Rənglərə boyanmış ömür
İş yerimdə Abdulla müəllimin
kitab rəfinə tez-tez baxıram. Onda hər
zaman maraqlı kitablar olur. Bir gün yenə onunla söhbətdən sonra kitab şkafına
nəzər saldığımda
Azərbaycanın Xalq
rəssamı Davud Kazımov haqqında nəfis tərtibatda çap olunmuş kitabı gördüm.
Götürüb vərəqlədim, bu gözəl insan və ustad
rəssam yenidən yadıma düşdü.
Telefon nömrəsini tapıb həmən dəqiqə əlaqə saxladım.
Dəstəyi xanım
qaldırdı, Davud müəllimlə danışmaq
istədiyimi dedikdə,
bir az
xəstə olduğunu
bildirdi. Mən müsahibə üçün
zəng etdiyimi anlatdıqda, görüşümüzü
gələn həftəyə
saxlamağı məsləhət
gördü. Növbəti
həftə, vədələşdiyim
kimi, Xalq rəssamı Davud Kazımovun evinə getdim, qapı açılanda çox
doğma və səmimi simaları görüncə özümü
sanki doğmalarımın
yanında hiss etdim. Beləliklə, söhbətə Davud müəllimin səhhətini soruşmaqla
başladım.
– Davud müəllim eşitdim səhhətiniz
bir balaca incidib sizi, indi
necəsiz?
– Sağ ol qızım,
indi yaxşıyam. Yaş öz sözünü deyir... (Gülür. O, yaxşıyam desə də, hələ üzündən və səsindən xəstəliyi
tam arxada qoymadığı bəlli
olurdu).
– Davud müəllim, İçərişəhərdə anadan olmusunuz. Bu gün orada yaşamasanız da, yəqin ki, oranı unutmursunuz.
–
1926-cı ildə Bakıda,
İçərişəhərdə qulluqçu ailəsində
anadan olmuşam. Ailədə dörd uşaq
idik. 7 yaşım olanda
atam rəhmətə
getdi və biz əmimin himayəsində
böyüdük. Orda mənim
ən kövrək uşaqlıq xatirələrim
yatır. İçərişəhərə bu gün də imkanım olduqca gedirəm. Evimizdə indi dayımın uşaqları yaşayır.
İçərişəhər, demək olar
ki, Bakının muzeyidir. Dəftərimi
də götürüb
gedir, oraları gəzir, qeydlərimi götürüb dönürəm.
İnsan
doğma olan məkandan heç bir zaman qopa
bilməz. Mən də
həmçinin.
– Müəllimləriniz kimlər
olub?
– Mən məktəbdə oxuyarkən “Pionerlər evi”nə gedirdim. Şəkil çəkməyə həvəsim
vardı. Kiçik yaşlarımdan
bu işlə məşğul olmağa
başlamışdım. Kamil Xanlarov, Maral Rəhmanzadə mənə dərs deyiblər. 8-ci sinfi bitirəndən sonra Ə.Əzimzadə adına Rəssamlıq
Məktəbinə qəbul
olundum. 1945-ci ildə bu təhsil
ocağını bitirdikdən
sonra yaxşı oxuduğuma və istedadlı tələbə
olduğuma görə
məni məktəbdə
müəllim vəzifəsində
saxlayıblar. Beləcə, gənc yaşımdan etibarən dərs deməyə başladım.
Sonralar Moskvaya, təhsilimi davam etdirmək üçün
getdimsə də, maddi durumum buna
imkan vermədi, oranı yarımçıq
qoyub qayıtmalı oldum. Bakıda İncəsənət Universiteti
açıldıqda ali təhsilimi orada bitirdim. Və həmin vaxtdan da institutda pedaqoji
fəaliyyətimi davam
etdirirəm.
– Azərbaycan təsviri sənətində istedadlı
qrafika ustası kimi möhürünüzü
vurmusunuz. Bu sahəni
seçməyiniz necə
oldu?
– Oqtay Sadıqzadə
ilə mən – yalnız biz ikimiz kitab illüstrasiyası ilə məşğul olurduq. Mən nəşriyyatda işləyirdim. Burada “Pioner”
qəzeti və jurnalı nəşr olunurdu. Mənə həmin jurnal
üçün qrafik
materiallar işləməyi
tapşırırdılar. Daha sonra başladım
kitab qrafikası işləməyə. Cəlil
Məmmədquluzadənin, Cəfər
Cabbarlının hekayələrinə,
Mirzə Əli Möcüzün
şeirlərinə, bir
sıra dastanlara çəkilmiş
rəsmlərim bu qəbildəndir.
– Davud müəllim, yaxşı rəssam necə olmalıdır sizcə?
– Birinci növbədə, insanın mədəniyyəti
olmalıdır. Mənə görə,
mədəniyyəti olmayan
insandan heç bir yaxşı nəticə gözləmək
olmaz. Gördüyün işə sevgi
və əzmlə yanaşmaq vacibdir. Rəssamlıq incəsənətin elə sahəsidir ki, zəhmətkeş olmasan, rəssam kimi özünü doğrulda bilməyəcəksən.
Xatırlayıram ki, saatlarla oturub emalatxanada işləyirdim. Bəzən
mənə sifarişlə
iş verirdilər, onu vaxtından da tez bitirməyi
sevirdim. İşləməkdən yorulmurdum.
– Hansı xarici ölkələrdə sərgiləriniz
olub?
– Bolqariya, Çexoslovakiya, Türkiyə, Almaniya, İspaniya və s. ölkələrdə sərgilərim
olub. Bizim gənclik dövrümüzdə
xarici ölkələrdə
sərgilər keçirmək
çox çətin
idi. Adətən, sərgilər
keçmiş SSRİ-nin
tərkibinə daxil olan ölkələr içərisində keçirilirdi.
Həmin ölkələrin,
demək olar ki, çoxunda əsərlərim
nümayiş olunub.
– Portretləriniz çox olub, dost-tanışlarınızdan
kimləri çəkmisiniz?
– Səttar Bəhlulzadəni, Baba Əliyevi, Əbdül Xalıqı çəkmişəm.
Bunların hamısı mənim
hər gün görüşüb dərdləşdiyimiz
dostlarım idilər.
Bəzən onlarla sutkanın
20 saatını bir yerdə olurduq.
Amma Füzulinin, Molla Pənah Vaqifin, Mirzə Fətəli Axundzadənin, Səməd
Vurğunun da portretlərini işləmişəm.
“Neftçi Qurban”ın
portretini isə rəhmətlik Heydər Əliyevin sifarişi ilə çəkmişdim.
Bu əsəri çəkməyimin tarixçəsi
də maraqlı idi. Bir gün Mərkəzi
Komitədən mənə
tapşırdılar ki,
bəs belə bir portret çəkmək
lazımdır. Mən portreti
deyilən vaxtdan tez işlədim. Sonra görüş keçirildi.
Neftçi Qurbanın ailəsi
də iştirak edirdi. Heydər Əliyev bu
portreti onun ailəsinə hədiyyə
etmək üçün
sifariş vermişdi.
Mən şəkli təqdim edəndə o zamanın mədəniyyət naziri Zakir Bağırovdan soruşdu ki, rəssamın pulunu vermisiniz? Mən pul istəmədiyimi bildirdikdə qayıtdı
ki, mənim adımdan kim
sənə sifariş
versə, işlə,
amma əsəri təhvil verəndə mütləq pulunu istə, pulsuz əsərini vermə. Sonra onun tapşırığı
ilə pulumu verdilər.
– Əsərlərinizin rəngarəngliyi göz oxşayır. Hansı janrlara üz
tutmusunuz?
– Süjetli tablo, mənzərə, portret, natürmort
kimi janrlarda çəkmişəm.
Realizm üslubu isə bizim tələbəlik dövrümüzdə çox
məşhur idi.
O dövrdə bu üslubda çəkən
məşhur rəssamlarla canlı ünsiyyətlər mənə
bu üslubu daha da sevdirdi.
Mən mənzərə
şəkilləri çəkməyi
çox sevirdim. Yaradıcılığıma da mənzərə
şəkilləri çəkməklə
başladım.
– Əsərlərinizdə müxtəlif zəhmət
adamları əks olunub. Azərbaycanın bölgələrini gəzməyi özünüz
sevirdiniz, yoxsa ezam olunurdunuz?
– O dövrdə əmək mövzusuna tez-tez müraciət edirdilər. Mərkəzi Komitənin sifarişləri olurdu. Bizi tez-tez bölgələrə ezam edirdilər. Bu mənim özümün də çox xoşuma gəlirdi, təmiz havada işləməkdən, bölgələri gəzib insanlarla təmasda olmaqdan zövq alırdım. Azərbaycanı qarış-qarış gəzir, yeni mövzular axtarır, eskiz və etüdlərini yaradıb, daha sonra emalatxanada onların üzərində işləyib tamamlayırdım. “Quyu başında”, “Qızlar bulağı”, “Pambıq tarlası”, “Sağıcılar”, “Yollar”, “Mahnı”, “Rəfiqələr” və digərləri o zaman çəkdiyim əsərlərdir. Bu tablolarla insan əməyini, insan əli ilə dəyişdirilmiş təbiətin gözəlliyini, hüsnünü əks etdirməyə çalışmışam.
– Davud müəllim, uzun illərdir pedaqoq kimi fəaliyyət göstərirsiniz. Bugünkü gənclikdə sizin ürəyinizcə olmayan məqamlar hansılardı?
– İndi əfsuslar olsun ki, hörmət anlayışı bəsitləşib, gənclərin çoxunda bunu, demək olar ki, görmürəm. Əvvəllər küçədə, hətta tanımadığımız, özümüzdən böyüklərlə rastlaşanda hörmət əlaməti kimi salam verərdik. İndi tanıdıqları adamlara belə sayğısız yanaşırlar. Mənim dayımgil bəstəkar Üzeyir Hacıbəylinin yaşadığı binada yaşayırdı. Dayım danışardı ki, biz balaca uşaq olanda Üzeyir bəy hər gün işə gedəndə həyətdə bizə yaxınlaşıb salamlaşar, kimin uşaqları olduğumuzu soruşardı. O dərsə gələndə çantasına uşaqlara yemək üçün bir şey qoyub gələrdi. Dərs başlamazdan öncə kimin ac olduğunu soruşub çantasında gətirdiklərini uşaqlara yedizdirib sonra dərsə başlayardı. Mənə görə, bax bu insanlığa verilən dəyərdi, hörmətdi hansı ki, indi bunları görmək olmur.
P.S. Söhbət zamanı Davud müəllimin həyat yoldaşı Tümarə xanım da bizə qoşuldu. Çox səmimiliyi ilə yanaşı, iti yaddaşının olmasına heyran qaldım. Tümarə xanım ali təhsilli memardı. Bir müddət işlədikdən sonra Davud Kazımova kömək olmaq və ailəsinin qayğısına qalmaq üçün işdən ayrıldığını bildirdi. 1952-ci ildə ailə qurublar. O zamandan indiyə kimi həyat yoldaşına bütün həyatı boyu dəstək olub, onun işləməyi üçün evin bütün yükünü üzərinə götürüb. Uşaqların təhsili, tərbiyəsi ilə məşğul olub. “Yaradıcılıq elə sahədir ki, gərək ailə, uşaq dərdi çox çəkməyəsən ona görə çalışmışam ki, evdən arxayın olsun ki, gücünü yaradıcılığa sərf eləyə bilsin”, – deyə, Tümarə xanım qeyd elədi.
Gülnar MAYİSQIZI
525-ci qəzet.- 2015.- 7 mart.- S 24