Eşitdiyim və gördüyüm Yaponiya... - Yol qeydləri

 

Fucikavaquci – “Dağın ətəyi, çayın qapısı...”

 

(Əvvəli ötən şənbə sayımızda)  

 

“Heç yox idi əvvəllər

Fucinin yanında bu dağlar!

Aydın payız axşamı”.

Kikaku

 

Yolumuz zirvələri qarla örtülü, okean səviyyəsindən, sudan 3776 metr hündürlükdə səma ilə qucaqlaşan Fuci dağının ətəklərinədir. Yaponlarda belə bir məsəl var: “Bu dağa ömründə bir dəfə qalxmayan axmaqdır, iki dəfə qalxan isə axmağın lap yekəsidir”. Ancaq bu məsəldən, hələ ki, bizə pay düşmür. Biz gündoğar ölkənin əsas rəmzi olan, yolu düşən turistlərin, elə macərapərəst yaponların özlərinin də səyahət etməyə can atdıqları Fuci dağının zirvəsinə yox, onun ətəklərində qərar tutan füsunkar gözəlliyi görəni valeh edən, “dağların ətəyindəki çayın qapısı” mənasını verən Fucikavaqucini ziyarət edəcək, bu turizm şəhərin inkişafını şərtləndirən turizm təcrübəsi ilə tanış olacağıq.

 

Şəhər iqtisadiyyatı əsasən turizm və kənd təsərrüfatından ibarətdir. Ərazisi 158.5 kv.m, əhalisi isə 26 min nəfərdir. Paytaxt Tokiodan 90 km. aralıda yerləşən şəhəri hər il 3 milyon turist ziyarət edir. Şəhərin daxil olduğu Yamanaşi prafekturasına gələnlərin sayı isə il ərzində 8 milyonu ötür. Tokiodakı qonaq qaldığımız “Okura” mehmanxanasından çıxdığımızdan bəri köməkçisi (bacısı) Komu Tasaki ilə birlikdə Toşi Hori adlı bir yapon gün ərzində bizi müşayiət etdi. Onlar qonaqpərvərliklə “burada olduğunuz müddətdə biz sizinlə olacağıq – dedilər. Toşi Hori “Ekspo 2005” Azərbaycan pavliyonunun baş koordinatoru olub. Toşi Horinin bizi canıyananlıqla müşayiət etməsinin səbəbini də öyrəndik. Məlum oldu ki, o Tokioda Azərbaycan diasporunun yaradılmasına çalışır və təşkilati işlərdə ölkəmizin Yaponiyadakı səfirliyi ilə yaxından əməkdaşlıq edib köməklik göstərir. Cənab Toşi də, bacısı Komi xanım da olduqca səmimi və diqqətcil idilər. Gülərüz, yaşlı kişi biləndə ki, bizlərdən kimsə soyuqlayıb, boğazı ağrayır, bir anda aralanıb, tez bir zamanda hansısa əczaxanadan konfet sayağı ilaclar alıb gətirdi. Həm də bir neçə qutu. Mənim də boğazım ağrıyırdı, öskürürdüm. Bir-iki cüt konfetə bənzər, çox gözəl ətri və xoş tamı olan həblərdən ağzıma, dilimin üstünə qoyub əridərək qəbul edəndən sonra soyuqdəymədən də, öskürəkdən də əsər-əlamət qalmadı.

 

Şəhər Fuci dağının və Kavaquci gölünün adını daşıyır. Kavaquci sözünün yerli dildə anlamı “çayın qapısı” deməkdir. Ərazisi 158.5 kv.m, əhalisi 27 min nəfərdir. Şəhərdə Tibb Elmləri İnstitutu fəaliyyət göstərir. Fucikavaquciyə gedən yollar bir-birinə sanki zəncirvari bağlanıb və bu yollar bəzən qayaların sərt sıldırımlarının, gah da dağların sinəsini yarıb keçən tunellərin, gah da çəltik şitilləri əkilən (bizim də səfərimiz əkin dövrünə düşmüşdü) su ilə örtülü tarlaların arasından ötüb keçir. Elə bu yolda maşının pəncərəsindən təkərli traktorla sulu sahəyə çəltik şitillərinin əkini prosesini seyr etdim. Traktorun arxasındakı qoşqudan “dəmir əl” uzanıb qalxaraq yuxarıdakı qutudan şitilləri götürür, sonra da o şitilləri suyun altındakı torpağa bir-bir sancır və eyni aramla da qalxıb növbəti şitilləri götürürdü.

 

Ölkəmizin də cənub bölgəsində çəltik əkilir. Ancaq bildiyimə görə bizdə bu əkin prosesi hələ ki, əl ilə aparılır. İşçilər (bu işi əsasən qadınları görür) dizə qədər suyun içinə girib şitilləri əl ilə lilin altında torpağa sancırlar.

 

Yaponların əsas qidası düyüdür. Bizlər çörəyi nə qədər müqəddəs biliriksə, yaponlar da düyünü eləcə müqəddəs bilib az qala ona sitayiş edirlər.

 

Yeri gəlmişkən, düyü elə bizlərdə də müqəddəsdir. Ən əziz bayramlarımızda, əlamətdar tədbirlərimizdə süfrəmizin bəzəyi, şah xörəyi düyüdür. Əziz tutduğumuz qonaqlarımızı da düyüdən hazırlanmış xörəklərlə ağırlayırıq. Bizdə düyünün müqəddəsliyi ilə bağlı bir rəvayət də var və irəlidə ondan danışacam.

 

Ölkə düyüyə olan tələbatını özü ödəyir. Yaponların əsas içkisi olan “Sake” şərabı da düyüdən hazırlanır. Fuci Kavaqucidə hazırlanmasının qədim və qeyri-adi ənənəsi olan sakenin istehsalı ilə məşğul olan müəssisə ilə də tanış olduq.

 

Yollar, uzanan yollar və biz də, hələ ki, yoldayıq. Keçib getdiyimiz bu yolda hələ qələbəlik yoxdur. Maşınımız rəvan gedir. Ümumiyyətlə, Yaponiyada yollarda nəinki tıxac, orada heç belə bir anlayış da yoxdur. Bunun bir səbəbi də yəqin ki, uzun illərdən bəri yol infrastrukturunun yüksək texnologiyalar əsasında yaradılmasına göstərilən diqqətdir. Digər amil ölkədəki çoxmərtəbəli yolların ödənişli olmasıdır. Sürətə də ciddi nəzarət vardır.

 

Getdiyimiz bugünkü yolçuluqda sürət saatda 100 km-dir (yəqin ki, bu yol üçün).  Qeyd etdiyim kimi, Yaponiya paytaxtının yolları sanki hörümçək torudur. Bu yollar elə bil həlqələri ilə bir-birinə pərçim edilərək tarım çəkilib havadan asılmış zəncirdir. Yaponiyada bütün avtomobil yolları pulludur. Pullu yollar əsasən ikinci və üçüncü mərhələlərdə magistraldır. Minik maşınına hər 100 km üçün ödəniş 3 dollardır.

 

Düşünürəm ki, bu nəhəng şəhərə nə qədər bələd olursa olsun, heç bir mahir sürücü də orada elektron xəritə olmadan keçinə bilməz. Peşə vərdişinə uyğun ünvan tanımaqda, yollara bələdliklə çox pərgar olan taksi sürücülərinin də maşına oturan sərnişinə ilk sualı gedəcəyi ünvanı xəbər almaq olur. Gərək getdiyin ünvanı dürüst biləsən və dəqiq də nişan verəsən. Sürücü də ünvanı alan kimi şəhərin yollarını əks etdirən elektron xəritəni şəbəkəyə qoşub gedəcəyi yerin düyməsini sıxır. Belə elektron xəritənin vasitəsi ilə bu yad şəhərdə, vallah, elə mən özüm də rahatca maşını sürərəm...

 

Eşitmişdim, özüm də müşahidə etdim, bu ölkədə hər yerdə, ən qələbəlik küçənin, maşınların sıx və sürətlə hərəkət edən hissəsində belə əl edib taksi saxlatdıraraq minmək mümkündür. Xüsusi işarəsi olan dayanacaq-filan axtarmağa, növbə gözləməyə də ehtiyac yoxdur. Bu halın özü də yəqin ki, maşın sıxlığının aradan qaldırılmasına kömək edir.

 

Onu da deyim ki, paytaxt Tokioda, eləcə də ölkənin olduğumuz digər şəhərlərində də elektrik daşıyıcı xətlər havadan asılı haldadır. Çox sıx asılan (bəzən bir dirəkdə 20-30 məftil), piyada, maşın yolları ilə paralel, küçə və meydanların üstündən uzanıb keçən bu mənzərə isə əlbəttə, bu füsunkar şəhərlərin gözəl görünüşünə, yüksək səliqə-sahmanına uyğun gəlmir, yaraşmır.

 

Yaponlar bu elektrik təsərrüfatını yəqin ki, tez-tez baş verən zəlzələlərə görə, əhalinin təhlükəsizliyi baxımından yerin altıyla çəkib aparmır, havaya qaldırıb dirəklərdən asırlar. Yoxsa çəltiyi robot barmaqlıqlarla suda əkməyin texnologiyasını yaradıb tətbiq edən bir ölkə üçün məftilləri yerin altından keçirtmək, məncə, çox sadə bir iş olardı.

 

Fucikavaquci şəhəri Yamanaşi profekturasına aiddir. Bu profekturanın isə bizim Quba rayonu ilə qarşılıqlı iqtisadi əlaqələri olub. 2007-2008-ci illərdə profekturanın Oisca təşkilatı, Fucidəki şirkətlərin vasitəsi ilə meyvə tingləri apararaq Quba rayonunda əkiblər.

 

Fucikavaquciyə qədər yol boyu sərnişinlərin əylənib yorğunluqlarını çıxarmaq üçün nəzərdə tutulmuş hər cür istirahət, məişət, ticarət xidməti şəraiti olan düşərgədə gedən baş da, qayıdanda da, əylənib arxayın bir dağ havası aldıq. Kimimiz qəhvə, kimimiz də çay içdik. Suvenirlər satılan köşkə də baş çəkdik. Səliqə ilə düzülmüş mallara diqqətlə baxdığımı görən Rafiq müəllim (Masallı) mənə “hə-yox” deməyə imkan verməyib qabaqladı, çox əntiq görüntüsü olan, əsl samuray təsviri ilə diqqəti cəlb edən mahuddan toxunmuş milli geyimli, sanki canlı kimi görünən bir heykəlciyə əl atıb götürərək mənə tərəf uzadıb: – Götür, nəvənçün apararsan, – deyə hədiyyə etdi.

 

Fucikavaqucidə növbəti görüşümüz şəhər meriyasında oldu. Nurlu zahiri görkəmi, xoş, gülərüzü ilə elə ilk baxışdan həmsöhbətində özünə rəğbət oyadan yaşlı merlə görüşümüz həqiqətən yadda qalan oldu. Mer rəhbərlik etdiyi şəhər, Fuci dağı haqqında ətraflı məlumat verdikdən sonra zirvəsini buludlar tutduğundan görə bilmədiyimiz Fuci dağına işarə ilə bəlkə də zarafat edirmiş kimi dedi ki, uzaq ellərdən yad qonaqlar gəldiyini duyduğundandır ki, bizim dağ buludlardan çöhrəsinə yaşmaq tutub... Bu səbəbdən də siz onu görə bilməyəcəksiz. Ancaq yəqin ki, özünüzlə buradan şəkillər, bukletlər aparacaqsınız ki, burada hər şeydə Fucinin təsviri var.

 

...Yadıma bir zamanlar yurda dayaq, gələn yağıdan elə haray çəkib igidlərinə soraq verən Çıraqqala düşdü. Burası da var ki, yurdun ən etibarlı müdafiə qalaları sonralar özləri də heykəlləşən övladları olub.

 

Yenilməzlik rəmzi, qüdrət simvolu, namus, qeyrət nümunəsidir qalalarımız! Hər ilin may ayında olduğu kimi, ötən il də Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yolumuz yenə Çıraqqalaya düşmüşdü. Elin yüzlərlə kişisi, yurdsevər xanım-xatın qadınları, ismətli qız-gəlinləri, ərənlik iddialı comərd oğulları dəstə-dəstə, sıra ilə, cərgə ilə qalaya doğru yoldaydı. Yeniyetmələr, gənclər nəfəslərini, ürəklərinin hərarətini saf dağ havasına qatıb onunla öpüşə-öpüşə, vücudlarını gah irəliyə, gah geriyə yelləyə-yelləyə, əyilə-əyilə, sağa-sola ləngər vura-vura, dabanları, dizləriylə, qaya parçası, kələ-kötür daşlarla pəncələşə-pəncələşə qalaya doğru addımlayırdı. Oylaqlarına üz tutan insan selinin sədasından duyuq düşən qartallar zirvədə qanad çalıb süzən o səsə, sədaya qıyhaqıyları ilə cavab verib sanki salamlaşır, “xoş gəldin” edirdi. Axır ki, beləcə, insan seli qalanın zirvəsindəki belinə, üstündəki meydana qalxıb bir yerdə qərar tutdu. Burdan Babadağ səmtə, Şahdağ tərəfə uzanıb gedən Gilgilçay səddi ilə qol-boyun, könül qubarını ovunduran zümrüd meşələrin füsunkar gözəlliyinin ovsununa düşürsən. Şabran düzünü, Ağzıbir ovalığını qucağında tutan mavi Xəzərlə gözdolusu baxışırsan... Yox! Burdan, qartalların qanad saldığı bu meydandan baxanda dəniz özü də sanki Çıraqqalanın köksünə sığınmış kimidir. Əl uzat, suyunu ovucla, götür səp, çilə yol gəlib yüksəklikdə ruhu çırpınan odlu-alovlu, vətən, torpaq məhəbbətli sevən ürəklərin üstünə.

 

Birdən bir topa duman hardansa peyda olub qalanın quzey tərəfindən yayılmağa başladı. Əlçim buludlar əsrlərin yadigarı, əzəmətli Çıraqqalanı sanki bəd nəzərlərdən, yad gözlərdən qorumaq üçün ətrafına tüldən pərdə çəkirdi. Yox! Deyəsən, o əlçim buludlar əziz, ağayana qonaqlarının qabağında ismət təcəssümü olan bir gəlin kimi qalanın başına kəlağayıdan duvaq örtüb, yaşmaq tuturdu...

 

Yaponiyanın 13 tarixi abidəsi YUNESKO-nun mədəni irsin qorunması siyahısına daxil edilib.

 

Bunlardan biri Heroşimadakı sülh abidəsidir. Fuci dağı da 2013-cü ildən həmin siyahıya daxil edilmişdir. Dağın zirvəsində sintosit məbəd yerləşir. Hündürlüyü 3776 metr olan Fuci Yaponiyanın həm də ən yüksək dağı və ölkənin əsas rəmzidir.

 

Yaponlar qədim zamanlardan Fuci dağına müqəddəs dağ kimi sitayiş edirlər. Sonuncu dəfə 1707-1708-ci illərdə Fuci dağında vulkan püskürmüşdür. Dağın ətrafında, ətəklərində göllər, meşəliklər vardır. Kavaquçi gölündən dağa qeyri-adi bir mənzərə açılır. Fucinin zirvəsi ilin çox hissəsində qarla örtülü olur. Belə deyirlər ki, dünyada hər nə varsa, oxşarı da olur, necə deyərlər, ikilidir. Qəribədir, Fucidə zirvəyə qalxmaq üçün turistlər gündüz saat 3-də yola düşür, gecə saat 3-də son dayanacağa yetişirlər. Əlbəttə, o zirvəyə gücü yetənlər qədəm basa bilir. Eyniylə bizim başıçalmalı müqəddəs Babadağın zirvəsini fəth etmək arzusunda olan həmyerlilərimiz kimi.

 

Fuci dağı Yaponiyanın paytaxtı Tokiodan 100 km məsafədədir.. Babadağ da Azərbaycanın paytaxtı Bakı şəhərindən o qədər də uzaq deyil, elə bir az artıq olar.

 

Zirvəsinin hündürlüyü 3650 metrə çatan Babadağla bağlı dildə-ağızda müxtəlif əfsanə və rəvayətlər gəzir.

 

Bu rəvayətlərin birinə görə baba çox mömin bəndə imiş. Və bir gün evlərində aş bişən vaxt bilmədən düyünü tapdalayır, günaha batdığını zənn edib evdən baş götürüb dağa qalxır. O vaxtdan bəri də dağın zirvəsində məskunlaşır. Bu dağ ocaq kimi ziyarət yerinə çevrilir... İndi insanlar hər il avqust ayının əvvəllərində yay-qış həmişə zirvəsi qarla örtülü olan bu müqəddəs dağa qalxıb babanı ziyarət edirlər. Zəvvarlar bu dağa adətən, ay işığında, avqust ayının qorabişirən istisi səngiyən vaxtlarda qalxır, gecələr yol gedirlər. Dağın dibi uçurum dərə olduğundan zəvvarlar bu mənzərəni qaranlıqda görüb qorxmamaq üçün cığırla az qala addım-addım irəliləyirlər. Nə qədər dəqiq oxşarlıq var...

 

Meriyada söhbət zamanı bizə:

 

– Sizin səfərinizlə əlaqədar aprel ayından hazırlıq işləri görmüşük. Bizdə olan məlumata görə sizi daha çox kənd təsərrüfatı və turizm sahəsi maraqlandırır, – dedilər. – Buna görə də hər iki məsələ ilə bağlı məlumatlandırılacaqsınız. Bu zalda görüşümüz təqribən 1 saat çəkəcək. Yapon şərabı saxlanan zirzəmiyə baxış da keçirəcək, daha sonra da istirahət yerinə yollanacaqsınız.

 

Söz şəhərin merinə verildi. Mer qonaqları salamlayaraq qeyd etdi ki, Azərbaycanın müxtəlif bölgələrindən gələn icra başçıları və paytaxt Bakının rəhbər işçiləri ilə görüşdə iştirak etdiyindən bir qədər həyəcanlıdır. Onların da şəhərində çox inkişaf etmiş sahə əsasən turizmdir. Və bu baxımdan burada turizm siyasəti inkişaf edib. Təqribən 1 il əvvəl – 24 iyun 2013-cü ildə şəhər YUNESKO-nun mədəni maddi irs siyahısına daxil edilib. O gündən şəhərə daha çox turist gəlir. Şəhərin çox gözəl təbiəti var. İndiki nəslin əsas vəzifələrindən biri bu gözəllikləri, ətraf mühiti qorumaq və olduğu kimi gələcək nəslə ötürməkdir. Sonra meriyanın turizm və kənd təsərrüfatı şöbələrinin müdirləri başçılıq etdikləri sahələr haqqında ətraflı danışdılar.

 

Görüşün sonunda nümayəndə heyətimizin rəhbəri Hüseyn Mövsümov çıxış etdi, qonaqpərvərliyə görə təşəkkür edib belə bir fikri xüsusi vurğuladı:

 

– Cənab mer, çıxışınızın əvvəlində qeyd etdiniz ki, hazırda bir az həyəcanlısınız. Deyim ki, qonaqpərvər insanlar qonaq qəbul edərkən həmişə həyəcanlı olurlar. Bu, özlüyündə çox böyük insani keyfiyyətdir. Belə bir bu xoş həyəcanı sizləri öz ölkəmizdə qəbul edərkən, əlbəttə, biz də də keçirəcəyik. Səfərimizin məqsədi məlumdur. İki ölkə arasında mövcud olan sıx dostluq əlaqələrini daha da möhkəmləndirmək! Hüseyn Mövsümov həm də ölkəmizin öz dövlət müstəqilliyinin bərpasından ötən 23 illik qısa bir zaman kəsiyində əldə etdiyi nailiyyətlərdən söz açdı. Görüşün sonunda Fucikavaquci şəhəri ilə əlaqələr yaratmaqda maraqlı olan Qəbələ, Masallı, Qusar, Şabran, Yardımlı və Ağcabədi rayonlarının icra hakimiyyəti başçıları da rəhbərlik etdikləri bölgələrin ictimai-mədəni həyatı, iqtisadi inkişaf göstəriciləri haqqında məlumat verərək qarşı tərəfə gələcək əməkdaşlıqla bağlı niyyət protokolları təqdim etdilər.

 

Mer bildirdi ki, şəhərin ərazisi 158 kv. metrdir. İl ərzində buraya 3 milyon turist gəlir. Onların 150 mini xarici ölkələrdəndir. Öz gözəl təbiəti, dağları və meşələri ilə bu yerlər məşhurdur. Buralarda həmçinin 4 göl də var. Dağın ətəyində yayla da yerləşir. Şəhər dağlarla əhatə olunduğundan qışda soyuq, yayda isə sərin olur. İlin hər fəslində burada təbiət çox gözəl olur.

 

Sonra mer 1990-cı ildən həyata keçirilən şəhərin turizm siyasəti barədə məlumat verdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində turizm obyektləri kimi əsasən dağ və ətəyindəki göllərdən istifadə olunurdu ki, bu səbəbdən də gələn turistlər şəhərdə çox qalmırdılar. İnsanlar buraya yalnız yaz və yay aylarında gəlirdilər. Bu zaman belə qərara gəlindi: elə tədbirlər həyata keçirmək lazımdır ki, turistlərin axını il boyu kəsilməsin. Turistlərin hətta yağışlar mövsümündə (bu, iyun ayında olur) şəhərdən zövq almaları üçün burada otel, muzey və kinoteatr tikildi. Bundan sonra da Fuciyə daha çox turist gəlməyə başladı.

 

Fucikavaqucidə turistlər bu yerlərin zinəti olan qaynayan mineral, termal sulardan da müalicə məqsədi üçün istifadə edirlər. Qonaqpərvər ev sahibləri bizi belə şəfa ocaqlarından birinə baxmağa dəvət etdilər. Elə müalicə mərkəzinin kandarına ayaq qoyan kimi Şabrandakı Dəhnə, Masallıdakı indi hər cür şəraiti olan, artıq turizm məskəni kimi şöhrətlənən İstisuyun, ərazisi dövlət qoruğu olan, dəniz səviyyəsindən 1260 metr hündürlükdə, zümrüd meşələrin qoynunda qədim Çıraqqalanın sinəsindən qaynayan şəfalı Qalaaltı suyunun tanış qoxusunu hiss etdim. Hovuzlara qədər gedərək baxdıq. Sıra ilə yer səthində dərinliyə doğru tikilmiş büllur daş hovuzlardan buxarlanan termal sular elə o hovuzlarda çimən insanların üstündən aşıb bir ansız çayın seli kimi sanki məcrasına sığmayıb səs sala-sala arxlara dolur. Bu yerdə yenə yadıma qədim Şabran, möcüzəli Dəhnə İstisuyu düşdü.

 

Dünya şöhrətli Masesta və Taligi sularından geri qalmayan, suyunun hərarəti 40-45 dərəcəyə çatan Dəhnə İstisuyu beyin-damar, yel, oynaq xəstəliklərinə tutulanları qısa bir müddətdə öz şəfa möcüzəsi ilə sağlamlıqlarına qovuşdurur. Bu termal kükürdlü suyun insanların sağlamlığı ilə bağlı möcüzələri haqqında sorağı uzaq keçmişdən gələn bir çox rəvayət vardır.

 

...XVI əsrdə üzü şimala yürüş edib gavurlarla döyüşdən qayıdan Şah Abbas bu yerlərdə, Meydangah düzündə qoşunu ilə dayanıb düşərgə saldırır. Uzun yolun yorğunluğundan yorulub əziyyət çəkən əsgərlərin arasında qəribə bir xəstəlik yayılır. Şaha xəbər verirlər ki, bəs yaxınlıqda yerdən qaynar bir su çıxır və deyilənə görə, şəfalıdır. Qoşun o suda çimmək əmrini alır. Bir neçə gündən sonra bu suyun şəfası ilə əsgərlərin mərəzi də ötüb keçir, qoşun sağlamlığına qovuşub ayağa qalxaraq yoluna davam edir. Şah Abbas hökm edir ki, əsgərləri xilas edən bu möcüzəli suyun üstündə hovuz tikilsin. Bax, o zaman, XVI əsrdə çox çətin, atkeçməz bir ərazidə iki nəhəng qaya ilə haçalanıb ayrılan dərin dərənin dibində, Dübrar dağından baş alıb gələn Gilgilçayın sağ və sol sahilində, yonulmuş daşdan iki hovuz tikilir. Dəhnə İstisuyunda daşdan yonulan su hovuzları yaradılır.

 

Və maraqlıdır ki, bu hovuzlar indi də şəfa üçün Dəhnə İstisuyuna (bəzən adına Xaltan İstisuyu da deyirlər) gələnlərin istifadəsindədir. Burasını da deyim ki, hər il payız ağzı indi özü də bir tarixi abidə olan bu hovuzları təkrar görmək üçün bir neçə dostumla uzaq, çətin yolu dəf edib o müqəddəs yerləri ziyarət edir, bir cam su da içirəm. Qəti şübhəm yoxdur ki, bu möcüzəli məkan da, möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı sayəsində bu ildən fəaliyyətə başlayacaq bizim Şabranın Qalaaltı turizm, istirahət və müalicə müəssisəsi kimi yaxın zamanlarda abadlaşdırılacaq, yenidən qurulub tikilərək soydaşlarımızın, günü-gündən çiçəklənən ölkəmizə üz tutan turistlərin çox sevdiyi bir məkana çevriləcəkdir...

 

Bu bölgədə kənd təsərrüfatının əsas sahələri gülçülük və bağçılıqdır. Burada böyük həcmdə olmasa da, düyü də istehsal olunur. Ümumilikdə, qarğıdalı, pomidor, xiyar, kələm də yetişdirilir. 102 hektar sahədə əkin əkilir. İldə 2000 ton tərəvəz ixrac edilir. 8 hektar sahədə isə meyvə yetişdirilir və bazarlara çıxarılır. İndi şaftalının yeni növlərini yetişdirmək qarşıya məqsəd qoyulub. 7 min baş iribuynuzlu heyvan saxlanılır. İstehsal olunmuş süddən əsasən məktəblərdəki şagirdlərin naharında istifadə olunur. Turistlər üçün yetişdirilən gilasdan cem hazırlanır. Şəhərdə həmçinin tətbiqi sənət də inkişaf edib, parça istehsalı ilə məşğul olurlar.

 

Görüşdə mən də rayonumuz haqqında məlumat verdim. Şabranın qədim yaşayış məskəni olduğunu bildirdim. Rayonumuzda 2 tarixi abidələr kompleksinin, təbiət qoruğunun olduğunu nəzərə çatdırdım. Rayonun ərazisindəki, yaranma tarixi III-V əsrlərə aid edilən mühəndis texniki qurğunun – Gilgilçay səddinin nadir bir tarixi abidə olduğunu, uzunluğuna görə məşhur Çin səddindən sonra dünyada ikinci olduğunu qeyd etdim.

 

Şabranda çox əhəmiyyətli turizm istirahət və müalicə mərkəzi mövcuddur, rayonda quşçuluq sənayesi inkişaf edir. İldə 22 min ton quş əti istehsal edən bir neçə quşçuluq müəssisəsi var.

 

Masallının icra başçısı Rafiq Hüseynov isə rəhbərlik etdiyi rayonun turizm imkanlarından, buradakı qaynar su ehtiyatlarının bolluğundan danışdı, “ev sahibləri”nə hədiyyələr təqdim etdi...

 

Yaponiyanın bu bölgəsində kənd təsərrüfatı da yaxşı inkişaf edib. Nəzərdə tutulmuş proqram üzrə bu ölkənin əsas spirtli içkisi sayılan sakenin istehsalı ilə məşğul olan müəssisədə də olduq. Altı yüz ildən bəri ulu babalarının məşğul olduğu sakenin istehsalı ilə elə ilk, əvvəlki qədim ünvanında, keçmişdən qalma ilkin istehsal alətləri ilə mühafizə olunmaqla yeni texnologiyalarla şərab istehsal edən bu soyun, Allah bilir, neçənci nümayəndəsinin sahib olduğu müəssisənin iş şəraiti, şərabın saxlanma vəziyyəti ilə tanış olduq.

 

Hər bir ölkənin öz milli içkisi var. Sake də Yaponiyanın milli içkisi sayılır. Fransa şərabı, Almaniya pivəsi ilə məşhur olduğu kimi Yaponiya da öz Sakesi ilə şöhrətlidir. Sakenin istehsalına 2000 il bundan əvvəl başlanılb. O zamanlar sake yalnız məbədlərdə hazırlanıb. Sake istehsalına ilk əvvəl çox qəribə formada başlanılıb. Yapon qızları təmizlənmiş düyünü ağızlarında çeynəyir, sonra çeynənmiş düyünü xüsusi ayrılmış qablara boşaldırdılar. Ağız suyundakı fermentlər, bakteriyalar düyüyə təsirini göstərir, beləliklə də sake əmələ gəlirdi. Sake istehsalı ilə şərab istehsalı arasında müəyyən oxşarlıq olduğu kimi fərqlər də var. Sake isti və soyuq hallarda içilə bilər.

 

Sake-16-19 dərəcəlik tündlükdə düyüdən hazırlanmış yapon şərabıdır. Maraqlı burasıdır ki, sake çox qədimdən, təqribən ölkədə çəltik yetişdirilməyə başlanan vaxtlar içilib. Hər bölgədə sake özünəməxsus qaydada hazırlanır, bu səbəbdən də təkrarolunmaz dadı var. Əfsanəyə görə, bol məhsul almaq məqsədilə sake tanrılar üçün hazırlanıb. Bu içki sayəsində tanrılar onların səsini eşidir, yaponlar da bol məhsul toplayırlar.

 

Uzun müddət sake imperatorun həyətində və məbədlərdə istehsal edilib, yalnız orta əsrlərdə kənd icmaları da sake hazırlamaq hüququna yiyələniblər. Orta əsrlərdə kənd icmaları sake bişiriblər. O zamanlar hazırlanma texnologiyası müasir dövrdəkindən fərqlənib. Düyü ağızda çeynənib sonra xüsusi qablara boşaldılıb, orada qıcqırma hadisəsi baş verib. Sonradan qıcqırma prosesində tüpürcək əvəzində “kodzi” adlı kif göbələyindən istifadə olunub. XVII əsrdə satış məqsədilə sakenin böyük həcmdə istehsalına başlanıb.

 

Sake kütlə arasında yayılmayıb. Əvvəllər sake içmək hüququ yalnız adlı-sanlı ailələrin üzvlərinə verilmiş, sonralar bu hüququ budda rahibləri də əldə etmişdilər. Çox illər sonra sadə kəndlilərin özləri də sake hazırlayıb içməyə başlayıblar. Uzun zaman keçsə də sakenin hazırlanma qaydası dəyişilməyib. Min illər boyu ən yaxşı ustaların istifadə etdikləri sirlər daha da təkmilləşərək istehsalda tətbiq olunur.

 

Yaponlar fəxr etdikləri içkiyə qonaqlarını böyük sevinc və həvəslə qonaq edirlər. Ənənəyə əsasən, sake yaponca “tokkuri” adlanan keramik qrafindən bir neçə udumluq kiçik fincanlara süzülür. Yaponlar qonağın əlində tutduğu fincanının vəziyyətini diqqətlə izləyir, boşalan fincana sake süzməyi özlərinə borc bilirlər, bu addımı qonaqdan da gözləyirlər. Boşalandan sonra öz fincanına sake süzmək böyük səhv sayılır.

 

Müəyyən temperaturda içilməli olan bir çox içkilərdən fərqli olaraq, sakeni həm isidilmiş, həm də soyuq halda içmək mümkündür. Bundan başqa sakedən Yaponiyanın müxtəlif xörəklərinin hazırlanmasında da istifadə olunur.

 

Yaponların nəzərində sake təkcə adi içki yox, həm də bir çox ənənələrin və mədəniyyətin rəmzidir. Onlardan biri də yaponlarda bu içkisiz ötüşməyən toy mərasimidir. Məhəbbət əlaməti olaraq gənclər təkcə üzüklərini dəyişmir, həmçinin üç müxtəlif fincandan süzülmüş sakedən üç qurtum içirlər. Bu da cütlüyün nikahın bağlanmasına razılığı kimi dəyərləndirilir.

 

Sakedən üzüm, alma və banan ətri də gələ bilər. Onun ən yaxşı növlərində isə yetişmiş pendir, soya sousu və təzə göbələk tamına rast gəlinir. Sakenin rəngi şəffafdan sarımtıl kəhraba və sarımtıl yaşıla qədər dəyişir.

 

Bu yığcam, ancaq bizim deyimimizcə, qonaq-qaralı şəhərdə yapon mətbəxinin ən ləziz təamlarından Suşinin  dadına baxdıq, sakedən elə onun istehsal olunduğu müəssisənin özündə daddıq. Yaponlarda incə-incə, nazik doğranmış çiy at ətindən hazırlanmış yeməyə “Basashi” deyilir.

 

Yüksək inkişafına baxmayaraq, dünyada ən çox intihar edən millət yaponlardır. Bu bəlkə də onların daha çox öz qayğılarını, dərdlərini kimsə ilə bölüşməmək xasiyyətlərindən də irəli gəlir. Yaponlarda ən yaxşı adətlərdən biri də görüşərkən bir-biri ilə qucaqlaşma və öpüşmə olmamasıdır. Rastlaşanda sadəcə olaraq əyilir, təzim edib başlarını endirməklə salamlaşırlar.

 

Səfər çərçivəsində regiondakı bəzi turizm və kənd təsərrüfatı obyektləri ilə də tanış olduq. Şəhərlə ilk tanışlığımız Kavaquci gölündən azca aralı nağılvari bir aurası olan, baxdıqca insanı öz hüsnünə valeh edən, ətri iliyəcən işləyən Oroguro Yakata turizm mərkəzindən başlamışdı. Bu mərkəzin elə də böyük olmayan ərazisində kiçik və böyük meydançalar da var, oxuyan hovuzlar da, kiçik körpülərlə birləşən bağça ilə əhatə olunmuş balaca məbədlər də. Bu turizm məkanında hər şey o qədər təbii və rəngarəngdir ki, gördüklərinin sehrinə düşməyə bilmirsən. Bağçanı gəzib dolaşaraq seyr edən ziyarətçilər Buddizmin elementləri ilə bəzədilmiş yığcam konsert salonunda XVI əsrdə Avropadan bu ölkəyə bir kahin tərəfindən gətirilmiş, indi səs elementləri açıq şəkildə salonun baş tərəfində, asılı vəziyyətdə quraşdırılmış, hardasa 100 kvadratmetr yer tutan, robotlaşdırılmış orqanda həzin yapon musiqisini də dinləyirlər. Biz də o salonda orqanın ifa etdiyi həzin bir musiqiyə qulaq asdıq.

 

Burasını da deyim ki, elə bu musiqiyə qulaq asandan sonra Hüseyn Mövsümovun təəssüratını maraqlı bir müqayisə ilə bildirməsi çox ibrətamiz idi. O, qədim Qobustan qayalarındakı Qavaldaşdan elə maraqlı faktlar danışdı ki, açığını deyim, yaponlardan çox, mən özüm heyrətləndim.

 

Fucikavaquci ilə bağlı deyiləsi, danışılası məqamlar, təsvir ediləsi yerlər çoxdur. Hər biri də tarixin, mədəniyyətin bir sahəsi, insan təfəkkürünün bəhrəsi və görənlərin zövq səfa mənbəyi, gözəlliyə qiymət, yaradıcılığa, qədirbilənliyə məhəbbət, ehtiram dolu ünvandır. Bu ünvanlardan biri də bu yığcam, qonaqlı-qaralı şəhərdəki İtçiku Kubota incəsənət muzeyidir.

 

(Ardı var)

Novruz Nəcəfoğlu

525-ci qəzet.- 2015.- 7 mart.- S 18-19;31.