"Azərbaycan qadını" jurnalının yaz buraxılışı təqdim olunub

 

 

Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının yaz buraxılışının təqdimat mərasimi keçirilib.

 

Mərasimdə SSRİ Azərbaycan Dövlət mükafatları laureatı, Xalq artisti, professor Şəfiqə Məmmədovanın bədii rəhbərliyi ilə Azərbaycanın gənc vokal ifaçıları - Aytac Şıxəlizadə, Aydan Quliyeva, Aynur İsgəndərli, Anton Ferştandt, Fərid Əliyev Adil Axundovun iştirakı ilə konsert təqdim edilib. Konsertmeyster İlahə Sadıqzadədir.

 

Fatma xanım Abdullazadənin baş redaktorluğu ilə nəşr olunan "Azərbaycan qadını" jurnalının hər nömrəsinin oxuculara gözəl bir mədəniyyət tədbiri ilə təqdim olunması artıq ənənəyə çevrilib.

 

Ölkəmizdə keçiriləcək möhtəşəm idman bayramına - ilk Avropa Oyunlarına artıq yüz gündən də az vaxt qalıb. Azərbaycan Avropanın müxtəlif ölkələrini təmsil edən altı min idmançını, o cümlədən, çoxsaylı qonaqları qarşılamağa hazırlaşır. Prezident İlham Əliyev və "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mütəmadi olaraq idman obyektləri ilə bağlı vəziyyəti nəzərdən keçirir, aparılan tikinti işlərinin gedişatı ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyələrini verirlər. "Azərbaycan qadını" jurnalının yaz buraxılışında da oxuculara məhz bu istiqamətdə görülən işlər və nəzərdə tutulan kompleks tədbirlərlə bağlı geniş materiallar təqdim edilir.

 

Jurnalın bu nömrəsində Britaniya ilə Azərbaycan arasında genişlənən humanitar əməkdaşlığın ildən-ilə inkişaf etməsindən, həyata keçirilən möhtəşəm layihələrdən xəbər tutacaqlar. İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin şərəfinə təşkil olunan ziyafət ölkələrimiz arasındakı dostluq əlaqələrini əks etdirən xeyirxah ənənələrin bir hissəsidir. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri professor Nərgiz Paşayeva, Britaniya tərəfdən həmsədr Lord German, həmçinin cəmiyyətin üzvləri, Azərbaycan diasporunun təmsilçiləri və müxtəlif ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirlə bağlı daha ətraflı məlumatla oxucular jurnalın səhifələrində tanış ola biləcəklər.

 

"Uşağın tərbiyəsini bizə tapşıran təbiət deyil, bütün dünyanı Yaradandır və ... biz hamımız təbiətin əvəzsiz möcüzəsini başa çatdırmağa müvəkkil edilmişik...". Bu sözlərin müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, psixologiya elmləri doktoru, professor Şalva Amonaşvili bir müddət əvvəl Bakıda olub, müxtəlif seminarlar aparıb. "Möcüzə ilə üz-üzə" adlı materialda oxucular tanınmış pedaqoqun "Azərbaycan qadını" jurnalına müsahibəsini, eləcə də uşaqların tərbiyəsi və təhsili ilə bağlı fikirlərini oxuya bilərlər.

 

"Azərbaycan qadını" jurnalının üz qabığında səhnəmizin unudulmaz Cülyettası - Barat Şəkinskayanın fotosu yer alıb.

 

S.ABDULLAYEVA

 

 

525-ci qəzet.- 2015.- 11 mart.- S 7