Yaşı minillərlə
ölçülən ənənələrimiz:
Laçında Çərşənbə və Novruz mərasimləri
Vətən torpağının hər
daşı qəhrəmanlıq
tariximizin bir sirrini özündə yaşadır. Xalqın qazandığı qələbələr də,
dücar olduğu fəlakətlər də
bir çox yurd yerlərində, adlarında əbədiləşmiş
və canlı tarixə çevrilib.
Laçın dağları deyilən
yurdumuzun hər dərəsini, hər uçurumunu, hər zirvəsini təbiət elə yaradıb ki, sanki oralar
doğma insanlar üçün möhtəşəm
qala, düşmən
üçün isə
fəlakət yuvasıdır.
Nə yazıq
ki, 23 ildən bəri o yerlərsiz bir gözümüz ağlayır, bir gözümüz yol çəkir. El-oba
həsrətli laçınlıların
gözləri yollara dikili qalıb. Təsəllimiz hələlik budur
ki, doğma yurddan gətirdiyimiz adət-ənənələri qoruyub
saxlayaq, gənc nəsillərə çatdıra
bilək. Adət-ənənələri yaşatmaq xalqın
tarixini yaşatmaq deməkdir.
Bir çox yurd yerlərimizdəki kimi, Laçında da qışın birinci ayını - 30 gününü
Böyük çillə,
ikincisini Kiçik çillə adlandırıblar.
Üçüncü ay isə Boz
ay adlanıb.
El sözünə görə,
ilk illərdə Böyük
çillədə havalar
yaxşı keçib. Ancaq Kiçik
çillə dəcəllik
edib, havalar çox sərt, soyuq olub.
Xeyli qar yağıb, şaxtalı
günlər adamlara çətinlik yaradıb,
soyuğun, şaxtanın
hikkəsinə davam gətirə bilməyənlər
özlərini ocağa,
təndirə "təpməyə"
məcbur olublar. Soyuqdan, şaxtadan
insanlar da, heyvanlar da, hələ
təbiətin özü
də ziyan çəkib.
Kiçik çillə adamlara
çox əziyyət
verdiyi üçün
Allah Təala onun ömründən 10 günü
götürərək Böyük
çillənin üstünə
atıb, bu çilləni 40 gün edib.
Qış fəsli tən yarı olanda, fevralın 5-7-də əlamətdar
Xıdırnəbi bayramı
qeyd edilir. Xıdırnəbi bayramı qədim adət-ənənələrdəndir. Bu bayramda su dəyirmanında üyüdülmüş,
xüsusi buğda növündən olan undan, qoca nənələr
xəşil bişirərdilər.
Ocağın üstünə mis qazan qoyardılar.
Su tökülərdi, su
qaynara düşəndən
sonra ailədə adam sayına
görə oraya un əlavə olunardı. Qazanı oxlovla qarışdırmağa
cavanlar növbə ilə köməyə gələrdilər ki, xəşil yaxşı bişsin. Yeməkdən unun iyi gəlməyənə, yəni
xəşil tam bişənə
kimi qarışdırardılar,
hazır olanda xəşili mis sinilərə, dövrələrə
çəkərdilər, xəşilin
ortasını çala
edərək, oraya ərimiş nehrə yağı, bəhməz əlavə edilərdi.
Yeməklə doymaq olmazdı,
xəşil yeməyi
qış fəslində
tez-tez bişirilən
yeməklərdən biri
idi. O adamları
sərt soyuqlu havada, şaxtalı, qarlı havada dözümlü edər,
müalicə əhəmiyyətli,
güclü yemək hesab olunardı.
Xıdırnəbi bayramı üç gün davam edərdi, həmin günlərdə el arasında
"qodu-qodu" deyilən
oyun təşkil olunardı.
Xıdırnəbi, Xıdırilyas,
Bitdi çiçək, oldu yaz
Xıdır gəlir hayla
Altında dayla
Yağ gətirin yağlayaq
Dəsmal
verin bağlayaq...
- kimi sözlər
oxunardı.
Qodu - adama bənzər müqəvva
düzəldilərdi, üstü
bəzədilərdi. Onu qapı-qapı,
ev-ev gəzdirərdilər.
Qoduya pay, nəzir-niyaz
verilərdi. Yığılan payı, nəzir-niyazı
kənddə obada ən kasıb yaşayan, imkansız ailələrə çatdırardılar.
Bu barədə də el deyimi vardır.
40 gün Böyük,
20 gün Kiçik keçib tamam olandan sonra Boz
ay başlanır. Yalançı çərşənbə ilə bu ayı
simvolik olaraq qarşılayar, gəlişini
qeyd edərdilər.
Laçında Boz ay bozara-bozara,
qızara-qızara günlərini
saymağa başlayar,
bir gündə bəzən 5 təbə düşərdi.
Birinci çərşənbə
- Su çərşənbəsi fevral ayının son günləri qədəm
qoyur, beləliklə çərşənbələr davam etdirilir. Yəni çayların,
bulaqların suyu buz bağlayan yerləri əriməyə
başlayır. Havalar get-gedə
yavaş-yavaş isinməyə
başlayır. Təzə
gəlinlər, nişanlı
qızlar bulaq başına su gətirməyə gedərdilər,
durna qatarı
kimi düzülən
qızları göz altı edənlər də olardı, oğlanlar tamaşaya çıxardılar, sevgi
ovuna çıxardılar...
İkinci
- Od çərşənbəsində
yazın ətri hiss olunmağa başlayırdı.
Günəş yavaş-yavaş ətrafı, torpağı
isitməyə çalışırdı.
Od çərşənbəsi
günü hər bir ailədə toy, bayram kimi qeyd
olunmağa başlanardı.
Hər bir ailə üzvünün adına, sağlamlığına
görə şam yandırılardı, ad olunardı.
Axşam
süfrə, xonça
bəzədilərdi.
Üçüncü - Yel çərşənbəsində
təbiət oyanmağa
başlardı. Torpaq isindiyindən bitkilər
cücərirdi. Əsən yel
ağacların qol-budaqlarını
tərpədərdi ki,
yuxudan oyansınlar.
İlk yaz bitkisi Xıncılovuz
yığılardı, kətə,
"cırdala" bişirilərdi.
Novruzgülü açardı. Nişanlı oğlanlar onları
yığıb sevgililərinə
hədiyyə verərdilər.
Dördüncü çərşənbədə ana təbiət oyandığına görə
əkinçilər cütləri,
kotanları əkin sahəsinin kənarına
sürərdilər. Nənələr
buğda isladıb, səməni qoyardılar ki, il bolluq olsun, dodaqaltı
oxuyardılar: "Səməni,
saxla məni, hər il göyərdərəm
səni..." Axırıncı
çərşənbədə, deyilənə görə,
gecə kim
nə yuxu görsəydi, çin olardı.
Novruz bayramı yeni il kimi qəbul olunardı. Bu bayram mərasiminin
yaranma tarixi çox qədimdir.
O, qışın sona
çatması və
yazın gəlişi
ilə bağlıdır.
Bizim tərəflərdə Novruz
bayramına xeyli qalmış hazırlıq
işləri görülməyə
başlanardı. Məhəllələrdə, həyətlərdə, hətta evlərdə ciddi təmizlik, abadlıq işləri görülərdi.
Axırıncı çərşənbə günü
gənclər bir yerə yığılıb
kiflən, yelləncək
asardılar. Yelləncək, kiflənə iki
qoldan ibarət olurdu. Yellənən oğlan və
qız bahar haqqında nəğmələr,
mahnılar oxuyardılar.
Subay qızlar mis badyaçaya su tökərdilər, 2 iynənin
dəliyinə sap salardılar.
Üzük falına baxmaq
üçün iynələri
suya atardılar.
İynələr bir-birlərinə yaxın gələndə
qoşalaşanda, sevinərdilər
ki, ürəyində
nəzərdə tutduğu
oğlanın da ona meyli var,
birləşməsi evlənmək
əlamətidir.
Qızlar duzlu könbə bişirib yeyərdilər,
su içməzdilər
ki, gecə yuxuda hansı oğlan ona su versə, demək, onların bir-birinə eşq-məhəbbəti
yaranacaq.
Oğlanlar qonşu qapısına gedər, astadan qapıları açar, papaq atardılar, sonra da qaçıb
gizlənərdilər. Ev sahibi də hazırlanmış bayram
payından onlara pay qoyardı. Sevinə-sevinə papağı götürüb
o biri qonşuya gedərdilər.
Qızlar ürəyində niyyət tutaraq qonşu qapısına qulaq falına çıxardılar. Od çərşənbəsində hər həyətdə tonqal yandırılardı. Tonqalın başına toplananlar növbə ilə odun üstündən atdanar, "Ağırlığım, uğurluğum odda yansın" - deyərdilər.
Hər bir çərşənbə gününün axşamları ləziz, dadlı bayram aşı - plov bişirilərdi. Lobyalı, əriştəli, səbzili, cücəli plov hazır olanda ailə üzvləri süfrə başına toplaşar, bayram aşı yeyərdilər. Yaxın, əziz adamlara, qonşulara pay aparılardı. Fəsəli, kətə, yayma - südlü aş da bişirilərdi.
Bizim ellərdə kətəni sacda bişirərdilər. Göy-göyərtidən, pendir-şordan, özü də sacın tən yarısı boyda böyük olardı kətələr. Bayramqabağı, ailədən kimsə uzaqdadırsa, səfərdədirsə, birinci həmin adam yad olunardı. Yumurta döyüşmək böyük əyləncəydi uşaqlar, cavanlar üçün. Xoruz döyüşdürmək kimi maraqlı əyləncə də vardı. Bunun üçün qabaqcadan döyüşkən xoruzlar alardılar, bəsləyər, bayram günü meydana çıxardıb döyüşdürərdilər.
Bayram axşamına kimi, yaxın qohumlarda, qonşularda gileyli, küsülü adamlar olsa, onlar barışdırılardı, küsülü qalmaq olmazdı.
Novruz bayramı günü oğlanlar 2 dəstəyə bölünərək dirədöymə, ənzəlxan, "yoldaş səni kim apardı", çilingağac kimi oyunlar oynardılar.
Novruz bayramı günü Keçəl və Kosanın məzəli oyunları, zarafatları adamları əyləndirər, yaddaşlarında silinməz izlər buraxardı.
Nemət
BƏXTİYAR,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
525-ci qəzet.- 2015.- 5 mart.-
S 6