Rusiyada Nəriman Nərimanov
haqqında kitab buraxılıb
Moskvada məşhur rusiyalı tarixçi-qafqazşünas, professor
Rudolf İvanovun "Ölüm-dirim
savaşı. Açılmış arxivlər Nəriman Nərimanovun Azərbaycanda
bolşevizm təhriflərinə
qarşı mübarizəsinin
sirlərini üzə
çıxarır" adlı
kitabı nəşr edilib.
Yeni nəşrin təqdimatı
M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında
Ümumrusiya Azərbaycanlılar
Konqresinin (ÜAK) və
Azərbaycan Mədəniyyəti
Mərkəzinin təşkilati
dəstəyi ilə baş tutub. 10 bölmədən ibarət olan bu kitaba təqribən
475 tarixi material daxil edilib.
Monoqrafiyaya N.Nərimanovun nadir nəşrlərdən
aşkar edilmiş məqalə və nitqləri, o cümlədən
"Leninsiz fəaliyyətimizin
bir ili" adlı, müəllifin sağlığında dərc
olunmuş sonuncu əsəri daxil olunub. Əlavələrdə N.Nərimanovun həyat
və fəaliyyəti
ilə bağlı 147
əlamətdar tarix göstərilir.
Təqdimat gecəsini ÜAK-ın müşaviri Manaf Manafov açıb. O, görkəmli
siyasi və dövlət xadimi Nəriman Nərimanovun həyat və fəaliyyəti barədə
məlumat verərək
qeyd edib ki, N.Nərimanovun vəfatından sonra onun fəaliyyətinin yekunları uzun illər boyu kölgədə qalıb.
Azərbaycan xalqı N.Nərimanovun
namuslu partiya mövqeyinə görə
təqib edilməsi haqda həqiqəti yalnız 1990-cı ildə
ümummilli lider Heydər Əliyevin sayəsində öyrəndi.
Lakin o vaxt Sov. İKP Mərkəzi Nəzarət Komissiyasının
sənədləri hələ
məxfi saxlanılırdı.
Məxfilik qrifi yalnız
2014-cü ildə götürülmüş
bütün bu materiallar "Ölüm-dirim
savaşı" kitabına
daxil edilib.
Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist
Elmira Axundova öz çıxışında qeyd
edib ki, Azərbaycanda R.İvanovu ölkəmizin tarixi haqqında əsərlərin
müəllifi kimi yaxşı tanıyırlar:
"Rudolf İvanovun kitabı
sadəcə arxiv materialları toplusu deyil. Bu materiallar
həmişə böyük
maraqla oxunur. Müəllif hadisələri cəlbedici
şəkildə təsvir
və şərh etməklə bərabər,
məsələyə öz
münasibətini bildirməklə
onları daha da "canlandırmağı"
bacarır. Onun kitabları
Azərbaycan tarixinin tədqiqinə, Rusiya-Azərbaycan
əlaqələrinin möhkəmlənməsinə
xidmət edir".
E.Axundova bu gün təqdim
olunan kitab haqqında qeyd edib ki, bu
əsər onun fikrincə, Azərbaycan dövlətçiliyi tarixində
ən faciəli, ziddiyyətli və eyni zamanda nurlu
bir şəxsiyyətə
- Nəriman Nərimanova
həsr edilib. Elmira Axundova vurğulayıb ki, yalnız Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev Nəriman Nərimanovun xidmətlərinin etiraf edilməsinə nail olub və 1972-ci ildə Azərbaycan və bütün mütərəqqi
bəşəriyyət N.Nərimanovun
anadan olmasının
100 illiyi təntənə
ilə qeyd edib.
Azərbaycanın Rusiyadakı səfirliyinin müşavir-elçisi Asəf Mehdiyev ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlunun təqdimat mərasiminin iştirakçılarına və müəllifə salamlarını və təbriklərini çatdırıb. O, qeyd edib ki, R.İvanovun "Ölüm-dirim savaşı" kitabı həm Azərbaycan, həm də Rusiya diplomatları üçün böyük əhəmiyyət kəsb edir.
Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynovun fikrincə, Rudolf İvanovun bu kitabı xalqımızın öz dövlətçiliyini qurmaq üçün keçdiyi yolun necə mürəkkəb, bəzən dramatik olduğunu göstərir. Bu nəşr müasir Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. R.Hüseynov N.Nərimanovun təmiz adının ona qaytarılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həlledici rolunu qeyd edərək xatırladıb ki, məşhur azərbaycanlı rejissor Əjdər İbrahimovun Nəriman Nərimanov haqqında çəkdiyi "Ulduzlar sönmür" filminin tamaşaçılara təqdim edilməsi bir neçə il ləngidildi, bu ekran əsərini rəflərdə toz basırdı: "Heydər Əliyev burada da böyük səy göstərib, Azərbaycanın görkəmli oğlu Nəriman Nərimanov haqqında filmin tamaşaçılara təqdim edilməsinə nail oldu".
Təqdimat mərasimində yazıçı-publisist Lyudmila Lavrova, Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti, politoloq İsmayıl Ağakişiyev, "Azerbaydjanskiy Konqress" qəzetinin baş redaktoru Rüstəm Arifcanov, diplomat və publisist Ramiz Abutalıbov, fəlsəfə elmləri doktoru, Rusiya Dövlət Sosial Universitetinin professoru İbrahim Məlikov, N.Nərimanovun Bakıdakı ev-muzeyinin direktoru Kəmalə Hüseynova və başqaları çıxış ediblər.
Kitabın müəllifi Rudolf İvanov qeyd edib ki, onun bu əsəri 2004-cü ildən bəri sayca 17-ci kitabıdır və o, son dərəcə əhəmiyyətli, eyni zamanda indiyə qədər geniş ictimaiyyətə az məlum olan faktların üzə çıxarılması üçün Azərbaycan tarixi sahəsində araşdırmalarını davam etdirmək niyyətindədir. R.İvanov məxsusi olaraq təqdimat mərasimi üçün yaradılmış, üzərində N.Nərimanovun təsvir edildiyi pannonu onun ev-muzeyinə hədiyyə edib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 5 mart.- S .7.