Milli-mənəvi dəyərlərimiz və
onları gənc nəslə sevdirmək zərurəti
Dünyanın bütün xalqları kimi, bizim - azərbaycanlıların
da özümüzə
məxsus milli dəyərlərimiz, adət-ənənəmiz,
soykökə bağlılıq
və uşaq tərbiyə üsullarımız
var. Bu dəyərlər minilliklərin
sınağından çıxaraq
bugünümuzə gəlib
çatıb. Sevindirici haldır ki,
xalqımızın yaşatdığı
milli dəyərlərdən
bu gün də faydalanır, uşaq tərbiyəsində
istifadə edirik.
Bu bir həqiqətdir
ki, xalq öz milli dəyərləri,
adət-ənənələri üzərində daha yaxşı
inkişaf edir. Ağsaqqal babaların, ağbirçək
nənələrin xeyir-duaları,
laylaları, oxşamaları,
öyüd-nəsihətləri və bayatıları milli dəyərlərimizin
gözəl nümunələridir.
Azərbaycan dövləti, ana dilimiz, bayrağımız,
himnimiz, gerbimiz, müstəqilliyimiz, ədəbiyyatımız,
folklorumuz, dünya korifeyləri ilə bir sırada dayanan dahilərimiz xalqımızın ən
böyük sərvətidir. Ümummilli liderimiz
Heydər Əliyev
"Mən fəxr edirəm ki, azərbaycanlıyam" - kəlamını
söyləməklə müstəqil
Azərbaycanı, ana dilimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi
sevməyi, yaşatmağı,
dinimizə hörmətlə
yanaşmağı bizə
tövsiyə edib.
Xalqımızın elmi biliklərə sahib olmasında, zənginləşməsində,
mənəviyyatının yüksəlməsində, soykökünə
bağlılığında, mədəni həyatında
kitab əvəzsiz rol oynayıb. Azərbaycan
xalqının dahi şairi Nizami Gəncəvi kitaba belə qiymət verib:
Dünyada nə qədər
kitab var belə,
Çalışıb, əlləşib gətirdim
ələ.
Ərəbcə, dəricə, yeri
düşərkən,
Buxari, Təbəri əsərlərindən
Oxudum, oxudum sonra da
vardım,
Hər gizli xəznədən bir dürr çıxardım.
Şeirdən aydın olur ki, Nizami bütün
həyatı boyu kitabı sevmiş, özünə qarşı
tələbkar olmuş,
hətta qoca yaşlarında da mütaliədən əl
çəkməmiş, hər
bir əsərini yazmaq istəyərkən kitab oxumuş və müxtəlif yazılı mənbələrlə
tanış olmuşdur.
Göründüyü kimi, dünyanın ən ağıllı insanları
kitabı özlərinə
yaxın dost, qiymətli
sərvət hesab ediblər.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 2011-ci il
7 iyul tarixli Sərəncamı ilə
təsdiq olunmuş
"Azərbaycan gəncliyi
2011-2015-ci illərdə" Dövlət Proqramı ölkə gənclərinin
milli-mənəvi və
bəşəri dəyərlərə
hörmət ruhunda tərbiyə olunması üçün əlimizdə
ən qiymətli sənəddir. Bu Sərəncamla
bağlı Azərbaycan
Respublikası Təhsil
Nazirliyi və Azərbaycan Respublikası
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən 15 yanvar
2015-ci il tarixdə birgə verilmiş 28 və 04 nömrəli əmrlər, həmçinin
Təhsil Nazirliyinin 16 dekabr 2015-ci il tarixli, 1279 nömrəli əmri respublikamızın bütün
ümumtəhsil məktəblərində
olduğu kimi, Şuşa Rayon Təhsil Şöbəsində də
məktəb rəhbərlərinin
iştirakı ilə
keçirilmiş Şura
iclasında müzakirə
olunaraq icra və rəhbərlik üçün qəbul edilib, Tədbirlər Planı məktəblərə
göndərilib.
İlk öncədən minnətdarlıq
hissi ilə bildiririk ki, Təhsil Nazirliyi və Dini Qurumlarla
iş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanılmış
"Təhsil müəssisələrində
uşaq və gənclərin milli-mənəvi
və bəşəri
dəyərlərə hörmət
ruhunda tərbiyə olunması tədbirlərinin
gücləndirilməsi haqqında"
Fəaliyyət Planı
pedaqoji baxımdan yüksək səviyyədə,
məzmunlu, milli- mənəvi və bəşəri dəyərləri
özündə əks
etdirən gözəl
bir sənəddir.
Müsbət hal kimi onu
da qeyd etməliyik
ki, uşaq və gənclərin milli-mənəvi dəyərlərə
yiyələnmələri məsələsi
daim Azərbaycan Respublikası Təhsil Nazirliyinin diqqətində
saxlanılır. Bu baxımdan nazirlik tərəfindən ibtidai
və yuxarı sinif şagirdləri üçün nəşr
olunmuş "Azərbaycan
dili", "Ədəbiyyat"
və "Tarix" dərsliklərində, həmçinin
"Azərbaycan məktəbi
(elmi-nəzəri, pedaqoji
jurnal), "Kurikulum"
(elmi-metodik jurnal),
"Təhsil xəbərləri"
(məlumat-informasiya məcmuəsi)
və digər vəsaitlərində milli
dəyərlərlə bağlı
xeyli bölmələr
və mövzular vardır. Arzulayardıq ki, müəllimlər
belə mövzulara daha da məsuliyyətlə
yanaşsınlar.
Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın Azərbaycanın mədəni
irsini, o cümlədən,
tarixi abidələrinin,
xalq sənəti nümunələrinin, muğamlarımızın
mühafizəsi, təbliği,
inkişaf etdirilməsi
sahəsindəki xidmətlərinin
nəticəsidir ki, muğam və saz sənəti YUNESKO-nın mədəni irs siyahısına daxil edilib, Azərbaycan
bir daha dünyaya tanıdılıb.
Yeraltı və yerüstü
sərvətlərlə zəngin
Azərbaycanın tarix
və memarlıq abidələri, sənətkar
babaların ürəklərinin
hərarətindən yaranmış
sənət əsərləri:
möhtəşəm qalalar,
çox qədim tarixi olan Novruz
bayramının atributları,
Qobustan qayaları, Azıx mağarası, Şəki Xan sarayı, Qız qalası, Şirvanşahlar
sarayı, Örənqala,
Çıraqqala, Xudafərin
körpüsü, Mömünəxatun
türbəsi, Şuşa,
Şahbulaq, Əsgəran
qalaları, möhtəşəm
məscidlər, minarələr,
başı qarlı zirvələr, bərəkətli
çöllər, ceyranlı-cüyürlü
meşələr, durna
gözlü bulaqlar, sazlı-sözlü məclislər
Azərbaycan torpağına
ilk dəfə qədəm
qoyan hər kəsi yüzillər boyu heyrətləndirib.
Azərbaycanlılara xas olan keyfiyyətlərdən
biri də kişinin verdiyi sözün üstündə
durmasıdır. Körpü tikmək, yol
çəkmək, xeyriyyəçilik
göstərmək kimi
dəyərlərimiz də
böyük mənəvi
sərvət sayılıb.
Məktəblərimiz tərəfindən
şagirdlərin Heydər
Əliyev Muzeyinə,
"Bayraq Meydanı"na,
"Tarix və Diyarşünaslıq Muzeyi"nə,
Milli Kitabxanaya, "Muğam mərkəzi"nə,
Xocalı abidəsinə,
"Quba Memorial muzeyi"nə,
"Şəhidlər Xiyabanı"na,
hərbi hissələrə,
elm və təhsil ocaqlarına, o cümlədən,
"Vətənimizi tanıyaq"
devizi ilə rayon və şəhərlərimizə
ekskursiyaları təşkil
edilib, məktəb kitabxanaları xətti ilə kitab müzakirələri, qiraət
saatları", inşa
yazı, rəsm,musiqi,
şeir müsabiqələri,
eyni zamanda elm və mədəniyyət
xadimləri, şəhid
və kimsəsiz ailələrin üzvləri
ilə görüşlər
keçirilib.
Məlum həqiqətdir ki, dünyanın qloballaşdığı,
elmi-texniki tərəqqinin
sürətli inkişafı
ilə əlaqədar
insanların kitabdan çox internetə maraqları artıb. Etiraf etməliyik
ki, internet şəbəkələrindəki
uşaq psixologiyasına
və yaşına uyğun olmayan bir sıra proqramlar,
televiziya kanallarındakı
teleseriallar bəzən
diqqətdən kənarda
qalmış uşaqlar
üçün sanki
bir əyləncə mərkəzinə çevrilir.
Bir sıra ailələrdəki
münaqişələr, maddi
çətinliklər və
digər səbəblər
də uşaq tərbiyəsinə öz
mənfi təsirini göstərir. Belə hallar
dünyanın bütün
ölkələrində mövcuddur.
Bu kimi hallar uşaqları kitab oxumaqdan az da
olsa uzaqlaşdırır.
Unutmaq olmaz ki, heç bir qiymətli sərvət itirilmiş insanı, itirilmiş milli mental dəyəri əvəz edə bilməz. Düzgün dəyərlərə sahib olmayan insan cəmiyyət üçün qorxulu bəlaya çevrilə bilər. Bu baxımdan mahir pedaqoqlar insan tərbiyəsinə daima daha çox üstünlük veriblər, xalqların milli-mənəvi dəyərlərinə həssaslıqla yanaşıblar. Dünyadan təcrid olunmaq olmaz. Odur ki, uşaqlar dünya xalqları yazıçılarının əsərlərini, Nobel mükafatçılarını, dünya mədəniyyətinin gözəl nümunələrini insan aləminin zənginləşməsində əvəzsiz rol oynayan kitabı daha çox qiymətləndirməlidirlər. Biz xalqımızın qəhrəmanlıqlarla dolu tarixini əsasən kitablar vasitəsilə öyrənirik. Heç şübhəsiz ki, burada musiqi, rəsm əsərləri və kinofilmlər də müsbət rol oynayır.
Uşaqlara dilimizin saflığını qorumağı, vətənimiz Azərbaycan uğrunda vuruşmağı, bəşəri dəyərlərə yiyələnməyi öyrətməliyik.
Sonda belə bir nəticəyə gəlmək olar ki, milli dəyərlərlə tərbiyələnən, böyüyən uşaq və gənclər vətənpərvər, qorxmaz, savadlı, zəhmətkeş, təvazökar, ləyaqətli, mənən zəngin, bütün insanlara, ən əsası öz valideynlərinə qarşı diqqətli olurlar. Onlar özlərini həyatda Cavanşirə, Babəkə, Qazan xana, Beyrəyə, Nizami Gəncəviyə, Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Aşıq Ələsgərə, Üzeyir Hacıbəyliyə, Əhməd Cavada, Hüseyn Cavidə, Mir Cəlal Paşayevə, Xudu Məmmədova, Yusif Məmmədliyevə, Firudin bəy Köçərliyə, Fikrət Əmirova, Lütfi Zadəyə (Lütfi Rəhim oğlu Ələsgərzadə), Həzi Aslanova, Mehdi Hüseynzadəyə, Mübariz İbrahimova və digər görkəmli şəxsiyyətlərə oxşatmağa çalışırlar.
Uşaqları mütaliə vərdişlərinə alışdırmaq hər birimizin mənəvi borcudur. Kitabın insana bəxş etdiyi mənəvi ləzzəti, mənəvi dəyəri heç nə əvəz edə bilməz. Çünki kitab dünyaya açılan pəncərə və dəyərlər xəzinəsidir.
Əyyub
ƏBDÜLƏZİMOV,
Şuşa Rayon Təhsil
Şöbəsinin aparıcı məsləhətçisi,
Əməkdar müəllim
525-ci qəzet.-
2015.- 13 mart.- S .8.