Qorqudşünaslıq elminin genişlənən imkanları

 

“Dədə Qorqud” dastanlarının tapılması – 200

 

 

 

Dünya dastan yaradıcılığında böyük yeri olan “Kitabi-Dədə Qorqud” dastanlarının taleyində, yayılmasında və cəmiyyətə çatdırılmasında bir neçə böyük hadisə xüsusilə qeyd edilməlidir. Bu hadisələri aşağıdakı kimi konkretləşdirmək olar:

 

* VII  əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının tam formalaşdığı dövr.

 

* XVI əsr – “Kitabi-Dədə Qorqud” dastanlarının sonralar Drezden nüsxəsi kimi qəbul edilmiş 12 boyu yazıya alınmışdır;

 

* 1815-ci il – alman şərqşünası Fridrix Fon Ditsin “Kitabi-Dədə Qorqud” dastanlarını Almaniyadakı Drezden Kral kitabxanalarından üzə çıxarıb dünya elminə bəyan etdiyi tarix;

 

* 1916 – Kilisli müəllim Rüfətin “Kitabi-Dədə Qorqud” dastanlarını Türkiyədə nəşr etdirməsi;

 

* 1939-cu il – Görkəmli Azərbaycan alimi Həmid Araslının “Kitabi-Dədə Qorqud” dastanlarını Bakıda çap etdirməsi;

 

* 1950-ci il – Görkəmli şərqşünas alim Vasili Bartoldun ruscaya tərcümə etdiyi “Kitabi-Dədə Qorqud” dastanının Bakıda H.Araslı və M.Təhmasib tərəfindən nəşr edilməsi;

 

* 1951-ci il – Azərbaycan Kommunist Partiyasının XVIII qurultayında “Kitabi-Dədə Qorqud” dastanlarının nəşrinə, tədqiqinə və təbliğinə qadağaların qoyulması;

 

* 1952-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının italyan alimi Etorre Rossi tərəfindən 6 boydan ibarət Vatikan nüsxəsinin tapılması;

 

* 1957-ci il – “Kommunist” qəzetində tanınmış Azərbaycan alimləri Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif Dadaşzadə və Məmmədhüseyn Təhmasibin “Kitabi-Dədə Qorqud dastanları” adlı bəraət məqaləsinin çap olunması (17, 26 mart)

 

* 1975-ci il – Xalq yazıçısı Anarın ssenarisi üzrə “Kitabi-Dədə Qorqud” dastanları  əsasında “Dədə Qorqud” bədii filminin çəkilməsi;

 

* 20 aprel 1997-ci il – Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında” Fərmanı;

 

* 1998-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi ilə əlaqədar YUNESKO-da Beynəlxalq Simpoziumun keçirilməsi və konsertin təşkili;

 

* 2000-ci il – “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi münasibəti ilə türkdilli ölkələrin dövlət başçılarının və YUNESKO-nun Baş katibinin iştirakı ilə Bakıda Zirvə tədbiri;

 

* 13 dekabr 2013-cü il – Bakıda Dədə Qorqud abidəsinin və Dədə Qorqud parkının rəsmi açılışı;

 

* 28 dekabr 2013-cü il – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud” dastanlarının motivləri əsasında çoxseriyalı bədii filmin çəkilməsi haqqında Sərəncamı;

 

* 20 fevral 2015-ci il – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamı.

 

“Kitabi-Dədə Qorqud” dastanları ilə əlaqədar olan bu tarixlərdən hər biri təkcə qorqudşünaslıq elmi üçün yox, bütövlükdə geniş mənada elm və ədəbiyyatın, habelə cəmiyyətin inkişafı baxımından mühüm hadisələrdir. “Kitabi-Dədə Qorqud” dastanlarının alman şərqşünası Fridrix Fon Dits tərəfindən 200 il əvvəl tapılıb dünyaya bəyan edilməsindən sonra bu möhtəşəm şifahi xalq ədəbiyyatı abidəsi haqqında Şərqdə və Qərbdə yüzlərlə kitablar nəşr edilmişdir. Fikrimizcə, “Dədə Qorqud” aşkar edilib bəyan olunmasaydı, dünya epos-dastan mühitində böyük boşluq meydana çıxardı. Dünyada “Dədə Qorqud” dastanlarının yerini doldura biləcək bu səviyyədə başqa bir epos təsəvvür etmək çətindir.

 

“Kitabi-Dədə Qorqud” dastanlarının Azərbaycanla yanaşı Avropada və Türkiyədə kitab halında nəşr edilməsi və haqqında tədqiqat əsərlərinin meydana çıxması mühüm əhəmiyyətə malik olan ədəbiyyat və mədəniyyət hadisəsi faktlarıdır. Bununla belə, “Kitabi-Dədə Qorqud” dastanlarının dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi, əks etdirdiyi vətənpərvərlik ideyalarının genişləndirilməsi Ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin xidmətidir. Xüsusən, “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqında 20 aprel 1997-ci ildə imzaladığı Fərmanın əsasında həyata keçirilmiş geniş miqyaslı tədbirlər sözün böyük mənasında “Dədə Qorqud” dastanlarının yenidən doğuluşu və əbədiyyət qazanması hadisəsinə çevrilmişdir. Mühüm tarixi əhəmiyyətə malik olan dövlət fərmanının işığında YUNESKO-nun iqamətgahında təşkil olunan beynəlxalq simpozium və konsert, Bakıda türk dövlətləri rəhbərlərinin iştirakı ilə gerçəkləşən Zirvə görüşü “Dədə Qorqud” dastanlarına yeni həyat bəxş etmişdir. Yubiley münasibətilə nəşr edilmiş iki cildlik “Dədə Qorqud” ensiklopediyası və digər elmi-bədii əsərlərlə Qorqudşünaslığın yeni epoxası başlanmışdır. “Dədə Qorqud” dastanının ilk dəfə olaraq Drezden nüsxəsinin faksimilesi ilə yanaşı, Vatikan nüsxəsinin də Bakıda nəşr edilib oxuculara çatdırılması Azərbaycan Qorqudşünaslığın tarixində nadir hadisələrdir. Eyni zamanda, Heydər Əliyev kimi böyük dövlət xadiminin “Kitabi-Dədə Qorqud” dastanları haqqında müəyyən etdiyi aşağıdakı istiqamət dastana münasibətin və   ana xəttinə çevrilmişdir:  “Kitabi – Dədə Qorqud” dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycandır, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir”.

 

Məhz 1300 illik yubileyi haqqında fərmandan sonra Dədə Qorqudun adının Azərbaycanda əbədiləşdirilməsi sahəsində ilkin addımlar atılmışdır. Dədə Qorqud heykəlinin 1999-cu ildə Naxçıvan şəhərindəki Təbriz meydanında ucaldılması bu böyük işin möhkəm bünövrəsinə çevrilmişdir. Xüsusən, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Naxçıvan şəhərindəki Dədə Qorqud abidəsini ziyarət etməsi geniş ictimaiyyətin və yaradıcı ziyalıların bu mövzuya marağını daha da qüvvətləndirmişdir. Aparılmış məqsədyönlü və ardıcıl siyasət “Dədə Qorqud” mövzusunu müstəqil dövlətçilik və vətənpərvərlik tərbiyəsinin əsas istiqamətlərindən biri mövqeyinə çıxarmışdır. Xüsusən, Azərbaycanda müstəqilliyin möhkəmləndirilməsi dövründə “Dədə Qorqud”un qəhrəmanlıq, vətənpərvərlik və birlik ideyalarının dövlət səviyyəsində diqqət mərkəzinə çəkilməsi son dərəcədə müdrik və uzaqgörən bir addımdır.

 

“Kitabi-Dədə Qorqud” dastanlarına xalqımızın milli-mənəvi özünüdərkinin və dövlət müstəqilliyinin mühüm hadisəsi kimi qiymətləndirilməsi siyasətini yaradıcılıqla inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dədə Qorqud anlayışında millilik və dövlətçilik ideyalarının vəhdətinin ifadə olunduğunu daim diqqət mərkəzinə çəkmişdir. Bu mənada Dədə Qorqud mövzusu müstəqillik dövrü Azərbaycan siyasətində milli-mənəvi özünüdərk proseslərinin genişləndirilməsində mühüm yer tutur. Dədə Qorqudun adının əbədiləşdirilməsinə dair ölkə miqyasında tədbirlərin həyata keçirilməsi həmin ardıcıl siyasətin real nəticələridir.  Bakı şəhərində 13 dekabr 2013-cü ildə Dədə Qorqud abidəsinin ucaldılması və Dədə Qorqud parkının salınması ilə Qorqud Atanın ölməz adı Azərbaycan paytaxtında rəsmi olaraq əbədiləşdirilmişdir. Heykəltəraş Göyüş Babayevin yaratdığı “Kitabi-Dədə Qorqud” abidəsində təkcə Oğuz elinin böyük və müdrik ağsaqqalı Dədə Qorqudun yox, bütövlükdə dastanın 12 boyunda təsvir edilmiş hadisələrin əsas motivləri orijinal şəkildə əks etdirilmişdir. Bu, Azərbaycanda dastan qəhrəmanına deyil, geniş mənada dastana ucaldılmış birinci heykəltarşlıq nümunəsidir. Kitab-abidənin də əhatə olunduğu Dədə Qorqud parkında həmin dövrün mühitinin ana xətləri canlandırılmışdır. Doğrudan da  Prezident İlham Əliyevin Dədə Qorqud kompleksinin açılışı mərasimində haqlı olaraq dediyi kimi “bu abidənin ucaldılması böyük hadisədir. “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının milli sərvətidir. Bu əsərdə Azərbaycan xalqının keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Əsərin qəhrəmanlarının adlarını Azərbaycanın çoxsaylı müxtəlif ərazilərində yaşayış məntəqələrində görmək olar. Bu əsərdə Azərbaycan toponimləri əks olunmuşdur... Bu dastan hər bir azərbaycanlı üçün əzizdir. Bu abidənin ucaldılması Azərbaycan xalqının bir daha öz tarixi keçmişinə, mədəniyyətinə olan münasibətinin təzahürüdür... Artıq Bakıda Dədə Qorqud parkı, Dədə Qorqud abidəsi vardır”.

 

Bu böyük mədəniyyət hadisəsindən dərhal sonra 28 dekabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında” imzaladığı  Sərəncamında da dastanın “azərbaycançılıq məfkurəsi baxımından müstəsna əhəmiyyəti” və “gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsiz rolu” xüsusi olaraq nəzərə çarpdırılmışdır.

 

Dövlət sərəncamında ifadə olunan aşağıdakı fikirlərdə “Kitabi-Dədə Qorqud” dastanlarının çox mühüm azərbaycançılıq hadisəsi olması öz əksini tapmışdır: “Azərbaycan xalqının əsrlər boyu yaratdığı zəngin mədəni-mənəvi sərvətlər xəzinəsində “Kitabi-Dədə Qorqud” özünəməxsus layiqli yer tutur. Qəhrəmanlıq keçmişimizi parlaq əks etdirən bu misilsiz və möhtəşəm sənət abidəsi milli varlığımızın müəyyənləşməsində mühüm rol oynamışdır. Əcdadlarımız barəsində yaradılmış ən böyük və məşhur oğuznamələrdən ibarət “Kitabi-Dədə Qorqud” Ana dilimizin tükənməz ifadə imkanlarını özündə yaşadır. Azərbaycanın tarixi coğrafiyasını bütün genişliyi ilə əhatə edən monomental epos xalqımıza məxsus qədim adət və ənənələrin, ulu babalarımızın dünyagörüşünün, mənəvi aləminin və yüksək bədii zövqünün öyrənilməsində qiymətli mənbədir”.

 

Ulu öndər Heydər Əliyev “Kitabi-Dədə Qorqud” dastanlarına həm   dünya eposu miqyasında, xüsusən də türk dünyasının zəngin şifahi xalq ədəbiyyatı səviyyəsində yüksək qiymət vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarına münasibətində də azərbaycançılıqla yanaşı, bu ədəbi abidənin “yüksək bəşəri idealların tərənnümçüsü kimi dünya xalqlarının mənəvi sərvətlər xəzinəsinə daxil olması” fikri və “bütün türk dünyasını daha sıx birləşdirməsi” ideyası xüsusi yer tutur. Prezident İlham Əliyev “Dədə Qorqud” dastanlarında “ortaq tarix və ortaq köklər” ideyasının da ifadə olunduğunu, buna görə də Dədə Qorqudla əlaqədar həmin istiqamətdə Azərbaycanda atılan addımların “bütün türk dünyasında gözəl əks-səda verəcəyini” diqqət mərkəzinə çəkmişdir. Dövlət başçımızın 2004-cü ildə Avropa Birliyi Təşkilatının yerləşdiyi Belçikanın paytaxtı Brüssel şəhərində ucaldılmış Dədə Qorqud abidəsinin meydana çıxmasına diqqət yetirməsi və həmin abidənin açılışında iştirak etməsi möhtəşəm eposa dünya mədəniyyəti miqyasında baxışın daha bir ifadəsi idi. Fikrimizcə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-ci il tarixli Sərəncamı da mahiyyət etibarilə bu böyük azərbaycançılıq abidəsinin dünya mədəniyyəti hadisəsi səviyyəsində dəyərləndirilməsi istiqamətinin daha da dərinləşməsinə  uğurla xidmət edən ardıcıl dövlət siyasətinin məntiqi davamıdır.  Bu Sərəncamdan irəli gələn məsələlərin həlli artıq dünya elmi fikrinin faktına çevrilmiş qorqudşünaslıq elminin beynəlxalq miqyasda inkişaf etdirilməsinə yeni imkanlar açacaqdır. Bundan başqa, “Kitabi-Dədə Qorqud” dastanlarını ilk dəfə dünya ictimaiyyətinə çatdırmış görkəmli alman şərqşünası Fridrix Fon Ditsin xidmətlərinə də böyük ehtiramı ifadə edən dövlət sərəncamı həmin şəxsiyyətin həyatı və fəaliyyətinin Azərbaycanda və xarici ölkələrdə daha yaxından tanıdılmasına da şərait yaradacaqdır. Bununla da qorqudşünaslıq elmində müəyyən epizod şəklində adı etiraf olunan Fridrix Fon Dits məsələsi ilə bağlı mövcud boşluq aradan qalxmış olacaqdır. Bu sərəncam müstəqil Azərbaycan Respublikasının Avropa ölkələri ilə əlaqələrinin daha da möhkəmləndirilməsinə yeni imkanlar açan qiymətli bir dövlət sənədi kimi də özünəməxsus əhəmiyyətə malikdir.

 

Ümumiyyətlə, “Kitabi-Dədə Qorqud” dastanlarına müstəqil Azərbaycanda dövlət səviyyəsində ardıcıl və davamlı bir münasibətin bəslənilməsi ölkəmizdə milli-mənəvi özünədərk və inteqrasiya proseslərinin genişləndirilməsi və möhkəmləndirilməsi ideyasının əsasını təşkil edir. Bütün bu parlaq hadisələr müstəqil Azərbaycan dövlətinin yeni tarixi epoxadakı Dədə Qorqudnaməsidir. “Kitabi-Dədə Qorqud”a sədaqət və ehtiram millətə, ölkəyə və dövlətə sədaqətin rəmzidir. “Kitabi-Dədə Qorqud” dastanlarına hər qayıdış Azərbaycanı, türk dünyasını və bütövlükdə dünyanı yenidən və daha əsaslı şəkildə qavramağın və müasir inkişaf yollarını müəyyən etməyin əhəmiyyətli dərslərini mükəmməl şəkildə öyrənmək deməkdir.

 

lll

 

“Kitabi-Dədə Qorqud” dastanları dünya dastan yaradıcılığının nadir hadisəsidir. Görkəmli türk ədəbiyyatşünası Fuad Köprülüzadə “Dədə Qorqud” dastanlarının əhəmiyyətini qabarıq şəkildə nəzərə çarpdırmaq üçün aşağıdakı kimi bir müqayisə aparmışdır: “Türk ədəbiyyatının bütün əsərləri tərəzinin bir gözünə, “Dədə Qorqud” o biri gözünə qoyulsa, yenə də “Dədə Qorqud” tərəfi ağır gələr”.

 

Biz isə “Kitabi-Dədə Qorqud” abidəsinə dünya dastanı irsi miqyasında nəzər salaraq belə bir müddəa irəli sürürük: Əgər dünya şifahi xalq ədəbiyyatındakı dastanları tərəzinin bir gözünə, “Dədə Qorqud”u o biri gözünə qoysaq, yenə də “Dədə Qorqud” dastanı ağır gələr.  Belə ki, bizə görə Qərb dastanlarında salnaməçilik, Şərq dastan tipində isə qafiyə ritmi daha çox diqqəti cəlb edir. Bunlardan fərqli olaraq, “Dədə Qorqud” dastanlarındakı epik təhkiyə mükəmməl bədii nəsr nümunəsidir. Dastanın aparıcı tərəfi olan bədii nəsr epos təfəkkürünün kamil bədii ifadəsidir. Dastanın yarandığı VII əsrə qədərki dövrdə, yaxud da boyların tam halda yazıya köçürüldüyü XVI əsrdə nə Qərbdə, nə də Şərqdə “Dədə Qorqud” səviyyəsində bədii nəsr nümunəsi olmamışdır. “Dədə Qorqud” dünya miqyasında bədii nəsr təfəkkürünün möhtəşəm abidələrindən biridir. Bu, “Dədə Qorqud” dastanlarını yaradan xalqın epos təfəkkürünün bədii mükəmməlliyinin klassik nümunəsidir. Epos təfəkkürü isə bədii fantaziyadan daha çox xalqın özünüdərkinin, sabit milli düşüncəsinin, torpaq və millət qavrayışının dastan səviyyəsində ifadəsi deməkdir. Bu mənada “Dədə Qorqud” dastanları oğuz türklərinin, Azərbaycan xalqının yurd və torpaq andının manifestidir. Bu, ölkəsini, torpağını, millətini dərindən dərk edən bir xalqın vətən və torpaq sevgisinin möhtəşəm oğuznaməsidir. Dədə Qorqud qəhrəmanları dastanlaşmış obrazlardan çox, həyat və düşüncə adamlarıdır. Dastanda rütbə, titul etibarilə yüksək mövqeyə malik olan insanlar əsas, real cizgiləri ilə əks etdirildiyi halda, cəmiyyət həyatında kiçik yer tutan sadə adamlar mümkün olduğundan qat-qat güclü şəkildə təsvir edilmişdir. “Dədə Qorqud” kiçik insanları da qüdrətli olan böyük bir xalqın mükəmməl bir dastanıdır.

 

“Kitabi-Dədə Qorqud” dastanlarının şeirləri sərbəst şeirin klassik nümunəsidir. Dastandakı bir çox hallarda müəyyən  hekayəti də ifadə edən poetik nümunələr mənsur şeir təsiri də bağışlayır. “Dədə Qorqud”un nəsr təhkiyəsində də mənsur şeirlik müşahidə olunur. Dastandakı bir çox şeirlər vəznli sərbəst şeir xüsusiyyətlərinə malikdir. “Dədə Qorqud” şeirlərinin özünəməxsus qafiyə sistemi də vardır:

 

 

Allah-Allah deməyincə

 

işlər düzəlməz,

 

Qadir tanrı verməyincə

 

kişi varlanmaz.

 

... Qovuşaraq sular daşsa,

 

dəniz dolmaz.

 

Təkəbbürlük eyləyəni tanrı sevməz.

 

Könlünü uca tutan adamda ağıl olmaz.

 

Yad oğulun saxlamaqla oğul olmaz.

 

Qarabaşa don geydirsən də,

 

qadın olmaz.

 

Lopa-lopa qarlar yağsa, yaza qalmaz.

 

Gül-çiçəkli göycə çəmən

 

payıza qalmaz.

 

Köhnə pambıq bez olmaz,

 

Qarı düşmən dost olmaz.

 

... Kişi malına qıymayınca adı çıxmaz.

 

Qız anadan görməyincə öyüd almaz.

 

Oğul atadan görməyincə süfrə açmaz.

 

Oğul atanın yetirməsi,

 

iki gözünün biridir.

 

Ağıllı oğul olsa, ocağının közüdür.

 

Oğul daha neyləsin,

 

ata ölüb mal qalmasa,

 

Ata malından nə fayda,

 

başda ağıl olmasa.

 

 

“Dədə Qorqud” şeirləri sanki Azərbaycan torpağındakı qayaüstü rəsmlərlə əruz və ya heca vəznində yazılmış şeirlər arasında əlaqələndirici vasitədir. Bu şeirlər əruz, yaxud heca vəznli şeirlərdən çox, dastanın nəsrinə yaxındır. “Dədə Qorqud” şeirləri sanki dastançının hadisələri hekayət etməkdən yorulub dayandığı hallarda yenidən davam etmək üçün qazandığı nəfəslikdir. Bu şeirlər dastan əhvalatlarını bir-biri ilə əlaqələndirən, bağlayan bədii vasitədir. Bəzən isə “Dədə Qorqud” şeirləri dastandakı boyların məntiqi yekunu, ümumiləşdirici nəticəsi funksiyasını yerinə yetirir. Hətta dastanda elə şeir mətnləri də vardır ki, geniş mənada eposun ideyasını tam halda özündə ifadə edir:

 

 

Qanı öydüyümüz bəy ərənlər,

 

Dünya mənim deyənlər?

 

Əcəl aldı, yer gizlədi,

 

Fani dünya kimə qaldı?

 

Gəlimli-gedimli dünya!

 

Son ucu ölümlü dünya!

 

Əl aqibət uzun yaşın

 

Ucu ölüm, axırı ayrılıq.

 

lll

 

Qorqudşünaslıqda “Dədə Qorqud” dastanlarının mahiyyəti və əhatə dairəsi haqqında əsasən iki fikir üstünlük qazanmışdır. Birinci qənaətə görə, “Dədə Qorqud” ümumtürk təfəkkürünün özünüifadəsi olan eposdur. İkincisi isə “Dədə Qorqud” konkret bir coğrafiyanın, daha dəqiq desək, Azərbaycan ulusunun oğuznaməsidir. Fikrimizcə, bu mülahizələrdən hər ikisi obyektiv gerçəkliyi ifadə edir. Azərbaycan oğuzları geniş mənada əsas türk soylarından biri olduğu üçün “Dədə Qorqud”un da ümumtürk oğuznaməsi hesab olunması təbii haldır. Bundan başqa, türk dünyasının müxtəlif coğrafiyalarında da Dədə Qorqud rəvayətlərinin mövcudluğu Qorqud Ata motivinin ümumtürk miqyasından xəbər verir. Eyni zamanda, Türkiyədə Bayburd şəhərində, Dərbənddə və Qazaxıstanda Sır Dərya ətrafında, Kərkükdə Dədə Qorquda aid edilən məzarların olması da dastanın süjetinin geniş masştabını nəzərə çarpdırır. Bununla belə, “Dədə Qorqud” Azərbaycan coğrafiyasının, Bayat boyunun oğuznaməsi kimi də möhtəşəmdir. Dədə Qorqud indiki Azərbaycan ərazilərindən də geniş coğrafiyada məskunlaşmış oğuz elinin rəmzi olan ümumiləşmiş obrazdır. Dədə Qorqudun – məskəni, Vətəni Azərbaycan, tayfası, milləti isə daha böyük bir məkanda yayılmış oğuzlardır. Altuntaxt – Qorqud elinin paytaxtı, Dərbənd – qapısı, Alınca (Əlincə) isə qalasıdır. “Dədə Qorqud”da qədim Azərbaycanın fərqli coğrafi ərazilərindəki Bayat eli, Göyçə gölü, Bərdə, Gəncə, Şərur, Qaraçuq, Ağ qaya, Dərəşam, Sürməli, Qazan göl və başqa yer adlarından bəhs edilməsi də dastanın geniş mənada Azərbaycanı əhatə etdiyini göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səfərəli Babayev “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” adlı monoqrafiyasında (Bakı, “Yeni nəşrlər evi”, 1999) muxtar respublikanın ərazilərində dastandakı yer adları ilə səsləşən 30-dan çox toponimi qeydə almış, onların haqqında geniş tarixi-coğrafi məlumatları ictimaiyyətə çatdırmışdır. Filologiya elmləri doktoru Şamil Cəmşidovun “Kitabi-Dədə Qorqud” monoqrafiyasındakı (Bakı, “Elm”, 1999) “Kitabi-Dədəm Qorqud”da təsvir edilən coğrafi mühit” bölməsində isə 40-dan çox yer adı haqqında məlumatlar öz əksini tapmışdır. Qorqudşünaslığa aid digər əsərlərdə də yaşayan Dədə Qorqud yerləri və ya dastanın qəhrəmanlarının adlarını əks etdirən toponimlər barədə məlumatlar vardır. Hətta mənbələrdə dastanda adı çəkilən yerlərin hazırda ölkəmizdə bir neçə coğrafi məkanda eyni adlarla mövcudluğunun göstərilməsi də Dədə Qorqud boylarındakı motivlərin müxtəlif areallarda formalaşaraq nəhayət, vahid bir süjet halına gəlib çatdığını düşünməyə əsas verir. Məsələn, Xocavənd rayonu ərazisində Qaraca Çobana aid edilən qədim qəbirin müəyyən olunması bu barədə mövcud olan versiyaları Azərbaycan hadisəsi səviyyəsində yekunlaşdırır və daha da konkretləşdirərək möhkəmləndirir. Dastandakı bir çox əsas motivlər “Dədə Qorqud” boylarını üzvi surətdə əlaqələndirərək birləşdirir. Bu baxımdan yanaşdıqda “Dədə Qorqud” dastanlarındakı Bayandır xan – bütün Oğuz elinin rəhbəri, Ulaşoğlu Salur  Qazan xan baş komandanı, Beyrək və Basat sərkərdəsidir. Qaraca Çoban – oğuz tayfasının sadə adamlarının vətənsevərliyinin və şücaətinin nümunəsidir. Nəticə olaraq belə qənaətə gəlmək olar ki, “Kitabi-Dədə Qorqud” dastanlarındakı Oğuz eli – şərti olaraq Oğuzustan adlandırdığımız siyasi-coğrafi məkan, yaxud Azərbaycan dövləti deməkdir. Dədə Qorqud – oğuz elinin, daha geniş mənada türk dünyasının rəmzidir. Bu mənada “Dədə Qorqud” dastanları müstəqil Azərbaycan dövlətçiliyinin də təməl əsaslarını əks etdirən qiymətli ədəbi abidədir. “Dədə Qorqud”dakı oğuz dövlətçilik sistemi Azərbaycanda və türk dünyasında müstəqil milli dövlət quruculuğu ənənəsi baxımından yenidən öyrənilməlidir.

 

Beləliklə, “Dədə Qorqud” – dünya ədəbiyyatında ideya-mövzu cəhətdən və bədii-sənətkarlıq baxımından çox qiymətli və mükəmməl bir dastandır. “Dədə Qorqud” – türk oğuznamələrinin şahıdır. Dünya xalqlarının şifahi xalq ədəbiyyatında “Kitabi-Dədə Qorqud” dastanları ilə müqayisə edilə biləcək bir əsər tapmaq çətindir. Bu mənada “Kitabi-Dədə Qorqud” Azərbaycan xalqının, türk dastan təfəkkürünün dünya eposu xəzinəsinə bəxş etdiyi möhtəşəm sənət abidəsidir. Bəşəri ideyalarına görə “Dədə Qorqud” dünya şifahi xalq mədəniyyəti və ədəbiyyatının da möhtəşəm dastan nümunəsidir.

 

lll

 

“Kitabi-Dədə Qorqud” dastanlarının ayrı-ayrı boyları bizim eranın VII əsrinə qədər formalaşmışdır. Bununla belə, “Dədə Qorqud” boyları içərisində qədim mifologiya ilə bağlı olan süjetlər və obrazlar da vardır. Dastandakı məşhur Təpəgöz boyu bizim eradan əvvəlki mifoloji düşüncə və mifik obrazlarla səsləşir. Eposu elm aləminə ilk dəfə bəlli edən alman şərqşünası Fridrix Fon Dits də “Basatın Təpəgözü öldürdüyü boy”un antik yunan ədəbiyyatındakı Homerin məşhur “Odisseya” əsərindəki Polifem – Təpəgöz obrazından qədimlərə aid olduğunu və hətta həmin əsərə təsir etdiyini göstərmişdir. Əvvəla, “Dədə Qorqud” dastanlarının hələ XIX əsrdə Qərbdə dünya üzrə möhkəm bir möhürü olan antik yunan mifologiyası ilə müqayisə edilməsi, bərabər tutulması özlüyündə qədimlik baxımından da, möhtəşəmlik mənasında da mühüm hadisədir. İkincisi isə “Dədə Qorqud” kitabının “Basatın Təpəgözü öldürməsi” boyundakı yer adlarının Azərbaycan ərazisində bu günə qədər yaşaması dastanla yanaşı, onu yaradan xalqın da tarixi keçmişinin qədim izlərini müəyyən etməyə imkan verir. Artıq qorqudşünaslığa məlumdur ki, “Basatın Təpəgözü öldürdüyü boy”dakı toponimlər hazırda da Naxçıvan Muxtar Respublikası ərazisində yaşamaqdadır. Bizə görə, Şərur rayonu ərazisindəki, tarixi eramızdan min illərlə əvvəllərə aid olan məşhur daş dövrü abidəsi Qazma mağarası Dədə Qorqud Təpəgözünün məskənidir. “Təpəgöz boyu”nda adı çəkilən Salaxana mağarası ilə Qazma mağarası arasında böyük oxşarlıq vardır. AMEA-nın müxbir üzvü Səfərəli Babayevin vaxtilə müəyyən etdiyi, indiki Babək rayonu ilə Şərur rayonunun qovuşduğu ərazidə olan Salaxana mağarası Qazma mağarası ilə coğrafi cəhətdən bir-birinə çox yaxındır. Həm də dastanda Təpəgözün iki mağaradan, böyük və kiçik mağaralardan istifadə etdiyi göstərilir. Fikrimizcə, eyni coğrafi ərazidə yerləşən bu mağaralar adamyeyən Təpəgözün salaxanasıdır. “Kitabi-Dədə Qorqud”un həmin boyundakı Basatın oturduğu, yəni yaşadığı yurd kimi təsvir edilən Günortac yer adının da Salaxana – Qazma mağaraları  ərazisinə yaxın olması bu ehtimalı daha da dərinləşdirir. Çox ehtimal ki, Salaxana qayası bütövlükdə Təpəgözün oğuzların arasından qovularkən gəlib yerləşdiyi “uca dağ məskəni” olan ərazisinin ümumi adıdır. Səfərəli Babayev də Babək rayonunun dağlıq sahəsində Salaxan qayası, Salaxan yurdu və Salaxan mağarasının olduğunu yazır. Salaxana mağarası isə Salaxana qayası ərazisində yerləşən bir mağaradır. Təpəgözün Basatla vuruşduğu Saxana mağarası quruluşuna görə Qazma mağarasına bənzəyir. O biri mağara isə Təpəgözün silah-sursat, ərzaq anbarı təəssüratı yaradır. Şəxsi müşahidələrimə əsasən deyə bilərəm ki, “Odisseya”da təsvir olunduğu kimi Qazma mağarasının da girişi çox dardır və buradan kiminsə ayaqları arasından asanlıqla keçə bilməsi çox çətin məsələdir. Dastanda Təpəgözün Basatı ələ keçirmək istədiyi anlara həsr olunan təsvirlər Qazma mağarasının quruluşuna uyğun gəlir: “Təpəgöz bildi ki, Basat mağaradadır. Mağaranın qarşısında durub, bir ayağını qapının bir yanına, birini digər yanına qoydu. Dedi: “Ay qoyunların başçıları ərkəclər, bir-bir gəlin keçin!”. Bir-bir gəlib keçdilər. Hər birinin başını sığalladı. Basat bir anda qoçu basıb kəsdi, dərisini çıxardı, quyruğu ilə başını dəridən ayırmadı, dərinin içinə girdi. Basat Təpəgözün önünə gəldi. Təpəgöz bildi ki, Basat dəri içindədir. Dedi: “Ay qara qoç, ...elə vurram səni mağara divarına ki, quyruğun mağaranı yağlasın!” Basat qoçun başını Təpəgözün əlinə uzatdı. Təpəgöz qoçun buynuzundan bərk tutdu. Qollarında buynuzla dəri əlində qaldı. Basat Təpəgözün ayaqları altından sıçrayıb çıxdı”.

 

Alman şərqşünası Fridrix Ditsin qənaətinə görə, “Homer Asiya səyahətində Təpəgöz əfsanəsini eşitmiş və Polifemin əsas həyatını oradan almışdır. Kim bilir, o, bəlkə əfsanəni hər hansı bir oğuz qəbiləsi arasından eşitmişdir. Çünki bu qəbilə Primanın müttəfiqləri olaraq yunanlara qarşı Troya müharibəsində hərb etmişdir”. Deməli, Fridrix Fon Ditsin tezislərinin işığında Homerin Asiya səfərinin marşrutunu öyrənmək və Oğuz-Yunan münasibətlərini aydınlaşdırmaqla Təpəgözün mənşəyini dəqiq müəyyən etmək mümkündür. Bu mənada Salaxana – Qazma mağaraları oğuz məskənləri kimi dünyada geniş yayılmış  məşhur Təpəgöz süjetinə şahidlik edə bilər. “Dədə Qorqud” dastanlarındakı Buğa çeşmə, Günortac, Qaranquş yaylağı və başqa yer adlarının da həmin ərazilərdə indiyədək xalq yaddaşında varlığını qoruyub saxlaması məlum süjetin bu eposla daha çox bağlı olduğunu düşünməyə əsas verir.

 

Görkəmli folklorşünas Məhəmmədhüseyn Təhmasib də vaxtilə tədqiqatlarında “Dədə Qorqud” Təpəgözünün “Odisseya”dakı Polifemdən fərqli və üstün olduğu qənaətinə gəlmişdir. M.H.Təhmasibə görə, Odisseylə Polifem arasında heç bir qohumluq olmadığı halda, Basatla Təpəgöz eyni ailədə böyümüşlər: “Polifemə nisbətən Təpəgöz daha rəzil, daha eybəcərdir... Oğuzun südü ilə, çörəyi ilə böyümüş bu nankor axırda ona bəla kəsilmişdir”. Odissey Polifemlə təsadüfən üz-üzə gəldiyi üçün sadəcə olaraq özünü xilas etmək naminə mübarizə aparmışdır. Basat isə “Qalın Oğuz eli”ni bəladan qurtarmağa görə məqsədli şəkildə Təpəgözlə vuruşa getmiş “Dədə Qorqud” qəhrəmanıdır. Bundan başqa, “Odisseya”da Polifemin yalnız gözləri çıxarılır və nəticədə insanlar keçi dərisi geyib mağaradan qaçaraq xilas olurlarsa, Basat isə qoyun dərisi geyinərək mağaradan çıxandan sonra da mübarizəsini davam etdirir və Təpəgözü öldürənədək vuruşur. M.H.Təhmasibin qənaətinə görə, Odissey Basat olmadığı kimi, Polifem də Təpəgöz deyildir. Buna görə də “Dədə Qorqud”dakı “Təpəgöz boyu” daha mükəmməldir. Professor Əli Sultanlı da “Dədə Qorqud” dastanlarındakı Təpəgöz-Polifem müqayisəsində üstünlüyü Təpəgözə vermişdir.

 

Fikrimizcə, “Dədə Oorqud” boylarındakı Dəli Domrul süjeti də mifoloji motiv olub, dastanın erkən yaranmış boylarından biridir. Dəli Domruldakı dirilik uğrunda mübarizə motivi qədim türklərin yeni tarixə qədərki mifoloji düşüncəsinin dastandakı əks-sədasıdır. Eyni zamanda, “Dirsə xan oğlu Buğac” boyunda tanrıçılığın izləri yaşayır. “Dədə Qorqud” dastanlarındakı savaşların da izlərini bizim eranın əvvəlki dövrlərində baş vermiş hadisələrlə əlaqələndirmək mümkündür. “Dədə Qorqud” dastanlarında İç Oğuz və Daş Oğuz anlayışlarının mövcud olması oğuzların artıq bəlii bir coğrafiyada məskunlaşdıqlarını, oturaq həyat sürdüklərini göstərir. Fikrimizcə, oğuzların gedib-gəlməsi köçəri həyatdan çox, qarşılıqlı əlaqələrin, bir çox məqamlarda isə birliyə cəhdin təzahürləridir. Oğuzların oturaq həyat sisteminin formalaşması əsasən bizim eranın III-V yüzilliklərində başa çatdığı üçün “Dədə Qorqud” boylarının da həmin dövrlərdən etibarən daha sürətlə yaradılmaqda olduğunu düşünmək mümkündür. Şifahi şəkildə uzun əsrlər ərzində formalaşsa da, “Kitabi-Dədə Qorqud” boyları artıq VII əsrdə tam bitkin bir dastana çevrilmişdir. “Kitabi-Dədə Qorqud” kimi mükəmməl bir dastanın yaranması onu yaradan xalqın qədim dövrlərdəki epos təfəkkürünün dərinlik və genişliyinin çox mühüm göstəricisidir. Bu mənada yalnız at çapıb qılınc çalan, sapand atan Dədə Qorqud qəhrəmanları deyil, belə möhtəşəm dastan yarada bilmiş xalqın özü   qüdrətlidir. Torpağı müqəddəs sayan Dədə Qorqud igidləri oğuz elinin basılmazlığını təmin edən qəhrəmanlardırsa, “Dədə Qorqud” boyda böyük epos təfəkkürünə malik olmaq bu möhtəşəm dastanı yaratmış xalqın mənəvi zənginliyinin, geniş dünyagörüşünün, dərin milli təfəkkürünün, yüksək səviyyədə müdrikliyinin real miqyasını əks etdirir. Dünya dastanları arasında cəngavər – bahadır dastan qəhrəmanları çox olsa da, Dədə Qorqud səviyyəsində müdrik dastan başçısı yoxdur. Dədə Qorqud dünya xalqlarının dastanlarındakı at çapan, yürüşlərə çıxan, qılınc çalan qəhrəman tipini “boy boylayan, söz söyləyən”, qopuz çalan, öyüd verən müdrik qəhrəmanla əvəz etməklə fərqli ad qazanan böyük el ağsaqqalıdır. Qərb dastanlarının bir çoxunun qəhrəmanları mənsub olduqları xalqın pərakəndə olmaqdan qurtarmağa çalışmaq, həyata, insani münasibətlərə, cəmiyyətə alışdırmaq uğrunda mübarizə aparırlar. Dədə Qorqud isə ucu-bucağı bəlli olan geniş ərazilərində torpaqları əkilən, sürüləri arana-yaylağa köç edən, xalqı ova çıxan, mərasimlər keçirən bir elin birliyinin daha da möhkəmləndirilməsini ümummilli ideal olaraq yaşatmağı varlığının əsas meyarı hesab edir. “Dədə Qorqud” möhkəm milli köklərə və qüvvətli mənəvi dəyərlərə malik olan Azərbaycan oğuzları kimi formalaşmış bir xalqın oturuşmuş həyat tərzinin və qəhrəmanlıq ruhunun dastanıdır. Xalq olaraq azərbaycanlıların bütün yüksək milli-mənəvi dəyərləri “Dədə Qorqud” dastanlarında öz əksini tapmışdır. “Dədə Qorqud” ümumtürk əhəmiyyətinə malik olan möhtəşəm Azərbaycan qəhrəmanlıq dastanıdır.

 

lll

 

“Kitabi-Dədə Qorqud” dastanlarını 1815-ci ildə ilk dəfə dünyaya bəlli edən alman şərqşünası Fridrix Fon Dits bu möhtəşəm dastanın ilk bələdçisidir. Fridrix Fon Ditsin Almaniyanın Drezden kitabxanasında saxlanılan “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə bəyan etməsi ümumən şərqşünaslıq elminə   folklorşünaslığa əvəzsiz xidmətidir. Fridrix Fon Ditsin “Basatın Təpəgözü öldürdüyü boy”u alman dilinə tərcümə edərək yayması, dastana dair məqalə  yazması Qorqudşünaslığın təməlini təşkil edən mühüm elmi hadisədir. Bu mənada Fridrix Fon Dits “Kitabi-Dədə Qorqud” dastanlarının ilk kəşfiyyatçısı olmaqla bərabər, dünya qorqudşünaslıq elminin də yaradıcısıdır. Bu böyük xidməti ilə alman alimi Fridrix Fon Dits eyni zamanda “Dədə Qorqud”la bərabər öz adını da ədəbi olaraq tarixə yazmışdır. Fikrimizcə, Azərbaycanda, türk dünyasında Fridrix Fon Dits haqqında geniş elmi təsəvvür yaradan elmi əsərlərə ehtiyac vardır. “Dədə Qorqud” dastanlarını dünya elminə bəlli etmiş şəxsiyyətin kimliyini, fəaliyyətini  ətraflı və əsaslı şəkildə bilmək maraqlı və əhəmiyyətlidir. Hələlik isə Fridrix Fon Dits haqqında öyrəndiklərimiz Rusiya və Türkiyə şərqşünaslığındakı bəzi məlumatlardan ibarətdir. Məlumdur ki, Fridrix Fon Dits (1751-1817) Almaniyanın Konstantinopolda səfiri olmuş, şərqşünaslığa ciddi maraq göstərmişdir. Çoxlu sayda türk atalar sözü və məsəlləri toplamış, bunlardan 400-nü kitab halında çap etdirmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarını elm aləminə təqdim etmiş və “Təpəgöz boyu”nu alman dilinə tərcümə edərək tədqiq və nəşr etdirmişdir. Fridrix Fon Ditsin tərcümeyi-halını, ictimai-siyasi və elmi fəaliyyətini tam halda öyrənib cəmiyyətə çatdırmaq yeni dövr Azərbaycan qorqudşünaslığının üzərinə düşür. Eyni zamanda, Fridrix Fon Ditsin şərqşünaslığa dair əsərlərinin də Azərbaycan dilinə tərcümə edilərək nəşr edilməsi elmi-ədəbi əlaqələrimizi daha da inkişaf etdirməyə şərait yaradar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı Sərəncamı bütün bunlar üçün münasib imkanlar açır.

 

“Kitabi-Dədə Qorqud” dastanları Azərbaycanda müəyyən dairələrdə, xüsusən xalq yaddaşında uzun əsrlər boyu bəlli olsa da, dastan bütövlükdə Həmid Araslı tərəfindən Bakıda 1939-cu ildə ilk dəfə kitab halında nəşr edilərək yayılmışdır. Bundan sonra görkəmli Azərbaycan alimi Həmid Araslı “Dədə Qorqud” dastanlarını 1962 və 1978-ci illərdə yenidən nəşr etdirmişdir. Sonrakı mərhələdə tanınmış dilçi alimlər Fərhad Zeynalov və Samət Əlizadə 1988-ci ildə “Dədə Qorqud” dastanlarını geniş elmi şərhlərlə və izahlarla Azərbaycan oxucusuna çatdırmışlar. Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilmiş “Dədə Qorqud” filmi ilə dastanın Azərbaycanda müəyyən bir oxucu auditoriyasının çərçivəsindən çıxaraq, ümumxalq sərvətinə çevrilməsi istiqamətində mühüm addım atılmışdır. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyi haqqındakı 20 aprel 1997-ci il tarixli fərmanından sonra dastanın Azərbaycan xalqına və YUNESKO səviyyəsində dünya ictimaiyyətinə çatdırılması sahəsində daha geniş miqyaslı və sistemli iş aparılmış, çoxsaylı elmi tədqiqat əsərləri meydana çıxmışdır.

 

“Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd edildiyi dövrdə görkəmli dövlət xadimi Heydər Əliyev bu qəhrəmanlıq eposunun Azərbaycan xalqına çatdırılmasının əhəmiyyətindən bəhs edərkən demişdir: “Biz onu da qiymətləndirməliyik ki, bir çox alimlərimiz, yazıçılarımız bu mövzuya xüsusi fikir vermiş, əsərlər yaratmışlar və “Kitabi-Dədə Qorqud” dastanı Azərbaycanın həyatında, ədəbiyyatında yaşamış və inkişaf etmişdir. Bu nəşrlər içərisində “Kitabi-Dədə Qorqud”un 1988-ci ildə Fərhad Zeynalovun və Samət Əlizadənin rəhbərliyi altında həyata keçirilmiş samballı nəşrini xüsusi qeyd etmək olar”.

 

Ümumiyyətlə, “Dədə Qorqud” dastanları Azərbaycanda dövlət müstəqilliyi ideyasının dərinləşdirilməsinə və daha da möhkəmləndirilməsinə geniş meydan açan, xalqın qəhrəmanlıq ruhunu inkişaf etdirən və birlik ideyasına uğurla xidmət edən əsər kimi həmişə xüsusi olaraq diqqət mərkəzinə çəkilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə latın qrafikalı ədəbiyyatının kütləvi nəşri haqqındakı 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə nəşr edilən “Dədə Qorqud” dastanları ölkəmizdə XXI əsrin yeni nəsillərinə təqdim olunmuşdur. Bütövlükdə “Kitabi-Dədə Qorqud” dastanları Azərbaycan xalqının Ata kitabı səviyyəsində qəbul olunmuş, möhtəşəm azərbaycançılıq abidəsinə çevrilmişdir.

 

lll

 

Doğru olaraq qeyd edildiyi kimi, son yüzillikdə “Kitabi-Dədə Qorqud” dastanları haqqında “elmi bir kitabxana” (Kitabi-Dədə Qorqud (tərtib, transkripsiya və müqəddimə Fərhad Zeynalov və Samət Əlizadə). Bakı, “Yazıçı”, 1988) yaranmışdır. Son bir əsrə yaxın dövr ərzində Azərbaycanda “Kitabi-Dədə Qorqud” dastanlarını tədqiq edib öyrənmiş böyük elm adamları qvardiyası formalaşmışdır. Əmin Abid, Salman Mümtaz, Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Məmməd Arif Dadaşzadə, Məhəmmədhüseyn Təhmasib, Əli Sultanlı,  Anar, Mirəli Seyidov, Şamil Cəmşidov, Kamal Abdulla, Tofiq Hacıyev, Nizami Cəfərov, Azad Nəbiyev, Fərhad Zeynalov, Səfərəli Babayev, Samət Əlizadə, Elməddin Əlibəyzadə, Kamil Vəliyev, Bəhlul Abdulla, Muxtar İmanov, Məhərrəm Qasımlı, Qəzənfər Paşayev, Məmməd Əliyev, Cəlal Bəydili, Cəlal Qasımov, İsmayıl Məmmədov və başqalarının əsərlərində “Dədə Qorqud” dastanlarının mahiyyəti müxtəlif yönlərdən hərtərəfli şəkildə açıqlanmışdır. Ümumiyyətlə, Dədə Qorqud mövzusu dünya elmi miqyasında əhəmiyyətli bir problem olsa da, Azərbaycan “Qorqudşünaslıq” elminin əsas mərkəzi olmaq statusu qazanmışdır. Məlumdur ki, XX əsrin əllinci illərində “Dədə Qorqud” dastanlarına görə Azərbaycan alimlərinin “pantürkist” damğası ilə təqib olunduğu dövrlər də olmuşdur. Lakin Azərbaycanda Qorqudşünaslıq elmi həmişə çətin yollardan keçərək yaşamış, axtarışlarını davam  etdirmişdir.

 

Türkiyə Qorqudşünaslığı dastanın tədqiqi və nəşri istiqamətində mühüm nəticələr əldə etmişdir. Kilisli müəllim Rüfətlə 1916-cı ildən başlanan “Dədə Qorqud” axtarışları Türkiyədə Fuad Köprülüzadə, Orxan Şaiq Kökyay, Məhərrəm Ergin və Fəxrəddin Kırzıoğlu kimi dünyada tanınmış məşhur Qorqudşünas alimləri meydana çıxarmışdır. Orxan Şaiq Kökyayın min səhifədən çox olan “Dədə Qorqud kitabı” adlı əsəri Qorqudşünaslıq elminin möhtəşəm abidəsi hesab olnur. Orxan Şaiq Kökyay – Qorqudşünaslığın böyük başbiləni olaraq qəbul edilir.

 

Avropa Qorqudşünaslığı baxımından Dədə Qorqud tədqiqatları alman şərqşünaslığında daha çox inkişaf etmişdir. Yakov Reyske, Fleyşer, Fridrix Fon Dits, Vilhelm Qrimn, Fyodor Nyoldeks, Volter Ruben və başqalarının Dədə Qorqudun üzə çıxarılması, tərcüməsi, nəşri və tədqiqi sahəsindəki xidmətləri sayəsində dastan Avropada yayılmış, digər Qərb ölkələrində də tədqiqatlar və nəşrlər əsasən bu zəmində meydana çıxmışdır. “Kitabi-Dədə Qorqud” dastanlarının vətəni Azərbaycan olduğu kimi, dastanın əsas əlyazmasının ölkəsi də Drezden, Almaniyadır. Azərbaycan – dünya dastan hadisəsi olan “Dədə Qorqud”un paytaxtı, Drezden isə dastanın əlyazmasının mavzoleyidir.

 

Vaxtilə İtaliyada tapılmış Vatikan nüsxəsi əsasında bu ölkədə də Qorqudşünaslıq müəyyən inkişaf yolu keçmişdir. Almaniyada Fridrix Fon Ditsin gördüyü işi İtaliyada həyata keçirmiş Ettore Rossi Qorqudşünaslığa qiymətli bir əlavə etmişdir. Beləliklə, Vatikan – “Kitabi-Dədə Qorqud” əlyazmalarının daha bir qiymətli xəzinəsinə çevrilmişdir.

 

Heç şübhəsiz, “Kitabi-Dədə Qorqud” dastanlarının tədqiqində Rusiya şərqşünaslığının böyük rolu və xidmətləri vardır. Akademik Vasili Bartold Rusiya Qorqudşünaslığının atasıdır. “Dədə Qorqud” dastanını rus dilinə tam halda tərcümə edən V.Bartoldun yazdığı şərhlər və izahlar, apardığı tədqiqatlar  Qorqudşünaslığa mükəmməl elmi xidmət kimi daxil olmuşdur. Burası da əhəmiyyətlidir ki, “Dədə Qorqud” boyları haqqında qiymətli tədqiqatında V.V.Bartold dastanı Qafqaz, Azərbaycan hadisəsi hesab etmişdir. Onun fikrincə, o zaman “nə kiçik Asiyada, nə də Balkan yarımadasında epik hekayələrin qorunub saxlanılması üçün münasib şərait yox idi. Dədə Qorqud əfsanələrinin mənşəyinin necə olmasından asılı olmayaraq,... dastandakı epik süjetlər çətin ki, Qafqaz mühitindən kənarda formalaşa bilərdi”. Eyni zamanda, Dədə Qorqudun və dastanın digər qəhrəmanlarının məzarlarına Dərbənddə, Təbrizdə və Urmiyada rast gəlinməsi haqqında irəli sürdüyü mülahizələr də Vasili Bartoldun dastanın Azərbaycanla üzvi surətdə əlaqədar olmasına dərindən inam bəslədiyini göstərir. Həqiqətən də görkəmli alimin “Türk eposu və Qafqaz” məqaləsi  yığcam həcmə malik olan böyük elmi əsər kimi qəbul edilməyə layiqdir. Bundan başqa, Rusiya alimlərindən A.Y.Yakubovski, xüsusən V.M.Jirminski, V.V.Radlov, A.N.Kononov, K.A.İnnostrantsev, Moskvada yaşamış Azərbaycan alimi Xalıq Koroğlu – qorqudşünaslığa sanballı elmi töhfələr vermişlər. Özbəkistanda Hadi Zərifov, Qazaxıstanda Çokan Vəlixanov, Baltabek İsakov, Şakir İbrayev, E.Konbatbayev, Türkmənistanda Aşır Orazov, Annaquban Aşırov, Ata Rəhmanov, Əhməd Bekmuradov, Məti Kosayev və başqalarının tədqiqatlarında “Dədə Qorqud” dastanları geniş təhlil edilmiş və tanıdılmışdır. V.M.Jirminskinin “Kitabi-Dədə Qorqud” və oğuz qəhrəmanlıq eposu” monoqrafiyası dünyada qəbul edilmiş mötəbər elmi mənbələrdən biridir.

 

“Kitabi-Dədə Qorqud” dastanları rus, alman, ingilis, fransız, italyan, polyak, fars, latış, litva, gürcü  və başqa dillərə tərcümə edilərək nəşr olunmuşdur. “Dədə Qorqud” Türkiyədə və Mərkəzi Asiyada ortaq dastan kimi geniş yayılmışdır. Beləliklə, həm  “Dədə Qorqud” dastanının nəşri, həm də bu möhtəşəm abidəyə həsr edilmiş tədqiqatların coğrafiyası dünyanın bir neçə qitəsini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında”kı 20 fevral 2015-ci il tarixli Sərəncamı dastanın və onun haqqında olan tədqiqatların Odisseyasının daha da genişlənməsinə böyük imkanlar yaradacaqdır. Hazırkı dövrdə Azərbaycan qorqudşünaslığının elmi nailiyyəti hesab edilməyə layiq olan tədqiqat əsərlərinin dünya dillərinə tərcümə edilərək yayılması “Dədə Qorqud” dastanlarının öyrənilməsində ölkəmizin rolunun və alimlərimizin xidmətlərinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli olar. İnanırıq ki, dünyanın mükəmməl epos nümunəsi olan “Dədə Qorqud”a müasir mərhələdə yeni münasibət xüsusi və böyük bir elm sahəsinə çevrilmiş qorqudşünaslığın müstəqillik işığında Azərbaycanda və beynəlxalq miqyasda daha dərinliklərə doğru inkişafına öz töhfəsini verəcəkdir.

 

 

İsa Həbibbəyli

525-ci qəzet.- 2015.- 7 mart.- S .11;14-15