Ölüm də Ömürmüş...
Yunan mifologiyasına görə, xalq Palıddan
yaranıb.
Belə deyirlər ki, Ön Asiyada Makedoniyalı İsgəndər
bir Palıd ağacı əkibmiş ...
Bizim xalqın yaddaşında da Palıd müqəddəsliyi
yaşayır.
Vaqif Səmədoğlu
Səməd Vurğunun əkdiyi Palıd ağacıydı!
lll
Vaqif Səmədoğlu da getdi.
Allahın bir vaqifi də azaldı.
Vaqifin
Allahı bir az da görünməzliyə
çəkildi...
lll
“Qardaşlar
bir atadan-anadan olanlar yox,bir Allahdan
olanlardır!” deyirdi Vaqif Səmədoğlu.Və Haqq yerinə
o, həmin bir Allahdan olanların çiynində getdi.
lll
Vaqif Səmədoğlu İnsanı Allaha, Allahı
İnsana yaxınlaşdıran şairdir”. İndicə
Allaha bir söz deyib gəlirəm” deyən Vaqif elə bil
Allahla əl-ələşə tutmuşdu.
lll
Vaqif Səmədoğlunun
bütün şeirlərində qapı var,Günəşə
açılan qapı, həyata, insana, nəhayət, Allaha
açılan qapı!
lll
Vaqif Səmədoğlu böyük təfəkkür və
idrak sahibi olub.
Mütəfəkkür sənətkarlar
içində özünəməxsus yeri var.
V.Hüqo
deyirdi:”Allah hər şeydə mövcuddur, lakin hər şey
Allahın görünməsinə mane olur”.
V.Səmədoğlu
yazırdı:
Gözüm
get-gedə
qabıq
bağlayır...
Xeyr!
Bu qədər
insan içindən
Görünməyəcək
Tanrı!
lll
Dünyanın
ən böyük sənətkarları hamını heyrətləndirən
düşüncə sahibi olublar.V.Səmədoğlundan bir
neçə misal gətirsək, bir daha həmin
düşüncə nümunələrini görə bilərik:
...Saxlayın
Yer Kürəsini,
Mən düşmək istəyirəm.
...Ay
işığının
sapsarı ipi
düşmüş sularına dənizin
O ipi
boynuma
dolayıb
asmaq istəyirəm
özümü aydan,
ayağım altından
bir kənara
itələyərək
Yer
kürəsini...
...Baş-başa
vermiş dağları görəndə,
yanı
bir dağ başı görməyən Göyəzən gəlir
ağlıma.
Gördüyüm dağların ən yetimi, ən kimsəsizi.
Durur yer
üzündə yalnızlıq heykəli kimi...
lll
Vaqif bir dəfə
mənə belə dedi:
– Gizlənməyim
gəlib, a Barat!
– Niyə
ki?!
– Şeir
yazmaq istəyirəm, dana!
...Vaqif
ölmədi. Bu dəfə bizdən tamam gizlənmək istədi.Daha
yeni böyük əsərlər yazmaq üçün!
lll
Kamal
Abdulla deyir: “Ölçü hissi ən vacib keyfiyyətdir.Cümlənin
uzunluğundan və qısalığından tutmuş
abzasın həcminə qədər müəllifin nəzarətində
olmalıdır”.
V. Səmədoğlu
beləydi. Hər abzas hər söz, hətta hər
hərf onun nəzarətində idi.
lll
Vaqif Səmədoğlu Azərbaycanın xalq
şairiydi.
Vaqif Səmədoğlu Azərbaycanın görkəmli
ictimai-siyasi xadimiydi.
İki dəfə Milli Məclisin deputatı olmuşdu. Hər ikisində
vəkillərindən biri mən olmuşam. Onunla bağlı qeydlərim olub. Həmin qeydləri və Vaqif Səmədoğlunun
dilindən çıxan fikirləri, bir sıra zarafatları,
söhbətləri onu sevən oxuculara təqdim etmək istədim.
...Vaqifin
həyatı şeir idi.
Vaqifin ölümü də şeirdi.
Hər
abzası, hər sözü, hər hərfi də!
–1-
...Hər
şey yatır, bax, bundan (sağ əlini göstərir)
başqa! O, heç vaxt yatmır – Qələm
tutduğuna görə! (V.Səmədoğlu.
28.10.05. İncə dərəsi.
Yolda)
–2-
...Mən
həqiqətpərəstləri sevmirəm. Yalançıları
sevirəm.
Həqiqətpərəstlərlə darıxıram.
Yalançılar darıxmağa qoymurlar məni.
Həqiqətpərəstlərdə nə isə
qurtarır, sona yetir. Yalançılarda isə heç nə
qurtarmaq bilmir.
Bu,
çox yaxşıdı! 28.10.05.
–3-
Azərbaycan poeziyasının ən əzbər
şeirini mənim babam – Səməd Vurğun yazıb. Bu, “Azərbaycan” şeiridir!
–4-
... Nizami (Torqovu) küçəsində bu yaxınlarda
Zaurla (sürücü) fotoaparat satılan mağazaya
girmişdim. Bilirsiz ki, 66 yaşım var mənim.
Gənc
16-17 yaşlı bir qız qəfildən içəri girdi,
mənə yanaşıb dedi:
– Vaqif
müəllim, salam!
–
Əleykümsalam, qızım! dedim.
– Mən
sizin pərəstişkarınızam!
–
Çox yaxşı, çox sağ ol, qızım, minnətdaram!
– Şair olarmı bir söz də deyim?
– De ,qızım!
–
“Qızım” sözünü diliniz desə də,
parıldayan gözləriniz “qızım” demir axı!
Zalım qızı düz deyirdi. 29.10.05.
–5-
Mehdixan əmim də gözəllik aşiqiydi. Gözəl xəstəsiydi.
Danmırdı bunu özü də.
APİ-nin
rektoru olduğu vaxtlarda bir dəfə bir gənc oğlan gəlib
buna şikayətlənir ki, bəs məni filan müəllim
kəsib... Kişi deyir: – Oxuyaydın, kəsməyəydi!
Başqa bir vaxt bir azca çirkin bir qız da onun üstünə
qaçıb kəsildiyini bildirəndə ona da belə deyir:
– Oxumaq
lazımdı, oxumaq!
İş elə gətirir ki, ona bu cür şikayətlə
bir gözəl də müraciət edir. Əmim qəzəblənir,
nə qəzəblənir:
– Ay səni
kəsənin qolu qırılsın, görüm!
Və
yanına düşüb, gedib qızın qiymətini o saatca
düzəltdirib!
–6-
Atamın
vəsiyyətlərindən biri bu olub ki, Sazı qoruyun!
–7-
Mehdixan əmim
bir dəfə zəng edib dedi ki, televizorda oxuyan
Borçalı aşığına baxdınmı?
–
Baxdım,- dedim.
– Ayə,
bu Borçalı aşığı döyüldü, deyəsən?
– Niyə?
– Axı
o tərəfin aşığı oxuyanda, “of, aman,aman!” demirlər. “Ay aman, ay aman!” deyirlər.
–8-
Hüseyn Ariflə bir dəfə qavırların
arasından keçirdik. Ona yol verib dedim:
–
Hüseyn qağa, keç!
Dedi:
– Ayə,
mənə niyə burda yol verersən? Restorana birinci
özün keçersən!
–9-
Bir dəfə yenə Hüseyn Ariflə səfərdəydim. Gecə
qaldığımız yerdə o, yorğana
bürünüb yatırdı. Mən
oturub nəsə yazırdım.
Hər on dəqiqədən bir başını
yorğanın altından çıxarıb balıq kimi nəfəs
alırdı, bircə burnu görünürdü. Amma deyirdi:
–Yazırsanmı,
a başı batmış! Yaz! Yaz! Tarixdi, itməsin!
Məni təəccübləndirən
budur ki, qağam elə bil and içmişdi, az
qala hər 10 dəqiqədən bir burnunu yorğanın
altından çıxarmağa və deməyə:
“Yazırsanmı, a başı batmış? Yaz! Yaz! Tarixdi, itməsin!”
–10-
Ana nənəm Ayişə heç vaxt madyan ata minməzmiş.
18 yaşında dul qalıb.
Yatanda həmişə ərinin yastığı
yastığının böyründə olub. Üstündə
həmişə naqan gəzdirib. Yatanda
silahını başının altına qoyub yatarmış.
Qaçaqlar bir dəfə bir kəndə gəlməklərinə
peşman olub, dərhal kəndi tərk ediblər. Bilirsən niyə?
Çünki eşidiblər ki, Aşa arvad kənddədir.
–11-
Mehdixan əmim
deyərdi:
–A Vaqif,
bilirsənmi Osman qağan niyə böyük şair ola bilmədi?
“Niyə?”- deməyimi gözləmədən
sözünə davam etdi:
– Onu
Şıxlı soğançası, Qazax xəngəli, bir də
Borçalı aşıqları qoymadı böyük
şair olmağa!
–12-
Bir dəfə
Vaqif Səmədoğlu bir məclisdə belə bir
sağlıq dedi:
– El
ağsaqqalsız, uçaska uçaskovısız olmasın!
–13-
Gözəllərə vurğun olan babalarımdan biri
deyib ki, mən öləndə məni elə yerdə
basdırın, ordan gəlib gedən gözəlləri
görə bilim.
–14-
Qazaxda Dəmirçilər kəndində seçicilərlə
görüşdən əvvəl idarənin həyətində
birdən gəlib bir taksi dayandı. İçindən V. Səmədoğlunun
səlahiyyətli nümayəndəsi Xanqulu müəllimin tələsik
düşdüyünü görən şair dedi:
–A Barat,
kişini gözləmədiyimiz üçün taksi tutub gəlib.
– Güldü:- Eybi yox, belə daha
maraqlıdı. Necə demişdi Səməd
Vurğun? Hə, “Hücuma tanklarla
keçir komsomol”. İndi belə demək olar: ”Hücuma taksiylə keçir komsomol!
–15-
Qazax seçki dairəsində, YAP-ın qərargahında
səhər-səhər görüşdük. Hal-əhval
tutduq.
V.Səmədoğlu
gülümsəyə-gülümsəyə gözləmədiyimiz
halda belə dedi:
–Kak dela?!
Mən də
fikirləşmədən “Əla!” dedim.
Dedi ki, elə
demə. Belə de:
–Dela əla!
Dedim, lap
bu şeir oldu ki!(qafiyə baxımından
deyirdim)
–Hə,
doğrudan da!- şair fikrimi təsdiqlədi.
Bircə əlavə
etdim:
–Şeirdi, amma qısa olduğu üçün sənin
şeirlərinə oxşadı. Mən uzun şeirlər
yazıram, özün bilirsən.
—16-
Dəmirçilərdə
seçicilər içində 5-6 yaşlı bir
uşağa baxdı, mənə belə bir sual verdi.
–Görəsən,
o uşağın da seçkidə iştirak etdiyi
günü görəcəyikmi?
–Əlbəttə!- dedim.
Etiraz etdi:- Yox! Yox! Allah eləməsin, o
vaxta qalaq. Bu qədər mübarizəyə, oyuna,
ağrıya-acıya kim dözəcək?!
Şairin fikrini ürəyimdə təsdiq etdim. Böyüklüyün faciəsinə acıdım...
P.S...Vaqif Səmədoğlu Sözün, Qələmin yaraşığıydı. Həyata yaraşıq verirdi. Ölümə də yaraşıq verməyə getdi. Deyirdi ki, 3-cü sinfə qədər Qazaxda oxumuşam. Qəhrəmanlarının Qazax ləhcəsində çox sərbəst danışmaqları bu faktla da müəyyən qədər bağlı ola bilərdi.
İndi ölümün ləhcəsini öyrənməyə getdi. Əminəm ki, ölümün ləhcəsini də tezliklə öyrənəcək!
Ancaq yenə bütün yazdıqlarını həyatın, əbədiyyətin, ölməzliyin dilində yazacaq! Göz yaşının yox, matəmin yox, təbəssümün, sevincin, zarafatın, nay hərəkətlərinin dlində yazacaq!
... Yola çıxarkən
Bir yoldaşın ayrılıq,
Biri də ölüm olsun hər zaman
onlara
güvən.
Güvən,
rahatlıqla get,
Getdiyin
yolu!
Bu
misraları yazan
ölümü şəb-ərus (toy gecəsi)
sayan C.Rumi ruhlu bir şairdi. “Toy- bayramdı bu
dünyanın əzabı, əqli olan ona gətirər
tabı” deyən Molla Pənah Vaqifin varisiydi.
“Arif ölüb, dedilər, ölümə qurban olum!”
deyən Hüseyn Arifin qan qardaşıydı. Hamının Vaqifiydi,
vaqifiydi hamının!
Təkcə öz yerinə ölmədi.
Çox sevdiyi Nüşabənin yerinə də
öldü.
Zarafatları və şirin söhbətləri
üçün ölüm də darıxdı.
Yaddaşımızın
bir küncündən köhnəlmiş bir ritualın öləzimiş
səsi gəlir:
“Vaqif Səmədoğlunun da qırxı
çıxır”.
Yox! Min
illərdi ki, beləcə təzədən ömrə
dönə-dönə Ölüm yavaş-yavaş yoxa
çıxır...
Barat VÜSAL
525-ci qəzet.- 2015.- 7 mart.- S 20