"Azərbaycan: Qərb ilə Şərq arasında körpü" kitabının Londonda təqdimatı olub

 

 

Londonda tanınmış yazıçı Yuri Siqovun müəllifi olduğu, Böyük Britaniyada nəşr edilmiş "Azərbaycan: Qərb ilə Şərq arasında körpü" kitabının təqdimatı keçirilib. Kitabı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin təşəbbüsü dəstəyi ilə, bu ölkənin "Hertfordshire Press" nəşriyyatı çap edib.

 

Mərasimdə London şəhərinin Çelsi Kensinqton rayonunun meri, Belarusun Qazaxıstanın Londondakı səfirləri, diplomatlar, Azərbaycan icmasının üzvləri, tələbələr ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə çıxış edərək bildirib ki, ölkəmiz dünyada təkcə enerji resursları ilə deyil, eyni zamanda, zəngin mədəni irsi, tarixi, incəsənəti milli mətbəxi ilə tanınır. Azərbaycan strateji cəhətdən Şərq ilə Qərb arasında körpü rolunu oynayır. Ölkəmiz həm sivilizasiyalar mədəniyyətlərarası dialoq məkanı kimi tanınır. Y.Siqovun müəllifi olduğu kitab Azərbaycanı daha yaxından tanımaq istəyənlər üçün geniş imkanlar açır.

 

ÇelsiKensinqton rayonunun meri xanım Maighread Condon-Simmonds Azərbaycanı daha yaxından tanımaq, sədəcə ölkənin inkişafı deyil, onun xalqı və adət-ənənələri barədə öyrənmək istəyən insanlar üçün yazılmış kitabın əhəmiyyətini qeyd edib. O, kitabın ölkənin mədəniyyətinin Böyük Britaniyada geniş şəkildə tanıdılmasına, Azərbaycan və Britaniya cəmiyyətləri arasında qarşılıqlı anlaşmaya töhfə verəcəyini vurğulayıb.

 

Müəllif Yuri Siqov Azərbaycan ilə Britaniya arasındakı münasibətlərin sürətlə inkişaf etdiyini bildirib. O, Britaniyada Azərbaycan haqqında kitab yazmaqdan məmnunluğunu ifadə edib.

 

Kitab haqqında məlumat verən müəllif Azərbaycan ilə maraqlanan hər kəsin, o cümlədən, Britaniya ictimaiyyətinin ölkə haqqında çox maraqlı məlumatlar əldə edəcəyini diqqətə çatdırıb. Azərbaycan xalqının mədəniyyəti, tarixi, incəsənəti haqqında danışan Y.Siqov ölkə əhalisinin qonaqpərvər olduğunu vurğulayıb. Azərbaycanın neft sənayesi tarixindən də bəhs edən müəllif kitabda ölkə haqqında qədim zamanlardan müasir inkişaf dövrünə qədər maarifləndirici məlumatların olduğunu bildirib. Y.Siqov deyib: "Kitabı oxuyan Azərbaycanın nəyə görə Şərq ilə Qərb arasında körpü olduğunu dərk edəcək".

 

Daha sonra müəllif oxucular üçün kitabını imzalayıb.

 

Tədbir çərçivəsində "Azərbaycan: Gələcəyin diyarı" adlı videoçarx nümayiş olunub və ziyafət təşkil edilib.

 

S.ABDULLAYEVA

 

 

 

 

 

525-ci qəzet.- 2015.- 11 mart.- S 7