Milli Konservatoriyadan Polad Bülbüloğluya hörmət və məhəbbətlə...

 

 

Bu yaxınlarda 70 illik yubileyi təntənəli surətdə keçirilən Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar    müğənni, ictimai xadim Polad Bülbüloğlunun həyat yaradıcılığına nəzər saldıqda onun sənətinə marağın, pərəstişin, sözün əsl mənasında,vurğunluğun səbəbini anlayırsan. Polad Bülbüloğlunun musiqisində gözəllik,qeyri-adilik, müasirlik, eyni zamanda, fikir dərinliyi, ifasındakı özünəməxsusluq bunların vəhdətində dinləyicini ustalıqla cazibəyə salaraq təbii ahənglə idarə etmək qabiliyyəti çox güclüdür. Onun həyat dolu musiqisi insanın ömrünə yeni rənglər bəxş edir. Sanki Polad Bülbüloğlunun füsunkar sənətinin təsirindən ovsuna düşərək bu nəğmələrin qanadından yapışıb nurlu bir aləmə pərvazlanmaq istəyirsən.

 

Dünyada bir-birinə bənzəməyən gözəl, məlahətli, yanıqlı, həzin səslər az deyil. Hər bir ifaçının da öz oxu tərzi, mahnı yaratmaq istedadı var. Amma gəlin etiraf edək ki, Polad Bülbüloğlunun səsi bütün eşitdiyimiz avazlardan fərqlidir. Əlbəttə ki, ‘’Şərqin Konservatoriyası’’ adlandırılan Azərbaycanın dilbər guşəsi, füsunkar Şuşanın təbiəti,  atası Bülbülün bənzərsiz istedadı  genetik olaraq onun qanına hopub yaradıcılığına sirayət edib.

 

 Polad Bülbüloğlunun yubileyi ilə əlaqədar tədbirlərin davamı olaraq martın 5-də Azərbaycan Milli Konservatoriyasında keçirilən Elmi-praktiki  konfrans özəlliyi ilə fərqlənirdi. Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi bu konfransda məruzəçilər konservatoriyada təhsil alan tələbələr idi. Məruzələrdə Polad Bülbüloğlunun həyat yaradıcılığının müxtəlif aspektləri hərtərəfli əks olunmuşdu. Belə ki, bəstəkarın yaradıcılıq yolunu işıqlandıran videoçarxın ardınca bakalavr pilləsində  təhsil alan musiqişünas tələbələr  Primova Nərmin ( II kurs) “Ömrün 70-ci baharı”, İsmayılova Lalə ( III kurs) “Estrada  janrının  inkişafında  Polad  Bülbüloğlunun rolu”, Həsənova  Könül (I kurs) “Polad Bülbüloğlunun kino musiqisi”, habelə, magistrantlar- Hüseynova Həqiqət (I kurs) “Füsunkar mahnılar müəllifi”, Babayeva Aydan (I kurs) “Eşq ölüm baletimövzuları ilə çıxış etdilər.  Konfrans zamanı  Polad Bülbüloğlunun musiqisi səsləndirildi    baletindən fraqmentlər təqdim olundu. Konservatoriyanın milli-vokal  ixtisası üzrə təhsil alan I kurs tələbəsi Rüstəmova Aydanın ifasında Polad Bülbüloğlunun mahnıları böyük rəğbətlə qarşılandı.  Sonda Azərbaycan Milli Konservatoriyasının  rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Polad Bülbüloğlu ilə əməkdaşlığından söz açdı çoxillik dostluq əlaqələrindən yaddaşına həkk olunmuş maraqlı anları səmimi xatirələri tələbələrlə bölüşdü.

 

Nərmin PRİMOVA

525-ci qəzet.- 2015.- 7 mart.- S 17