Həqiqət və Rəzalət  

 

Yazıçı Əli İldırımoğlunun “Daş yağan gün” romanındakı bir epizodun bu günümüz üçün də çox aktual olduğunu nəzərə alıb oxuculara təqdim edirik.

 

 

 (Əvvəli ötən şənbə sayımızda)

 

Bu söz Eduard Çeburdanidzeni daha da hövsələdən çıxartdı:

 

– Rica edirəm, sözümü kəsməyin, – dedi. – Bir halda ki, söhbəti dərinləşdirdiniz, imkan verin fikrimi tamamlayım. Andranikin qoçaq, ütük adam olduğuna şübhə etmirəm. Lakin Andranikin faciəsi ondadır ki, malik olduğu gücü, bacarığı xeyrə yox, şərə sərf eləyib, türkləri, azərbaycanlıları qırdığı qədər də, bəlkə də ondan çox öz millətini qırğına verib. Mənsub olduğu xalqın dostlarının yox, düşmənlərinin sayını artırıb. Bu, çətin ki, gələcəkdə sizə ucuz başa gəlsin. Vaxt gələcək Andranik xislətli adamların övladları bunun əzab-əziyyətini çəkməli olacaqlar. Sizin kimi oxumuş, təcrübəli din qardaşımın bunları dərk edə bilməməsi məndə acı təəssüf doğurur. Həm də ona təəssüflənirəm ki, şərəfinə badə qaldırmaq istədiyiniz qaniçən bir cəlladın barəsində fəxrlə danışırsınız. Bu azmış kimi, mənə də belə bir əqidəni təlqin etmək istəyirsiniz. Ancaq yanılırsınız. Çox yanılırsınız. İngiltərənin XVII əsrdə yaşayıb­yaratmış ruhani şairi Con Donnun belə bir kəlamı var: “Kilsə zənginin harayını eşitsən, heç vaxt soruşma ki, dünyadan köçən kimdir. Sən özünsən dünyadan köçən”. Müsəlman şairlərdən biri bu barədə öz fikrini və arzusunu belə ifadə edir:

 

Kəssə hər kəs tökülən qan izini,

 

Qurtaran dahi odur yer üzünü.

 

Sizin bayaqdan bəri mədh etdiyiniz və fəxrlə adını daşıdığınız Andranikin Qafqazda, xüsusilə müsəlman torpaqlarında tökdüyü qan izi hələ də getməyib. Bu, qəhrəmanlıq yox, rəzil qəddarlıqdır. İnsan qatilini təqdir edib onun şərəfinə badə qaldırmağı ağıldan kəm, dayaz düşüncəli adamların səfehliyi hesab edirəm. Siz saqqalınızın çal vaxtında nahaq yerə məni səfehlik səviyyəsinə enməyə vadar edirsiniz.

 

Andranikin əlində əlac olsaydı, bu sözlərə görə elə indicə bıçağını çıxardıb Eduardın ürəyinin başına sancardı. Ancaq qəzəbini söndürmək üçün qədəhini başına çəkib müsahibinə etiraz mənasında üzünü əks tərəfə çevirdi və başını bulaya-bulaya çal bığlarını didişdirdi.

 

Eduard Çeburdanidze müsahibinin davranışındakı qəzəbi hiss edib özünəməxsus ağayanalıqla gülümsəyərək:

 

  – Görürəm, dediklərim sizi əsəbiləşdirir. Ancaq nahaq yerə. Burada bir- birimizi söymürük, döymürük. Yol yoldaşı kimi adicə söhbət edirik. İnciməyinizə də elə bir əsas görmürəm. Biz həqiqəti danışmalıyıq. İnanıram ki, atanız Andranikin hansı yuvanın quşu olduğunu dərindən bilib dərk etsəydi, heç vaxt onun adını övladına qoymazdı. Mənim burada dediklərimin arxasında, hər gün maraqlandığım və gözlərimin qarasını aparan tarixi sənədlər dayanır. Siz isə milli emosiyalara qapılıb erməni daşnaklarının zəhlətökən zurna-balabanını çalırsınız.

 

Eduard Çeburdanidze əlini konyak şüşəsinə uzadıb qədəhləri doldurdu və:

 

– Əslində biz gürcülər də, siz ermənilər də, azərbaycanlılar da, dağıstanlılar da, avarlar da, osetinlər də, çeçenlər də... qafqazlıyıq, – dedi. – Bəli, bəli! Qafqaz ailəsinin sakinləriyik. Bizi gur çaylar, sərin çeşmələr, səfalı yaylaqlar, əriş­arğac kimi müxtəlif istiqamətlərə şaxələnən geniş yollar, dar cığırlar bir­birinə qovuşdurur. Elə bir millət tapılmaz ki, azərbaycanlılarla ermənilər kimi xaricən bir­birinə oxşasın, bir­birinin musiqisini sevsin. Siz özünüz də mənimlə razılaşarsınız ki, ermənilər öz musiqilərindən, müğənnilərindən çox azərbaycanlılarınkını sevirlər. Bu, danılmaz bir  həqiqətdir. Kürreyi­ərzin bu dilbər guşəsində yaşayan insanlar bir­birinə dirsək göstərməsə, hamısı əlbir, dilbir olsa, güclü qüvvələrin, superdövlətlərin şikarına çevrilməzlər. Heç vəchlə bu gözəl diyara nifaq düşməz. Bax, bunu dərindən dərk edib, bütün varlığı ilə belə bir amal uğrunda özünü fəda edən qafqazlıların sağlığına...

 

Andranik müsahibinin dedikləri ilə razılaşıb, yarıkönül onunla qədəh­qədəhə vurdu.

 

Ancaq stəkanlar cingildəmədi. Bunu Çeburdanidze də başa düşdü və ağzına bir tikə pendir-çörək qoyub soruşdu:

 

– Bağışlayın, sirr deyilsə, indi siz nə vəzifədə işləyirsiniz?

 

– Köhnə xidmətlərimi nəzərə alıb, məni dağbəyi qoyublar. Rahatca bir vəzifəyə! – Andranik cavab verdi. – At belində Qanlıca, Üçtəpə... bütün Zəngəzur dağlarını gəzib-dolaşıram. Biçənəklərə, taxıl, noxud əkinlərinə nəzarət edirəm, mal-qara saxlayanların bir-birinə dəyibdolaşmamasına... göz qoyuram. Duru yerindən də ayda filan qədər qatlayıb qoyuram cibimə. Maaşım pensiya ilə birlikdə mənə gen-bol bəs eləyir. Həm də köhnə kommunist, millət fədaisi kimi rayonda hörmətimi saxlayırlar. Adını daşıdığım Andranikin vaxtilə şücaət göstərmiş əsgərlərindən biri kimi bütün qapılar üzümə açıqdır.

 

Eduard nə demək istəyirdisə, çeçədi və bir-iki dəfə öskürüb özünü ələ aldı:

 

– Başa düşdüm, başa düşdüm... Siz bundan da artıq hörmətə, şan-şöhrətə layiqsiniz. Axı, əliniz neçə-neçə müsəlman qanına batıb. Həm də kommunist kimi hökumətin sağ əlisiniz, – dedi. – Məni isə təkcə vəzifədən qovsaydılar, nə dərd idi?! Yaramaz adam kimi partiyadan da xaric eləməkdən ötrü indinin özündə də bəhanə axtarırlar. Yaxşı deyiblər ki, düz elə düzdə qalar. Ancaq mən hələlik düzdə qalmamışam. Elmi dərəcəmi nəzərə alıb kiçik bir iş veriblər. Bayaq dedim ki, arxivlərdə qurdalanıram. Aldığım qəpik-quruşla başımı birtəhər girləyirəm. Buna da şükür eləyirəm. Yeganə qüsurum odur ki, kiminsə qarşısında əyilib, tülkü kimi quyruq bulamaq, yalan danışmaq, yaltaqlanmaq, yaramazları layiq olduğundan artıq mədh edib göylərə qaldırmaq məharətim yoxdur. Bunları bacarsaydım, indi Gürcüstanda yüksək iqtidar, ixtiyar sahibiydim, hamı da mənə baş əyirdi. Boynunuza almasanız da, bu dəqiqə sizin özünüzün də məndən zəndeyi­zəhləniz gedir. Bunu gözlərinizin içindən oxuyuram. Çünki sizin qəhrəman kimi mədh etmək istədiyiniz şəxs mənim aləmimdə qəddar, qaniçən, miskin bir məxluqdur. Qori, Tiflis, Moskva, Yerevan, Leninqrad, Bakı və bir çox başqa ölkələrin arxivlərinə də baş vurmuşam. Andranikin sərgüzəştlərini yaxşı bilirəm, o, əslən türk ermənisidir. 1865­ci ildə Osmanlı imperiyasının Trabzon vilayətində anadan olub. Türk torpağında dünyaya göz açıb, o torpaqda iməkləyib, addımlar atıb, o ölkənin çörəyi, havası, suyu ilə ərsəyə yetib. Ancaq ayağı yer tutanda yediyi qaba tüpürməyi özünə rəva bilib. Fəxrlə özünüzün milli qəhrəmanı hesab etdiyiniz bu şəxs vaxtilə Türkiyədə hörmət­izzət sahibi idi. Hətta onu Paşa deyə çağırırdılar. Belə bir hörmətin əvəzində doğulduğu ölkəyə qarşı xəyanət yolu tutmağa başladı.

 

Andranik özünü saxlaya bilmədi, əl-qolunu ölçə-ölçə:

 

– Bu barədə səhviniz var. Alim olsanız da, uydurma danışırsınız. Andranik Ozanyan heç vaxt xəyanətkar olmayıb. – Çeburdanidzenin dediklərinə etirazını bildirdi.

 

Eduard Çeburdanidze nifrət ifadə edən baxışları ilə onu təqib edib, sifətini turşutdu, üzünü əks tərəfə çevirərək kupenin balaca pəncərəsindən bayıra baxa-baxa:

 

– Görürəm, dediklərim hədəfə düzgün dəydiyi üçün sizi təbdən çıxardır. Ancaq nahaq yerə. Sözlərimdən əsəbiləşirsinizsə, bu barədə danışmaya bilərəm. Ancaq istəyirəm şərəfinə badə qaldırmaq istədiyiniz və zavallı ermənilərin beyninə milli qəhrəman kimi həkk olunan adam barədə sizin yanlış, uydurma təsəvvürünüzə aydınlıq gətirim, bulanıq fikirləriniz durulsun. Biləsiniz ki, kimə səcdə qılırsınız, fəxrlə adını daşıdığınız kimdir, vicdanınız qarşısında hesabat verəndə xəcalət çəkməyəsiniz.

 

Andranik “Günah məndədir, – daxilən özünü məzəmmət etdi. – Nahaq bu söhbəti açdım. Mənə deyən gərək, ay başıboş erməni, tanımadığın, bilmədiyin, xasiyyətinə bələd olmadığın adamın yanında niyə deyirsən ki, Andranikin adını mənə qoyublar. Qarşımdakı bu Eduard əclafların əclafına oxşayır. Xaçpərəst olsa da, guya Andranik Ozanyandan ötəri gözü uçur. Başdan­ayağa zəhər tuluğudur. Beləsi erməni xalqının yolunda can qoyan cəsur bir qəhrəmanın qədrini nə bilir?! Danışıqlarından hiss olunur ki, oğraşın biridir. Elə yaxşı eləyib, onu vəzifədən qovublar. Beləsinə o da azdır. Gərək onu arxivə də buraxmayaydılar. Goreşən kimi gör ordan nələri eşib çıxardıb?! Andranik barədə heç kimin ağlına gəlməyən faktlar tapıb, indi də burada başıma vurur. Bu cür xaçpərəstin təpəsinin gülləsi əskikdir”.

 

Andranik müsahibinə tərəf çönüb, hirsindən barıt dağarcığı kimi açıldı:

 

– Eduard, – dedi, – yaşca sizdən böyük olaram. Unutmayın ki, siz bu iftiranızla tək mənim yox, bütün ermənilərin heysiyyətinə toxunursunuz. Xahiş edirəm, adı tarixə düşən əfsanəvi bir qəhrəman barədə bu cür yalan, yanlış, zəhlətökən sözlərinizə sərhəd qoyasınız.

 

Eduard Çeburdanidze bərkdən güldü:

 

– Dostum, sizi qınamıram, – dedi. – Yaxınlıq etdiklərimin əksəriyyətinin məndən zəhləsi gedir. Çünki bizim zəmanədə haqq söz yerimir. Nahaq ibarələrə hər yerdə yaşıl işıqdır. Görünür, mənimlə yol yoldaşı olmaqda Tanrının sizə qəzəbi tutub. Yoxsa Eduard Çeburdanidzeni, qulağı düz sözə öyrəşməyən bir adama tuş eləməzdi. Mənəvi əzabınızı nəzərə alıb, sizdən yol yoldaşı kimi üzr istəyə bilərdim. Amma düz, qeyri-düz, xahiş edirəm, dediklərimin qabağına kötük diyirləməyin. Məni düzgün başa düşürsünüz-düşmürsünüz, bu, sizin öz işinizdir. Gəzdirdiyiniz xaça and olsun ki, burda bircə kəlmə də olsun artırıb-əskiltmirəm. Əsl həqiqəti deyirəm.

 

Andranik gördü ki, kupe yoldaşı tamam başqa əqidəli adamdır. Bildiyini dədəsinə də verən deyil. Onu fikrindən döndərmək olmaz. Odur ki, düz Eduardın gözlərinin içinə baxaraq rişxəndlə:

 

– Nə bilirsən, de gəlsin, siz kəndini yandırdığımız müsəlmanlar kimi yaman qərəzli danışırsınız. Buyurun, eşidirəm, – dedi. – Ancaq rica edirəm, əndazəni aşıb təhqirə keçməyəsiniz. Bəri başdan onu da deyim ki, bu cür uydurma sözlərlə məni yolumdan döndərə biləcəyinizi ağlınıza belə gətirməyin və açığını deyim ki, gürcü olmağınıza, ermənilərlə qohumluğunuza, müqəddəs xaça etiqad etməyinizə qəti şübhəm var. Tam əminəm ki, damarlarınızdan türk qanı axır. Xaçpərəstlikdən uzaq bir adamsınız. Yoxsa şərəfli adını daşıdığım, yüzlərlə Azərbaycan kəndini alt­üst eləyən əfsanəvi qəhrəman barədə bu cür zəhlətökən ibarələr uydurmazdınız.

 

– Hörmətli Andranik! Mənim yol yoldaşım! Din qardaşım! Siz tarixi həqiqəti, təkzibolunmaz obyektiv gerçəkliyi təhqirlə qarışdırırsınız. Mən isə sizin xoşunuza gəlib-gəlməməsindən asılı olmayaraq, tarixi faktlara əsaslanıb olanı deyirəm. Və xahiş edirəm, mənim  xaçpərəstliyimə şəkk-şübhəniz olmasın. Sizin başa düşdüyünüz kimi dinimi, vicdanımı dansaydım, şan-şöhrətim yerə­göyə sığmazdı. Elə xaça, dinimə, insanlığıma sadiq olduğum üçün bu günə qalmışam. Əslində din elə vicdan deməkdir. Ancaq haqq-ədalətin tərəfində dayandığıma görə bu dəqiqələrdə çörək kəsdiyim kupe yoldaşımın da məndən zəhləsi gedir və onun əlində əlac olsaydı, müsəlmanlara atdığı güllənin birini də buradaca mənim başıma çaxardı. – Eduard Çeburdanidze bunları deyib daha da hiddətləndi və əlavə etdi:

 

– Sizin qəhrəman hesab etdiyiniz Andranik əvvəl “Qnçaq”, sonra daşnaksutyun partiyasına daxil olub. Bir dəstə erməni fanatikini başına yığıb türklərə arxadan zərbə endirib. Bilirsinizmi, türklərdən daha çox kürdlər onun silahlı dəstəsinə divan tutub. Sərrast nişan almaq məharətinə malik olan kürd qadınları erməni xəyanətinə qarşı fədakarlıqla vuruşublar. Beləliklə, Andranik Türkiyədə erməniləri qırğına verib və rüsvayçı hərəkətini hiss edən kimi tez sivişib aradan çıxıb. Bir çox ölkələri gəzib-dolaşandan sonra Bolqarıstanda peyda olub. Türkiyəyə qarşı Balkan müharibəsi vaxtı bolqar ordusu tərkibində erməni könüllülərindən ibarət dəstə yaradıb. Türklərə qarşı müharibədə canfəşanlıq göstərdiyi üçün Bolqarıstanın Ali Dövlət mükafatları ilə təltif olunub. Və həm də bolqar vətəndaşlığını qəbul edib. Birinci Dünya müharibəsi dövründə rus-türk müharibəsində doğulduğu öz ana vətəninin insanlarına qarşı amansız xəyanət yolu tutub. Və buna görə rus hökuməti onun sinəsindən neçə-neçə orden və medallar asıb. Hansı xidmətlərinə görə?! Türklərə qənim kəsildiyinə, türk qanına susadığına görə. Bütün bunların müqabilində yazıq, məzlum qiyafəsinə bürünüb, utanıb həya eləmədən aləmə car çəkirsiniz ki, türklər bizi genosid edib.

 

(Ardı var)

Əli İldırımoğlu

525-ci qəzet.- 2015.- 7 mart.- S .22.