Alim və insan
ömrünün işığı
GÖRKƏMLİ ELM XADİMİ PROFESSOR MƏHƏMMƏD HƏSƏNOVUN 85 İLLİYİNƏ
Yaşasaydı,
85 yaşını qeyd edəcəkdik atamın - Azərbaycanın
görkəmli metodist-alimlərindən biri, pedaqoji elmlər
doktoru, professor Məhəmməd Həsənovun...
Artıq 17 ildir ki, mənim üçün çox dəyərli
və müqəddəs olan insanın yoxluğuna
alışmağa çalışıram. Həm sevincli, həm də
kədərli anlarımda onun xeyir-duasını, məsləhətlərini
eşitmək istəyirəm, gözlərim onun nurani
simasını axtarır...
Atam Məhəmməd Seyidalı oğlu Həsənovun
məsləki və inamı mənalı, lakin çətin
keçən ömür yolunda öz ifadəsini
tapmışdır. Onun həyatını göz önündə
canlandıranda neçə-neçə xatirələr xəyalımda
vərəqlənir. Bu illərin hər
birində gözəl və zəhmətli bir ömrün dərin
mənası var desəm, doğru olar. Atam
xalqına, vətəninə namusla xidmət etmək eşqilə
yorulmaq bilmədən çalışan alim-metodistlərdən
idi. O, sözün əsl mənasında bütün
varlığı ilə bağlandığı müəllimlik
sənətinin vurğunu idi.
Adətən, müəllim ömrünü bir
çırağa bənzədirlər. Sönənə
qədər bilik dolu hərarətini şagirdin, tələbənin
duyğularına hopdurur. Müəllim
ömrünü günəşə, işıqlı
ulduzlara bənzədirlər. Günəş
kainatı, müəllim isə ömrünün zərrələri
ilə gənc nəslin mənəvi dünyasındakı
qaranlıqları əridir, həyat yollarını
işıqlandırır.
Qayğıkeş insan, yaxşı müəllim,
gözəl tədqiqatçı olan professor Məhəmməd
Həsənovun ömür kitabından yaddaqalan səhifələri
vərəqləmək istərdim.
Məhəmməd
Həsənov 85 il öncə - 1930-cu il
mart ayının 20-də yurdumuzun gözəl guşələrindən
biri olan Cəbrayıl rayonunun Daşkəsən kəndində
ziyali ailəsində dünyaya göz açıb. Atası Seyidalı müəllim Cəbrayıla ilk
maarif ziyası gətirənlərdən biri olub.
Professor Z.Mehdizadə həmişə Məhəmməd
müəllimə zarafatla deyərdi: "Atan bizi yaman incidib,
amma yaxşı öyrədib. Atam 9
yaşında ikən anası Ruqiyyə xanım vəfat edib.
Bacıları Suğra xanım və Məhluqə
xanımla ana nəvazişi görmədən ata qayğısı
ilə böyüyüb boya-başa çatıblar.
Atam müharibənin tüğyan etdiyi illərin
şahidi olmuş, o günlərin çətinliklərindən
keçmişdir. O, kəndlərindəki natamam orta məktəbin VII
sinfini bitirəndə Böyük Vətən müharibəsi
cəbhələrində qızğın döyüşlər
gedirdi. Döyüş bacarığı olan hər
kəs hərbi xidmətə çağrılırdı.
Çoxları müxtəlif səbəblərdən
təhsilini davam etdirmək istəmirdi. Ailədə
yaranmış çətinlik, məşəqqət
atamı da seçim qarşısında qoymuşdu: təhsili
dayandırmaq, yaxud məktəbə davam etmək. Atam o zaman ikinci yolu seçmişdi. Ailənin ziyalılıq şərəfini qoruyub
saxlamaq üçün çətinliklə də olsa, təhsil
almağı vacib bilmişdi. Bu minvalla
qonşu Balyand kənd orta məktəbində təhsilini
davam etdirmişdir. O, hər gün beş
kilometrdən çox yolu tək-tənha çətinliklərlə
üzləşərək gedib-gəlirdi.
Atam təhsilini daha sonra 1944-1946-cı illərdə
Qaryagin (indiki Füzuli) Pedaqoji Texnikumunda davam etdirir. Texnikumu "əla"
qiymətlərlə bitirib "İbtidai məktəb müəllimi"
ixtisası qazanır.
Yadımdadır ki, atam həmişə Pedaqoji Texnikumda
oxuduğu illəri yeri gəldikcə xatırlayar, həmin
dövr barədə maraqlı məlumatlar danışar,
xoş xatirələr söyləyərdi. Daha çox
müəllimlərinin peşəkarlığından
danışardı. T.Hacıyeva, S.İsayeva,
A.Hacıyev, S.Səfərov, T.Xələfov, Abdulla bəy kimi
qayğıkeş, mehriban, nurani müəllimlərinin
adını çəkər, onların mükəmməl
elmə, güclü metodikaya malik olduqlarını inamla deyərdi.
Pedaqoji Texnikumu bitirdikdən sonra doğulduğu və
boya-başa çatdığı Cəbrayıl rayonunun
Daşkəsən, eləcə də Quycaq kəndlərində
sinif müəllimi işləmişdir. O həmişə
ömrünün kənd müəllimi kimi işlədiyi
vaxtları daha çox qiymətləndirər, pedaqoji prosesə
varid olmaq, onun mahiyyətini dərk etmək üçün həyatının
ən əhəmiyyətli mərhələsi kimi ondan
danışardı. Həm də bu, bilavasitə
onun Cəbrayıl torpağına qəlbən çox
sıx bağlı olmasından irəli gəlirdi.
Məhəmməd
müəllim kənddə müəllim işləsə də,
o həmişə təhsilini davam etdirmək, ali
məktəbə daxil olmaq barədə çox
düşünürdü. Nəhayət, bu
arzu çin olur. O, 1949-cu ildə müvəffəqiyyətlə
qəbul imtahanı verərək Azərbaycan Dövlət
Pedaqoji İnstitutunun Dil və Ədəbiyyat fakültəsinə
daxil olur.
Ali məktəbdə
təhsil alarkən bir tərəfdən imkansızlıq, digər
tərəfdən də filologiya elmlərinin
ağırlığı onu sıxır, hər an vahimələndirir. Lakin qorxuza
bilmir. Atam daha böyük maraq və həvəslə
təhsilini davam etdirir. Əla qiymətlərlə
oxuyur, biliyinə, bacarığına görə
yoldaşlarından fərqlənir. 1953-cü
ildə fərqlənmə diplomu ilə institutu bitirir. Həmin ildə sənədlərini müəllimlik
sənəti ilə bağlı araşdırmalar aparmaq
üçün aspiranturaya verir. İmtahanlardan
müvəffəq qiymət alaraq Azərbaycan Dövlət
Elmi-Tədqiqat Pedaqogika İnstitutunun aspiranturasına daxil
olur. Azərbaycan dilinin tədrisi
metodikası ixtisası üzrə araşdırmalar
aparır. Aspiranturada təhsilini müvəffəqiyyətlə
başa vurur. "V sinifdə sifət bəhsinin
tədrisi" mövzusunda namizədlik dissertasiyasını
tamamlayır. Lakin AAK-ın tələblərindəki
dəyişikliklər onun müdafiə işini ləngidir.
Atam namizədlik dissertasiyasını 1962-ci ildə
müdafiə edə bilir. Elə doktorluq
dissertasiyası da belə olur. İş hazır olanda
dissertasiyanın bütövlükdə rus dilinə tərcümə
məsələsi meydana çıxır, respublikada metodika
üzrə doktorluq müdafiəsi şurası olmaması
onun müdafiəsini nə az, nə
çox, düz 14 il ləngidir. Nəhayət,
1989-cu ildə "Azərbaycan dili sintaksisi tədrisinin
linqvistik-didaktik əsasları" mövzusunda doktorluq
dissertasiyasını müdafiə edir.
Fikrimcə, atamın, istər bir alim, istərsə də
müəllim-pedaqoq kimi həyat yolu müxtəlif keşməkeşlərdən
keçib.
Adi bir kənd müəllimliyindən ali məktəbin
professoru vəzifəsinə çatana qədər müxtəlif
zaman kəsiyində çətinliklərlə
rastlaşıb. Lakin həmişə öyrənməyi,
həyati təcrübə qazanmağı üstün hesab
edib. Hər bir pedaqoji mühitdən bir
keyfiyyət götürüb. O, aspiranturanı bitirdikdən
sonra Azərbaycan Müəllimləri Təkmilləşdirmə
İnstitutunda (indiki Azərbaycan Müəllimlər
İnstitutu) metodist vəzifəsində çalışanda
da, Azərbaycan Dövlət Elmi- Tədqiqat Pedaqogika
İnstitutunda (indiki Azərbaycan Respublikasının Təhsil
Problemləri İnstitutu) baş elmi işçi vəzifəsində
işləyəndə də həmişə məktəbin,
müəllimin fəaliyyətindəki özünəməxsusluğa,
ümumi pedaqoji prinsiplərə uyğunluğa daha çox
diqqət yetirib. Təlim işinə, gənc nəslin nitq
inkişafına, ümumi dünyagörüşünün
formalaşmasına müqəddəs bir iş kimi
yanaşıb, onu müəllim qürurunun ən qiymətli
daş-qaşı hesab edib. Həm də bu illərdə
peşəkar bir metodist, tədqiqatçı - alim kimi
formalaşıb.
60-cı
illərin sonlarında atam sabiq müəllimi və opponenti
professor A.Abdullayev tərəfindən M.F.Axundov adına
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutuna işə dəvət
edilir. Əvvəlcə baş müəllim,
sonra isə dosent vəzifəsində ixtisası üzrə dərs
deyir, tələbələrin pedaqoji təcrübəsinə
rəhbərlik edir, institutun ictimai işlərində fəal
çalışır.
Bu
institutda Azərbaycan dili profilinin ləğv olunması ilə
əlaqədar M.Həsənov 1973-cü ildə Azərbaycan Dövlət
Universitetinin Azərbaycan dili və onun tədrisi metodikası
kafedrasına köçürmə yolu ilə işə
keçir və ömrünün sonuna qədər
burada-görkəmli dilçi-alim, filologiya elmləri doktoru,
professor Yusif Seyidovun rəhbərlik etdiyi kafedrada
çalışır.
Atamın pedaqoji fəaliyyəti çox geniş idi. Universitetin
filologiya, şərqşünaslıq və ixtisasartırma
fakültələrində Azərbaycan dili tədrisinin
metodikasından mühazirələr oxuyur, seminar məşğələləri
aparır, tələbələrin pedaqoji təcrübəsinə
rəhbərlik edirdi. Mühazirə və
seminar məşğələlərini yüksək səviyyədə
canlı və maraqlı keçir, müəllim
kadrlarının hazırlığına ciddi fikir verirdi.
Ümumiyyətlə, gənc elmi kadrlar
yetişdirməyi həyatının, elmi-pedaqoji fəaliyyətinin
ayrılmaz hissəsi sayırdı. O, elmin yüksəliş
yollarında məsləhət aldığı görkəmli
alimləri - Ə. Dəmirçizadə, S.Cəfərov,
A.Abdullayev və başqalarını həmişə
böyük hörmət və minnətdarlıq hissi ilə
yad edərdi.
AMEA-nın
müxbir üzvü,filologiya elmləri
doktoru, professor Nizami Cəfərov Məhəmməd Həsənovun
"Seçilmiş əsərləri"nin III cildinə
yazdığı "Görkəmli metodist-alim professor Məhəmməd
Həsənov" adlı ön sözdə yazır:
"Bütün fəaliyyəti dövründə həm tədqiqatçı - alim,
həm müəllim, həm də xeyirxah və səmimi bir
insan kimi bütün universitet kollektivinin böyük rəğbətini
qazanmışdır. Biz onunla birgə işlədiyimiz
müddətdə mənim professor Məhəmməd Həsənovu
bütöv bir şəxsiyyət kimi daha yaxından
tanımağım üçün imkan yarandı. O
dövrdə də Azərbaycan dili təliminin problemləri
daha çox maraq doğurur və müzakirələrə səbəb
olurdu. Görkəmli alim bu müzakirələrin
fəal iştirakçısı kimi özünün nəzəri-metodik
əsasa malik fikirlərini söyləyir, bu sahədə
araşdırmaların məntiqə uyğun məcrada istiqamətlənməsinə
təsir göstərirdi".
Məndən
pedaqoji elmlər doktoru, professor Məhəmməd
Həsənovun dil metodisti kimi elmi
yaradıcılığı barədə soruşsaydılar,
nələri deyərdim?
Birinci növbədə onun yaradıcılığa
böyük məhəbbətinin olduğunu söyləyərdim. Yorulmaz, yazmaqdan, yaratmaqdan
zövq alan bir alim olduğunu deyərdim.
Professor Məhəmməd
Həsənov elm sahəsinin problemlərinə bağlı adam idi. O, bütün
yaradıcılığı boyu yalnız Azərbaycan dilinin
tədrisi metodikası üzrə araşdırmalar
aparmışdı. "V sinifdə sifət bəhsinin tədrisi
haqqında" (1959), "V-VIII siniflərdə Azərbaycan
dilinin tədrisi təcrübəsindən" (1963),
"Sintaksisin tədrisində qarşıya çıxan
çətinliklər və onların aradan
qaldırılması" (1972), "Azərbaycan dili
sintaksisinin tədrisində qarşıya çıxan çətinliklər"
(1987), "Azərbaycan dili durğu işarələrinin tədrisinə
dair"(1991), "Azərbaycan dili orfoqrafiya qaydalarının
tədrisi" (1992), "7-8-ci siniflərdə sintaksis və
durğu işarələrinin tədrisi" (2001) və digər əsərlərini çap
etdirmişdir. Göründüyü kimi, həmin
əsərlər Azərbaycan dili təliminin ən aktual
problemləri olmuş və bu gün də müasir
dövrün tələbləri baxımından aktual olaraq
qalmaqdadır. Onun yazdığı III sinif
üçün "Azərbaycan dili", IV sinif
üçün "Azərbaycan dili" dərslikləri də
bilavasitə Azərbaycan dili tədrisi metodikası elminin
nailiyyətlərindəndir. Ona görə də
onun yaradıcılığında filoloji və metodik dərinlik
qabarıq şəkildə nəzərə çarpır.
Nəhayət,
professor Məhəmməd Həsənovun
araşdırmaları emprik xarakterdə olub tətbiq
baxımından daha çox əhəmiyyət
daşıyır. Gələcəkdə Azərbaycan
dili təlimi üzrə strategiyaların yaradılması
üçün baza rolunu oynayır. Məhəmməd
Həsənovu "klassik metodikanın nümayəndəsi"
adlandıran Təhsil Problemləri İnstitutunun direktor
müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent
Ənvər Abbasov yazır: "Professor Məhəmməd Həsənov
bu araşdırmalarda daha çox sintaktik anlayışların
linqvistik xüsusiyyətindən irəli gələn
oxşarlıqları öyrənmiş, təlim prosesində
onların müəyyən çətinliklər yaratması
ilə bağlı nəticələrə gəlmiş və
həmin çətinliklərin aradan qaldırılması
istiqamətində tövsiyələr vermişdir. Müəllif özünün nəzəri və
metodik mülahizələrini əsaslandırarkən həm
linqvistik, həm də metodik ənənələrə
yaradıcı yanaşaraq, onların təlim əhəmiyyəti
baxımından təkmilləşdirilməsinə səy
göstərmişdir".
Bütün bunlarla
yanaşı, onun elmi-metodik xarakter daşıyan çoxlu
sayda qəzet və jurnal məqalələri vardır. Bu məqalələrdə o, qrammatika, orfoqrafiya və
durğu işarələrinin tədrisi ilə, linqvistik təhlillə,
qrammatik suallarla, təlim üsulları ilə əlaqədar
mübahisə və yanlışlıqlara toxunur, bir sıra
faydalı təkliflər irəli sürürdü.
Xeyirxah alim 15-ə qədər dissertantın rəsmi
opponenti olmuş, bir sıra namizədlik və doktorluq
dissertasiyalarına rəy vermişdir. O, Azərbaycan Elmi-Tədqiqat Pedaqoji
Elmlər İnstitutunda namizədlik, Nizami adına
Daşkənd Dövlət Pedaqoji İnstitutunda isə
doktorluq müdafiəsi şurasının üzvü idi.
İş yoldaşları, alim dostları onu "Məmmədhəsən
müəllim" deyə çağırırdılar. Elə 5 il öncə,
atamın 80 illik yubileyi ərəfəsində çap
etdirdiyim "Professor Məhəmməd Həsənov"
adlı xatirələr kitabında da, Bakı Dövlət
Universitetində keçirilən tədbirdə də
yazılan, söylənilən xatirələrdə həmkarları,
dostları, tələbələri onu yenə "Məmmədhəsən
müəllim" deyə xatırlayırdılar. Atamı tanıyanlar onun həddindən artıq sadə,
həssas, təvazökar, xeyirxah və qayğıkeş
olmasından danışırdılar. Sözübütövlüyünü,
sözü ilə əməli arasında uçurumun
olmadığını deyirdilər. O, heç vaxt
özünü başqalarından üstün tutmaz, uğur
və müvəffəqiyyətləri ilə, göstərdiyi
xidmətlərlə, etdiyi təmənnasız
yaxşılıqlarla öyünməzdi. Həmişə
hamı ilə mehriban və səmimi rəftar edər,
heç kimin xətrinə dəyməz, ən kobud adamlarla
belə dil tapardı. Akademik Tofiq Hacıyev "Biz Məhəmməd
Həsənovu unutmamışıq!" adlı xatirəsində
yazır: "Məmməd müəllim həm də xoş
rəftarlı, geniş ürəkli, mülayim, mehriban bir
insan idi. Bu keyfiyyətlər əslində müəllimdə
olmalı olan xasiyyətlər idi. Yəni əsl
müəllim idi. Çünki əsl
insan idi. O, böyük Mövlananın dediyi kimi,
"olduğu kimi görünən və
göründüyü kimi olan" insan idi. Ona
görə də onu tanıyanlar onu sevirdilər. Onu dostları, iş yoldaşları da, dərs
dediyi tələbələri də sevirdilər. O,
sözünün ağası idi, dediyini edərdi, məsləkindən
dönməzdi, məğrur adam idi,
qürurunu sındırmaqdan qorxardı, sözündə və
hərəkətində yüz ölçər, bir biçərdi.
Cəmiyyətdə belə insanlar var olsa, o cəmiyyət
gözəl olar. Məmməd müəllim
cəmiyyəti gözəlləşdirən insanlardandı.
İnsan onunla söhbət edəndə ətrafından,
mühitdən razı qalardı".
İşinə, xüsusilə yazı-pozusuna çox
ciddi yanaşırdı. Lazım gələndə bir vərəq,
hətta cümlə üzərində saatlarla
götür-qoy edər, fikirləşər,
yazdıqlarına təkrar- təkrar qayıdardı. Xüsusilə gecələr işləməyi
çox sevərdi.
Atamın
özünəməxsus tərzdə işlətdiyi sevimli
bir ifadə vardı: "Allah deyib durmuşuq". Ondan
"Necəsiniz, Məmməd müəllim? - deyə
soruşulanda, həmişə bu cavabı verərdi. Atam rəhmətə gedəndən bir neçə
gün sonra AZ TV onun haqqında "Gör-götür
dünyası" adlı veriliş çəkdi. Həmkarları, dostları Məhəmməd müəllim
haqqında xatirələrini söylədilər.
Filologiya elmləri doktoru, professor Elbrus Əzizov öz
çıxışında atamın bu sevimli ifadəsini
xatırladaraq demişdir: "Mən bu ifadəni Məmməd
müəllimin yadigarı hesab edirəm".
Atam elinə, obasına, qohum-əqrabaya çox bağlı adam idi. Bütün nəslinin ağsaqqalı idi. Qohumların həm xeyir, həm də şər işlərinin başında durardı. Hamının qayğısına qalar, ən kiçik bir hadisə üçün narahat olardı. Qətiyyən özünü, öz sağlamlığını düşünməzdi.
Artıq son dövrlərdə çox narahat olurdum: "Axı, sənin özünün də bu yaşda qayğıya ehtiyacın var, bir az da özünü düşün, çox yorulursan" - deyirdim. "Qorxma, mənə heç nə olmaz" - deyə zarafata salaraq cavab verirdi.
1993-cü ilin 23 avqustunda erməni quldurlarının Cəbrayılı işğal etməsi xəbəri atamı yaman sarsıtdı. Böyüyüb boya-başa çatdığı, doğmalarının uyuduğu torpağın düşmən tapdağı altında olması, sonra isə yaxınlarının qaçqınçılıq həyatı ona yaman təsir etmişdi. O, Vətənimizin hər qarış torpağını, daşını odlu məhəbbətlə sevir, Qarabağın, eləcə də onun bir guşəsi olan Cəbrayılın azad olunacağı günü səbirsizliklə, böyük ümidlə gözləyirdi...
1 iyul
1998-ci il. Quba. Təngaltı. Yoldaşları
ilə birgünlük istirahətə getmişdi. Lakin bu istirahət ona həyatı bahasına
başa gəldi. Atam elə buradaca, həsrət
qaldığı Cəbrayılın təbiətinə bənzətdiyi
səfalı bir yerdə, vurğunu olduğu təbiətin
qoynunda dünyasını dəyişdi, əbədiyyətə
qovuşdu.
Təbiət
etibarı ilə sakit olan Məhəmməd müəllim
ömrünün 68 ilini yaşadı. Lakin
bu illər ərzində bənzərsiz bir insan
ömrünün mənəvi heykəlini yaratdı. Həqiqi alim ömrü yer qədər sirli, göy
qədər kəhkəşanlı, fikir qədər sonsuz və
əsrarəngizdir.
Atamın
ruhu qarşısında baş əyir, ona Uca Tanrıdan rəhmət
diləyirəm!
Sevinc
HƏSƏNOVA
ADMİU-nun
dosenti, pedaqogika üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2015.- 11 mart.-
S 6