Novruz Nəcəfoğlunun türkiyəli
oxucularla növbəti görüşü
- "Bəmbəyaz keçiddə"
Bugünlərdə Türkiyədə tanınmış
nasir Novruz Nəcəfoğlunun "Bəmbəyaz
keçiddə" kitabı
çapdan çıxıb. Kitabda Türkiyənin
tanınmış yazarı
İmdat Avşarın
tərcüməsində ədibin
iki povesti və bir-birindən maraqlı yeddi hekayəsi yer alıb.
Novruz Nəcəfoğlu
1954-cü ildə Lerikdə
dünyaya gəlib. Bakı Dövlət
Universiteti və Prezident yanında Dövlət İdarəçililk
Akademiyasını bitirib.
Hekayələri və
məqalələri "Azərbaycan",
"Ulduz", "Literaturnıy
Azerbaycan" kimi dərgilərlə yanaşı
"525-ci qəzet"də, "Kaspi"də, həmçinin
qardaş Türkiyənin
müxtəlif ədəbiyyat
jurnallarında mütəmadi
nəşr olunur.
"Bir qış gününün xatirəsi",
"Yolların uzandığı
gün", "Çarəsiz
yolçu", "Keçən
cavan çağım
ola" adlı ədəbi əsərləri
ilə yanaşı, Avropa və Şərqi Asiya ölkələrinə səfərləri
zamanı dəyərli
yol qeydləri qələmə alıb.
Kitabın girişindəki təqdimatda
tərcüməçi qeyd
edib ki, Novruz Nəcəfoğlunun
əsərini türkcəyə
uyğunlaşdırmaqdan məmnunluq
duyur: "Onun hekayələrini türkcəyə
çevirməyə başladığım
2010-cu ildə hələ
şəxsən tanış
deyildik. Ancaq əsərlərini oxuduqdan
sonra onunla illər öncə, bəlkə də "ərvahi-əzəl"də tanış olduğum
hissinə qapıldım.
Çünki onun hekayələrinin
məkanı kənddi
və bu əsərlərin ana vətəni də yazarın öz uşaqlığıdı. Yəni, biz eyni mənbədən bəslənərək hekayələrimizi
eyni məkanlardan, gerçək həyat hekayələri içindən
çıxarırıq. Yaradıcılığının mərkəzinə İNSANı qoyan yazarın təbiiliyi, səmimiyyəti və təhkiyəsi onun gücünü sübut edirsə, məni cəlb edən başqa nüanslardı.
Bu səbəbdən "Çarəsiz
yolçu" adlı
kitabını yayımladıqdan
sonra Şabrandakı görüşümüzdə sanki
illər öncə yarımçıq buraxdığımız
bir söhbətə davam etmiş kimiydik".
İ.Avşar vurğulayır ki,
Novruz Nəcəfoğlunun
bundan əvvəlki -
"Çarəsiz yolçu"
adlı kitabı da türk oxucusu
tərəfindən maraqla
qarşılanıb: "Çarəsiz
yolçu", "Yuxu",
"Bir qış gününün xatirəsi"
və "Səhra gəmisi" kimi hekayələri geniş rezonans doğurub. Dolayısıyla, yazıçı
oxucuda yeni əsərlərini gözləmək
duyğusu yaradıb:
"Buna görə də
yazıçının "Bəmbəyaz keçiddə"
adlı ikinci kitabını türk oxucuları ilə görüşdürməyi özümə
borc bildim. Yazıçının
bu kitabında yer alan
və mənim şah əsəri hesab etdiyim "Keçən cavan çağım ola" adlı əsəriylə
bağlı bir neçə cümlə ilə fikrimi bildirmək istərdim. Novruz Nəcəfoğlu bu əsərdə uşaqlığından bəri
tanıdığı, ailə
dostları olan Qəlbi Əmisini bir hekayə qəhrəmanı kimi yaradaraq onu və
onun şəxsində
dürüstlüyü, igidliyi
və mərdliyi də ölümsüzləşdirib...
Bu əsəri oxuduqdan sonra oxucuların da mənimlə eyni qənaəti bölüşəcəklərinə
inanıram". Təqdimat
yazısında İ.Avşar
bu əsərin nəşrində və oxuculara yetişməsində
əməyi olan Elçin Hüseynbəyli,
Əli Dovşançıoğlu,
İsmayıl Təkdən
və Hakan Avşara minnətdarlığını
ifadə edib.
Önsözün müəllifi - tanınmış
ədib Elçin Hüseynbəyli qeyd edib ki, yazı
adamı ilə tanışlıq illərlə
deyil, ömürlə
ölçülür: "Bir yazarı tanıyırsansa, dostluğun
davam edirsə, bu onu çox
əvvəllərdən, ilk əsərini yazdığı
andan etibarən tanımaq deməkdir. Çünki bir yazarı
tanıdığın andan
bəri həm daha öncə yazdıqlarını, həm
də sonra yazacaqlarını oxuyur insan. Novruz Nəcəfoğlunun Türkiyədə çıxan
ilk kitabı - "Çarəsiz
yolçu"nu da yazar dostumuz İmdat Avşar dilimizə çevirib nəşr etdirmişdi.
"Çarəsiz yolçu"
adlı əsərin qəhrəmanı olan qadın, ailəsi üçün özünü
oda atan bir anaydı və bu, olduqca təsirli
əsərdi... Bir müddət
əvvəl Bakıda
Novruz Nəcəfoğlunun
60 illik yubileyi münasibətilə bir kitab nəşr edilmişdi. Mən
60 il deyərkən
onun dünyadakı həyatını nəzərdə
tuturam. Yazımın başındakı düşüncələrin davamı
olaraq bunu da əlavə edim ki, yazarın
müəyyən bir yaşı olmur. Yazarın yubileyi münasibəti ilə yayımlanan o kitabda tanınmış qələm sahiblərinin
məqalələri, yazıçının
özü və yaradıcılığı ilə
bağlı düşüncələri
yer alıb.O kitabda məqaləsi dərc edilən yazarlar Novruz Nəcəfoğlunun ədəbi
yaradıcılığına, fərqli yönümlərdən
yanaşıblar. Amma
həmin məqalələrin,
yazıların içindən
bir fikir qırmızı xətt kimi keçir: "Novruz Nəcəfoğlu fərqli, maraqlı və həyatın içindən gəlmiş
bir yazıçıdır".
E.Hüseynbəyli Novruz Nəcəfoğlunu
öz uşaqlığından,
köklərindən ayrı
yaşaya bilməyən
insan kimi səciyyələndirib: "O həyatda
da, ədəbi yaradıcılığında da uşaqlıq dünyasından qopa bilmir. Evinin bağçasında əkdiyi ağacları da əsərlərindəki
kimi sevir. Əsərlərində də, gerçək
həyatda da çox sevdiyi atlara yanaşması eynidir. "Vətənim
uşaqlığımdır" deyimi onun əsərlərinin
boyuna biçilmiş
paltardır. Novruz Nəcəfoğlu
əsərlərini uşaqlıq
xatirələrindən, keçmişə
həsrətdən və
hafizədə qalan hadisələrdən yola çıxaraq yazır.
Bəzi əsərlərində isə
bu üç qaynaq eyni anda
hərəkətə keçir.
Bunu isbat edən ən gözəl əsərlərindən
biri "Keçən
cavan çağım
ola" adlı xatirə tipli povestidir. Bu əsəri portret
hekayə adlandırmaq
mümkündür.
Mövzu
bir yana,
önəmli olan əsərin necə yazılmasıdır. Novruz Nəcəfoğlunun
əsərlərinin önəmli
bir bölümü impressionizm cərəyanına
daha yaxındır.
Bu povest keçmişə
oxunan nəğmədirsə,
gələcək üçün
də milli kimlik ensiklopediyası xüsusiyyətində bir
əsərdir. Onun yazılarında
doğulduğu yerlərin,
gəzdiyi obaların incə detallarla işlənmiş portreti
var. Əsəri oxuyarkən
insanın qulaqlarında
quşların ötməsi,
atların kişnərtisi,
çeşmələrin, bulaqların
şırıltısı əks-səda verir. Çünki təsvirlər olduqca
təsirli və canlıdır. Novruz
Nəcəfoğlu Qəlbi
Əmi adlı qəhrəmanının mərdliyini,
dostluğa sədaqətini,
insanlara verdiyi dəyəri, dünya malına qarşı laqeydliyini elə gözəl rənglərlə
və elə şirin dillə təsvir edir ki, oxucusunun əsl kişi
olan bu qəhrəmanı
sevməməsi mümkün
deyil. Dostum İmdat Avşar Novruz Nəcəfoğlunu
belə dəyərləndirir:
"Seçilən mövzular
və insanın iç dünyasına yönələn dünyagörüşüylə
ümumi Azərbaycan nəsrinin bütün
xüsusiyyətlərini daşıyan
mətnlər, Novruz Nəcəfoğlunun axıcı,
təbii və son dərəcə səmimi
üslubuyla insanı birdən-birə bürüyən
isti, duyğulu və insanın hər halını əks etdirən hekayələrə çevrilir".
E.Hüseynbəyli Novruz Nəcəfoğlunun kitabdakı ikinci povestini - "Ağqayadan atılan güllə" əsərini həyəcansız, gözyaşısız oxumağın mümkün olmadığını diqqətə çatdırır: "Erməni işğalı, doğma yurd-yuvasından didərgin düşmüş insanlar, tərk edilmiş evlərin açarları, sürgün edilənlərin yurd həsrəti... Bütün bunlar hekayədə çox canlı təsvirlərlə verilib. Müəllif digər hekayələrində də tarixi hadisələrdən yararlanır və bunlar əsla təsadüfən seçilmir, seçilən tarixi mətnlər o hekayənin mayasına çevrilir. "Bir xatirənin xətrinə" adlı hekayənin qəhrəmanı yazarın öz nəvəsinin adını daşıyır. Novruz Nəcəfoğlu nəvələrini çox sevdiyi üçün bəzi qəhrəmanlarına nəvələrinin adını verir, ya da nəvələrini gözüylə müşahidə elədiklərini hekayələrində yazır. Buna görə də hekayələri canlı, həyatın içindən olur. Yazar bu hekayəsində də öz üslubuna sadiq qalaraq nəvəsinin gözüylə öz kəndinə baxır və kəndin gözəlliklərini nəvəsinə təlqin edir.
Mənim bu düşüncələrimi dəstəkləyən yazar Sadıq Elcanlı da qeyd edir ki, Novruz Nəcəfoğlunun povest və hekayələrin əsas qəhrəmanı xatirələr tülünə bürünmüş və bəzən də çöldə ilğım kimi gözə görünən kənddir - planetimizi bürüyən həm maddi, həm də mənəvi şəhərləşməyə qarşı müqavimət göstərən, modernizm qarşısında varlığını qorumaq qorxusu yaşayan, əzəli milli və mənəvi dəyərlərini itirməkdən qorxan, əndişələnən, varlıq mübarizəsi aparan kənd. "Hirs" adlı hekayə isə tamamilə fərqli bir mövzuda və fərqli üslubdadır. Bununla bağlı düşüncələrimi söyləsəm, əsərin dadı qaçar. Hekayəni özünüz oxusanız yaxşı olar. Ustad yazarımız Seyran Səxavət də belə deyir: "Onun "Çarəsiz yolçu" adlı povestinin məzmununu sizə danışmağı düşünsəm də, bunu əsərin yazarı Novruz Nəcəfoğlu qədər məqsədəuyğun və təfərrüatlı şəkildə anlatmağı bacarmayacağıma inandığımdan bu istəyimdən vaz keçirəm. Bu povest heç şübhəsiz, Azərbaycan nəsrinin irəli atılmış bir addımı, uğuru, milli nəsrimizin qət etdiyi yeni bir mərhələdir. Novruz Nəcəfoğlunun kitabda işıq üzü görən "Bəmbəyaz keçiddə", "Gəl birlikdə ölək" adlı hekayələri də bir-birindən maraqlı ədəbi mətnlərdir".
E.Hüseynbəyli kitabda yer alan hekayələri türk oxucuların da bəyənəcəyinə və Novruz Nəcəfoğlunun şəxsində fərqli bir azərbaycanlı yazarı tanıyacaqlarına ürəkdən inandığını bildirib.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 6 mart.- S 8.