Şabranlıların dəyər verdikləri
və unutmadıqları insan
Zəhmli
səslənən prokuror sözü latın
dilindən götürülüb. “Prokuro” – latınca
“qayğı göstərən” deməkdir. Qədim
Romada belə bir vəzifə sahibi var idi – prokurator və o,
geniş səlahiyyətli şəxs sayılırdı.
Habil Qurbanovun bizim Şabran rayonunda prokuror işlədiyi
illərdə – 1996-cı ildə mən AzTV-nin “Xəbərlər”
proqramının şimal bölgələri üzrə
xüsusi müxbiri idim. Vəzifəmlə bağlı
rayondakı müxtəlif ictimai-siyasi tədbirlərdə
görüşür, söhbətləşirdik. Açığını deyim ki, prokuror öz sadəliyi,
səmimiliyi, bir də “qayğı göstərən” imici ilə
məni valeh etmiş, hədsiz hüsn-rəğbətimi
qazanmışdı. Ona qarşı qəlbimdəki
bu hörmət və ehtiramın müqabilində
televiziyanın ən nüfuzlu proqramında – “Xəbərlər”də
Habil Qurbanov haqqında material hazırlamaq qərarına gəldim.
Habil müəllim təklifimə görə mənə
öz minnətdarlığını bildirib təvəzakarlıq
etdi. Sonra nə
düşündüsə: – İstəsəniz atam
haqqında yaza bilərsiniz, – dedi.
Habil Qurbanovla söhbətimdən məlum oldu ki,
atası Surxay müəllim Qarabağın ən urvatlı,
ağır taxtalı, sözü keçən el
ağsaqqallarından biri, köhnə kişilərindən
imiş. Bir
müddət hüquq-mühafizə orqanlarında
mühüm vəzifələrdə
çalışmış, Qəbələ rayonunun prokuroru,
Gəncə Vilayət Prokurorluğunun İstintaq İdarəsinin
rəisi olmuş, sonralar isə əmək fəaliyyətini
pedaqoji sahədə davam etdirmiş, Ağdam şəhərindəki
ən böyük tədris ocaqlarından birinə uzun
müddət rəhbərlik etmişdi. Demə,
Surxay Qurbanov həm də Böyük Vətən müharibəsinin
qəhrəmanlarından olub. 1941-ci ilin iyun ayından
1945-ci ilin oktyabr ayına kimi Sovet Ordusunda xidmət etmiş,
Şimali Qafqaz, I və IV Ukrayna cəbhələrində
döyüş yolu keçmiş, hətta Sovet
İttifaqı Qəhrəmanı adına təqdim
olunmuş, nədənsə layiq olduğu adı ala bilməsə
də, “Qırmızı Ulduz”, I dərəcəli Vətən
müharibəsi ordeni və digər döyüş təltiflərinə,
“İgidliyə görə” medalına layiq
görülmüşdü.
Və
buradaca minnətdarlıqla yada salmağı özümə
borc bilirəm ki, 2012-ci ilin bir payız günündə
atasının anadan olmasının 100 illiyi münasibətilə
Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən
təntənəli yubiley tədbirinə Habil müəllim məni
də dəvət etmişdi və mən də o tədbirdə
məmnuniyyətlə iştirak etdim.
Surxay müəllim haqqında kitab üzərində
işlərkən mən o el ağsaqqalını bir vaxt
yaxından tanıyan adamlarla görüşüb xatirələrini
dinlədim. Gözəl şairimiz, mərhum Şahmar Əkbərzadənin,
yazıçı, millət vəkili, dostum Aqil Abbasın
xatirələrini qələmə aldım.
Habil müəllimin özündən böyük
qardaşları Niyazi müəllimin, respublikamızın
rayonlarında polis şöbələrinin rəisi işləmiş
polkovnik Şamil Qurbanovun ataları haqqında söhbətlərinə
heyran-heyran qulaq asdım.
Leytenant
rütbəsindən polkovnikliyəcən pillə-pillə
yüksəlib çox zəngin və şərəfli bir
ömür yolu keçmiş Şamil müəllimin söhbətlərimizin
biri zamanı dediyi sözlər hələ də
yadımdadır: “Polis orqanlarına yenicə işə qəbul
olunmuşdum. Leytenant rütbəsi ilə
doğma Ağdamdan çox-çox uzaqlara, Qusar rayonuna
göndərilmişdim. İş yerinə yollanmaq ərəfəsində
atam məni yanına çağırdı: “Oğlum, vəzifən
elədir ki, – dedi, – hər şeydən əvvəl təmiz,
saf, halal və tamahsız olmalısan. İşlədiyin
rayonun təəssübünü, qeyrətini çəkəsən
gərək. O yerin adamlarının xeyrinə-şərinə
yaranmalısan ki, onlar da səni doğma bilsinlər. Bir
sözlə, çalışdığın rayonda
özünü, adını elə tanıtmalısan ki, həmin
rayondan vəzifədən gedəndən sonra oralara
alnıaçıq, başıdik getməyə üzün ola...”
Müdrik
ata öyüd-nəsihəti həm də onun prokuror oğlu
Habil müəllimin həyat kredosunu müəyyənləşdirib...
Habil müəllim 1955-ci ilin martında dünyaya gəlib. 1971-ci ildə
Ağdam şəhər 1 saylı orta məktəbin məzunu
olub, 1971-1975-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun
Coğrafiya fakultəsini fərqlənmə diplomu ilə
bitirib. AMEA-da kiçik elmi işçi
kimi fəaliyyətə başlayan Habil Qurbanov 1975-1976-cı
illərdə Ukraynanın Xmelnitski şəhərində hərbi
xidmətdə olub. O, 1976-1980-ci illərdə Bakı
şəhəri Nəsimi Rayon Komsomol Komitəsində işləyib.
1980-ci ildə SSRİ Daxili İşlər
Nazirliyinin Bakı orta xüsusi milis məktəbində tədris
hissəsinin müfəttişi vəzifəsində
çalışıb. 1982-1985-ci illərdə
Volqoqrad Ali İstintaq Məktəbini qiyabi yolla bitirib.
Habil Qurbanov 1984-1986-cı illərdə Bakı Milis Məktəbində
qiyabi bölmənin rəisi, 1986-1990-cı illərdə məktəbin
rəis müavini vəzifələrində
çalışıb. O, 1990-cı ildə prokurorluq orqanlarına işə qəbul
edilib, Bakı şəhər Prokurorluğunun ümumi nəzarət
şöbəsində prokuror, böyük prokuror vəzifələrində
çalışıb.
İnzibati orqanlarda mühüm vəzifələrdə
çalışan Habil Qurbanov elmi tədqiqat işləri ilə
də fəal məşğul olub. 1988-ci ildə Moskvada
SSRİ DİN-nin Akademiyasının dissertantı kimi, “Cinayət
hüququ” sahəsində dissertasiya işini müdafiə edərək,
hüququ elmlər namizədi alimlik dərəcəsi
alıb. 1997-ci ildə Moskvada Rusiya
Federasiyası Baş Prokurorluğunun İnstitutunda doktorluq
dissertasiyasını müdafiə edib.
110 elmi məqalənin, 6 monoqrafiyanın, 5 dərs vəsaitinin
müəllifidir. Onun “Azərbaycan Respublikasının yeni
cinayət qanunvericiliyinin nəzəri əsasları”
monoqrafiyası 1997-ci ildə Moskvada çap edilib. Hüquq elmləri doktoru, professor A.V.Naumovun “Cinayət
hüququ” dərsliyinin Azərbaycan dilində nəşrində
müstəsna rolu olub. Avropa Humanitar Elmlər
Akademiyasının və Türk Dünyası
Araşdırmaları Uluslararası Elmlər
Akademiyasının akademikidir. Beynəlxalq
Narkotizmlə Mübarizə Cəmiyyətinin
üzvüdür.
H.Qurbanov respublikada yeni qanunların yaradılmasında
yaxından iştirak edib, Azərbaycanda ilk dəfə olaraq
1996-cı ildə yeni Cinayət Məcəlləsinin
(ümumi hissə) layihəsini hazırlayıb. 2010-cu ildən Azərbaycan
Milli Elmlər Akademiyasının Fəlsəfə və
Hüquq İnstitutunun Dövlət və Hüquq Nəzəriyyəsi,
Mülki Hüquq və Mülki Proses şöbəsinin
müdiri vəzifəsində çalışır. Habil Qurbanov həm də Qarabağ müharibəsi
veteranıdır.
Şabranda
az qala kimi dindirsən, keçmiş
prokuror H.Qurbanov haqqında xoş bir xatirə danışar.
Bu onlardan birinin – Rayon İcra Hakimiyyəti
başçısının Şabran şəhəri
üzrə nümayəndəsi Yusif Musayevin söylədikləridir:
– Habil müəllimi bizim Şabranda gənclərin
dostu kimi tanıyırlar. 1996-cı ilin
güllü-çiçəkli bir yaz günü, may
ayının ortaları idi. Şəhər stadionunda mahnı
və idman bayramı keçirilirdi. Tədbirə paytaxtdan,
Bakıdan adlı-sanlı incəsənət xadimləri, məşhur
idmançılar da dəvət olunmuşdu. Bəlkə də
tədbirin ən yadda qalan hadisəsi “Neftçi”
komandasının veteran futbolçuları ilə bizim
Şabranın futbolçularının yoldaşlıq
görüşü oldu. Azarkeşlər bir
vaxt yalnız televizor ekranlarında gördükləri Azərbaycan
futbolunun canlı əfsanələrini – Ələkbər Məmmədovu,
Anatoli Banışevskini, ötən əsrin digər məşhur
dəri top ustalarını – Adil və Yaşar Babayev
qardaşlarını, Sergey Kramarenkonu, Vladimir Bruxtini və digər
məşhur futbolçuları ayaq üstdə, sürəkli
alqışlarla qarşıladılar. Və...
yadda qalan bir hadisə də bu oldu ki, bəlkə də təkcə
adından çoxlarına zəhmli görünən rayon
prokuroru – Habil Qurbanov da Şabran komandasının tərkibində
idman geyimində meydana çıxmışdı. İndi
fikirləşirəm ki, bəlkə də elə o unudulmaz
matçdan sonra Habil müəllim şabranlılara çox
doğma, əziz bir adam oldu. Elə o matçdan sonra Şabranda
birdən-birə futbola maraq artdı. Axı, Habil müəllim
o illərdə həm də respublika mini futbol
federasiyasının prezidenti idi. Rayonun “Bərəkət”
futbol komandası yarandı və həvəskarlardan ibarət
respublika çempionatında uğurla çıxış
etdi. Burasını da deyim ki, ölkəmizin
milli komandasının qapısını qoruyan həmyerlimiz
Kamran Ağayev də ilk addımlarını “Bərəkət”də
atıb, bu komandanın qapısını və şərəfini
qoruyub. O vaxtlar mən rayon Gənclər və İdman
İdarəsinin rəisi idim. Rayon
idmançılarının ən yaxın və
qayğıkeş hamisi o illərdə elə özü də
cavan olan prokuror Habil Qurbanov idi. İdmana
diqqət, idmançılara qayğı, demə, həm də
prokurorun vəzifəsi ilə bağlı apardığı
profilaktik tədbirlər imiş. Axı,
onun təşəbbüsü, maddi-mənəvi
yardımı ilə rayonda keçirilən müxtəlif
idman yarışları gənclərin fiziki cəhətdən
sağlam yetişmələri ilə yanaşı, həm də
onların mənəvi tərbiyəsində mühüm rol
oynayırdı.
Gənclərin, yeniyetmələrin asudə
vaxtlarının səmərəli və düzgün təşkil
edilməsi onların cinayətkarlığa
yuvarlanmalarının, müxtəlif mənfi hallara meyl etmələrinin
qarşısını da alırdı. Bu gün gəzdiyi
torpaq üstə hələ addımları bərkiməmiş
uşaqlar isə yurdumuzun gələcəyi, müstəqil
ölkəmizin sabahkı vətəndaşlarıdırlar.
Elə sabahımız naminə Habil müəllim
vaxtaşırı rayondakı uşaq
bağçaları-körpələr evinə əli dolu,
payla-sovqatla baş çəkərdi. Prokuror
birinci sinfə gedəcək bağça
uşaqlarının Bakıya bir günlük gəzintilərini
təşkil etmişdi ki, paytaxtın görməli yerlərini
gəzib dolansınlar, doğma yurdu yaxından
tanısınlar ki, onu daha çox sevsinlər. Rayon mərkəzi
Şabran şəhərində tikintisi yarımçıq
qalmış məscidin inşasında da Habil müəllim o
illərdə əlindən
gələni əsirgəməyib.
Sözümün tamamında Habil müəllimə
xoş arzularımı ünvanlayır, ona uzun ömür,
cansağlığı diləyirəm!”
Habil
müəllim artıq on beş ildən də
çoxdur ki, Şabrandan, vəzifəsindən aralanıb. Ancaq indi də şabranlıların xeyir-şər
məclislərində iştirak edir. Elə
şabranlılar da Bakıda yaşayıb çalışan
öz keçmiş prokurorlarının həm sevincli, həm
kədərli günlərində onun yanında olmağı
özlərinə borc bilirlər. Dünyadan
vaxtsız köçmüş yeganə oğlunun hüzr məclisində
də Habil müəllimi tanıyan şabranlılar onun
yanında idilər.
İnşallah,
nəvələrinin toy məclisində də onun yanında
olacağıq!
Gələcək
günləriniz də könlünüzcə olsun, Habil
müəllim!
Aydın Tağıyev
525-ci qəzet.- 2015.- 7 mart.- S .25.