Elçin İsgəndərzadə:
"Yazdığım əsərlər sevgiylə yoğrulur"
Martın 11-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda Gənc Ədiblər Məktəbinin
(GƏM) növbəti görüşü
keçirilib. Məktəbin budəfəki qonağı
şair, alim Elçin İsgəndərzadə
olub.
Tədbiri giriş sözü
ilə açan
GƏM-in koordinatoru Emin
Piri Elçin İsgəndərzadə haqqında
ətraflı məlumat
verib:
"Elçin İsgəndərzadə
"Vektor" nəşrlər
evinin rəhbəri, şair və alimdir. Alim olması şairliyini
heç də kölgədə qoymur.
Eyni zamanda, o gənclərin dostudur, hər fürsətdə gənclərə
dəstək olur, onlardan köməyini əsirgəmir. Bütün bunlarla
yanaşı, o, elmi fəaliyyətindən də
qalmır, əlavə
olaraq, Dağlıq Qarabağ münaqişəsini,
bu münaqişədə
soydaşlarımızın başına gətirilən
müsibətləri öz
qələmi, şeirləriylə
dünyaya çatdırır".
Sonra söz Elçin İsgəndərzadəyə verilib
və o əvvəlcə
həyat yolundan, doğulub boya-başa çatdığı Qarabağdan
danışıb:
"Mən Azərbaycanın
mirvarisi olan Şuşada doğulmuşam. Şuşa həmişə
elm, sənət, musiqi
ocağı olub.
Amma bir məsələ var, yəqin, yeganə şuşalıyam
ki, səsim yoxdur, mahnı oxuya bilmirəm. Buna görə də
diqqətimi elmə yönəltdim. Uşaqlıqdan mühəndis olmaq istəyirdim. Qazandığım bütün uğurları,
tutduğum mövqeni məhz bu istək
və əzmin sayəsində əldə
etmişəm. Siz gənclərə
də tövsiyəm budur ki, hansı
sahədə olursunuzsa
olun, o sahəyə, peşəyə sevgiylə
yanaşın. Sevgi təkcə
qadını sevmək
deyil, həm də vətəni, topağı, gördüyün
işi, seçdiyin peşəni sevməkdir".
Alim-şair ilk qələm təcrübəsini
də xatırladıb:
"İlk şeirimi
5-ci sinifdə oxuyanda müəlliməmə həsr
etmişdim. O vaxt rayon qəzetində də çap olunmuşdu.
Ondan sonra xırda-xırda yazmağa
başladım. Həmişə özümü böyük
şairimiz Məmməd
Arazın, Qərib Mehdinin şagirdi hesab etmişəm. Onların yaradıcılıqlarından, söhbətlərindən çox
şey əxz etmişəm.
Bugünkü Elçin İsgəndərzadə
olmağımda bu iki qələm sahibinin danılmaz rolu var. Buna baxmayaraq, mən özümü böyük şair adlandırmıram. Ola bilər
ki, alim kimi böyük işlər görmüşəm.
İxtiralar, elmi əsərlər,
monoqrafiyalar və sairə. Amma söhbət ədəbiyyatdan
gedirsə, orta statistik bir Azərbaycan
şairiyəm.
Getdiyim bütün
ölkələrdə, iştirak
etdiyim bütün tədbirlərdə də
çalışıram ki,
Azərbaycanın haqq
səsini hamıya çatdırım.
Məsələn, Türkiyədə son on beş ildə
Qarabağı ən çox təbliğ edən mənəm. Buna əyani sübut
kimi türk şairi Osman Başın yazdığı
"Xarı bülbül"
kitabını göstərmək
olar. Kitab Qarabağa həsr
olunub, eyni zamanda müəllif kitabı mənə ithaf edib".
Şair
öz çıxışında
hər şeyin qayəsinin sevgi olduğunu vurğulayıb:
"Məndən tez-tez
soruşurlar ki, bu qədər işi necə çatdırırsan? Bütün bu
gördüyüm işlər,
yazdığım əsərlər
sevgiylə yoğrulur,
sevginin köməyilə
üzə çıxır.
Yəni insan nə qədər
çox sevirsə, zamanı, enerjisi də o qədər çox olur. İstedad bizə Allah tərəfindən
bəxş edilir.
Amma uğurun sirri zəhmətdən keçir.
Ona görə də istənilən məsələdə
uğur qazanmaq üçün əzmlə
çalışmaq, hər
işi pillə-pillə
görmək, hər binanı kərpic-kərpic
hörmək lazımdır.
O adamlar xoşbəxtdir ki, Allah onlara istedadla bərabər zəhmətkeşlik verib.
Hansısa uğurlara sahib olandan,
mövqe qazanandan sonra da arxayınlaşmaq
olmaz. Həmişə, hər gün
çalışmaq, öyrənmək,
yeniliklər etməyə
çalışmaq, irəli
getmək lazımdır.
Zəhmət çəkmək, bir də lüzumsuz
məsələlərlə uğraşmamaq lazımdır.
Ömrün hər anı
qiymətlidir. Keçən heç bir günü, saniyəni geri qaytarmaq mümkün deyil. Ona görə də həyatı, vaxtı, zamanı maksimum dərəcədə dəyərləndirmək
gərəkdir. Yaşanan heç
bir anın təkrarı yoxdur.
Məhz bu səbəbdən insan hər işdə məsuliyyətli
olmalıdır. Ən böyük israfçılıq
vaxtla edilmiş israfçılıqdır. Hər günün sonunda özümüzə
hesabat verməliyik: bu gün böyük
mənada nəyə
nail olduq, hansı işləri gördük".
Tədbirin sonunda E.İsgəndərzadə
gənc ədibləri
maraqlandıran suallara
cavab verib, onların yazdıqları
ilə tanış
olub, öz şeirlərini oxuyub.
Cavid QƏDİR
525-ci qəzet.-
2015.- 13 mart.- S.7