Milli teatr bayramı

 

 

 

142 il bundan əvvəl, başda görkəmli maarifçi Həsənbəy Zərdabi olmaqla, bir qrup azərbaycanlı ziyalının, dahi Mirzə Fətəli Axundzadənin 22 il qabaq yaratdığı “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasına səhnə həyatı verməsi ilə milli teatr tariximizin ilk səhifəsi yazıldı.

 

Şərqdə ilk peşəkar teatrın məhz Azərbaycanda – bizim ölkədə yaranması mədəniyyət tariximizin ən əhəmiyyətli hadisəsidir. Əslində, tam haqla demək olar ki, xalqımızın teatr tarixi çox qədim dövrlərdən başlayır. Belə ki, milli teatr düşüncəsi və teatr sənəti xalqın mövcud tarixi ilə birbaşa bağlı olub, onunla bərabər yetkinlik taleyi yaşamışdır. Avropa teatr sənəti nümunələrindən Rus teatrı vasitəsilə bəhrələnməyi faktını vurğulamaqla bərabər, milli teatrın həmişə realist üsluba malik olmasını və buna əsrdən əsrə sadiq qalmasını da qeyd etməliyik.

 

Həmin tarixi mərhələləri şərəflə keçən teatrımızın uğurları ilə yanaşı itkiləri də olmuşdur. Amma istər Azərbaycan Xalq Cümhuriyyəti dövründə, istərsə də Sovet dövründə milli teatrımız öz ideya-estetik mövqeyini qorumağı bacarmışdır. Bu zaman onun arxalandığı xalq ənənələri, istinad nöqtəsi milli sənət əqidəsi olmuşdur.

 

Bəlli həqiqətdir ki, teatrımızın həyatı xalqımızın həyatından ayrı olmayıb. Belə ki, əsrlər boyu xalqımızın taleyinə düşən ağrı-acıları, məhrumiyyətləri teatr da yaşayıb. Yəni xalqımızın, istər istiqlaliyyət savaşında, istər Sovet dövrünün kollektivləşmə, repressiya, İkinci Dünya müharibəsi və sonrakı dövrlərdən başlayaraq, ötən əsrin sonralarından başlayan müstəqillik uğrunda mübarizəyə qədər bütün siyasi-ictimai proseslərdə teatr sənəti ön sıralarda olmuşdur. Bu dövr milli klassikanın təcəssüm uğurları ilə yanaşı yeni dramaturgiyanın yaranması, teatra yeni müəlliflərin cəlb olunması ilə əlamətdar idi. Məhz bundan sonra dramaturgiya sahəsində Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Cəfər Cabbarlı, Hüseyn Cavid imzalı əsərlərlə yanaşı, bir-birinin ardınca M.İbrahimov, S.Vurğun, M.Hüseyn, İ.Əfəndiyev, S.Rəhman kimi yazıçıların pyesləri görünməyə başladı. Bu proses zəncirvari olaraq, teatr sənətinin yaşamasını təmin edən digər proseslərin keyfiyyət və kəmiyyət göstəricilərinə əsaslı təsir göstərən aktyor fərdiyyətlərinin formalaşmasına, rejissor sənətinin inkişafına həlledici təkan verdi. Yəni ilk mərhələdə milli klassika ilə ayaqlaşa bilməsə də, yeni dramaturgiya, təbii olaraq, yeni aktyor simalarının meydana gəlməsi prosesini sürətləndirdi.

 

Teatrımızın ilk dövrlərində fəaliyyət göstərən fədakar səhnə xadimləri olan yüzlərlə sənətkarlarımız yüksək ifaçılıq sənəti ənənələrini uzun müddət qoruya bildilər. Milli teatrımızın yarandığı ilk illərdən bu günümüzə qədər yaşadan bütün teatr xadimlərini biz bu əlamətdar tarixi məqamda minnətdarlıqla yad edirik.

 

Dram teatrının açdığı cığırlarla ölkəmizdə səhnə sənətinin yeni növləri yarandı, getdikcə inamla addımlamağa başladı. 1908-ci ildə Bakıda Şərqin ilk milli operası, Ü.Hacıbəylinin “Leyli və Məcnun” əsərinin tamaşası ilə musiqili teatr yarandı. Çox keçmədi ki, musiqili komediyalar, operettalar, vodevillər yazıldı, ilk Azərbaycan baleti meydana gəldi.

 

Daha sonralar Bakıda Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və digər yaradıcı kollektivlər fəaliyyətə başladı.

 

Mühüm tarixi-mədəni fakt olaraq qeyd etmək lazımdır ki, professional teatrın yarandığı ilk dövrlərdən başlayaraq, teatr xadimlərimiz Bakıda olduğu kimi Naxçıvanda,  Şuşada, Gəncədə, Şamaxıda, Şəkidə tamaşalar göstərir, hətta ölkənin hüdudlarından kənarda, Tiflisdə, İrəvanda, Təbrizdə, Aşqabadda teatrların yaranmasına kömək edirdilər.

 

Milli teatr mədəniyyətimizin təşəkkülü və inkişafı işində dramaturq, aktyor şəxsiyyətləri ilə yanaşı rejissor fərdiyyətləri də formalaşma prosesi keçmişdir. Uzun onillikləri əhatə edən həmin prosesin nəticəsi olaraq milli səhnə sənətimiz bir sıra peşəkar rejissorlar yetişdirmişdir. Bu dövr teatr tariximizdə əsasən, “aktyor dövrü” kimi yadda qalsa da, əslində, məhz rejissor sənətinin səyləri irili-xırdalı yeniliklərin yaradılması ilə nəticələndi. Odur ki, məhz teatr mədəniyyəti tariximizin ən önəmli hadisələrindən biri milli rejissor kadrlarının fəaliyyəti ilə bağlıdır. Müxtəlif illərdə çalışan bu rejissorlardan, Yusiz Yulduzun, Adil İsgəndərovun, Ələsgər Şərifovun, Şəmsi Bədəlbəylinin, Məhərrəm Haşımovun, Mehdi Məmmədovun, Tofıq Kazımovun, Zəfər Nemətovun fəaliyyət dövrü xüsusi əhəmiyyətə malikdir. Çünki teatrın qeyd etdiyimiz dövrü ictimai-siyasi proseslərlə zəngin olduğu kimi, sırf estetik mənada, səhnə sənətində kəmiyyət və keyfiyyət dəyişmələri ilə yadda qalan yaradıcılıq prosesləri ilə də əlamətdardır. Bu zaman milli klassikanın öyrənilməsi və təcəssümü məsələsi Azərbaycan teatrının, təkcə repertuar qayğısı deyil, yaradıcılıq kamilliyini təmin edən başlıca həyat mənbəyi idi.

 

Ötən əsrin 60-70-ci illərində Sovet İttifaqının başqa teatrlarında olduğu kimi Azərbaycan teatrlarında da bu və ya digər şəkildə özünü göstərən aktyor və rejissor münasibətləri probleminin yeni aspektləri yaranırdı, ifadə vasitələrinin, eləcə də ifaçılığın daha mütərəqqi prinsiplərinin formalaşması, aktyor və rejissor sənətlərinin müştərək axtarışlarında yeni tendensiyalar təsdiqlənirdi. Bu dövrün teatrı bir bədii orqanizm kimi özünü dərk etmək və cəmiyyət həyatında baş verən siyasi-iqtisadi, eləcə də ictimai-mədəni proseslərdə ön sırada olmağa əvvəlki dövrlərə nisbətən daha çox səy göstərirdi.

 

Milli teatrımız ötən əsrin sonlarında zamanın estetik tələblərini ödəməklə bərabər, cavan aktyor nəslinin püxtələşməsi işində əsl sınaq meydanına çevrildi. Bu zaman klassik repertuarda bədii ifadə axtarışları aparan səhnə sənətimiz, istər rejissor sənətində, istərsə də aktyor yaradıcılığında, az qala, bədii ənənəyə çevrilən məlum hüdudları aşmağı bacardı.

 

Məhz bu dövrdə səhnəmizdə onlarla yeni aktyor simaları görünməyə başladı və az zaman içərisində tamaşaçıların sevimlisinə çevrildi.

 

Bu gün müstəqil dövlətimizin mədəniyyət sahəsinə göstərdiyi müntəzəm qayğı sayəsində teatr sənəti cəmiyyətimizin ictimai-mədəni proseslərində ən fəal mövqe qazanmaqdadır.

 

Respublika Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq olunub. Həmin Proqramda nəzərdə tutulan tədbirlər teatr sənətinin bütün sahələrini əhatə edir və bütövlükdə milli teatrımızın bütün istiqamətlərində inkişafının təmin olunmasını nəzərdə tutur. Bu gün sözügedən Dövlət Proqramında nəzərdə tutulan islahatlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ardıcıl olaraq, böyük uğurla həyata keçirilir. Heç şübhəsiz ki, bu bizi sevindirir.

 

Teatr necə olmalıdır? Onun ictimai-mədəni institut, mənəvi-estetik dəyərlər yaradıcısı kimi cəmiyyət həyatında yeri hansıdır?sualları ötən əsrdə olduğu kimi, XXI əsrdə də aktuallığını saxlayır.

 

Dünya teatr prosesində müşahidə edildiyi kimi, milli teatrımız da fəaliyyətinin təşəkkül və inkişaf illəri ərzində, gah güzgü, gah böyüdücü şüşə, gah məktəb, gah məbəd kimi konsept müxtəlifliyi, gah da rupor və ictimai tribuna funksiyası daşımışdır. O zaman milli teatrımızın istedadlı aktyorları, rejissorları az olmadığı kimi, teatrın repertuarı da dünya dramaturgiyasından seçilmiş əsərlərlə zəngin idi.

 

Bu mühüm məsələyə bizim dövrdə də ciddi yanaşılmalıdır. Belə ki, teatrlarda mövcud olan yaradıcılıq potensialı nəzərə alınmaqla, truppada toplanmış aktyorların bədii özünüifadəsinə imkan verən, müxtəlif sənət şərtlərinə, ideya-estetik prinsiplərə, azərbaycançılıq məfkurəsinə əsaslanan sistemli repertuar siyasəti qurulur.

 

Məlumdur ki, məişətdə belə, hər kəs dəbli geyimə üstünlük verir. Dəb isə bir cür qalmır, ildən-ilə dəyişir. Hər kəsin yaxşı bildiyi, etiraf etdiyi kimi, yetərincə mürəkkəb yaradıcılıq müəssisəsi olan teatr, öz təbiəti etibarilə daim yeniləşmə həsrətində olan bədii orqanizmdir. Burada istər texniki sahə, istər bədii tərtibat, istərsə də teatrın özünüifadə vasitələri heyrətamiz sürətlə dəyişir. Başqa cür olursa, teatr ətalət halına düşür, onun bütün komponentləri estetik kirəcləşməyə düçar olur. Yəni, teatrın idarə edilməsindən başlamış reklam işinə qədər, rejissor-aktyor münasibətləri və bədii axtarışlardan tutmuş, yeni ifadə vasitələrinin tətbiqinə qədər, oyun texnologiyaları daimi təkmilləşmə tələb edir.

 

Teatr sənətinin tarixi təcrübəsində təsdiqlənən həqiqətə görə, teatrın repertuarında hansı müəlliflərin yer tutması, əslində, teatrın bədii istiqamətinə, həll etdiyi estetik məsələlərin dərəcəsinə işarədir. Başqa sözlə desək, dramaturgiya dəyişirsə, teatrın estetik istiqaməti də dəyişikliyə məruz qalır və bu, teatr prosesinin bütün mərhələlərində özünü, bu və ya digər şəkildə, büruzə verir.

 

Ulu Öndər Heydər Əliyevin Azərbaycan teatrının 100 illik yubiley tədbirindəki çıxışında söylədiyi kimi: “Səthi müşahidələr əsasında tərtib edilmiş sxemlər üzrə, soyuq ürəklə, dərin məzmunlu səhnə əsərləri, müasirlərimizin şüuruna və qəlbinə təsir edə bilən əsərlər yaratmaq mümkün deyil”.

 

Çünki səhnə-oyun materialı kimi nəzərdə tutulan, mövzu, janr, konflikt, hadisələr xətti baxımından naqis olan dramaturji əsər çox zaman təcəssüm üçün yararlı olmur. Müxtəlif yollarla səhnəyə yol tapan pyesin təcəssümü nəticəsində rejissor sənəti solğunlaşır, aktyor ifaçılığı cılızlaşır, teatrın yaradıcılıq mühiti cırlaşmaya məruz qalır.

 

Çağdaş dövrün dramaturgiyası “mövzu aktuallığı”nın əsarətindən çıxmalı, yer kürəsinin sakini olan insanın bəşəri düşüncələrinin və əməllərinin teatr vasitələri ilə təqdimini önə çəkməlidir. Həmin dramaturgiya ədəbi-bədii məzmunu ilə bərabər “səhnəlik”, “teatrallıq” kimi kateqoriyaları başlıca bədii prinsip kimi əsas tutmalıdır.

 

Bu gün teatrımız öz tamaşaçısını öyrənməli, onun estetik tələbinə müvafiq səhnə əsərləri yaratmalı, əvvəlki dövrlərdə olduğu kimi cəmiyyətin yeni nəslini xalqımızın mənəvi-intellektual dəyərlərindən bəhrələnmə prosesinə cəlb etməlidir. Digər tərəfdən artıq tamaşaçıda müasir zövq formalaşıb və bu zövqü azərbaycançılıq ruhunda, yeni baxışla, yüksək estetik səviyyədə təkmilləşdirmək lazımdır.

 

Bunu etiraf etmək lazımdır ki, teatr sənətinin təbliği işi bizdə hələ də zəif- dir. Ölkəmizin yerlərdəki müxtəlif icra strukturlarının, təhsil müəssisələrinin, eləcə də kütləvi informasiya vasitələrinin rəhbərləri teatrlarla sistemli, ardıcıl, əməkdaşlıq əlaqələri qurmalı, bu işdə fəallıq göstərməlidirlər.

 

Diqqətə alınmalıdır ki, teatr, təkcə bu sahədə çalışanlara məxsus deyil. Teatr xalqımızın əsrlər boyu formalaşan mental-mədəni ənənələrini özündə toplayan və yaşadan ümumxalq mədəni sərvətimizdir. Odur ki, teatrın yaşamasına, onun cəmiyyət həyatında öncül mövqe qazanmasına hamılıqla kömək edilməlidir.

 

Məlumdur ki, bu günün tamaşaçısını, təkcə teatr tamaşaçısı çərçivəsində qəbul etmək doğru deyil. Çünki müasir tamaşaçının intellektual ehtiyatı əvvəlki dövrlərə nisbətən daha çox, estetik təcrübəsi daha böyükdür. Odur ki, sənətimiz öz yerində saysa, heç bir uğurlu nəticə əldə etmək mümkün olmayacaq. Hər bir uğurun arxasında isə böyük zəhmət, məsuliyyətli fəaliyyət, kamil istedad və intizam dayanır. Məhz intizam cəmiyyət həyatının bütün sahələrində ən vacib məsələlərdən biridir. Yaradıcı kollektivdə isə  intizamın gözlənilməsi xüsusilə vacibdir. Bu mənada, istər teatr sənətində, istərsə də digər sahələrdə çalışanlar yalnız öz işinə məsuliyyətlə yanaşanda keyfiyyətli nəticə əldə etmək mümkün olur. Müstəqil ölkənin vətəndaşı olan hər bir teatr işçisi cəmiyyət həyatında öz professional fərqliliyi ilə bərabər, hər şeydən əvvəl, nümunəvi əxlaqı, nəcib xüsusiyyətləri ilə də seçilməlidir. O mənada ki, səhnədə canlandırılan personajların müsbət keyfiyyətlərini təbliğ edənin, onu cəmiyyətin nəzərində dəyərləndirənin, özünün şəxsi nümunəsi olduqca əhəmiyyətlidir.

 

Teatr sənətinin öyrənilməsi, onun estetik təbiətinin inkişaf mərhələlərinin tədqiqatı olduqca vacibdir. Uzun illər boyu həmin prosesin cari məsələləri teatr tənqidinin diqqət mərkəzində olub.

 

Azərbaycan milli teatr mədəniyyətinin müasir dövrünün ictimai-tarixi, eləcə də nəzəri-estetik araşdırılmasını, yaşanan mərhələlərin, xüsusilə, elmi-metodoloji baxımdan təhrif edilmiş Sovet dövrünün teatr prosesinin təqdiqatını, obyektiv dəyərləndirilməsini, teatrşünaslıq elmimizin başlıca vəzifəsi hesab edirik.

 

Ötən əsrin ikinci yarısında, 65-85-ci illər ərzində özünün yüksəliş dövrünü yaşayan teatrımızın ardıcıl inkişaf zənciri məlum siyasi-ictimai proseslərin nəticəsində qırıldı və digər sahələr kimi teatr sənəti də tənəzzül dövrü yaşadı. Düzdür, yaradıcılıq sahəsi olduğu üçün teatr özünü daha tez bərpa etmək qabiliyyətinə malik oldu və dövlətin bu sahəyə qayğısı həmin bərpa prosesində əsaslı rol oynadı. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyinin yeni dövründə teatr sənəti layiqli mövqelərini qazandı.

 

Mənəvi zənginliyi xalqın böyük və misilsiz sərvəti sayan Heydər Əliyev teatrın inkişafını daim diqqətdə saxlayırdı. Dövlətimiz bu dəyərli ənənəni bu gün də davam etdirir, teatr sənətinin inkişafına hərtərəfli dəstək verir.

 

XXI əsrin teatr ahəngi öz təbii axarında getdikcə, tamaşaların quruluş texnikası da dəyişdi, əvvəlki teatrın oyun ənənəsi də unuduldu. Çağdaş teatr estetikasını bəyənməyib, ondan uzaqlaşan tamaşaçıları, yeni nəsil tamaşaçılar əvəz etdi, beləliklə, teatr ənənə və novatorluğun yaradıcı vəhdətindən bəhrələnib, fəaliyyət yolunu davam etdirdi.

 

Bu zaman milli teatr mədəniyyətimizin zənginləşməsinə xidmət edən neçə-neçə uğurlu tamaşaların nümunəsində mühüm mədəni-estetik hadisələr təzahür etdi. Belə hadisələrin içərisində milli teatrın təcəssüm prosesində fəal iştirak edən tərtibat sənətinin təkamülü məsələsi idi. Yəni, bir zamanlar səhnə məkanını sadəcə tərtib etmək, müəyyən mənada bəzəmək funksiyasını yerinə yetirən teatr rəssamı, daha sonralar, özünün fəaliyyətində daha böyük miqyas tələb edirdi. Teatr rəssamlığı haqlı olaraq, passiv tərtibatçılıqdan funksional səhnəqrafiya istiqamətində irəliləyirdi.

 

Müasir dövrdə mədəniyyətimiz öz tarixinin ən möhtəşəm bir mərhələsini yaşayır. Və belə sadə olmayan bir məqamda, mənəvi dəyərlərimizə, o cümlədən, milli teatr sənətimizə dövlət tərəfindən diqqətin artırılması, mədəniyyətimizin bu mühüm sahəsinin qüdrətli həyati gücünə sübutdur.

 

Fərəh hissi ilə qeyd edirəm ki, Azərbaycan teatrı artıq Avropa teatr məkanına uğurla daxil olur, həmin teatr prosesində tədricən nüfuz qazanır. Bu çox təbiidir, çünki teatr sənəti dünya teatr sənətindən təcrid olunmuş halda, qapalı ərazidə yaşaya bilməz.

 

Bir faktı da qeyd etmək vacibdir ki, Azərbaycan teatrının Avropa teatr məkanında nüfuzunun artmasını yalnız teatr sənətimizin lokal müvəffəqiyyəti kimi  dəyərləndirmək düzgün sayıla bilməz.

 

Azərbaycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin yorulmaz səyləri ilə milli mədəniyyətimizin Avropa məkanında tanıdılması istiqamətində əvəzsiz işlər görülüb. Təkcə onu demək kifayətdir ki, Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə YUNESKO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınması Azərbaycan mədəniyyətinin qorunması və təbliği istiqamətində atılan mühüm addım Avropa məkanında Azərbaycan mədəniyyəti və incəsənəti barədə kifayət qədər təsəvvürün və dərin marağın yaranmasına səbəb olub.

 

Bu baxımdan, bütün mədəniyyət sahələri kimi, teatr sənəti də açılan yolla  böyük uğurla Avropa teatr məkanına qoşulmaqdadır. Bu gün Azərbaycan teatrının Avropada təmsil olunması, dünya teatr məkanına inteqrasiyası istiqamətində böyük nailiyyətlər əldə edilib.  Ötən illər ərzində milli teatrlarımızın festival və qastrol coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib, artıq müxtəlif teatr kollektivlərinin, teatr xadimlərinin sədası Avropanın inkişaf etmiş ölkələrindən gədir. Hələ 10 il əvvəl yalnız xəyal edə biləcəyimiz qarşılıqlı beynəlxalq mədəni əlaqələr qurulub. Başqa sözlə desək, yeni Azərbaycanın qoca Avropaya inteqrasiyası başlayıb və uğurla davam etdirilir.

 

Onu da qeyd etmək istəyirəm ki, biz Azərbaycan milli teatrının keçmişini qeyd etsək də, bu teatr haqqında keçmiş zamanda danışmırıq. Çünki biz bu teatrın gələcəyinə, daha böyük uğurlar qazanacağına inanırıq.

 

Teatr sənəti öz mahiyyəti etibarilə demokratik və yeniliyə həssasdır. Odur ki, o, öz içərisində bütün estetik prosesləri əridib, bütün “izm”lərin cazibəsində olub, amma onlardan qurtulmağı bacarıb. Müasir dövrdə də o, öz sağlam yaradıcılıq əqidəsinə, ideya-estetik mövqeyinə, dövlətçilik ənənələrinə sədaqətini hər dəfə sübut edir.

 

“Mən həmişə teatra bağlı və yaxın olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdədir. Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxdıqda çox vaxt hər biri qayğısız, xoşbəxt insan kimi görünür, həmişə şəndirlər. Ancaq onların həyatının səhnə arxasında necə olmasını çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları bilirəm. Ona görə də, incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam”. Ulu Öndər Heydər Əliyevin söylədiyi bu sözlərin ifadə etdiyi həqiqətləri xatırladıqca, həmin xəttin müstəqilliyimizin çağdaş mərhələsində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin fərəhini yaşayırıq.

 

 

 

İsrafil İsrafilov

525-ci qəzet.- 2015.- 7 mart.- S .26.