direktoru, əməkdar müəllim Almaz Əsgərovanın
fikrincə, uşaqlar məktəbə qədəm qoyanda təhsillə
yanaşı insanın insanla anlaşması da əsas
götürülməlidir. Şagirdin mənəvi tərbiyə
almasında birinci yerdə humanist xarakterlərin
aşılanması olmalıdır: "Məktəbə
müxtəlif ailələrdə tərbiyə almış
müxtəlif xarakterli uşaqlar gəlir. Onların hər
birinin cəmiyyətlə tanışlığı fərqli
olur və bu fərqli xasiyyətlərə malik şəxsiyyətlərin
bir kollektiv kimi cəm edərək "sinif
dünyası"nı yaratmaq hər bir
pedaqoq üçün çətinlik törədir. Uşağın humanist tərbiyəsi ilə
yanaşı, onun elm öyrənmək mədəniyyəti,
təhsilə münasibəti
formalaşdırılmalıdır. Bu
zaman uşağa təzyiq göstərmək, onu nəyəsə
məcbur eləmək qətiyyən olmaz. Uşaq düşünərək, dərk edərək
elm öyrənməli, oxumaqdan bezməməlidir".
Əlifba dərsindən başlamış,
yoldaşları ilə münasibətdə olmağı
öyrənənə qədər hər bir uşaq müəyyən
mərhələdən keçməlidir. Bu zaman müəllim
şagirdin bu cür davranışına anlayışla
yanaşmalı, onun üstünə
qışqırmamalı, təzyiq göstərməməli,
qorxutmamalıdır. Əks təqdirdə
uşağın cəmiyyətlə ilk
tanışlığı onun özünü tək hiss etməsinə,
aid olduğu kollektivə yadlaşmasına, müəllimə
qarşı nifrət hissinin oyanmasına və s. gətirib
çıxara bilər. Bu isə onun xarakterində
mənfi çalarların yaranması ilə nəticələnəcək.
Şagird özünə qarşı diqqət,
mehribançılıq gördükdə başqalarına
qarşı da eyni münasibət göstərməyə
çalışacaq. Ona görə də hər
bir pedaqoq uşaqlarla kollektiv yanaşma ilə yanaşı fərdi
ünsiyyətdə də olmalı, onların özlərini
tənha hiss etmələrinə imkan verməməli, çətinlikləri
aradan qaldırmalarına kömək etməlidir. Bununla da uşaqların mənəvi
dünyasının, xarakterlərinin formalaşmasına
öz tövhəsini verməlidir.
Uşaq hər gün, hər saat böyüyür. Böyüdükcə
də onun ətrafdan mühitdən götürdükləri
çoxalır. Çoxaldıqca, onun
xarakterində dəyişikliklər baş verir. Bu dəyişikliklərin bizim istəyimizə
uyğun olmayaraq inkişaf etməsinin qarşısını
almaq üçün ilkin mərhələdə ona
başqalarına diqqət və qayğı göstərib,
onları nəzərə almağı öyrətməliyik.
Almaz Əsgərovanın fikrincə, əks təqdirdə
heç bir mənəvi tərbiyədən söhbət gedə
bilməz: "Mənəvi tərbiyənin formalaşması
elmdən, bilikdən yox, insanın insana münasibətindən
asılıdır.
Uşaq
böyüdükcə bu münasibətlərdə mürəkkəbləşmə
hiss olunur. Mənəviyyatın yeniləşməsi,
zəmanəyə və məktəbin tələblərinə
uyğunlaşması şagirdin yaşından,
düşdüyü mühitdən və s.-dən
asılı olaraq dəyişir. Bu zaman məktəbin
tutduğu düzgün yol öz sözünü deməlidir.
Ən acınacaqlı vəziyyət o vaxt
baş verir ki, müəllim şagirdinə qarşı həssaslığını
itirir. Bura pedaqoqun fərdlərə
qarşı düzgün münasibətdə
olmamasını və ədalət prinsiplərini
pozmasını da əlavə etmək lazımdır. Bu zaman şagirddə mənəvi cəhətdən
düşkünlük, inamsızlıq yaranır. Nəticədə şagird cəmiyyətdən
küskün düşür. Bu da gələcəkdə
cəmiyyətin bir hissəsinin fəlakətlə
üz-üzə qalması deməkdir. Ona
görə də məktəbdən başlanan, düzgün
xətt üzrə aparılan mənəvi tərbiyə sonda
cəmiyyətə xeyir verə bilən, mənəvi cəhətdən
zəngin bir insanın yetişməsinə nədən olacaq.
Bu gün cəmiyyətdə insanlığın, insan
xarakterinin böyük bir hissəsini vətənə məhəbbət
hissi təşkil edir. Hər bir uşağa və gəncə
işğal altında olan torpaqlarımız, onların azad
olunması haqqında düşünməyi öyrətməliyik.
Bunu edə bilməsək, deməli,
insanlığımızda, mənəviyyatımızda
hansısa kəm-kəsirlər var və gələcəkdə
də şagirdlər bu çatışmazlıqdan yaxa
qurtara bilməyəcəklər. Fikrimcə,
insan mənəviyyatının inkişafında elm, bilik,
savadla yanaşı, tərbiyəyə də xüsusi diqqət
ayrılmalıdır".
Gənc nəslin düzgün mənəvi tərbiyəsi,
savadlı vətəndaş kimi böyüməsi ilə
paralel onun fiziki cəhətdən də sağlam olması
mütləqdir. Övladlarımızın sağlam
böyüməsində məktəbin, ailənin, cəmiyyətin,
hətta hər gün təmasda olduğu insanların da rolu
var. Valideyn övladının sağlam böyüməsi
üçün onu müxtəlif idman növləri ilə məşğul
olmasını istəyə bilər. Digər
tərəfdən bu, uşaqda olan artıq enerjinin
düzgün sərfiyyatı deməkdir. Körpənin əlindən
tutub aparanda az sonra o, yorulduğunu əsas
gətirərək qucağa götürülməsini istəyir.
Lakin evdə, məhəllədə saatlarla top
qovmaqdan, ya da hansısa oyun oynamaqdan bezmir. Çünki
belə məşğuliyyətlərə həvəsi var.
Övladlarımızın sağlamlığını
düşünərkən bəzi məqamlara xüsusi diqqət
yetirmək lazımdır. Onlardan ən birincisi və
vacibi uşaq və gəncləri fiziki yükləmələrdən
qorumaqdır. Bundan başqa idmanın
hansısa növü ilə mütəmadi məşğul
olan uşağın gələcəkdə bədən
quruluşunda fəsadların yaranmaması üçün
valideyn və müəllimlər müəyyən
nüanslara fikir verməlidirlər.
Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən İdman Liseyinin direktor müavini Rəhman Tağıyevin fikrincə, gənc nəslin fiziki baxımdan düzgün inkişaf etməsinə ən çox mane olan amil qeyd etdiyimiz kimi, fiziki yükləmələrdir: "Uşaq ayağın dırnağından tutmuş başın tükünə kimi hər gün inkişaf edir. Körpənin sağlam böyüməsi üçün bir neçə şərtə əməl etmək lazımdır. Bura düzgün qidalanma, vitaminizasiya, gündəlik rejim, fiziki yükləmələrin verilməməsi və s. aiddir. Sadalananlara əməl olunarsa, uşağın gələcəkdə fiziki göstəricilərinin yaxşı olmasına, sağlam böyüməsinə, soyuğa davamlılığının artmasına və digər nəsnələrə nail olmaq mümkündür. Hər bir yaş qrupu üzrə əvvəlcədən müəyyən olunmuş proqrama əsasən uşaqla işləmək lazımdır. Məsələn, ilkin mərhələdə fiziki yükləmələrdən qaçmaq lazımdır. Fiziki yükləmə deyəndə uşağın və gəncin yaşına uyğun olaraq onun ürək döyüntüləri nəzərdə tutulur ki, məşq zamanı 1 dəqiqə intervalında ürək döyüntüləri müəyyən normadan artıq olmamalıdır. Əks təqdirdə uşağın sağlamlığı təhlükə ilə üzləşəcək. Başqa vacib bir məqama da diqqət yetirək. Məsələn, güləşlə məşğul olan uşaq böyüyəndə adətən beli bükük, qolları qatlanmış vəziyyətdə olur. Yaxud ağırlıqqaldırmanı seçənlərin boyları qısa olur.Bunun yaranmaması üçün nə etməli? Adətən güc tələb edən idman növlərini seçənlər paralel olaraq üzgüçülük, akrobatika və ya gimnastika ilə məşğul olmalıdırlar.
Üzgüçülük boy artımına, bədən quruluşunun düzgün formalaşmasına, ağciyərin genişlənməsinə kömək edirsə, akrobatika və gimnastika bədənin elastik olmasına, düzgün koordinasiyaya səbəb olur. Bu da həm gələcəkdə idmançının peşəkar səviyyədə uğurlar qazanmasına, həm də fiziki göstəricilərinin yaxşılaşmasına gətirib çıxarır".
Maraq üçün qeyd edim ki, İdman Liseyi 1963-cü ildən fəaliyyət göstərir. Əvvəllər İdman təmayüllü internat məktəbi kimi tanınan bu təhsil ocağı məşhur idmançıların, o cümlədən olimpiya çempionlarımız Valeri Belenki, Nazim Hüseynov, Elnur Məmmədli, tanınmış futbolçularımız Şahin Diniyev, Tərlan Əhmədov, Arif Əsədov və digər titullu idmançılarımızı yetişdirib və onların hər birinin şəxsiyyət və idmançı kimi formalaşmasında Rəhman müəllimin əməyi var. Təcrübəli pedaqoqun sözlərinə görə, uşaqların fiziki baxımdan düzgün inkişafında vitaminizasiya və düzgün qidalanmadan tutmuş yuxu rejiminə qədər hər bir şey önəmlidir.
Yazının əvvəlində qeyd etdiyim kimi hər bir xalqın gələcəyi fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngin gənc nəslin yetişməsindən çox asılıdır. Xalqımızın sağlamlığını və mənəviyyatını qorumaq ümidi ilə...
İlqar
TAĞIYEV
Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim
etmək üçün
525-ci qəzet.- 2015.- 5 mart.- S.8.