Ədəbi-mədəni təmaslarda Abbasqulu ağa Bakıxanov
nümunəsi
XIX əsrin ilk onilliklərindən
etibarən Azərbaycan
ədəbiyyatı, maarif
və ictimai fikrinin bir çox
tanınmış nümayəndələri
Tiflis ədəbi-ictimai mühiti
ilə sıx bağlı şəkildə
fəaliyyət göstərib. Onların yaradıcılığının
inkişafına, əsərlərində
qabaqcıl, demokratik meyllərin qabarıq şəkildə nəzərə
çarpmasına bu mühitin müstəsna təsiri olub. XX əsr Azərbaycan
mədəniyyəti öz
orijinal xüsusiyyətlərini,
çoxəsrlik Şərqə
bağlılıq ənənələrini
qoruyub saxlamaqla bərabər, Tiflis mühitinin
məhsulu olan yeni inkişaf tendensiyalarından da səmərəli şəkildə
bəhrələnib. Bu
isə Azərbaycan ədəbiyyatının yalnız
mövzuca, mündəricə
baxımından deyil,
forma və janr etibarı ilə də dəyişməsinə,
yeniləşməsinə, zənginləşməsinə mühüm təsir göstərib. Tiflisdə yaşayıb-yaradan
Azərbaycan yazıçıları
yalnız öyrənməklə,
rus və Avropa ədəbiyyatlarının
qabaqcıl təcrübəsinə
yiyələnməklə kifayətlənməyiblər,
eyni zamanda Azərbaycan ədəbiyyatının,
çoxəsrlik söz
sənətimizin ənənələrinin
təbliği ilə də məşğul olublar. Təsadüfi
deyil ki, XIX əsr rus ədəbiyyatının
A. S. Puşkin, A. S. Qriboyedov,
M. Y. Lermontov, A. Bestujev-Marlinski, L. N.
Tolstoy, Q. Uspenski, V. Korolenko,
A. P. Çexov, M. Qorki
kimi nəhəng nümayəndələrinin yaradıcılıqlarında
Qafqaz mövzusu xüsusi yer tutur. Onların Qafqazda olmaları,
yerli xalqların qabaqcıl nümayəndələri
ilə ünsiyyəti,
həmin xalqların ədəbiyyat, mədəniyyət,
məişət və
həyatları ilə
ümumı şəkildə
də olsa tanışlıqları rus
ədəbiyyatının özünün
sonrakı inkişafına
təsirsiz qalmayıb.
İndiyə qədər Tiflis ədəbi-ictimai
mühiti ilə Azərbaycan ədəbiyyatının
əlaqələrinin ayrı-ayrı
səhifələri, xüsusən
hər iki xalqın qabaqcıl yazıçıları və
sənət xadimləri
arasındakı əlaqələr
müəyyən dərəcədə
tədqiq edilərək
işıqlandırılıb. İstər gürcü,
istərsə də Azərbaycan ədəbiyyatşünasları
Gürcüstan zəminində
Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
qarşılıqlı əlaqələrinin
tədqiq etmə sahəsində müəyyən
işlər görüblər.
Rus yazıçıları içərisində
Tiflis ədəbi-ictimai mühiti
ilə birinci dəfə geniş və çoxcəhətli
əlaqələr yaradan
məşhur “Ağıldan
bəla” komediyasının
müəllifi A. S. Qriboyedov
olub. O, Tiflisə
ilk dəfə 1818-ci ilin
payızında, rus diplomatik missiyasının
tərkibində gəlmişdi.
Missiya burada üç aydan artıq ləngidiyindən
A. S. Qriboyedov Gürcüstanın
paytaxtı və şəhər ziyalıları
ilə ətraflı tanış olmaq imkanı əldə etmişdi. Tiflisə ikinci dəfə 1821-ci ildə gələn A.S.Qriboyedov burada iki il qalır və Qafqazın baş hakimi A. P. Yermolovun yanında diplomatik hissə üzrə məmur vəzifəsinə təyin
edilir. Bu dəfə
o, şəhərin mədəni
ictimaiyyəti ilə yaxından tanış
olur, bir sıra gürcü zadəgan ailələri ilə yaxınlaşır.
Onun görkəmli Azərbaycan
alimi və yazıçısı Abbasqulu
ağa Bakıxanovla tanışlığını da təxminən həmin vaxta aid etmək olar. Tiflisdə A. S. Qriboyedovdan
bir il
əvvəl –1820-ci ilin
yanvarında Qafqaz baş hakiminin tələbi ilə gələn “Gülüstani-İrəm”
müəllifi də burada baş hakim dəftərxanasında tərcüməçi
işləyirdi. Hər ikisi
diplomatiya sahəsində
çalışdığından, digər tərəfdən
isə ictimai mənşələri, yaşları,
zövqləri, zehni məşğuliyyətləri arasında ümumilik və oxşarlıq olduğundan onlar tezliklə yaxınlaşıb
ülfət bağlamışdılar.
A. S. Qriboyedovla böyük Azərbaycan klassikinin qarşılıqlı
münasibətləri 1826-1828-ci illərdəki Rusiya-İran
müharibəsi zamanı
daha da inkişaf
etmişdi. İ. K. Yenikolopovun ehtimalına görə həmin dövrdə A. S. Qriboyedov
azərbaycanlı həmkarından
ərəb dilini öyrənirdi.
A. Bakıxanovu şöhrətli
dekabrist yazıçı
A. Bestujev-Marlinski də
yaxşı tanıyırdı,
Şərqə dərindən
bələd olan bir alim, qorxmaz
hərbi zabit kimi yüksək qiymətləndirirdi. Azərbaycan
yazıçısı ilə
ilk dəfə 1829-cu ildə
tanış olan A. Bestujev-Marlinski sonralar onunla dəfələrlə
Tiflisdə və döyüşən orduda
görüşmüş, dostunun xatirəsini özünün “Hərbi
antikvar” hekayəsində
əbədiləşdirmişdi. A. A. Bestujev-Marlinski qələminə
məxsus olan romantik coşqunluq və hərarətlə yazılmış həmin
hekayədə dərin,
əhatəli biliyə
və yumor hissinə malik olan Abbasqulu ağanın, rus zabitlərinin Şərqə
nabələdliyindən istifadə
edərək onları
aldatmağa çalışan
yalançı antikvarçını
necə ifşa elədiyi göstərilir.
Çox güman ki, Qafqazda xidmət
edən digər rus yazıçıları
kimi A. A. Bestujev-Marlinskinin
də Azərbaycanla, Azərbaycan dili və mədəniyyəti
ilə yaxın tanışlığında A. Bakıxanovun mühüm rolu olub.
A. Bakıxanovun həyatı
və şəxsiyyəti
bir neçə il Qafqazda olmuş
dekabrist yazıçı
Y. N. Ozeretskovskini də
yaxından maraqlandırmışdı.
O özünün “Nökər”
adlı hekayəsində
görkəmli yazıçının
uşaqlıq həyatından
ibrətamiz bir epizod alaraq onu
dövrün tarixi şəraiti və münasibətləri fonunda
diqqətəlayiq bir novellaya çevirmişdi.
A. S. Qriboyedovun qeydləri, A. A.
Bestujev-Marlinskinin və
Y. N. Ozeretskovskinin hekayələri,
V. K. Küxelbekerin (Abbasqulu
ağa Bakıxanov Qüdsi. Seçilmiş əsərləri. Bakı, 1984,
səh. 381) yarımçıq
poeması, habelə
T. Lada-Zablotskinin, N. A. Roskovşenkonun
, F. Bodenştedtin və
o zamankı Tiflis mühiti
ilə bu və ya digər
dərəcədə bağlı
olan digər yazıçı, şair,
jurnalist və ictimai xadimlərin A. Bakıxanova bəslədikləri
münasibət ən
əvvəl onun XIX əsrin 30-cu illərində
bu mühitin qabaqcıl və aparıcı qüvvələrindən
biri olduğunu göstərməkdədir.
Gürcüstan paytaxtına gəldiyi
ilk illərdə yazdığı
“Tiflis” adlı müxəmməsində
A. Bakıxanov da, Vaqif kimi gürcü
xalqının nəcibliyindən,
gürcü gözəllərinin
məlahətindən, yaraşığından
söz açırdı:
Hər kim gələ
Tiflisə tamaşa
tələbindən,
Zülfi-ruxi məhvəşləri görmək
səbəbindən,
Görməz əsəri-rahəti-can
ruzü şəbindən,
Xoş ləhcə pərizadələrin
ləli-ləbindən
Bu kişvəri-pürşur bədəxşanə
dönübdür.
Bu misralar Tiflis ədəbi-ictimai
mühitində ilk addımlarını
atan şairin mövzu və maraq dairəsini müəyyənləşdirmək baxımından maraqlıdır. A. Bakıxanovun
bütün sonrakı
elmi-ədəbi və
ictimai-siyasi fəaliyyəti
aydın şəkildə
göstərdi ki, o, “Tiflisə yalnız tamaşa tələbindən”
gələnlərdən deyildi.
Gənc istedadlı alim-şair çoxmillətli Tiflisdə
Azərbaycan ədəbiyyatını
və mədəniyyətini
təmsil etdiyini yaxşı başa düşürdü və
həmin mədəniyyətin
nüfuzunu qaldırmaq
üçün yorulmadan
çalışırdı. A. Bakıxanov XIX əsr
Azərbaycan yazıçıları
içərisində ilk dəfə
ədəbiyyatımızın beynəlmiləl əlaqələrini
genişləndirmiş, onun
yeni janr və formalarla zənginləşməsi, ictimai
həyata yaxınlaşması
yolunda mühüm addımlar atmışdı.
Düşdüyü bu yeni mühitin öyrənilməsi A. Bakıxanovun bir sənətkar kimi inkişafını izləmək baxımından da çox əhəmiyyətlidir. Qubada dövrün savadlı alimlərindən şərq dünyasına, ərəb və fars dillərinə dair əhatəli bilik alan A. Bakıxanov dinin təsirindən uzaqlaşa bilməmişdi. Onun ilk poetik əsərlərindən biri olan “Riyazül-qüds” poeması başdan-başa şiə ideologiyası ruhunda yazılmışdı. Tiflis mühitinə düşməsi, qabaqcıl rus və gürcü ziyalıları ilə geniş yaradıcılıq əlaqələri saxlaması, Avropa mədəniyyəti ilə tanışlığı A. Bakıxanovun həm dünyagörüşündə, həm də ədəbi-bədii zövqündə əsaslı dönüş yaratmışdı. Onun ədəbi-estetik, elmi baxışları, ictimai-əxlaqi görüşləri bu mühitdə tam formalaşmış, A. Bakıxanov məhz burada maarifçilik ideyaları ilə yaxından tanış olub onların ardıcıl təbliğatçısına çevrilmişdi. Ehtimal etmək olar ki, A. Bakıxanov gürcü zadəganlarının müstəqil gürcü taxt-tacını bərpa etmək üçün 1832-ci ildə qaldırdıqları qiyamla bu və ya digər şəkildə bağlı olmuşdur. Gürcü zadəganları gənc azərbaycanlı zabitə rəğbətlə yanaşır, Şərq ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar məsələlərdə onun fikir və məsləhətlərindən istifadə edirdilər. A. Bakıxanovun qədim gürcü zadəganları nəslindən olan Barataşvililər ailəsi və Tiflisin digər zadəganları ilə əlaqələri təsadüfi deyildi. Bunun səbəblərindən biri də anası Sofiya xanımın gürcü qızı olması idi.
Ədəbiyyatşünas Ə. Mirəhmədovun Gürcüstanın ədəbiyyat muzeyində apardığı tədqiqat göstərib ki, A. Bakıxanov böyük gürcü romantik şairi N. Barataşvilinin əmisi, uzun illər Moskvada yaşayan və işləyən məşhur tarixçi Mixail Barataşvili ilə yaxın ünsiyyətdə olub (Ə.Mirəhmədov. Xalqımızın dostu. “Kommunist”, 10 sentyabr 1968-ci il.). Həmin muzeydə gürcü aliminin bir albomu saxlanır ki, oradakı müxtəlif xatirə qeydləri, səmimi dost sözləri içərisində A. Bakıxanovun öz dəst-xəttilə yazılmış aşağıdakı dörd misralıq şeir parçası da var:
Güldür bu? Deyil,
gül belə xəndan olmaz,
Gündürmü? Deyil,
gün gecə rəxşan olmaz.
Dedim ki, mələk, mələk,
məhəbbət bitməz,
Kimdir bu ki,
təşbihinə imkan olmaz?!
Bir sıra
görkəmli yazıçı
və ictimai xadimlərimizin fəaliyyət
meydanı olan Tiflis ədəbi-ictimai mühiti
şəraitində bir
əsrə yaxın müddət ərzində
dünya şöhrətli
ziyalılar yetişib,
onların istedadları
tam şəkildə meydana
çıxıb. Azərbaycan ədəbiyyatının
rus və Avropa ədəbiyyatları
ilə qarşılıqlı
əlaqələri sahəsində
yeni, ardıcıl, inamlı addımlar bilavasitə XIX əsrdə
atılıb.
Öz əməli
fəaliyyəti ilə
sonrakı Azərbaycan
yazıçı və
ictimai xadimlərinin böyük bir qrupu üçün A. Bakıxanov nümunə olub. Mətbu sözün əhəmiyyətini
yüksək qiymətləndirən
A.Bakıxanov yaxşı
başa düşürdü
ki, xalqın tarixi taleyindən, ədəbiyyatından, dilindən,
məişətindən söz
açmaq üçün
ilk növbədə mətbuata
malik olmaq lazımdır. Əlbəttə, əgər bu mətbuat millidirsə, yazıçının müraciət
etdiyi xalqın öz ana dilində
çıxırsa, şübhəsiz,
o, doğma şəraitdə
mədəni tərəqqi
üçün daha geniş imkanlar açır. A.Bakıxanovun ardıcıl və məqsədyönlü fəaliyyəti
onu tam əsasla rusdilli Azərbaycan jurnalistikasının ilk böyük
nümayəndəsi hesab
etməyə imkan verir. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin
beynəlmiləl əlaqələrinin
genişləndirilməsində və nüfuzunun yüksəldilməsində əvəzedilməz
rolu olan A. Bakıxanovla xalqımz haqlı olaraq fəxr edir.
Almaz YURDSEVƏR
525-ci qəzet.- 2015.- 7 mart.- S.30.