Düşüncə şairi, düşüncələrimin şairi

 

 

 

Rəsul Rza deyəndə öncə gözümün qabağına bir şəkil gəlir. Duyğulu-düşüncəli, azca da sifətinə təbəssüm qonmuş bir portret. İlk dəfə bu nurani simanı mən yeniyetmə ikən, şairin 1965-ci ildə çıxmış "Dözüm" kitabında üz qabığın içəri qatlanmış hissəsində görmüşəm. Təbii ki, evimizdəki kitabxanada. Portretin altında da əlyazma ilə R.Rza imzası.

 

Ədəbiyyata marağım kitablarla lap erkən ünsiyyətimin təməlini qoymuşdu. (Atam Adil Əmrah oğlu - " Qabaqcıl maarif  xadimi" 41 il dil-ədəbiyyat fənnindən dərs verib, evimizin ən qiymətli əşyaları dünyaca məşhur rus, Avropa və Azərbaycan yazıçılarının əsərləri idi). Mən o şeir toplusundan özüm üçün yaşıma uyğun qavrayıb-qavramadığım xeyli düşüncələr, fikirlər, hikmətlər çıxarmışdım. Şeirin sadəcə duyğusal mənzərələr, obrazlar olmayıb, həm də birbaşa fikir, düşüncə, rəngarəng assosiasiyalar çələngi olması qənaətlərinə də şüuraltı, güman ki, hələ o zamanlardan gəlmişəm. İndiyə kimi yadımdadır, üz qabığının arxadan içə qatlanmış hissəsində isə bir şeir verilmişdi. Elə bir şeir ki, o yaşımdan çox, bu gün mənə daha yaxın, daha doğmadır:

 

"Babayam!

Nə uzun, saqqalım var,

belim bükülüb.

Qucağımda nəvəm - buz baltası!

Yanımda atamın nəvəsi -

nəvəmin atası!

Gedirəm. Günəş həsədlə mənə baxır;

özü baba deyil axı! ..."

 

Şeir bu qayda ilə, insan-təbiət qarşılaşması üzərində davam edərək, sonda təbiətdən daha üstün olan İnsan humanizminin təntənəsini təcəssüm etdirirdi...

 

Düşünürəm, o zaman Sovet ideologiyasının tüğyan elədiyi, kommunizm quruculuğu şüarlarının bar-bar səsləndiyi bir çağda necə olmuşdu ki, şair intim-lirik düşüncələr sırasından bir şeirini kitabına önsöz, manifest qismində verə bilmişdi?! Axı o dövrdə rejim nəinki adlı-sanlı, yetkin şairlər, hələ qələmə təzəcə sarılmış gənclər qarşısında da kitabını məhz partiya, kommunizm, Lenin haqqında şeirlərlə başlamağı icbari bir tələb olaraq irəli sürürdü. Nə olsun ki, Rəsul Rza Azərbaycan Sovet şeirinin yaradıcılarından biri sayılırdı, nə olsun ki, Lenin haqqında bütün Sovet ölkəsində rəğbətlə qarşılanan poema yazmışdı, bir qədər əvvəl sənətdə dissidentizm, mücərrədçilik dalğası üzərində məhz bu adlı-şanlı şairin "Rənglər" silsiləsini ədəbi tənqid atəşə tutmamışdımı?!

 

 

"Dözüm" toplusunu Rəsul Rza 1964-cü ildə qələmə aldığı məşhur "İnsan şəkli" şeiri ilə açırdı.

 

"Mənə bir sərgi salonu verin!

Nə geniş olsun dünya qədər,

elə hündür olsun ki,

ətəyində qala uzun kölgələr.

Mənə bir sərgi salonu verin!

Orda bir insan şəkli asacağam -

adi bir insan..."

 

1965-ci ildə yazdığı, birbaşa insan-təbiət ünsiyyəti, konkret halda insan-dəniz təmasından yaranmış, 27 parçadan ibarət, çoxrəngli, çoxçalarlı "Dəniz nəğmələri" silsiləsini kitaba daxil etmişdi:

 

"Bu gecə öpdüm dənizi;

sahildən ayrılanda.

Dodaqları duzlu idi;

göz yaşım kimi.

Düşündüm: niyə öpdüm onu?...

Yaxşı deyil.

Düşündüm: yaxşı ki,

dəniz göz yaşı deyil..."

 

Çəkinmədən, sanki poeziyanın ideologiyadan daha üstün olduğunu göstərmək üçün "Rənglər"dən başlığıyla daha neçə şeirini təqdim etmişdi: "Qırmızının ümid çaları", "Firuzəyi", "Qırmızının inam çaları", "Mavinin təsəlli çaları", "Şirmayi", "Saman sarısı"...

 

Topluda bir az əvvəl cəmiyyətin pərçim olunduğu kollektivizm havası, demək olar ki, yox idi. Əvəzində insan fərdinin məna və önəmini qabardan "insan" və "mən" kəlmələri kitabda əsas vurğu kəsb edirdi. "Məndə ixtiyar olsa", "İnsan haqqında", "Bəhlul, İskəndər və mən", "Babam kimi və bugünkü adam kimi", "Mənə toxunma"... İntimlik, fərdilik - gündəlik həyatdan, güzərandan başlayıb beynəlxalq dünya problemlərini dolaşıb yenə də İnsana qayıdan şair düşüncələrinin mayası, pasibanı idi. O cümlədən, Cənub mövzusunda "Təbrizim mənim" və məşhur "Ərk qalası" şeiri də kitabda yer almışdı. Şair 1962-1965-ci illərdə başladığı "Ömürdən səhifələr"də xatirə qanadlarında dünənə, uşaqlığına qayıdıb, keçdiyi yola bir daha nəzər salır, ağrılı-acılı ömrü bugünün işığına tuturdu.

 

Üstəlik, bütün bunlar azmış kimi sevincli-kədərli, nisgil dolu şeirlər toplusunu nədənsə çoxmənalı olaraq "Dözüm" adlandırmışdı...

 

R.Rza poeziyasından yazanlar adətən onun yaradıcılığının iki dövrü, iki mərhələsinə diqqət çəkir, az qala iki Rəsul Rzadan söz açırlar. Azərbaycan Sovet gerçəkliyinin, sosializm quruculuğu epoxasının şairi və 1960-cı illərdən yeni yaradıcılıq ağrılarından doğulan müasirlik dünyasının düşüncə şairi. Düşünürəm ki, burda müəyyən həqiqətlə yanaşı, yanılmalar da yox deyildir. Bəli, 1960-cı ildə nəşr olunmuş "İllər və sətirlər" kitabından başlayaraq, "Pəncərəmə düşən işıq" (1962), "Dözüm" (1965) kitablarında biz yeni bir şairlə, zəmanəsinin təkcə quran-yaradan deyil, eyni zamanda, daha çox qayğıları ilə yaşayan, insanlığın sabahı, aqibətini düşünən lirik qəhrəmanla üz-üzəyik. Amma Rəsul Rzanın "insanlı şeirləri" həmişə olub. Heç təsadüfi deyil ki, "İllər və sətirlər" kitabı şairin 1930-1960-cı illər arası yazdığı bu şeirlərdən seçmələr idi, 1960-da qələmə aldığı "Mənim küçəm" şeiri ilə yeni epoxaya açılırdı:

 

"Salam, köhnə tanış!

Asfalt örtüyünə,

yanı qranit köbəli ağaclarına,

Geniş səkilərinə salam!

Salxım-salxım süd lampalı

Dirəklərinə salam!..."

 

"Mübarizə bu gün də var, yarın da..." - deyə poetik kredosunu dərin bir həssaslıqla XX əsrin, zamanın ritminə tabe tutan Rəsul Rza eyni zamanda zamansızlığın da sirrini yaxşı bilirdi. İnsan həqiqəti! - kollektivlə, kollektiv yaşayışın içində də, ayrılıqda, fərdi-intim yaşamlarda, düşüncələrdə də insan həqiqətinin aliliyi...

 

Qayıdaq o məqama ki, bəli, R.Rza fərdi və fərqli bir manifestlə dərc etdirdiyi əksərən yeni şeirlərdən ibarət kitabını "Dözüm" adlandırmaqda yanılmırdı. Əsrin ortalarında, 1960-cı illərin mülayimləşmə havasından sonra başlanan, milli insanın və ümumən insanlığın qarşısına çıxan problemlər yalnız dözüm, iradə, bir də yaranmış mənəvi böhrandan qurtulmaq üçün dərin fikir-düşüncə tələb edirdi. İki sistem, iki dünya - sosializm və kapitalizm aləmi arasındakı barışmaz mübarizə, kommunizm ideyalarının gerçək iflası və milli idealların qayıdıb gəlməsi, keçmişin ətaləti və müasir-modern düşüncənin sirayəti, şübhələr və həqiqət, inam və inamsızlıq mühiti, elmi-texniki inqilab və təbiət qarşıdurması... - düşüncə şeirinin hədəfində məhz bu məqamlar, təzadlar, predmetlər dururdu.

 

"...Kəlkətədə yüz minlərlə insan

quru səkidə yatır.

Konqodan Belçikaya daşınır

kürül-kürül yatır.

Vyetnamda körpələri yuxusundan

mərmi səsi oyadır.

Koloniya, kolonializm.

Neokolonializm...

Kim alır, kim satır?!

Asturiyanın yolları

hər gün qana batır.

Yavada su bol,

isti bol;

məhsul nə doydurur,

bəhərdən bəhərə çatır.

Köhnə müştərimiz

südə su qatır.

Diksinib qaçıram

qafiyələrin dolaşıq kələfindən..."

 

Ümumən Rəsul Rzanın bu illərdə işıq üzü görmüş şeir topluları milli insan düşüncəsinin sınırlarını ən bariz, doğru-düzgün ehtiva edir, səciyyələndirir. Qayğılı-düşüncəli şair obrazı. Əmin, özünə-əmin, dünyanın-gedişatın mənasına dalmış. R.Rzanın daha üç kitabının titul səhifəsində həmin portretin variasiyaları ilə qarşılaşırıq: "Kövrək budaq" (1970), "Calasan günü günə" (1970), "İşıqlar üşüyəndə" (1970). Bu mənim gəncliyimin kitablarıdır. İnsan sevgisi-ülfəti, sevinci-çılğınlığı, etirazı-ehtirası, kədəri-nisgili, insan ağlı-düşüncəsi-intellekti... Sanki insan həyatının hər anı, hər rəngi-çaları, detalı-təfərrüatı şeirə düzülmüş. Şairin milli dünənlə-yaddaşla, təbiətlə-kainatla, şəhərlə-küçələrlə, ürəklə-diləklərlə, bədənlə-canla, özü-özüylə soraqlaşması, dialoqları... Mirzə Cəlil işığında, Sabir işığında, Nəsimi və Füzuli işığında yazılmış şeirlər...

Şekspir işığında yazılmış şeir:

 

"Gözlərimi qapadım.

Söndürdüm son ulduzu...

Hamletin səsi gəldi qulağıma:

"Olum, ya ölüm!"

İstədim yaxınlaşım ona.

Qurğuşun asıldı ayaqlarımdan.

Gedə bilmədim.

İstədim deyəm: Hamlet!

Nə qəmindir?

Çırpınma belə.

Atanın qatili

öz əmindir.

Deyə bilmədim..."

 

Bu o illər idi ki, intellektual R.Rza şeiri nəinki uğurla oxucu auditoriyalarını fəth edirdi, eləcə də ədəbi gəncliyi sehrləyərək poetik məktəbə çevrilmişdi. Qələmə sarılanlar əksərən R.Rza üslubunda yazmağa, düşüncə şeiri yaratmağa cəhdlər edir, bu məktəbdən keçib formalaşırdılar. Hamı şair olmasa da, şeirlə düşünmək mədəniyyəti hər kəsə sirayət etmişdi. Müasirlik, intellektuallıq, fikir fəallığı, dünyaya aktiv münasibət, onu başqa cür görmək arzusu və əməlləri... - gəncliyin Rəsul Rza şeirlərindən əxz etdiyi, həyat amalına çevirdiyi cəhətlər çox idi. Belə ki, yenilikçi şairi hamıdan əvvəl gənclər sevdi və yeni həyat mübarizəsində həyanına çevirdi. Qarşılıq olaraq Rəsul Rza da gəncliyi çox sevir, ona daim yol göstərməyə çalışırdı. "Qızıma və yaşıdlarına" şeiri sanki o zaman ictimai həyata təzəcə qədəm qoyan mənim nəslim üçün yazılmışdı:

 

"...Deyərsən:

yanmasa, donmasa insan

yaşaya bilərmi?

Bu həqiqət də var.

Lakin səadəti

təsadüfi tapıntı bilmə.

Çətindir yolu,

ağırdır bahası.

Fəlakətdən qorxma!

Ağciyərlilərçin qorxuludur o. 

Unutma!

İnsan ağrıyan yerini

can evi bilir.

Ağrı varsa, dözüm də var.

Əllərin yorulsa da

yorulmasın ümidin, arzun, inamın.

İnsan özü bir sonsuzluqdur.

Hər dərdin əlacı

onun özündə var..."

 

Müasir insan təbiətinin mürəkkəbliyini göstərməklə yanaşı, şeir həm də mübarizələr görmüş müdrik şairin gəncliyə öyüdü, tövsiyəsi kimi səslənirdi.

Bu isə şairin uzaqlara, sabaha, yəni bugünə yönəlmiş nəzərləridir:

 

"Turalım!

Yəqin ki, sən,

bir zaman,

kitablarımı varaqlayıb

bəzi sətirlərə güləcəksən..."

 

"Nəvəmə məktub" adlanan şeirdə şair insan ağlının təntənəsi ilə bahəm mənəviyyatının aşındığı, "kosmos əsri"nin xarüqələri ilə "nadanlıq kiri"nin uyuşmadığı cəmiyyətin natamamlığından söz açır:

 

...Necə olsa yenə,

ordakı sözlərdən bəziləri

qəribə gələcək sənə.

Başa düşməyəcəksən,

Yəqin ki,

gələcəyin adamı - sən.

Başa düşmədim deyib

izmlərlə damğalamayacaqsan onları..."

 

Eyni zamanda Rəsul Rza sabaha, insanlığın gələcəyinə inanır, onu daha xoşbəxt görür:  

 

"Lakin mən inanıram

o günə.

Ya tez,

ya bir az ləng olacaq.

Gələcək o gün,

insan arzusuyla

ilham

həmahəng olacaq.

Yoxalacaq özümlük,

bayağılıq.

İnsanlar daha ünsiyyətli olacaq

daha xoşqılıq.

Nə pisə yaxşı deməyəcəklər,

yaxşıya pis.

Aydın, açıq, mərd olacaq

ürəklər,

əməllər təmiz..."

 

Maraqlıdır ki , şeirdə nə Sovet gerçəkliyinin atributları var, nə də o zamanlar üçün səciyyəvi sosial utopiya mərəzi. Şairin fərdi-intim duyğuları birmənalı olaraq milli cəmiyyətin sabahına inamla aşılanmışdır. Bu, hazırda bizim yaşadığımız müstəqil Azərbaycan cəmiyyətidir və o sıradan şeir müasir gəncliyə vəsiyyət kimi səslənir:

 

"Unutma, Turalım, ancaq

unutma ki, bu gün biz

çox çəkmiş,

çox dözmüşük ki,

xoşbəxt olasınız siz".

 

Unutmağa haqqımız yoxdur.  

 

Səyyad Aran

525-ci qəzet.- 2015.- 5 mart.- S6.