DOST İTKİSİ

 

Unudulmaz dostum Həsən Mirzənin xatirəsinə

 

I

         

Həsən Mirzə, dost itirmək ağırdı,

Dost itirən fağırlardan, fağırdı.

Yetim qalan yoldu, izdi, cığırdı,

Sənsiz qaldı çölüm, düzüm, çəmənim.

 

Həsən Mirzə, nə odum var, nə külüm,

Nə zəmim var, nə tarlam, nə sünbülüm.

Qönçələnməz nə çiçəyim, nə gülüm,

Bir də daha yaşıllaşmaz səmənim.

 

Həsən Mirzə, uçdu ömrün sarayı,

Yoxa çıxdı igidlərin harayı.

Hanı indi dalğalanan dağ çayı,

Hanı indi buzlu suda çimənim?

 

Harda qaldı Mirzalının məzarı,

Hara düşdü İbrahimin güzarı.

Onlar yoxdu, özün çəkdin azarı,

Bu yoxluqdan çimilləşdi bədənim.

 

Həsən Mirzə, sal qayalar sərt olu r,

Bu sərtlik də namərdlərə dərd olur.

Şair olur, aşıq olur, mərd olur,

Al günəşdən Allah nuru əmənim.

 

Həsən Mirzə, dünyanı gəz, hardadı,

Yurda oxşar, yurda əvəz hardadı.

Söylə görüm Dərələyəz hardadı,

Tapılarmı əldən gedib itənim.

 

Həsən Mirzə, hanı aşıq Qəhrəman,

Aşıq Cəlil, aşıq Bəhmən bir cahan.

Aşıqları özün elə imtahan,

Qoy çoxalsın göyərənim, bitənim.

 

Həsən Mirzə, ustadları ad elə,

Könül güldür, könülləri şad elə.

Məhəmmədi, Fətullanı yad elə.

Aşıq Mehdi həm sənindi, həm mənim.

 

Dostum varsa, çoxdan çoxam dünyada,

Dost sarıdan nəfsi toxam dünyada.

Sən yoxsansa, mən də yoxam dünyada,

Nə ruhum var, nə canım var, nə tənim.

 

Həsən Mirzə, ağrı sana daraşdı,

Ömrün-günün zirvə keçdi, qar aşdı.

Yaraşmırdı, ölüm sənə yaraşdı,

Son mənzilə uğur dedi Vətənim.

 

II

 

Həsən Mirzə, Məcnunuydun torpağın,

Öz yurdunu öyə-öyə yaşadın.

Dilin yandı Dərələyəz deməkdən,

Dərələyəz deyə-deyə yaşadın.

 

Siləmmədin yanaqların nəmini,

Tapammadın görüşlərin çəmini.

Ayrılığın həsrətini, qəmini,

Çörək kimi yeyə-yeyə yaşadın.

 

Yurdunu gəz, düşmənlərdən al acıq,

Dağa boylan, yamaca çıx, yala çıx.

Hanı indi eyvan, otaq, alaçıq,

Ocaq-ocaq, dəyə-dəyə yaşadın.

 

Ağır olur ana yurdun həsrəti,

Dizdən alır, qoldan alır taqəti.

Qamçı kimi şaqqıldatdın nifrəti,

Yağıları döyə-döyə yaşadın.

 

Oba oldun, oymaq oldun, el oldun,

Dağ döşündən axıb gələn sel oldun.

Pərdələrdə dil-dil ötən tel oldun,

Döndün saza, döndün neyə, yaşadın,

Dərələyəz deyə-deyə yaşadın.

 

III

 

Həsən Mirzə, Dərələyəz necoldu,

Hardan alım Bolbulağın tayını.

Oğul istər bulaq üstə keçirə

Zamanını, həftəsini, ayını.

 

Nə yorulur, nə deməkdən doyurdun,

Öz dərdini yer üzünə yayırdın.

Gur suları bircə-bircə sayırdın,

Sən bilirdin bulaqların sayını.

 

Çağır gəlsin Baxşaloğlu Cabbarı,

Qəhrəman da ovçuluğun pərgarı.

Məclis qursun kişilərin sərdarı,

Allah versin çörəyini, çayını.

 

Düşmənlərin gözlərini oyurdun,

Yurd sözünü göz üstünə qoyurdun.

Tərifini çox eşitdim o yurdun,

Görəmmədim baharını, yayını.

 

Torpaq yoxsa nə bayram var, nə şənlik,

Sənsiz qaldı o dağ, o düz, çəmənlik.

Həsən Mirzə, nə sənlikdi, nə mənlik,

Allah verib o yerlərin payını.

 

IV

 

Təzədən qayıdaq Dərələyəzə,

Nə dərdin, nə də bir məlalın olsun.

Əyilib gözündən içdiyin bulaq,

Ən böyük dövlətin, cəlalın olsun.

 

Şirindi hər kəsə doğma yuvası,

İlqarı, imanı, əhdi, vəfası.

O yerin, o yurdun suyu, havası,

Yağın-balın olsun, zülalın olsun.

 

Çay kimi çağlayar, meh kimi əsər,

Sözdədi gözəllik, sözdədi kəsər.

Ürəkdən, könüldən yazdığım əsər,

Ana südü kimi halalın olsun.

 

03.03.2015

 

HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ

 

Sənsiz tüstü-duman olub,

Göyə qalxar ahım mənim.

Heç vaxt məni tərk eləmə,

Eşqim mənim, ruhum mənim.

 

Dağa çıxsam inadım ol,

Quşa dönsəm qanadım ol.

Sən ünvanım, sən adım ol,

Eşqim mənim, ruhum mənim.

 

Sular kimi saf ol, yaşa,

Hər şeydə sərraf ol, yaşa.

Ürəkdə insaf ol, yaşa,

Eşqim mənim, ruhum mənim.

 

Gözdə işıq, canda heysən,

Sehirli yer, sirli göysən.

Dodaqlarda yanan neysən.

Eşqim mənim, ruhum mənim.

 

Başım üstə yanan şamsan,

Əlimdə bir dolu camsan.

Füzulimsən, Mövlanamsan,

Eşqim mənim, ruhum mənim.

 

Gələcəyim, sabahım ol,

Döyüşlərdə silahım ol.

İnamımda Allahım ol,

Eşqim mənim, ruhum mənim.

 

Fikir vermə ağlı kəmə,

Vaxtsız batma dərdə, qəmə.

Heç vaxt məni tərk eləmə,

Eşqim mənim, ruhum mənim.

 

01.01.2015

 

MƏNİ AXTAR, MƏNİ GÖR

 

Şimşəklərin çaxışında,

Yaz gününün yağışında,

Çiçəklərin naxışında,

Məni axtar, məni gör.

 

Külək öpən yarpaqda,

Hər bağçada, hər bağda,

Göydə, yerdə, torpaqda,

Məni axtar, məni gör.

 

Ulduza bax, Aya bax,

Haqdan gələn paya bax,

Çeşməyə bax, çaya bax,

Məni axtar, məni gör.

 

Səhranın qumunda da,

Torpağın şumunda da,

Toxumun tumunda da,

Məni axtar, məni gör.

 

Çəkilən nəfəs mənəm,

Tükənməz həvəs mənəm,

Ən yatımlı səs mənəm,

Məni axtar, məni gör. 

 

Ruh ilə bədən kimi,

Çiçəkdə çəmən kimi,

Sünbül ilə dən kimi,

Məni axtar, məni gör.

 

Duy sonsuz kainatı,

Anı, vaxtı, saatı.

Duymaq üçün həyatı,

Məni axtar, məni gör. 

 

21.02.2015

 

DƏRD

 

Ölümdü, itimdi, yasdı övladı,

Ağrıdı, azardı anası dərdin.

Dənizdən dərindi, dağdan ucadı,

Sığmaz bir kitaba mənası dərdin.

 

Atadan ayıran oğulu, qızı,

Gözdə nisgil olar, könüldə sızı.

Nə aldı, nə yaşıl, nə də qırmızı,

Qaradı, qaradı xınası dərdin.

 

Sonsuzdu, sonuna varan tapılmır,

Qorxudub bağrını yaran tapılmır.

Belini biryolluq qıran tapılmır,

Beli on yerindən sınası dərdin.

 

Zəhərli süfrədi, ağrılı aşdı,

Zülümlə, zillətlə bağrı badaşdı.

Bir qara taledi, bir qara daşdı,

Yaşılbaş deyil ki, sonası dərdin.

 

Hamı yaxşı bilir nədən yoğrulub,

Nədən baş yoğrulub, bədən yoğrulub.

Mayası palçıqdan, sudan yoğrulub,

Adəmdən qalmadı binası dərdin.

 

23.02.2015

 

AĞACLAR

 

Yayın bu çağında xoş gördük sizi,

Barı budaqları əyən ağaclar.

Torpaqdan götürüb öz mayasını,

Başı buludlara dəyən ağaclar.

 

Tutar bir-birini gövdələr, şaxlar,

Göylərin yükünü çiynində saxlar.

Torpağa baş əyər barlı budaqlar,

Barsızdı gözünü döyən ağaclar.

 

Ürəyim döyünsün ahənginizlə,

Varlığım bəzənsin çələnginizlə.

Məni də bəzəyin öz rənginizlə,

Payızda qızılı geyən ağaclar.

 

25.02.2015

 

SƏHƏR AÇILANA KİMİ

 

Bir günüm bir ilə döndü,

Səhər açılana kimi.

Göz yaşlarım selə döndü,

Səhər açılana kimi.

 

Sevincim bir anlıq oldu,

Qəlb evim viranlıq oldu.

Bu dünyam qaranlıq oldu,

Səhər açılana kimi.

 

Boğazımı boğdu qəhər,

Ömrüm- günüm oldu zəhər.

Vaxt öldürdüm mən birtəhər,

Səhər açılana kimi.

 

Öldü vədəm, itdi vaxtım,

Tərsinə çevrildi taxtım.

Açılmadı qara baxtım,

Səhər açılana kimi.

 

27.02.2015

 

ŞAİR

 

Demək halalına haramlıq qatıb,

Tutduğu zirvədən enirsə şair,

Demək ortalıqda şeytan işi var,

Kor qalan ocaqtək sönürsə şair.

 

Səsi dağdan gəlir, arandan gəlir,

Sədası İrandan, Turandan gəlir,

Mayası Ayədən, Qurandan gəlir,

Yenilməz zamanı yenirsə şair.

 

Ruhu olmayanın tərpənməz tükü,

Ürəyi olanın sevgidir yükü.

Dərin bir keçmişə bağlıdı kökü,

Ürəkdə heykələ dönürsə şair.

 

Saflığı dağların dümağ qarıdı,

Yönü düzə sarı, haqqa sarıdı.

Dediyi Allahın kəlamlarıdı,

Peyğəmbər dilində dinirsə şair.

 

12.01.2015

 

YANIMA BİR ADAM GÖNDƏR

 

Yanıma bir adam göndər,

Qoy dərdimdən halı olsun.

Ürəyində məhəbbəti,

Dodağında balı olsun.

 

Yanıma bir adam göndər,

Düşüncəsi dərin olsun.

Yayılsın cana yağ kimi,

Söz-söhbəti şirin olsun.

 

Yanıma bir adam göndər,

Deyən adam, gülən adam.

Məni ölməyə qoymayan,

Məndən ötrü ölən olsun.

 

Yanıma bir adam göndər,

Təmiz olsun mələk kimi.

Məni elə təmizləsin,

Yüksəlləşim lələk kimi.

 

Yanıma bir adam göndər,

Nurla açılsın sabahım.

Tək olmaq sənə yaraşar,

Məni tək qoyma, Allahım.

 

30.01.2015

 

BU BAĞÇA

 

Bu bağçanın çiçəkləri,

Sevir sərin küləkləri.

Sevindirək ürəkləri,

Gəl dolaşaq bu bağçada.

 

Güllərin dodağı ballı,

Bir az meyxoş, bir az hallı.

Üzü ipək, başı şallı,

Gəl dolaşaq bu bağçada.

 

Bağbanın zəhməti burda,

Ruhların rəhməti burda.

Dünyanın cənnəti burda,

Gəl dolaşaq bu bağçada.

 

Bu bağçanın öz gülü var,

Bir budaqda yüz gülü var.

Şeir gülü, söz gülü var,

Gəl dolaşaq bu bağçada.

 

Tükənməz sərvət burdadı,

Ətir, təravət burdadı.

Torpağa hörmət burdadı,

Gəl dolaşaq bu bağçada.

 

Bu bağça hikmət bağçası,

Bu bağça qüdrət bağçası,

Bu bağça nemət bağçası,

Gəl dolaşaq bu bağçada.

 

05.02.2015

 

 

 

Zəlimxan Yaqub

525-ci qəzet.- 2015.- 7 mart.- S 29.