Alim və müəllim şəxsiyyətinin miqyası

 

 

İnsan var ki, bioqrafiyasının təqvim faktları onun kim olduğunu, fəaliyyətinin qiymətini, insanlıq keyfiyyətini dərhal üzə çıxarır.

 

Belə insanın ömür yolunda baş verən hadisə və faktların onun ictimai rəydə yer tutmasına, xalq arasında ləyaqət nümunəsi kimi tanınmasına xidmət edirsə, onda hər kəs bu bioqrafiyanı konstatasiya edən məqamların dərin qatlarına varmağı, taleyin uğurlu yollarının hardan başlayıb hara getdiyini geniş diapazonda öyrənməyə çalışır. Bakı Dövlət Universitetinin Filologiya fakultəsində Müasir Azərbaycan Ədəbiyyatı kafedrasında professor vəzifəsində çalışan Abdulla Abasovun indiyəqədərki ömür yolu bioqrafik faktlarla o qədər zəngindir ki, onun bir alim, bir tədqiqatçı, bir müəllim, bir kollektiv üzvü, bir ailə başçısı kimi niyə bu qədər ləyaqətli olduğu təəccüb doğurmur. Abdulla Abasovu Azərbaycan ədəbi-ictimai fikri çox məhsuldar və istedadlı bir ədəbiyyatşünas alim kimi, universitet kollektivi səmərəli bir professor kimi, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən saysız-hesabsız tələbələri-filoloq-məzunlar əvəzedilməz bir müəllim kimi tanıyır və qəbul edirlər. Abdulla müəllimə bütöv bir universitet kollektivinin böyük hörməti və sevgisi var. Onu tanıyanların bu böyük alimə, bu böyük müəllimə, bu böyük ədəbiyyatşünasa hörməti və sevgisi hardan qaynaqlanır? Bu sualı Abdulla Abasovun bioqrafiyasında əks olunan faktlar daha dəqiq cavablandıra bilər:

 

Abdulla Abasov Azərbaycanın çox sevilən və lap qədimdən bugünədək milli mücadiləmizin, mədəniyyətimizin, tariximizin mühüm parçası kimi tanıdığımız Qubada anadan olub. Qubada orta məktəbi bitirib. Lap cavan çağlarında-18 yaşında Quba Pedaqoji məktəbini bitirib "ibtidai sinif müəllimi" statusu alıb. Bu fakt onun bioqrafiyasında xüsusi önəm daşıyır ona görə ki, on səkkiz yaşından ona hər kəs "Abdulla müəllim" kimi müraciət edir. Elə bil ki, tale müəllimliyi hələ lap cavan vaxtlarından onun ömür yoluna çevirib. Və ən maraqlısı budur ki, bu böyük alim müəllimliyi özünün tale yolu hesab edir.

 

Müəllimliyə bu həvəsi və fitri istedadı bir azdan onu Quba Dövlət Müəllimlər İnstitutuna gətirib çıxarır. Bu minvalla Abdulla Abasov 1950-ci ildən "Orta məktəb müəllimi" peşəsinə yiyələnir. Və bu orta məktəb müəllimi tam hüquqlu pedaqoq olmaq istəyilə Bakı Dövlət Universitetinin dil-ədəbiyyat-indiki halda Filologiya fakultəsinə daxil olur. Buranı da bitirir. Deməli, on səkkiz yaşından "Abdulla müəllim" kimi çağrılan bu adam artıq ali təhsilli bir pedaqoqdur. O, universiteti bitirən kimi doğma Qubaya qayıdır və bu şəhərdə öz ixtisası üzrə orta məktəbdə müəllimliyə başlayır. Qubanın ictimai işlərində təmiz məsləki, savadı, milli mənliyi ilə tanınan bir Abdulla müəllim görünməyə başlayır. Onu rayon sovetinə deputat seçirlər, rayon təhsil idarəsində məsul vəzifəyə təyin edirlər... Abdulla müəllimə Quba camaatı xüsusi hörmət bəsləyir. Bu cavan oğlanı öz savadına və qabiliyyətinə uyğun olaraq çətin sahələrə, müxtəlif məsul vəzifələrə göndərirlər…

 

Amma bir iş də var: Bu cavan oğlan harda olur-olsun, özünün filoloq ixtisasından ayrılmır, lap cavan vaxtlarından Azərbaycan ədəbiyyatının klassik simalarını tədqiq edir, onlarla bağlı dərc etdirə bildiyi və dərc etdirə bilmədiyi elmi məqalələr işləyir. Deməli, çox sevdiyi doğma Qubadan ayrılıb Bakıya-elm mərkəzinə gəlmək tələb olunur... 1962-ci ildə universitetin Filologiya fakultəsində aspiranturaya qəbul olunur. Cəmi iki il müddətində namizədlik dissertasiyasını müdafiə edir və o gündən "Filfak" kimi sevdiyimiz bir fakultənin müəllimi olur.

 

İlk baxışdan müəllimlik sakit bir ömür, asan bir peşə təsiri bağışlaya bilər. Amma Abdulla Abasov kimi müəllimin həyatına, keçdiyi yola, məsləkinə, əqidəsinə diqqət kəsiləndə görürsən ki,  pedaqoqluq çətin peşədir. Gecəsi, gündüzü olmayan, daim təkmilləşmə, daim məlumatlanma tələb edən bir peşədir. Bu peşənin universitet variantı isə daha çətindir. Əlbəttə, müəllimliyi  asan bir ömür yolu kimi seçən adamlar da var. Belələri universitet auditoriyasında kimlərinsə yazdığı dərsliklərin fəsillərini tələbəyə çatdırmaqla vəzifəsini bitmiş hesab edir. Amma Abdulla Abasovlar hər dəfə auditoriyaya yeni informasiyanı, dərslərə tənqidi yanaşmanı, haqqında danışdığı mövzunu öz fərdi yaradıcılıq interpretasiyasında təqdim etməyi özlərinə borc bilirlər. Belələrinin dərsində tələbənin təsadüfən əsnəməyi müəllimin faciəsinə çevrilir. Abdulla Abasovun yaradıcılıqlarını təhlilə, tədqiqata cəlb etdiyi ədəbi şəxsiyyətlər həm də klassik müəllim olublar. Abdulla Abasov həmin klassik müəllimlərin davamçısı kimi Filologiya fakultəsinin sevgisini, məhəbbətini, hörmətini yaşamaqdadır.

 

Bu yerdə Abdulla müəllimin bioqrafiyasından bir detalı xüsusi qeyd etmək istərdik. Məsələ burasındadır ki, bu detal Abdulla Abasovu filologiya ilə bərabər, birdəfəlik jurnalistikaya da bağlayıb. Bu detal Abdulla müəllimin namizədlik mövzusu ilə bağlıdır: "Kommunist" qəzetində ədəbiyyat məsələləri". Bu ciddi tematika bir azdan Abdulla Abasovu jurnalistikanın aparıcı növlərindən biri olan publisistikaya bağlayır və o, çox keçmədən özünün doktorluq işini "Üzeyir Hacıbəyovun sənətkarlığı" probleminə həsr edir. Bu problemin tədqiqində Üzeyir bəyin poetikası və bu sistemdə onun publisistikası üzərində xüsusi dayanır. Bir azdan yüzlərlə məqaləsi və kitabları sırasında "Mətbuat və ədəbiyyat", "Tənqid və dramaturgiya", bir çox ədəbiyyatşünas alimlərin, klassik publisistlərin yaradıcılığına həsr olunmuş əsərləri ilə Abdulla müəllim həm də jurnalistika elminə böyük töhfələr verir. Bu tipli tədqiqatlarına və klassik jurnalistikaya sevgisi onu həm də Jurnalistika fakultəsinə bağlayır və biz -  bu məqalənin müəllifləri indi hər gün onu doğma fakultəmizdə məhəbbətlə salamlayırıq. Abdulla müəllim artıq uzun illərdir ki, fakultəmizdə təkcə müəllim kimi deyil, həm də dövlət imtahan komissiyasının sədri, magistr dissertasiyaları müdafiə komissiyasının sədri kimi məsuliyyətli vəzifələri həyata keçirir. Jurnalist tələbələri, yüzlərlə məzunlar və bugünkülər onu bir müəllim kimi həm də klassik publisistika təlimlərini tədris edən jurnalist-müəllim kimi sevirlər. Əlbəttə, bu, həqiqətən bioqrafiyadan bir detaldır və əsas məsələ orasındadır ki, Abdulla Abasov öz tədqiqatları ilə bütöv bir irs yaratmış böyük filoloq, ədəbiyyatşünasdır.

 

Abdulla Abasov ədəbi simalara dair portret oçerklərində qibtə ediləcək müasir publisistdir. Biz onun publisistikasını böyük filosofumuz Səlahəddin Xəlilovun nəzəri cəhətdən əsaslandırdığı "fəlsəfi" və "maarifçilik publisistikası" kimi xüsusi publisistik formatında görürük. Alimin 2013-cü ildə  çap etdirdiyi  "Ədəbi yadigarlar" kitabındakı ön sözü fəlsəfi publisistikanın parlaq nümunələrindən biridir. Əlbəttə, biz bu kitabın tematikası, məziyyətləri barədə danışacağıq. Lakin indiki halda müəllifin kitaba yazdığı ön sözün fəlsəfi mahiyyəti üzərində dayanmaq istərdik. Müəllif  "ədəbi yadigar" kimi təqdim etdiyi şəxsiyyətlərin yaradıcılığından əvvəl insan və şəxsiyyət, yaradıcı insanın həyat kredosu, Vətən və vətəndaşlıq, milli ruh və milli varlıq, şəxsiyyəti formalaşdıran amillər, yaradıcılığın, savadın, istedadın və bunlardan doğan vətəndaşlıq hissinin Allah sevgisi olması və s. kimi məsələlərin fəlsəfi izahını verməklə oxucunu dəqiq, inkarolunmaz ideyaların izinə salır. Müəllifin kamil şəxsiyyət haqqında aşağıdakı fikri öz orijinallığı və fəlsəfi yanaşması ilə maraq doğurur: "... Öz varlığı, əqli, fikri, yaradıcı əməyi ilə həyatın gözəlliyini artıran, hər cür fərdi və sosial fəaliyyəti, mənəvi-əxlaqi və estetik kamillik dərəcəsinə çatdıran, həyatın fəal qurucusu olan insana-şəxsiyyət, hər cəhətdən tərbiyəli, əxlaqlı-namuslu olmaq, Vətəni-milləti-torpağı-dini, ana dilini sevmək, soy-kökünə ləkə düşməyə imkan verməmək, tarixin müqəddəs qanunlarına əməl edib qorumaq, onun dərslərindən ibrət götürmək, hər cür təcavüzə, alçaqlığa, satqınlıq və xainliyə sinə gərib, onları məhv etmək ənənəvi-əxlaqi kamilliyin ayrılmaz tərkib hissəsidir".

 

Publisist-alim bu fikirlə qələmə aldığı böyük yaradıcı şəxsiyyətlərin-Mir Cəlalın, Səməd Vurğunun, Cəfər Xəndanın, Məmməd Arifin, Məmməd Cəfərovun, Kamran Məmmədovun, Firudin Hüseynovun, tanıdığı, dostluq, yoldaşlıq etdiyi digər şəxsiyyətlərin yaradıcılıq yoluna işıq salaraq yeni nəslə özünün dərslərini bu nümunələr fonunda gerçəkləşdirir. Bütün bu əsərlər onun qiymətli publisistik yaradıcılığına, həm də jurnalistikasına aiddir.

 

Abdulla Abasovun universitet müəllimliyinin də uzun akkordları var: Əvvəlcə aspirant, sonra müəllim, baş müəllim, dosent və nəhayət, professor. Neçə illərdir - 1978-ci ildən üzü bəri - Abdulla müəllim universitetin sayılan-seçilən "Müasir Azərbaycan Ədəbiyyatı" kafedrasının professorudur. O, həm universitetin, həm də Respublikanın bir sıra təşkilatlarının etibar etdiyi ləyaqətli bir alim-pedaqoqdur. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Ekspert Şurasının üzvü olmuş, hazırda Filologiya fakultəsi nəzdindəki Müdafiə Şurasının fəal üzvlərindəndir və bütün bunları elmi yaradıcılığı ilə birgə aparır. Əslində, universitet mühitində o müəllim daha çox sayılır və hörmət qazanır ki, o tədrisi və elmi yaradıcılığı birləşdirməyi bacarır. Abdulla müəllim bizim kafedraya tez-tez gəlir: yəni Jurnalistika fakultəsində dərsi olan günlərdə dərs vaxtından bir saat əvvəl və dərs bitəndən sonra yenə bir saat söhbətlərini bizə həsr edir. Bu söhbətlərdə hər dəfə biz müdrik bir alimin, qələmi, qəlbi milli ədəbiyyatımıza, milli dəyərlərimizə, klassikamıza məhəbbət dolu bir insanın təkcə yüksək savadının, biliyinin deyil, həm də elmi erudisiyasının, hadisələrə təhlili münasibətinin şahidi oluruq. Onun söhbətləri bu sətirlərin müəlliflərini bir daha ədəbiyyatımıza, sənət dünyamıza bağlayır və biz o anda bu böyük alimin bizə ayırdığı və qəsdən ayırdığı o qiymətli vaxtına görə Tanrıya şükr edirik.

 

Abdulla müəllim məhsuldar ədəbiyyatşünasdır. O özünün müəllimlərinə, o müəllimlərinin yaradıcılığına sevgi dolu bir ürəklə yanaşan tədqiqatçıdır. Bu sırada onun özünə müəllimlər müəllimi kimi qəbul etdiyi Mir Cəlal Paşayevin yaradıcılığına həsr etdiyi çoxsaylı məqalələri diqqəti cəlb edir. Bu məqalələrin hamısında o öz müəllimini "ustad" adlandırır. Mir Cəlal müəllimin çoxsahəli yaradıcılığı Abdulla Abasovun təhlillərində elmi qiymətini dəqiqliklə tapmaqdadır.

 

Abdulla Abasov "Ədəbi yadigarlar" kitabında oxucuya iyirmiyə yaxın şair və yazıçının, filoloq alimin haqqında dəyərli portret-oçerklər təqdim etmişdir. Bu oçerklərdə o, bədii söz dünyamızın dəyərli nümayəndələrini təkcə bədii, elmi yaradıcılıq istiqamətindən deyil, həm də ictimai xadim, Vətənə, xalqa, elmə, mədəniyyətə xidmət yolundakı fəaliyyətlərini də qələmə almışdır. Müəllif,  yaradıcılıq dünyası ilə bütün filoloji elmimizdə, milli ədəbiyyatımızda silinməz iz qoyub getmiş əziz müəllimləri haqqında dolğun oçerkləri ilə onları oxucuya yenidən xatırladır. Bu sırada Azərbaycan ədəbiyyatının görkəmli siması, bədii söz ustası,  habelə filoloji elmimizin cəfakeş alimi Mir Cəlal Paşayevə həsr etdiyi  "Paklıq və müqəddəslik nümunəsi" adlı portret oçerki diqqəti xüsusi cəlb edir.

 

Bu oçerkin çox maraqlı fəlsəfi mahiyyət daşıyan bir preambulası, musiqişünaslıq termini ilə desək, cəlbedici bir prelüdiyası var. Bu parçada müəllif təqdim etdiyi yazıçı- alim obrazının ümumi dəyərinə diqqət yönəltmək üçün yazır:  "...Elə insanlar olub ki, var və yenə də olacaq ki, dünyaya adi, sadə bir fərd kimi gəlsələr də, sonradan Tanrının onlara verdiyi ömrü elə şərəf və ləyaqətlə yaşayırlar ki, minnətsiz və təmənnasız olaraq, ulu tarixin nurlu səhifələrində fəxri yerlərə layiq görülüblər. Etibarlı yaddaş kitabına, tarixləşən xatirələr aləminə, əsrlərə və nəsillərə nümunə olan əziz, unudulmaz insanlar kimi düşüblər... Mir Cəlal müəllim kimi ..."

 

Bu qiymətli fikirləri oxuyursan və oçerkin ardını vərəqlədikcə məlum olur ki, Mir Cəlal Paşayev Abdulla Abasovun hələ tələbəlik illərində ilk müəllimi olmuş, elmi işlərində ona rəhbərlik etmiş, bu gənc alimi kafedrada saxlamış, ömrünün sonuna qədər ona öz qayğısını əsirgəməmişdir. Oçerkin nurlu bir yazı kimi meydana gəlməsi Mir Cəlalın təkcə nurlu yaradıcılığı ilə deyil, həm də bu oçerkin müəllifinə ömrü boyu göstərdiyi insanlıq faktlarına bağlıdır.

 

Qeyd etdiyimiz kimi, A.Abbasov özünün Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər Xəndan və s. kimi müəllimləri haqqında da xatirə-oçerklər yazmışdır. O, "Həyat və bədii həqiqət" adlı böyük bir kitabında Azərbaycan poeziyasının, bədii nəsrimizin, dramaturgiyamızın, tənqid və ədəbiyyatşünaslığımızın ustad nümayəndələri haqqında çoxsaylı tədqiqatlarını çap etdirmişdir. Abdulla müəllimin müxtəlif üsluba malik, müxtəlif yaradıcılıq yolu olan ədiblərə bağlı yazıları sadəcə faktları qeyd etməsi ilə deyil, bu yaradıcı şəxsiyyətlərin əsərləri fonunda ədəbiyyat və sənət barədə özünün nəzəri müddəaları, orijinal təhlilləri ilə yadda qalır.

 

Amma bütün bunlarla belə Abdulla müəllimin klassikaya bağlılığını heç nə əvəz edə bilməz. Təsadüfi deyil ki, onun fundamental tədqiqatları sırasında "Klassiklər həmişə müasirdir" kitabı xüsusi sambala malikdir. Bu kitabdakı məqalələr klassik ədəbi irsimizin bu gün üçün də müasirlik kəsb edən nümunələri ətrafında maraqlı tədqiqatlar silsiləsidir. Klassik mədəniyyətimizin dahi şəxsiyyəti Üzeyir Hacıbəyli yaradıcılığına həsr etdiyi kitablar sırasında son zamanlar ortaya qoyduğu "Yazıçı Üzeyir bəy Hacıbəyov" monoqrafiyası öz sambalı və fundamentallığı ilə diqqəti xüsusi cəlb edir. Monoqrafiya Üzeyir bəyi bir yazıçı kimi başdan axıradək bizə tanıdır. Əsərdə ustad ədibin bədii gülüş üsulları, folklora yaradıcı münasibəti, klassik irsdən bəhrələnməsi, dili və üslubu və s. kimi problemlərə elmi-nəzəri münasibət öz həllini tapmışdır.

 

Ömrünün əlli ildən çoxunu tələbə, aspirant və müəllim kimi Bakı Dövlət Universitetində pedaqoji-metodiki işə, elmi-nəzəri yaradıcılığa, tədris məsələsinə həsr edən professor A.Ə.Abasov respublikanın mətbuat orqanlarında müxtəlif ədəbi-bədii sahələrin bir sıra aktual problemlərinə həsr olunmuş iki yüzdən artıq elmi-nəzəri məqalənin, "Mətbuat və ədəbiyyat", "Ü.Hacıbəyovun sənətkarlığı", "Əbədiyyətə qovuşan sənətkar", "Həyat və bədii həqiqət", "Klassiklər həmişə müasirdir", "Ədəbi yadigarlar", "Yazıçı Üzeyir bəy Hacıbəyov" kimi monoqrafiyaların, humanitar fakultə tələbələri, aspirant və magistrlər üçün "Elmin tarixi və metodologiyası", "Tənqid və dramaturgiya", "Azərbaycan dramaturgiyasının inkişaf tarixindən", "Müasir ədəbi məktəblər", "Azərbaycan dramaturgiyası" proqramlarının bilavasitə müəllifi, kafedranın kollektivi tərəfindən hazırlanan "Azərbaycan sovet ədəbiyyatı" və "Müasir Azərbaycan ədəbiyyatı" dərsliklərinin ən məhsuldar müəlliflərindən biridir.

 

Bu kiçik qeydlərdən də göründüyü kimi, professor Abdulla Abasov polifonik yaradıcılıq yolu olan müasir ədəbiyyatşünas alim, müəllim və publisistdir. Onun indiyə qədər keçdiyi ömür yolu ədəbiyyatımıza, mədəniyyətimizə alim münasibətinin layiqli nümunəsidir. İndi bu şərəfli ömrün 85 ili tamam olur. Müəllim kimi ləyaqət sahibi, tədqiqatçı kimi zəhmətkeş, orijinal üsluba malik ədəbiyyatşünas və tənqidçi, aktual problemləri qələmə alan publisist və ən əsası, universitet mühitində hər anı sevgi ilə qarşılanan Abdulla Abasovun hələ qarşıda neçə-neçə kitabları, məqalələri, hər səhər onu auditoriyada həvəslə gözləyən onlarca tələbəsi durur. Bu böyük missiyanı bundan sonra da elə indiki kimi gerçəkləşdirməsi üçün müəllimimizə, dostumuza, həmsöhbətimizə bundan sonra da uzun illər arzusu ilə...

 

Könül NİFTƏLİYEVA,

Cahangir MƏMMƏDLİ

 

 

 

 

525-ci qəzet.- 2015.- 6 mart.- S 6