Ölümə çəkdi
Ömür dənmiş dəyirmanda,
Üyüdüb bəlimə çəkdi.
Fələyin şərti var imiş,
Gördüm, kəlmə-kəlmə çəkdi...
Dumana bax, qaramatdı,
Dağ başında qara, matdı,
Göz ağ qaldı, qaram, atdı,
Gördüm, ilmə-ilmə çəkdi.
Sözü düzdüm söz eşqinə,
Ocaq oldum köz eşqinə,
Bir mələyin göz eşqinə,
Öldürüb, ölümə çəkdi.
Ruhani çal,
Ruhani
Dünya elə, bir ömürlük yoluymuş,
Sinəm altı qəm dəryası, xalıymış,
Ayaq simdə, yuxuya bax, balıymış,
Ruhani çal, Ruhani çal əfəndim.
Bu bəxtimin qarasını gülə tut,
Yaralıyam, yarasını külə tut,
İrfanidə gedənləri dilə, tut,
Ruhani çal, Ruhani çal əfəndim.
Dolaylanıb
duman olum, çəkilim,
Ocağa
tut, şaman olum, çəkilim,
Vallah elə,
yalan olum, çəkilim,
Ruhani çal, Ruhani çal əfəndim.
Zamana bax,
sınağında qalmışam,
Onun-bunun
qınağında qalmışam,
Güneylərin
yanağında qalmışam,
Ruhani çal, Ruhani çal, əfəndim.
Canımda
bir Yunus Əmrə boy verər,
Səs-səmirə
Şah Mövlanəm hoy verər,
Xatirələr
yaddaşımda oy verər,
Ruhani çal, Ruhani çal əfəndim.
Həsrətə
bax, dağ kimicə gir düşüb,
Şahinləri
səfil düşüb, sər düşüb,
Dan
üzünə, yaylımına sirr düşüb,
Ruhani çal, Ruhani çal, əfəndim.
Şah pərdədə
ormanlarım itibmiş,
Yurd olub
da, xırmanlarım itibmiş,
Eşqə
bir bax, göz-görəsi bitibmiş,
Ruhani çal, Ruhani çal, əfəndim.
Dünya
elə, bir ömürlük yoluymuş,
Sinəm
altı qəm dəryası, xalıymış,
Ayaq simdə,
yuxuya bax, balıymış,
Ruhani çal, Ruhani çal əfəndim.
İncimə
İçimdən
o yana yerim qalmadı,
A dağlar incimə, a yal, incimə.
Qayıda
bilmədim, dönə bilmədim,
Yön alıb gəldiyim, a yol, incimə.
Hər nə
var köksümdə qalanıb qaldı,
Ocaqdı,
eşdikcə qalanıb, qaldı,
Ömür
şər vaxtına dolanıb qaldı,
Ruhum, sən Günəş ol, Ay ol, incimə.
Gündöyən
güneyim, a bulaq başım,
Gedənim,
qalanım a qulaqdaşım,
A qara yurd
daşım, a oylaq daşım,
Harayıma
hay ver, oy ol, incimə.
Qaytağı
üstündə köklənən ağac,
Dartılıb,
boy verib, diklənən ağac,
Bir mərd
adam kimi təklənən ağac,
Sinəmə ox ol, yay ol, incimə.
Xala bax,
yanaqda Ay imiş, demə,
Tanrıdan
verilmiş pay imiş, demə,
Ay gözəl,
təkcə sən, gecikmiş,- demə,
Dərdimə
həyan ol, tay ol, incimə.
Aşıq Qələndərə
Qanadı
yaddaşım təzə-tər oldu,
İlahi, bu səsi, sən özün qoru.
Hala-əhvala
bax, birtəhər oldu
İlahi, bu səsi, sən özün qoru.
Gəldiyim yolların ağı ağardı.
Canımda
bayatı, ağı, ağardı,
Sinəmdə
dünyanın dağı ağardı,
İlahi, bu səsi, sən özün qoru.
Hələ
güneylərə çəkilməyim var,
Bu çənə,
dumana bükülməyim var,
Hələ,
“Misri”sində dikəlməyim var,
İlahi, bu səsi, sən özün qoru.
Dan
üzü xoş əsən, mehə bənd imiş,
Güldə,
çiçəyində şehə bənd imiş,
Tək sənin
verdiyin vəhə bənd imiş,
İlahi, bu səsi, sən özün qoru.
Yoxuşlar
özünə yamadı məni,
Yüz
yerdə, min yerdə sınadı məni,
Suça,
taleyə bax, qınadı məni,
İlahi, bu səsi, sən özün qoru.
Çəkdiyi
bayatı çoban üstədi,
Elatım
üstədi, obam üstədi,
Milyon il sönməyən sobam üstədi,
İlahi, bu səsi, sən özün qoru.
Dünya
dərələnib içimdən keçər,
Ömür
girələnib köçümdən keçər,
Ağrısı
kürəkdən, biçimdən keçər,
İlahi, bu səsi, sən özün qoru.
Simdə
sığal çəkdi, dərd tumarlandı,
İçimdə
sərhəddim, sədd tumarlandı,
Gözümdə sevgilər, eşq xumarlandı.
İlahi, bu səsi, sən özün qoru.
Dərirəm
Mən dərs
demirəm ki, varıb quzeyə,
Bənövşə dərirəm, nərgiz dərirəm.
Ürək
ovxarlanıb çıxar yerindən,
Hər baxışdan bir sirr, bir iz dərirəm.
Dünya
mənim üçün dan üzü kimi,
Çevrilmiş
bərəmin yan üzü kimi,
Dodaq, lalələnmiş qan izi kimi,
Pətəkdə
bal bilib, göz-göz dərirəm.
Ömür
güzgülənmiş Aya dönübdü,
İlham
da oxuna, yaya dönübdü,
Eşqim
də oylanıb, oya dönübdü,
Hər sətir altına söz-söz dərirəm.
Cana bax,
üzülüb, üzükdən keçər,
Astarından
keçər, üzlükdən keçər,
Yağında
piltətək, yüzlükdən keçər,
Hər şəri, kölgəni köz-köz dərirəm.
Mən dərs
demirəm ki, varıb quzeyə,
Bənövşə dərirəm, nərgiz dərirəm.
Ürək
ovxarlanıb çıxar yerindən,
Hər baxışdan bir sirr, bir iz dərirəm.
Tovuzda
Şah
dünyamın sevincidi, qəmidi,
Yollarımın ağı varmış Tovuzda.
Sarı
simdə şərqilərə varmışam,
Salamatı, sağı varmış Tovuzda.
Daş
abidə, türbə məni çəkibdi,
Yaddan
ağrı, zərbə məni çəkibdi,
Bu
yaşımda hərbə məni çəkibdi,
Neçə şəhid dağı varmış
Tovuzda.
Qayaları
yürüş üstə köklənib,
Aran-dağı
örüş üstə köklənib,
Bulaqları
görüş üstə köklənib,
Neçə eşqin bağı varmış Tovuzda.
Qədimliyi
Tanrı dağa varıbdı,
Yaddaşlara
yığa-yığa, varıbdı,
Ömürlərə
sığa-sığa varıbdı,
Bağlantısı, bağı varmış Tovuzda.
Bürünsəm
də ilhamımın kürkünə,
Yön
almışam yerin, göyün təkinə,
Köklənmişəm
şeirimin kökünə,
Zirvələri, dağı varmış Tovuzda.
Dolanmışam
hər döngəni, dalanı,
Görəməmişəm
məni dərdə salanı,
Getdi daha, o günlərə yol hanı?
Solu varmış, sağı varmış Tovuzda.
Kirənində,
Əsriyində iz ağlar,
Yekallarda,
ocağımda köz ağlar,
Canım
üstdə qırov tutmuş söz ağlar,
Balı varmış, yağı varmış, Tovuzda.
Şah
dünyamın sevincidi, qəmidi,
Yollarımın ağı varmış Tovuzda.
Sarı
simdə şərqilərə varmışam,
Salamatı, sağı varmış Tovuzda.
Naminə
Bəzən
öz-özünə yolum uzanar,
Bir dostun naminə, üzün naminə.
Qoşulub
gedərəm karvana bir az,
Qoşulub gedərəm, sözün naminə.
İçimdə
həsrətim kiriyib qalar,
Cana bax,
ad-sana yürüyüb qalar,
Hara gəldi
məni, sürüyüb qalar,
Tək bircə inamın, izin naminə.
Gecələr
alnıma yazılıb gedər,
Gündüzlər
alnımdan pozulub gedər,
Yuxum da
sulara yozulub gedər,
Bir sinəm dolusu, közün naminə.
Təkcə,
dan üzündən keçib gələrəm,
Təkcə,
yaddaşımdan köçüb gələrəm,
Zamanı
ömrümlə ölçüb gələrəm,
Bir yazın naminə, gözün naminə.
Bir
canın canımdan istisi keçər,
Bir
canın canımdan tüstüsü keçər,
Köçər
ürəyimə, istisi köçər,
Bir qaraqaşlının, gözün naminə.
Bəzən
öz-özünə yolum uzanar,
Bir dostun naminə, üzün naminə.
Qoşulub
gedərəm karvana bir az,
Qoşulub gedərəm, sözün naminə.
Nə var
ki
Bir
gözələ vurulmağa nə var ki,
Yarı
yolda qırılmağa nə var ki,
Xəzan
ağzı sovrulmağa nə var ki,
Korun-korun közərməyi biləsən.
Kərəminə,
Dilqəminə min şükür,
Tel-tel
olmuş, tilsiminə min şükür,
Miras
sazın, gül siminə min şükür,
Mamır tutmuş, yüz örnəyi biləsən.
Ahın
qalxa, düyünlənə dumana,
Nəyin
varsa, səmasında sınana,
Ya dərvişə,
ya dönəsən şamana,
Gül yerinə, söz dərməyi biləsən.
Sinən
dola, körüklənə söz üstə,
Əzrayıldan
vaxt umasan, dizüstə,
Nə gedəsən,
nə qalasan üzüstə,
Zəmisində dərz örməyi biləsən.
Can verdikcə
ölüm səni haqlaya,
Agah olub,
bir əl səni saxlaya,
Sevgi dolu
baxışları oxlaya,
Ox altından iz görməyi biləsən.
Sözlər
Qaçqının,
köçkünün köçünə dönüb,
Yazılan şeirlər, deyilən sözlər.
Nə
dağa, nə daşa dırmaşa bilmir,
Ağızda dolaşan, döyülən sözlər.
Dartılmış
nəfəstək sıxır adamı,
Bilmirsən şəkərmi, dərdmi, qadamı?
Doğmadı özgəyə, baldı yadamı?
Aşağı-yuxarı öyülən sözlər.
Xəzan
yarpağıtək alır üstünü,
Pozur əhvalını,
pozur şəstini,
Üzə
bax, dürtülür, gəzir yüz tini,
İki qat bükülüb, əyilən sözlər.
Ələyə
gəlmir ki, ələnib keçə,
Acıya,
– dadına, bələnib keçə,
Elə
çiçəklənə, güllənib keçə,
Qınağa tutulan, söyülən sözlər.
Qaçqının,
köçkünün yükünə dönüb,
Yazılan şeirlər, deyilən sözlər.
Nə
dağa, nə daşa dırmaşa bilmir,
Ağızda dolaşan, döyülən sözlər.
Yaman
havalanıb vallah bu adam...
Tanrım,
çiçəklərə, gülə bağışla,
Kərəm qıl, diləyə-dilə
bağışla.
Eli,
elatı var, elə bağışla,
Yaman
havalanıb vallah bu adam..
Axar
sularından, bulaqdan keçir,
Tutub
yaylımına, yaylaqdan keçir,
Sədamı, nədisə, qulaqdan keçir,-
Yaman havalanıb vallah bu adam...
Gecəsi, gündüzü şama çəkibdi,
Qanadlı quş olub səma çəkibdi,
Elə, yeni-yeni kama çəkibdi,
Yaman
havalanıb vallah bu adam...
Hürlər,
məlakələr toru varıymış,
Eşqinin
zirvəsi, zoru varıymış,
Nə
yaxşı, abırı, arı varıymış,
Yaman
havalanıb vallah bu adam..
Gülöyşə
narıdı dəni görünmür,
Yol gedir,
yolunun tini görünmür,
Dağ
aşıb, dağının çəni
görünmür,
Yaman
havalanıb vallah bu adam...
Düşüb
dumanına karıxıb qalıb,
Qınında
qovrulub, qarıxıb qalıb,
Hələ
özündə döy, darıxıb qalıb,
Yaman
havalanıb vallah bu adam...
Gözündə
çəmənin şehi dolanar,
Elə,
dan üzünün mehi dolanar,
Bir də
için-için ahı dolanar,
Yaman
havalanıb vallah bu adam..
Fəxri
MÜSLÜM
525-ci qəzet.- 2015.- 7 mart.- S 28