Ləyaqətlər və qüsurlar
tarixin sınmayan güzgüsündə
“Özümə gəldikdə mən elmdə məskun
olanlardan biri deyiləm. Mən keçmişi sadəcə sevənlərdən
və onu ciddi-cəhdlə tədqiq edənlərdən biriyəm”.
Konfutsi
(Əvvəli
ötən şənbə saylarımızda)
Qəddarlıq
ən nifrətəlayiq qüsurdur
Qüsurlar insan xarakterinin nöqsanlı cəhətləri
olmaqla, onun sahibini etibarsız edir, şəxsiyyət kimi
tanınan adama isə ciddi ziyan vurmamış
ötüşmür. Qüsurlardan bəziləri onun
daşıyıcısının əsəbinin, ümumilikdə
sağlamlığının əleyhinə işlədiyi
halda, əksəriyyəti isə bilavasitə əhatə edənlərə
xətər toxundurur. Onu görə də
belə adamlara yönələn nifrət, kin uzun müddət
nəinki sıradan çıxmır, heç zəifləmir
də. Qəddarlıq adlanan qüsur adətən
başqasına istiqamətlənir, istənilən hədəf
seçildikdə ona ağır zərbə vurmaqla da kifayətlənməyib,
bəzən həmin hədəfin məhvinə də səbəb
olur.
Qəddarlıq həm də möhkəm qorxu mühiti
yaradır, hər kəs bu eybəcər zərbənin onu
haqlayacağından qorxub, qəddarlıq mənbəyindən
çəkinməyə, könüllü surətdə, əlbəttə
ki, əlacsızlıqdan ona dözməyə, çarə
qalmayanda isə tabe olmağa başlayır. Stalin
depressiyası dünyanın ən böyük ölkəsinin
bütün ərazisinə xof toxumu səpmişdi. Acı təcrübə göstərir ki,
böyük səlahiyyət sahibləri qəddar olduqda, bu cəmiyyətə
ağır yaralar vurur, təqib və repressiyalar, guya qanın
adından törədilən qətllər baş alıb
gedir.
Tarix adlanan bəşər yaddaşı ləyaqətli
hökmdarlardan yüz, bəlkə də min dəfələrlə
çox olan qəddar çarlara, krallara, imperatorlara,
şahlara, sultanlara, inqilab rəhbərlərinə malik
olmuşdur. Bir qayda olaraq onlar qətllərdən, iri miqyaslı
qırğınlardan həzz alır, insanlara əzab, işgəncə
və dərd payı verməkdə öz
taxt-taclarının və ya vəzifə kürsülərinin
qorunub saxlanmasının, guya əbədiləşməsinin ən
səmərəli vasitəsi hesab edirlər. Canavar əgər xəstə, zəif heyvanları
yeməklə fauna üçün sanitar rolunu oynayırsa, qəddar
hökmdar əslində qurbanlarının tərkibinə o qədər
də əhəmiyyət vermir. Bəziləri
isə cəmiyyətin nəcib adamlarının qəsdinə
durur, özləri üçün onları təhlükə
mənbəyi hesab etdiklərindən, bu sıranı zəiflətmək
üçün istənilən vasitəyə əl atmaqdan
da çəkinmirlər. XVI əsrdə
Varfolomey gecəsi qırğınından (1572-ci ilin avqustunda
baş vermişdi) sonra, huqenotların ölkəni kütləvi
surətdə tərk etməsi ilə Fransaya ağır
iqtisadi zərbə vurulmuşdu. Kral XIV
Luinin kübarlara vurduğu başqa zərbə öz ziyanlı
izini sonralar daha dəhşətli şəkildə göstərmiş,
Fransa ilk ən böyük dağıdıcı inqilabla
üzləşmişdi. İngiltərə
inqilabının başçısı Oliver Kromvel İrland
şəhəri Droqhedanın qarnizonlarını
qırğına məruz qoymaqla, şəhəri
bütünlüklə qan gölünə döndərmişdi.
Qəddarlıq ən təsirli vasitə hesab edildiyindən
tabe etmək alətinə çevrilməklə eybəcər
ənənənin meydana gəlməsinə səbəb olur. Ona görə
də qəddarlar “panteolunda” uyuyanların sayı-hesabı
yoxdur. Qəddar heç vaxt öz əməllərindən
nəinki xəcalət çəkmir, əksinə, bu
insanlıqdan kənar olan əllaməlikləri barədə
daim iftixarla danışır, öz biabırçı
“igidlikləri” barədə söhbət açmaqdan da həzz
alır. Onların iyrənc etirafları bu
əməllər barədə daha geniş və “maraqlı”
mənzərə yaradır, çünki
başqalarının hekayətlərində bəzən
mühüm detallar unudula, həm də şişirtmələrə
və ya hansısa qərəzliliyə yol verilə bilər.
Tarixçilər də belələri haqqında bol məlumatlar
verirlər.
Axı adətən onların yazılarında sadə
insanların güzəranı, ehtiyacları, çətinlikləri,
bədbəxt taleləri barədə çox az
söhbət açılır, bəzən cəmiyyətin
bu qalın plastı, ən böyük təbəqəsi,
ümumiyyətlə, tədqiqatçıların diqqətini
cəlb etmir. Lakin taxt-tac sahiblərinin məişətindəki
və ya sağlamlığındakı, xarakterindəki
problemlərlə yanaşı, arvadlarının, məşuqələrinin,
kraliçaların isə məşuqlarının özlərini
necə aparması, şıltaqlıqları ən
yağlı boyalarla təsvir edilir. Onları qınamaq
da düzgün olmazdı, axı hökmdarlar özləri ilə
yanaşı, həm də ölkəni, xalqı, təbəələrini
təmsil edən baş qəhrəman qiyafəsində səhnəyə
çıxırlar, onlar öz davranışları ilə cəmiyyətdəki
mənəvi mühitin hansı hərarətdə
olmasını müəyyən etməklə kifayətlənməyib,
həm də cəmiyyət üzvlərinə güclü təsir
göstərir, pis nümunələri ilə güclü
deformasiyaların meydana gəlməsinə səbəb olurlar.
Həm də onlar xalqı, ölkəni tez-tez
müharibələrə, sarsıntılara cəlb etməklə
daim diqqət mərkəzində olurlar. Hökmdarın
sevdiyi bir qadına yiyələnməsi üçün və
printsə malik olmaq naminə arvadını boşaması da
siyasi əhəmiyyət kəsb edən bir məsələyə
çevrilir, arvadlarını qətlə yetirmək isə
onun heybətliliyindən qorxu hissini daha da artırır.
Böyük Karlın, VIII Henrinin və Napoleonun
arvadlarını boşaması və yeni izdivacları əslində
həm də böyük siyasi hadisə xarakteri
daşıyırdı. İngilis kralının timsalında
isə, onun sevdiyi Anna Boleynlə evlənməsi
üçün birinci arvadını boşaması İngiltərə
kilsəsinin Roma Papası ilə münasibətlərinin
tamamilə kəsilməsi, ölkənin katolik məzhəbindən
uzaqlaşmaqla protestantlığa keçməsi hesabına
geniş dini münaqişənin meydana gəlməsinə səbəb
olmuşdu.
Milyonlarla sadə adamın nikaha girməsi və ya
nikahını pozması isə heç toyuq hinindəki qədər
də səs-küy yaratmırdı. İngiltərə
limanlarında isə dənizçilərin bir günlük
nikahı adi qaydaya çevrilmişdi. Ona
görə də tarix salnamələrində
hökmdarların pozğun əxlaqlarının
anatomiyası, əslində patologiyası da geniş təsvir
mövzusu rolunu oynayırdı.
Qədim
Roma tarixçiləri Tatsit və Svetoni bu antik dövlətin
imperatorlarının dözülməz qüsurlarını qələmə
almaqla, Tatsitin özünün dediyi kimi “Sine ira et studio” – “qəzəbsiz
və qərəzsiz,” yəni təhrifə yol vermədən
hadisələrin sadəcə olaraq təsviri kimi bir vəzifəni
həyata keçirirlər. Tatsit inanırdı ki, tarix əxlaqi
niyyətə malikdir: “Bu, mənə belə
görünür ki, tarixçinin başlıca vəzifəsi
buna əmin olmaqdır ki, o, ləyaqəti
çatdırır və gələcəkdə məhkum
ediləcəyindən qorxuya görə şər əməllərə
və sözlərə qarşı çıxır”.
Onsuz da onların qələmə aldıqları həmin
dövrdə və xeyli sonralar də xalqa məlum idi, axı
hökmdarın istər nəcib, istərsə də çox
sayda olan eybəcər əməli və ya əxlaq nümunələri
dillərə düşür, tarixçilərin isə xidməti
ondan ibarətdir ki, onlar bu həqiqətlərin sonrakı nəsillərə
çatdırılması kimi bir xeyirxah işi görürlər. Qəddarlıq
bu imperatorların, müasir dillə desək, elə bil ki,
DNK-larına (DNT-lərinə) yazılmışdır. Məgər tarixçilər qələmə
almasaydılar da, Kaliqulanın, Neronun, Kommodun, Karakallanın,
Eloqabalın qəddarlıqları və dözülməz əxlaq
pozğunluqları bir sirr olaraq qalacaqdımı? Roma əhalisinin əksəriyyəti
bundan hali idi və onların şahidi olmaq qismətini
yaşamışdılar. Hökmdarların
həyatı nə qədər qalın divarlar arxasında
gizlədilsə də, onların barəsində söhbətlərin
dolaşmasını qadağan etmək mümkün olmur,
kütlənin hamısını isə həbs etmək,
qalalara saldırmaq, qətlə yetirmək olduqca
müşkül məsələdir.
Hökmdarın süqutundan və ya ölümündən
sonra onun barəsindəki söhbətlər təfərrüatlara
yiyələnməklə genişlənir, bəzən hətta
bir qədər şişirdilmiş qaydada gedir. Axı insanlar
hətta eybəcərliyi də qövsü-qüzeh rəngarəngliyində
müşahidə etməyə meyl edir, öz
baxışlarını nəsillərdən nəsillərə
ötürürlər.
Yazıçılar da tarixin daha böyük maraq
obyektinə çevrilməsi üçün öz
dühalarını, istedadlarını əsirgəmirlər. Uilyam
Şekspirin pyesləri vasitəsilə Qədim Roma və
İngiltərə tarixinin, təsvirində dəqiqliyi təəccüb
doğuran xeyli səhifələrinə bələd olmaq
imkanı tapırsan. Valter Skott ingilis
sarayının xəyanətlə dolu olan həyatını
təsvir edir. Aleksandr Dyuma (ata), Viktor Hüqo və Lev
Tolstoyun əsərlərində tarixin dəhşət dolu səhnələri
istedadlı rəssam ustalığı ilə göstərilir.
Onların yaratdıqları nəhəng
panoramalara hansısa rəngin qatı və ya zəif
olduğu da xələl gətirə bilmir.
İnsan dünyaya gələndən xarakterində ləyaqətlər
kimi qüsurları da daşımağa başlayır və
onlar getdikcə inkişaf edir və ya zəifləyir. Min illər
keçsə də, həyat, cəmiyyətlər, mühit dəyişsə
də, bədbəxtlikdən qüsurlar nəinki yoxa
çıxmır, əksinə, daha çox şəkillər
alır və şaxələnir. Sivilizasiyalanmış
insanın mənfi məziyyətləri cəmiyyətin
özü kimi yaxşı və pis tərəflərə dəyişməsindən
asılı olmayaraq, getdikcə inkişaf edir, yeni formalarda
meydana çıxır. İnsanın mənəviyyatına
mədəniyyət, yaradıcı şəxsiyyətlər
təsir göstərsələr də, onun vicdanına
çoxlu çağırışlar və müraciətlər
edilsə də, həyatın özü daha güclü təsir
göstərməkdə davam etdiyindən
çoxlarının daxili aləmində elə bir müsbət
dəyişiklik əmələ gəlmir. Bədbəxtlikdən, sivilizasiyalanmış dəyərlər
sıradan çıxmağa başlayır. Daha pis cəhət orasındadır ki, ən iyrənc
qüsurlar daha da böyüyür, şişir, eybəcərliyi
ilə rəmzə çevrilərək, tarixin səhifələrini
işğal etməyə başlayır.
Qəddarlıq, adamları əzaba düçar etmək
vasitələri də zənginləşirdi. Misir piramidaları
nəhəng tikililər olmaqla ən faydasız obyektlər
hesab olunur, çünki ağlasığmaz zəhmət sərfi,
daha doğrusu israfı hesabına başa gələn bu
ehramlar faraonun cəsədini qoruyan sərdabə rolunu
oynamalı idi. Onları əsasən
mövsümi işçilər tikirdilər. Yay aylarında Nil çayı daşanda əkinçilər
özlərinin kənd təsərrüfatı
iqtisadiyyatına ziyan vurmadan bu tikintilərdə
çalışırdılar. 25 milyon ton
ağırlığındakı daş blokların
daşınmasından və ucaldılmasından əmələ
gələn bir neçə nəhəng piramidanın
tikintisinə bir əsrə qədər vaxt lazım gəlirdi.
İnşaatçıların əksəriyyəti
öz zəhmətlərinin nəticəsini
görmürdü. Guya bu piramidalarda
uyuyanlar həmin sərdabələrdən əbədi həyata
qalxa bilərdilər, axı onlar Allah hesab olunurdular. Əgər faraonlar əbədi bir şərəfdə
səyahət etsəydilər, guya yer üzərindəki həyat
da çiçəklənəcəkdi.
Qədim dünya ümumiyyətlə, insanın gözləri
qarşısında qəddarlıqlar səhnəsi,
qırğınlar mənzərəsi kimi canlanır.
Köhnə
Babilistan imperiyasının banisi və heç şübhəsiz,
ən böyük amorit hökmdarı olan Hammurabi (b.e.ə.
1792-1750-ci illərdə çarlıq etmişdi) öz qəddarlığını
məğrurluqla bəyan edirdi: “Mən yuxarıda və
aşağı ərazidə düşməni kökündən
məhv etdim”. Həqiqətən də o,
hökmranlıq etdiyi dövrdə öz ölkəsinin ərazisini
müharibələr, məkrli ittifaqlar və
asılılığa salan müqavilələr vasitəsilə
doqquz dəfə böyütmüşdü. Lakin Hammurabi tarixə öz işğallarına
görə deyil, daha çox dünyada ilk və böyük
hüquqşünaslıq sənədi olan qanunlar toplusuna –
“Hammurabi kodeksi”nə görə daxil olmuş və
bütün dövrlər üçün məşhurluğa
qovuşmuşdu. Napoleonun da
dühasının irsi kimi qələbələrinin izi deyil,
məhz “Mülki kodeksi” qalmışdır və bu sənəd
çox sayda dövlətlərin qanunlarının binövrəsi
rolunu oynamışdır. Hammurabi özünün bu məşhur
işini “dinat misarim” – “ədalətli qaydanın verdiktləri”
adlandırmışdı, özü isə daim məhz “ədalətli
çar” adlanmağını arzu edirdi.
B.e.ə. 1225-ci ildə Assuriya çarı Tikultu-Minutra Babili tutub, öz salnaməçilərinə göstəriş verdi ki, bu barədə belə məlumat versinlər: “Mən Babilistan çarını əsir götürdüm və onun məğrur boynu ilə ayaqyolu oturacağı kimi davrandım. Beləliklə, mən bütün Şumerin və Akkadın ağası oldum və öz səltənətimin sərhədini Aşağı dənizin üstündə qoydum”.
İsrail çarı David (b.e.ə. 1000-970-ci illərdə hökmranlıq etmişdi) bir neçə işğalından sonra təslim edilmiş xalqlarla olduqca sərt davranmışdı. Bibliyada “Semyuelin ikinci kitabı”nda deyilir ki: “Sonra David Moabitləri məğlub etdi. O, əsirləri torpağın üstünə uzandırdı və hər üçündən ikisini ölümə məhkum etdi. Beləliklə Moabitlər onun təbəəsi oldular və ona vergi verirdilər”. Həmin kitabdakı “Davidin qələbə şərqisi” fəslində isə onun öz dilindən deyilir ki, “Mən onları (düşmənləri- müəllif) tarmar etdim və onlar toza çevrildilər, / Mən onları palçıq kimi tapdaladım”.
B.e.ə. 883-859-cu illərdə Assuriyada çarlıq etmiş Aşşurnasirpal Şimali Mesopotamiyanı, Şimali Suriyanı və Finikiyanı işğal etmişdi. Məğlub etdiyi düşmənlərini lovğalıqla belə xatırlayır: “Mən onların döyüşçü qruplarından 3000-ni silahla doğradım... Onlardan götürdüyüm çox sayda əsirləri odda yandırdım. Çoxlarını diri ələ keçirdim, onlardan çoxunun əllərini biləkdən kəsdim, digərlərinin burunlarını, qulaqlarını və barmaqlarını kəsdim, çox sayda əsgərlərin gözlərini çıxartdım... Onların cavan kişilərini və qadınlarını ölüncəyə qədər odda yandırdım”.
Üç əsr keçməmiş İsrail çarı Davidin öz ölkəsi yadellilərin işğalına məruz qaldı. B.e.ə. VIII əsrin sonunda Assuriya çarı Sennaxerib Yerusəlimi mühasirəyə aldı.
Sennaxerib (b.e.ə. 704-681-ci illərdə hökmranlıq etmişdi) Yerusəlimin b. e. ə. 701-ci ildə baş verən mühasirəsini belə qeyd edir: “Yəhudilər mənim zülmümə tabe olmadıqda, onların güclü şəhərlərindən 46-nı mühasirəyə aldım... Mən onlardan 200-150 adamı, cavanları və qocaları, kişiləri və qadınları ölkədən kənara qovdum, həmçinin saysız-hesabsız atlarını, qatırlarını, eşşəklərini, dəvələrini qənimət götürdüm. Özümü Yerusəlimdə saray iqamətgahında qəfəsdə olan quş kimi əsir etdim. Onları (şəhərləri – müəllif) ilə torpaq işləri ilə mühasirəyə aldım ki, öz şəhər qapılarını tərk edənlər cana doysunlar”.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 7 mart.- S .23