Kamal Abdullayev:“Prezident multikultural təhlükəsizliyi
təmin etmək məqsədilə böyük iş
aparır”
Multikulturalizm həyat tərzimizdir
Azərbaycanın zəngin mədəni-mənəvi irsə,
çoxəsrlik tolerantlıq ənənələrinə
malik olmasını beynəlxalq aləm açıq şəkildə
etiraf və qəbul edir. Ölkəmiz milli-mədəni müxtəlifliyinə
və etnik-dini tolerantlığına görə dünya
miqyasında çoxmillətli, çoxkonfessiyalı məkan
kimi diqqət mərkəzindədir. Bu
etnik, dini, mədəni palitranın qorunması
üçün artıq uzun müddətdir ki, uğurlu
dövlət siyasəti aparılır. Əsrlərə
söykənən bu ənənələri, tarixi təcrübəni
qorumaq üçün dövlət tərəfindən
xüsusi proqramlar, önəmli layihələr həyata
keçirilir. Dünyanın sivil ölkələrinin
hələ bu yaxınlarda qəbullandığı,
hazırda müasir həyatlarında kənardangəlmə dəyər
kimi tətbiq və təbliğ etmək istədikləri
multikulturalizm ənənələri artıq uzun əsrlərdir
ki, Azərbaycan üçün doğma anlayışdır.
Multikulturalizmin qorunmasının və təbliğinin
dövlət siyasətinin prioritet istiqamətlərindən
olması da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
yaradılmasını zəruri edib. Prezident İlham Əliyevin ötən
il mayın 15-də imzaladığı Fərmanda da Mərkəzin
yaradılmasının vacibliyi önəmli bir punktla
qabardılıb: “Multikulturalizmin həyat tərzinə
çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq
nümunəsi olaraq daha geniş tanıdılmasının
vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki
müxtəlif multikultural modellərə xas fəlsəfi,
sosial, siyasi və digər aspektlərin Azərbaycan
reallığında təhlili və təşviqinin əhəmiyyətini
nəzərə alaraq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılsın”.
Buradan
anlaşıldığı kimi sözügedən Mərkəzin
əsas məqsədi-azərbaycançılıq məfkurəsinə
uyğun olaraq tolerantlığın və mədəni, dini,
linqvistik müxtəlifliyin qorunmasını təmin etmək,
həmçinin Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq
və təşviq etməkdir.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi bu yöndə
aparılan işlərin təbliğatı və həyata
keçirilən layihələrlə ictimaiyyəti
yaxından tanış etmək məqsədilə bundan sonra
ayda iki dəfə “525-ci qəzet”in şənbə
saylarında oxucuların görüşünə gəlməyi
planlaşdırır.
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyət
sferası çoxprofillidir
Bu sferaya
Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi
mahiyyətini öyrənmək və təbliği mexanizmini
hazırlamaq, ölkəmizdə mədəni-etnoqrafik müxtəlifliyin
azərbaycançılığın inkişafına xidmət
göstərməsi yollarını müəyyənləşdirib
gerçəkləşdirmək, mədəni, dini müxtəlifliyin
tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub
saxlanması yollarını müəyyənləşdirmək,
müxtəlif bölgələrə aid mədəni irsi
öyrənmək, onların müasir dövrdə ahəngdar
inkişafının təmin edilməsinə, vətəndaş
cəmiyyətinin potensialından istifadə edərək
tarix, mədəniyyət və dini abidələrin qorunub
saxlanması prosesinə dəstək vermək, multikultural həyatda
müxtəlif bölgələrə aid mədəniyyətlərin
bir-birinə təmas dərəcəsini öyrənmək və
təşviq etmək, təhsil, mədəniyyət, elm və
digər sosial sahələrdə özünü göstərən,
şəxsiyyətin mənəvi
bütövlüyünün həmahəng inkişafına
mane olan müəyyən çatışmazlıqların sistemli
şəkildə aradan qaldırılması istiqamətində
layihələr gerçəkləşdirmək kimi məsələlər
daxildir. Mərkəz həmçinin müxtəlif dinlərə
mənsub gənc din xadimlərinin peşəkar dini, dünyəvi
biliklərinin artırılması istiqamətində tədbirlər
həyata keçirməyi, Azərbaycanın multikultural nailiyyətlərinin
beynəlxalq mütəxəssislər tərəfindən
öyrənilərək xarici ölkələrdə təbliğini
təmin etməyi, şəxsiyyətin saflaşmasında,
xalqlararası, dinlərarası qarşılıqlı
hörmət və etimad münasibətlərinin
yaranmasında xüsusi xidməti olan görkəmli yerli və
xarici ölkə vətəndaşlarının qiymətləndirilməsi,
təşviq edilməsi mexanizmini hazırlayıb həyata
keçirməyi, multikulturalizm üzrə dünya mütəxəssislərinin,
eyni zamanda keçmiş və müasir siyasi, ictimai, elm, mədəniyyət,
incəsənət xadimlərinin şəxsi təcrübələrini
təhlil etmək və yaymağı da nəzərdə
tutur.
Mərkəz
yarandığı vaxtdan etibarən böyük miqyaslı
layihələrə start verib
Keçən
ilin oktyabr ayında Millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət
müşaviri, Bakı Multikulturalizm Mərkəzinin Himayəçilik
Şurasının sədri, akademik Kamal Abdullayev Şirvan
şəhərində, İmişli, Saatlı, Sabirabad
rayonlarında ziyalılar, dini icmaların üzvləri və
milli azlıqların nümayəndələri ilə
çoxsaylı görüşlər keçirib. Şəhər
və rayonlarda fəaliyyət göstərən mərkəzi
cümə məscidlərinə, dini sitayiş ocaqlarında
aparılan müzakirələr zamanı yad dini-ideoloji təsirlərə,
təfriqəçi təriqət və cərəyanlara
qarşı mübarizənin zəruriliyi vurğulanıb, zəngin
multikultural ənənələrin qorunub saxlanması və
inkişafı, azərbaycançılıq
ideologiyasının təbliği və təşviqi istiqamətində
həyata keçirilən dövlət siyasətinin mahiyyəti
ətraflı şəkildə izah edilib. Xüsusən
gənc nəslin milli mənəvi dəyərlər və Vətənə
sədaqət ruhunda tərbiyə olunmasında din xadimlərinin
üzərinə düşən vəzifələrlə
bağlı müzakirələr aparılıb. Saatlı rayonunun Fətəlikənd, Sabirabad
rayonunun Bulaqlı kəndlərində kompakt şəkildə
yaşayan Axısxa türkləri ilə görüşən
dövlət müşaviri ziyalılar və dindarlarla ölkəmizdəki
tolerant və multikultural mühitlə bağlı söhbət
aparıb, sakinlərin fikirlərini dinləyib.
Keçirilən
görüşlərlə bağlı təəssüratlarını
mətbuatla bölüşən K. Abdullayev diqqətə
çatdırıb ki, bu gün Prezident İlham Əliyev qətiyyətlə
zəngin etnik və dini müxtəlifliyə malik olan Azərbaycanın
multikultural təhlükəsizliyini təmin etmək məqsədi
ilə çox böyük iş aparır: “Bu, son dərəcə
lazımlı və nəcib işdə etnik və dini
müxtəlifliyindən asılı olmayaraq hər bir vətəndaşımız
Azərbaycan Prezidentinin dəstəkçisi və
dayağıdır”.
Başqa
bir önəmli tədbir də bu il, yanvarın 10-da Millətlərarası,
multikulturalizm və dini məsələlər üzrə
Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi
ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Prezidenti yanında Bilik Fondu, Bakı Slavyan Universiteti, “Kultura
plus” İnternet Televiziyası rəhbərliyinin iştirak
etdiyi müşavirədir. Müşavirədə qərara
alınıb ki, “Kitabi-Dədə Qorqud” dastanının alman
şərqşünası, diplomat Fridrix fon
Dits tərəfindən tərcümə olunaraq dünyaya
tanıdılması və ilk dəfə tədqiqata cəlb
edilməsinin 200-cü ildönümünə həsr olunacaq
ilboyu silsilə tədbirlərə “Kitabi-Dədə Qorqud” və
Fridrix fon Dits – 200” Beynəlxalq Kollokvium keçirilsin. Beynəlxalq
Kollokviumun xarici nümayəndə heyətinə Türk Dil
Kurumunun başqanı professor Mustafa Kaçalin, Yunus Emre
İnstitutunun başqanı professor Hayati Develi, Egey Universiteti
Türk Dünyası Araşdırmaları İnstitutunun təsisçisi
professor Fikrət Türkmən, Almaniyadan Mayns Universitetinin
professoru Hendrik Boeschoten,Osvald fon Volkenştayn Cəmiyyətinin
prezidenti professor Sieglinde Hartmann, İtaliyadan “Sandro Teti” Nəşriyyat
Evinin rəhbəri Sandro Teti, jurnalist Mauritsio Korta, Rusiyadan Elmlər
Akademiyası Dilçilik İnstitutunun əməkdaşı,
professor Əli Çeçenov, incəsənət xadimi Alla
Axundova, Qazaxıstan Beynəlxalq Türkoloji Mərkəzinin
prezidenti professor Erden Kajıbek, Tbilisi Dövlət
Universitetinin professoru David Qotsiridze, Latviya Universitetinin əməkdaşı
Uldis Berzins daxil idi.
Adları çəkilən şəxslər kollokviumun
üzvləri olaraq “Kitabi-Dədə Qorqud” dastanının hərtərəfli
öyrənilməsi ilə bağlı orijinal təkliflərlə
çıxış ediblər. Kollokviumda müzakirlər aparan Dədə
Qorqud irsinin təbliğatçıları “Kitabi-Dədə
Qorqud” dastanının dünyaya tanıdılmasında
müstəsna rol oynayan Fridrix fon Ditsin
türkoloji araşdırmalarının geniş
yayılmasına böyük ehtiyac olduğunu vurğulayaraq
bu istiqamətdə əqli və fiziki imkanlarını əsirgəməyəcəklərini
bildiriblər.
Multikulturalizm
həm də digər xalqların faciələrinə
anlayışla yanaşmaqdır
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyəti
ən müxtəlif sahələri əhatə edir. Yanvarın
27-də, adıçəkilən Mərkəz Bakı Slavyan
Universiteti ilə birlikdə Beynəlxalq Holokost
qurbanlarının Anım Gününə həsr edilən dəyirmi
masa da təşkil edib. Mərkəzin
icraçı direktoru Azad Məmmədov
çıxışında vurğulayıb ki, tədbir bəşər
tarixinin ən dəhşətli faciələrindən olan
Holokost soyqırımının nəticələrindan bir
daha ibrət götürülməsi missiyasına xidmət
edir.
Bakı Slavyan Universitetinin rektoru Asif Hacıyev isə
Holokost faciəsinin Azərbaycanda müasirlərin gözü
ilə müzakirə edilməsini multikulturalizm dəyərlərinin
təzahürü kimi səciyyələndirib. Dəyirmi masa
iştirakçıları sonda bu qənaəti
bölüşüblər ki, Holokost və Xocalı faciələri
nümunələrindən çıxarılan ən əhəmiyyətli
dərslərdən biri çağdaş dünyada
anti-semitizm, irqçilik, ksenofobiya, islamofobiya və insanlara
kütləvi nifrət aşılayan digər cinayətlərin
qarşısının alınmasında multikulturalizm dəyərlərinin
dövlət və vətəndaş cəmiyyəti
qurumları tərəfindən təşviq edilməsi
mühüm əhəmiyyət daşıyır.
lll
Terrorçuluğu, vandalizmi dövlət siyasətinə çevirən Ermənistanın torpaqlarımızın 20 faizini işğal etməsi azmış kimi, dünya miqyasında Azərbaycan əleyhinə apardığı (həm də) informasiya müharibəsində əsas “silahlarından” biri də azərbaycanlılarla yanaşı yaşamağın mümkünsüzlüyü (!) yalanıdır. Və bunun nəticəsində də uzun illər Azərbaycan xalqının genetik dəyəri olan tolerantlığına, dözümlülüyünə şübhə ilə yanaşanlar olub. Lakin son illərdə dövlətimizin apardığı məqsədyönlü, ardıcıl siyasət nəticəsində dünya artıq çoxəsrlik multikultural ənənələrin daşıyıcısı olan tolerant Azərbaycanın haqq səsini eşidir və ədalətli mövqeyini dəstəkləyir. Və bu proses artıq həm dövlətlər, həm cəmiyyətlər, həm də fərdlər tərəfindən etiraf və qəbul edilir.
lll
Yazılanlara, deyilənlərə və görü(n)lənlərə sözardı: Ötən il Bakıda keçirilən III Beynəlxalq Teatr Konfransında görkəmli yazıçı Kamal Abdullanın söylədiyi çox maraqlı, ibrətamiz bir əhvalat, aradan aylar keçməsinə baxmayaraq, hələ də sözbəsöz xatirimdədir, inanıram ki, o söyləntilər tədbirdə iştirak edən çoxsaylı əcnəbi qonaqların da yaddaşında dipdiri qalıb: “Bir neçə il bundan əvvəl dini missiyasını həyata keçirmək üçün ölkəmizdəki sinaqoqlardan birinə təyinat alan ravvin öz rəhbərliyindən çox xahiş edir ki, onu başqa ölkəyə göndərsinlər, hansı ölkə olur olsun, Azərbaycan olmasın (ölkəmiz haqqında aparılan antitəbliğat işini görübmüş. – S.M.) Rəhbərlik razılaşmır və ravvin Azərbaycana gəlməli olur...Bu yaxınlarda isə həmin ravvin Azərbaycan vətəndaşı olmaq üçün dövlətimizə ərizə ilə müraciət edib...”
Çıxışını bununla yekunlaşdıran Kamal Abdullanı dünyanın dörd bir yerindən gəlmiş xarici qonaqların uzun müddət alqışladıqları da yadımdadır...Bu, var(lıq) olandan heç bir şərt irəli sürmədən, təmənna güdmədən multikulturalizmi, tolerantlığı ruhunda, canında yaşadan Azərbaycan xalqına həm də həmin əcnəbilərin timsalında dünyanın alqışı idi...
Sevinc
MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 6 mart.- S.21.