Füzuli səltənətinin əsgəri
Əlimin
altinda olan kitabları cəmləyib
vərəqlədikcə, dəfələrlə
oxuduğum ayrı-ayrı
məqalələrə ötəri
nəzər saldıqca
ağlıma bir fikir gəldi: kaş, şəxsiyyətinə
və qələminə
böyük hörmət
bəslədiyim bu söz adamı ya şair olaydı,
ya da yazıçı.
Mən də onun kitabları
barədə tutarlı
söz deməkdə çətinlik çəkməyəydim.
Yoxsa "Sənətkarın
uşaq dünyası",
"Azərbaycan uşaq
ədəbiyyatının mərhələli
inkişafı", "Bədii
təhlil və ədəbi tənqid",
"Bədii tərcümə
prinsipləri", "Uşaq
ədəbiyyatı: qarşılıqlı
yaradıcılıq qaynaqları",
"Zahid Xəlilin sənət dünyası",
"Problemlər, düşüncələr",
"Ömrün sözü,
sözün ömrü",
"Sehrli dünyanın
memarı" və sair və ilaxır
kitabları barədə
az-çox şeirə
bələd olan şair nə deyəsidir ki? Tələsməyin, yaxamı kənara
çəkmək fikrində
deyiləm. Sadəcə
olaraq, sizə sözün, sənətin
əzəməti qarşısındakı
məsuliyyəti dərk
elədiyimi çatdırmaq
istəyirəm...
Bununla tənqidçi
və ədəbiyyatşünas
qardaşım Füzuli
Əsgərlinin işini,
əməyini, zəhmətini
kölgədə qoymaq
barədə qətiyyən
fikirləşmirəm. Eyni zamanda,
öz borcuma hansı məsuliyyətlə
yanaşmalı olduğumu
etiraf etmək niyyətindəyəm.
Kim istəyər ki,
ya kefi göynən
gedəndə, ya da alt dodağı yer, üst dodağı
göy süpürəndə
sevincini bölməyə,
dərdini yüngülləşdirməyə
ürək dostu, mehriban və qayğıkeş qonşusu
olmasın. Bu mənada
mənimki gətirib.
Allaha şükür, Füzuli
müəllimlə paytaxtımızın
eyni ünvanında - Cavanşir küçəsində
qonşuluqda yaşayırıq.
Bir-birimizin telefonunu da bilirik, o baş bu başa addımladığımız
yola da bələdik,
Bakının cırhacırında
sərin və noxudlu pivə verilən sakit kafeyə də. Belə görüşlərdəki söhbətimiz
barədə qısaca
söz açmaq da yerinə düşər - Füzuli
müəllim ən çox yazıdan-pozudan danışır. Axı,
Füzuli Əsgərli
əsl sənət vurğunu, elm fədaisi, söz sərrafı, ədəbiyyatın ağır-yüngülünü
qızıl tərəzisində
çəkən bir az əliaçıq,
bir az xəsis,
bir az ərköyün,
ən vacibi daha çox tələbkar alimdir. Onu quru gülüşünlə,
yalançı səmimiyyətinlə,
ögey doğmalığınla,
soyuq istiqanlılığınla
özünə inandıra
bilərsən, lakin boğazdan yuxarı yazdığın hər hansı bədii yazı ilə çaşdıra bilməzsən.
Çünki Füzuli müəllim
üzə yox, sözə inanır.
Mən "tənqid"
sözünü təhlil
edəndə, yaxud hər hansı tənqidi məqalə oxuyanda, uzaqbaşı, onun obyektiv və
ya qeyri-obyektiv olduğu barədə düşünə bilirəm. Amma Füzuli
Əsgərlinin "Azərbaycan
nəsri və onun ədəbi tənqiddə yeri" adlı geniş araşdırmasında "dişsiz
tənqidlərin özü
də obyektiv ədəbi tənqidin haqlı qınağına
tuş gəlməli idi" deyiminə, inamına inandım.
Yaradıcılığının bir hissəsini şair Zahid Xəlilin yaradıcılığına, əsərlərinin təhlilinə həsr edən ədəbiyyatşünas alimi başa düşmək qətiyyən çətin deyil. Axı, o, haqqında bəhs etdiyi müəllifin qələm məhsullarından əvvəl müəllifin özünə, onun şəxsiyyət və xarakterinə bələddir. Bu, Füzuli müəllimin işini asanlaşdırır, yoxsa məsuliyyətini artırır? - sualının ikinci tərəfinə üstünlük verirəm. Tanımadığın qələm sahibi barədə qanadlı, yaxud qanadsız cümlələr uydura bilərsən, yaxından tanıdığın, yaradıcılığına və şəxsiyyətinə bələd olduğun şair barədə süni və yalançı nəyisə quraşdırmaq mümkün deyil.
Hərdən Füzuli müəllimin həvəsinə, məsuliyyətinə, zəhmətinə qibtə edirəm. Bu qədər vaxtı, həvəsi haradan alır bu qələm sahibi, söz adamı? Yazılan kitablar barədə yazılan tənqidçi kitabı bilirsiniz nədən xəbər verir? Ondan soraq verir ki, bu mülk, bu səltənət, bu sənət sahibsiz, yiyəsiz deyil. Burada hər təsadüfi adam at oynada bilməz. Batman söz yarışında, sənət meydanında qurşaq tutmaq dil pəhləvanının yox, söz xiridarının, sənət cəngavərinin işidir.
Bir də mənə elə gəlir ki, belə sənət adamları dadlı-duzlu söz bağçasını ötəri qurd-quşdan qoruyurlar, sözün varsa, buyur söz meydanına, sözün yoxdusa, bu bağın, bu bağçanın həndəvərinə yaxınlaşma, çəpərinə toxunma, bədii sözü hör- mətdən, qiymətdən salma.
Füzuli müəllim ilk ali təhsil ocaqlarımızdan birində - Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərir, sözün əsl mənasında, gənclərə dərs deyir, təlim verir. Onun özünə dərsi tədris edənlərlə də işləyir, elmə bağlanan tələbə yoldaşları ilə də və dərs dediyi üzağardan, baş ucaldan tələbələri ilə də. Bu xoşbəxtlik və bəxtəvərlikdir. Bütün bunları 70 yaşlı Füzuli müəllim məndən də yaxşı bilir. Sadəcə olaraq, mən yada salıram.
Qaldı Füzuli Əsgərlinin ad və soyadının ətrafında gediş etməyə: Füzuli babamız bizim söz Tanrımızdır, ondan sonra gələn söz adamları onun əsgərləridir. İstər şair olsunlar, istər yazıçı, istərsə də tənqidçi və ədəbiyyatşünas. Ona görə də, Füzuli Əsgərlinin 70 yaşı ərəfəsində yazdığım yazının adını "Füzuli səltənətinin əsgəri" qoydum. Adına etirazınız yoxdursa, yaşını məndən soruşmayın...
Ələmdar
QULUZADƏ,
şair, Azərbaycan Dövlət Radiosu "Uşaq
verilişləri redaksiyası"nın baş
redaktoru
525-ci qəzet.- 2015.- 6 mart.-
S 6